Hatəm Cabbarlı, siyasi elmlər doktoru
Son zamanlarda Ermənistanda yaşanan siyasi, iqtisadi, sosial və iqtisadi problemlər birbaşa bu ölkənin işğal altında saxladığı Azərbaycan ərazilərində yaradılmış qondarma qurum olan “DQR”-də hiss edilməkdədir.
Ermənistanda bu ilin 18 fevralında keçirilən prezident seçkilərindən sonra daxili ictimai-siyasi həyatın gərginləşməsi, iqtisadi problemlərin artması, bu ölkənin Rusiyadan aldığı təbii qazın qiymətindəki artım və bu kimi digər səbələr dondarma “DQR”-in sosial, siyasi vəziyyətinə təsir edir. Yerli mətbuat bu məsələ barəsində susmağa üstünlük versə də, vəziyyətin gərgin olduğu müşahidə edilir.
Daxili vəziyyət və siyasi partiyalar
Qondarma “DQR” və Ermənistan müxtəlif vəsilələrlə Qarabağda “dövlət qurulduğunu ve demokratik ənənələrin inkişaf etdiyini” iddia etsələr də, Ermənistan və qondarma “DQR” arasında olduqca kövrək bağlar vardır. Qondarma “DQR”-nin “daxili siyasi həyatı” demək olar ki, yox dərəcəsindədir. Müxalifət olduqlarını iddia edən “siyasi partiyalar”ın fəaliyyəti rejimin ciddi nəzarəti altındadır və müstəqil deyildirlər. Bu gün qondarma rejimdə aşağıdakı adlarda “siyasi partiyalar” fəaliyyət göstərir:
-Müstəqil Vətən Partiyası;
-Artsax Demokratik Partiyası;
-Əxlaqi Doğuluş Partiyası;
-Kommunist Partiyası;
-Daşnaqsutyun Partiyası;
-Ermənistan-Bizim Ev Partiyası;
-88 Hərəkatı Partiyası;
-Sosial Ədalət Partiyası.
Qondarma rejimdə 19 iyul 2012-ci ildə keçirilmiş “prezident seçkilərində” bu qədər “siyasi partiyalar” arasında Bako Saakyana alternativ “namizəd” tapmaqda problemlərlə qarşılaşan qondarma rejim, iki-üç namizədi zorla bir araya gətirib qeydiyyatdan keçirmiş və tragikomik “prezident seçkilərində” Saakyan ikinci dəfə “prezident” seçilmişdir. Saakyanın “prezident” olduğu son beş ildə bölgədə yaşayan ermənilərin sosial-iqtisadi problemləri daha da dərinləşdiyi, korrupsiya və rüşvət artdığı, eləcə də yerli özunü idarə etmə orqanlarını militarizə edildiyi üçün Saakyan ermənilərin “böyük etimadını” qazanaraq təkrar “prezident” kürsüsündə oturmuşdur.
Qondarma rejim bütün bu “uğurlarını” diqqətə alaraq, hakimiyyətini legitimləşdirmək və dünya ictimaiyyətinə özünü qəbul etdirmək üçün son zamanlarda özünə qarşı “müxalifət hərəkatı” yaratmağa çalışmaqdadır. Yuxarıda adları çəkilən “müxalif siyasi partiyalar” qondarma rejimin ictimasi-siyasi həyatında iştirak etmədikləri üçün rejim yeni bir siyasi hərəkat yaratmağa çalışmışdır.
Aydın məsələdir ki, nomal şəraitdə müxalifət iqtidara qarşı mövqeyə malik olub onun daxili və xarici siyasətindəki çatışmazlıqları tənqid etməli və təbii ki, hakimiyyətə gəlməyə çalışmalıdır. Amma qondarma rejimin təzyiqləri nəticəsində siyasi səhnədə normal müxalif qüvvələrin ortaya çıxmasına imkan verilmədiyi üçün, işğalçı rejimin nümayəndələri qondarma müxalifət yaratmağa cəhd edirlər. Belə ki, 2012-ci ilin iyul ayında güya müxalifəti təmsil edən “deputat” Vitali Balasanyan, qondarma rejimin “Xarici siyasət və təhlükəsizlik ictimai şurasının sədri” Masis Mailyan, Xankəndi mətbuat mərkəzinin sədri Qeqam Baqdasaryan, sabiq “deputat” Qriqori Ayrapetyan və “deputat” Vahan Badasyan Şuşada keçirdiklıəri mətbuat konfransında “Konstutusiyalı Arsax” vətəndaş hərəkatı təşəbbüs qrupunun qurulması haqqında məlumat verdilər.
Qondarma rejimdəki ümumi vəziyyətə nəzər salarkən hansısa siyasi partiyaların müstəqil fəaliyyətlərindən daha çox, Ermənistandakı hakim və digər siyasi partiyaların bu ərazidəki “siyasi həyata” müdaxilə etmək imkan və mexanizmlərə sahib olmalarından danışmaq mümkündür. Ermənistandakə Daşnaqsutyun Partiyasının işğal altındakı ərazilərdə filialının fəaliyyət göstərməsi buna əyani sübutdur.
