Avropa

Netanyahunun sürpriz Rusiya səfərinin gündəliyi

Pinterest LinkedIn Tumblr

  İsrailin Baş naziri Benyamin Netanyahu Rusiyaya səfər edəcək. Netanyahunun Rusiya səfərinin əsas mövzusunu Suriyaya silah satışı təşkil edəcək. Bu məlumatı mayın 11-də Rusiyanın ən mühüm xəbər agentliklərindən “Ria Novosti”  yayıb. Agentlik bu məlumatı adı çəkilməyən bir İsrail rəsmisinə istinadən verib. Xəbərdə hələlik rəsmi olaraq tarixi açıqlanmayan Rusiya səfərində İsrail baş nazirinin prezident Putini Suriyaya silah satmaqdan vaz keçirmək üçün müzakirələr aparacağı vurğulanır.  

 

Netanyahunun Rusiya səfər edəcəyinə dair ilk məlumat prezident Putinin mətbuat katibi Dmitri Peskovun 11 may tarixində verdiyi açıqlama ilə ortaya çıxıb. Peskov səfərin tarixinin hələ dəqiqləşdirilmədiyini bildirsə də, diplomatik mənbələr bu səfərin önümüzdəki həftənin (13-19 may) əvvəlində Soçidə baş tuta biləcəyini bildirirlər. İsraillin “Haretz” qəzeti səfər vaxtı Rusiyanın Suriyaya silah satışı, xüsusiylə də S-300 raketi satışı məsələsi ilə yanaşı, İranın nüvə məsələsinin də müzakirə ediləcəyini irəli sürüb.    

 

Xatırladaq ki, mayın 6-da Putin ilə Netanyahu arasında Suriyadaki vəziyyətə dair telefon danışığı olub. Telefon danışığının İsrailin Suriyaya hava zərbələri endirməsindən sonra reallaşması diqqətlərdən qaçmayıb. Bundan əlavə keçən həftə Rusiyanın Suriyaya silah satışı xəbərləri təkrar gündəmə gəlmişdi və telefon danışığında bu məsələnin də müzakirə edilməsi istisna olunmur. Netanyahunun daha əvvəl elan edilməyən ani Rusiya səfərinin də bu telefon danışığı vaxtı qərarlaşdırıldığı ehtimal olunur.

 

Netanyahunun Rusiyaya ani səfəri İsrailin Suriya və İran məsələsinə dair Moskva istiqamətində növbəti təşəbbüsü kimi də qiymətləndirilə bilər. İsrail rəsmiləri zaman-zaman  Rusiya ilə Suriya və İran məsələsində xüsusən silah satışı mövzunda danışıqlar aparırlar. Rusiya tərəfi isə müəyyən güzəştlər əvəzində bu prosesi bir müddət ləngitsə də, sonradan yeni silah satışı müqavilələri imzalayaraq mövzunu daim gündəmdə saxlamağa çalışır. Netanyahunun nəzərdə tutulan səfərində də bənzər nəticənin əldə edilməsi istisna deyil. Məsələn, Rusiya İsrailə enerji satışı, ya da dünya mətbuatındakı güclü mövqeyi olan Yəhudi lobbisinin Rusiya siyasi sisteminin imicinə dair daha yumuqaş mövqe tutması kimi güzəştlər qarşılığında Suriyaya xüsusən S-300 raket sistemləri satışını bir müddət ləngidə bilər. Amma strateji qərarlarından tam vaz keçməsi və Suriyaya dair siyasətini tam olaraq dəyişməsi ehtimalı zəifdir.

 

 

 

Dr. Nazim Cəfərsoy