Avropa

Rusiyadan Türkiyəyə birgə raket kompleksi istehsalı təklifi: səbəblər və mümkün nəticələr

Pinterest LinkedIn Tumblr

 

Dr. Nazim Cəfərsoy

 

Rusiyanın silah idxal və ixracındakı monopoldövlət şirkəti “Rosoboroneksport”un yetkilisi Serqey Ladiqin Türkiyə ilə hərbi əməkdaşlıq mövzusunda maraqlı açıqlama verib. Rus şirkətinin 15-19 may tarixlərində Perunun paytaxtı Limada keçirilən “SİTDEF Peru-2013” beynəlxalq müdafiə texnologiyaları sərgisindəki nümayəndə heyətinin rəhbəri olan Ladiqin Türkiyə ilə birgə “Antey-2500” raket hücumundan müdafiə sistemləri istehsal etmək istədiklərini bildirib. Rusiyalı yetkili ortaq fəaliyyət nəticəsində bu raket sistemlərinin türk hava hücumundan müdafiə sturkturuna uyğunlaşdırıla biləcəyini vurğulayıb. O, Limadakı sərgi zamanıaçıqlamalarında eyni zamanda “Rosoboroneksport”un Tükiyəyə bu raket sistemlərinin üçüncüölkələrə satışı barədə ortaq satış siyasəti müəyyənləşdirməyi də təklif etdiyini elan edib. Bu açıqlamaya hələlik Türkiyə tərəfindən bir cavab gəlməyib.  

 

Qeyd edək ki, “Antey-2500” Rusiyanın beynəlxalq arenada “S-300” raketləri kimi tanınan hava hücumundan müdafiə sistemlərinin ixracat versiyasının adıdır. “Rosoboroneksport”un Türkiyəyə ortaq istehsal və üçüncüölkələrə satmaq üçün əməkdaşlıq təklif etdiyi  raket sisteminin “S-300”lərin təkmilləşdirilmiş “S-300PMU1” versiyası olduğu bildirilir. Hərbi ekspertlər “S-300” raketlərinin ən təkmilləşdirilmiş versiyalarının düşmən təyyarələrini 27 km hündürlükdə və 150 km məsafədə vura bildiyinə diqqəti cəlb etməkdədirlər. Hər biri eyni anda 6 təyyarəni hədəfə götürmək imkanına malik olan bu raket komplekslərinin öz sahəsində dünyada ən qabaqcıl müdafiə sistemi olduğu qeyd edilir.

 

Ladiginin “S-300” raketlərinə dair açıqlamasının zamanlaması diqqətləri cəlb edir. Belə ki, bu ilin iyun ayında Türkiyənin öz hava hücumundan müdafiə sistemini gücləndirmək üçün almağı nəzərdə tutduğu raket əleyhinə müdafiə sistemləri tenderinə dair qərar verməsi gözlənilir. İlk məlumatları hələ 2007-ci ilin martında gündəmə gələn T-LORAMIDS (Turkish Long Range Air And Missile Defence System G – Türk uzun mənzilli hava və raket müdafiə sistemi) adlı proqrama görə Türkiyənin öz hava hücumundan müdafiə sistemini gücləndirmək üçün toplam dəyəri 3.5 milyard ABŞ dolları olan 12 ədəd raket kompleksinə ehtiyacı var. 2009-cu  ilin  sentyabrında  Türkiyə ordusundan verilən açıqlamada Türkiyənin öz hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ən az 1 milyard dollar xərcləməyi nəzərdə tutduğu bildirilib.

 

Bu çərçivədə elan edilən tenderdə ABŞ-dan “Raythen” firması “Patriot”, Rusiyadan  “Almaz-Antey” konserni “S-300”, Avropa konserni “EuroSAM – SAMP/T Aster 30”, Çinin CPMIEC (China National Precision Machinery Import and Export Corporation) şirkəti isə HQ-9 raket kompleksləri ilə iştirak edir.ABŞ və Avropa Türkiyəni Rusiya və Çin silahlarını almaqdan çəkindirməyə çalışır. Onlar rus və çin sistemlərinin texniki və uzun mənzillilik baxımından daha üstün olduğunu qəbul etsələr də, Türkiyənin içində olduğu NATO sistemlərinə uyğun olmadığını vurğulayırlar. Amerikalılar raketləri digərləri ilə müqayisədə daha qısa müddətdə təslim edəcəklərini və bu komplekslərin hissələrinin 80 faizini Türkiyənin istehsal etməsinə icazə verəcəklərini də vəd edirlər. Avropalılar Türkiyəyə ordu modernizasiyasıməsələsində uzun müddətli əməkdaşlıq və hətta EuroSAM içində yer almağı təklif edirlər. Ladiqinin Türkiyəyə ortaq istehsal və satış təklifinə dair son açıqlaması qızışan rəqabətdə Rusiya adına mühüm üstünlük əldə etmə cəhdi kimi xarakterizə edilə bilər. 