Qondarma rejimin hərbi, siyasi və maliyyə təhlükəsizliyi
Qondarma rejimin ən ciddi problemlərindən biri də təhlükəsizlik məsələsidir. Cəbhə xəttində təhlükəsizliyini əsasən Ermənistan ordusu sayəsində və separatizmi dəstəkləyən məlum dövlətlərin siyasi və maliyyə yardımları hesabına təmin edən rejim bu vəziyyəti sabit saxlamağa cəhd edir. Qondarma rejim hərbi sahədə zabit ehtiyacını qarşılamaq üçün A.Suvorov və V.Madatov adına hərbi məktəb inşa etmək istəyir. Daha məktəbin təməli qoyulmadan Ermənistan və qondarma rejim bundan Azərbaycana qarşı istifadə etməyə təşəbbüs göstərərək Azərbaycanda yaşayan milli azlıqların da bu hərbi məktəbdə təhsil almalarına imkan yaradacaqlarını bildirmişdir. Heç şübhəsiz qondarma rejimin özünün təhlükəsizliyini təmin etməyə canlı qüvvəsi yetərli deyildir. Bu əsasən Ermənistan ordusunun canlı qüvvəsi və texnikası hesabına təmin edilir. Amma Ermənistan ordusunda da canlı qüvvə problemləri yaşanır.
Siyasi olaraq da qondarma rejim sabitliyi təmin edə bilməmişdir. Belə ki, qondarma rejimin “müstəqilliyinin” tanınması istiqamətində görülən işlər hələ ki heç bir nəticə verməyib. ABŞ-ın Men, Kaliforniya əyalətinin Frenso şəhər senatı qondarma rejimin “müstəqilliyini” simvolik olarak tanımışdır. Amma bunlar beynəlxalq hüququn subyektləri olmadıqları üçün məntiqi olaraq dəyişən heç nə yoxdur.
Qondarma rejimin başçısı Bako Saakyan “müstəqilliyin” tanınması üçün son illərdə bir neçə xarici dövlətə getmişdir. Belə ki, Saakyan 2011-ci ilin mart ayının 8-də Fransaya, 8 noyabrda Almaniyaya, 10 noyabrda İsveçrəyə, 17 noyabrda ABŞ-a getmişdir. Saakyan 2013-cü il 27 aprel tarixində yenidən Fransaya getmişdir.
Ermənistandan aldıqları siyasi, iqtisadi və maliyyə dəstəyini artırmağa çalışan rejim, eyni zamanda Avropa və xüsusilə də ABŞ-dan da dəstək gözləyir. ABŞ Konqresi 1998-ci ildə qəbul etdiyi qərara əsasən, 1999-cu ildən başlayaraq, humanitar yardım adıyla Ermənistan işğalı altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma quruma birbaşa maliyyə vəsaiti ayırır. ABŞ tərəfindən 1998-2000-ci illərdə bu quruma hər il 2,5 milyon dollar məbləğində yardım edilib. 2001-2006-cı illərdə hər il ayrılan yardım 3 milyon dollar səviyyəsində olub. Rejim 2006-cı 5 milyon, 2007 və 2008-ci illərdə hər il 6 milyon dollar yardım alıb. 2009 və 2010-cu illərdə bu rəqəm hər il üçün 8 milyon dollara çatdırılıb. ABŞ 2011-ci ildə 10 milyon dollar, 2012-ci ildə isə bu miqdarı azaldaraq 2 milyon dollar yardım edib. Ümumilikdə isə ABŞ-ın “DQR”-yə indiyədək ayırdığı yardımın ümumi məbləği 60 milyon dollardan çoxdur.
Xatırladaq ki, ABŞ Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə birbaşa maliyyə yardımı göstərən yeganə dövlətdir. ABŞ-ın Dnestryanı, Abxaziya, Cənubi Osetiya kimi digər separatçı qurumlara bu cür humanitar yardım ayırmaması onun bu münaqişələrə və Qarabağ probleminə “fərqli” yanaşması kimi qəbul edilə bilər.
Qondarma rejimdə kadr dəyişikliyi
Qondarma rejimin başçısı Saakyan “daxili ictimai-siyasi sabitliyi” qorumaq üçün son zamanlarda kadr dəyişikliyi həyata keçirir. Belə ki, “İstehsal və infrasturktur naziri” Levon Manaçakanyan bu vəzifəsindən çıxarılaraq “İctimai xidmət və iqtisadi rəqabət komisiyasının sədri” vəzifəsinə təyin edilmişdir. “İctimai xidmət və iqtisadi rəqabət komisiyasının sədri” Akop Kagramanyan isə “İstehsal və infrasturktur naziri” vəzifəsinin icrasına başlamışdır.
Nəticə
Qondarma rejimdə siyasi və sosial vəziyyət bu cür ikən Ermənistan rəhbərliyi Azərbaycanla razılığa gələrək problemi həll etməkdənsə, problemin davam etməsi istiqamətində siyasət həyata keçirir. Ermənistanın bu siyasəti ölkənin iqtisadi, siyasi və təhlükəsizlik problemlərini həll etməkdənsə, bütövlükdə regionun təhlükəsizliyini də ciddi təhdid edir. Ermənistan regionda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqla, region dövlətlərinin iqtisadi, siyasi və sosial olaraq bütünləşməsi qarşısında da ciddi əngəldir. Ermənistan Azərbaycan ilə razılığa gələcəyi təqdirdə iqtisadi inkişafında, enerji problemlərinin həll edilməsində əhəmiyyətli irəliləyişlər əldə edə bilər. Amma təəssüflər olsun ki, Ermənistan bu reallığı görmək istəmir və yaxud havadarı olan güclər onun bu məqamı görməsinə imkan vermir. Məntiq regionda hər hansı problem yaşanırsa, bu problemin tərəf dövlətlərin inkişafında çətinliklərə yol açdığını deyir. Ermənistan rəhbərliyi isə asılı olduğu və ianə aldığı dövlətlərin göstərişlərindən əl çəkə bilmədiyi üçün hələ uzun müddət yuxarıda ifadə edilən problemlərdən çıxış yolu tapa bilməyəcəkdir.