 

Rusiyanın bu addımını şərtləndirən bəzi amillər var. Əvvəla, son illər dünya silah bazarında Rusiya üçün bəzi problemlər yaranıb. Belə ki, ən böyük silah alıcısı olan Çin öz silah sənayesini inkişaf etdirdiyi üçün Rusiya ilə əməkdaşlığı azaldıb və bu ölkə hətta dünya silah bazarında Rusiyaya rəqib olmağa başlayıb. «Ərəb baharı» prosesi isə Rusiyanın ən büyük silah alıcılarından olan Liviyavə Misir ilə silah müqavilələrinintaleyini sual altına qoyub.Rusiya beynəlxalq embarqolar səbəbiylə İrana başda “S-300” raketləri olmaq üzrə silah satışını həyata keçirməkdə çətinlik çəkir. Digər bir müştəri olan Suriyadakı vəziyyət və Əsəd rejiminin gələcəyinin sual altında olması da Kremli narahat edir. İraqla Baş nazir Malikin 2012-ci ilin oktyabrındakı Moskva səfəri zamanı imzalanan 4,2 milyard dolarlıq silah müqaviləsində qanunsuzluqlar olduğu iddiası ilə Bağdat hakimiyəti tərəfindən təhqiqat aparılır və müqavilə İraq parlamenti tərəfindən hələ də təsdiqlənməyib. Bundan əlavə Çavezdən sonra Venesuelanın yeni prezidentinin Rusiya ilə münasibətlərdə nə qədər qərarlı olacağı tam aydın deyil və bu da Venesuela ilə imzalanan müqavilələrin gələcəyi baxımından müəyyən narahatçılıqların mənbəyi ola bilər. Bütün bu amillər Rusiyanı silah bazarında yeni müştərilər axtarmağa sövq edir və Türkiyə bu prosesdə mühüm alıcı kimi yer tuta bilər.  

 

İkinci olaraq, Tükiyə Rusiyanın ciddi cəhdlə qarşıçıxdığıABŞ-ın raket əleyhinə müdafiə proqramının ən mühüm aktyorlarındandır. Rusiya Türkiyəyəhava müdafiə sistemi sataraq siyasi və texniki baxımdan ABŞ-ın buradakı mövqeyini də zəiflətməyə çalışır. Üçüncü olaraq, “S-300”-lərin satışı Rusiya baxımından Türkiyə ilə Suriya məsələsində gərginləşən münasibətləri normallaşdırmaq istiqamətində də faydalı bir addım sayıla bilər.

 

Digər tərəfdən, Rusiyanın Türkiyə ilə ortaq “S-300” istehsal edib digər ölkələrə satması Azərbaycanın da bu silahları alması baxımından əlavə imkanlar yarada bilər. Düzdür, Azərbaycan Rusiyadan “S-300” kompleksiləri alıb, ancaq son dövrlərdə gərginləşən Rusiya-Azərbaycan münasibətləri fonunda silah alışında bəzi problemlərin yarandığı, hətta silah müqavilələrinəPutin tərəfindən veto qoyulduğu iddia edilməkdədir. Rusiya və Türkiyənin “S-300” mövzusundakı əməkdaşlığı bu problemin həllinə müəyyən köməklik göstərə bilər.

 

Ümumilikdə, Rosoboroneksportun Türkiyəyə “S-300” təklifini yuxarıda qeyd edilən proseslər səbəbiylə dünya silah bazarında zəifləmə təhlükəsi yaşayan Rusiya üçün yeni və mühüm silah bazarı yaratmaq, Türkiyə ilə münasibətlərdəki gərginlik və inamsızlığı azaltmaq və son olaraq da ABŞ-ın bölgədə qurmağa çalışdığı raket əleyhinə müdafiə sisteminə yeni maneələr yaratmaq cəhdi kimi qiymətləndirmək mümkündür.

 

     

Dr. Nazim Cəfərsoy