Nazim Cəfərsoyun sözlərinə görə, Rusiya-İran arasında separatizmə qarşı mübarizə üzrə təhlükəsizlik əməkdaşlığın genişlənməsi Güney Azərbaycan Milli Hərəkatı üçün qısa və uzun müddətdə ciddi təhlükələr təşkil edə bilər. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) əməkdaşı Amerikanın Səsi ilə söhbətdə son vaxtlarda İran və Rusiya arasında təhlükəsizlik əməkdaşlıqlarının genişlənməsi, xüsusilə iki ölkənin separatizmə qarşı mübarizədə birgə həyata keçirə biləcəkləri layihələr haqda danışıb…
Bu günlərdə İrana səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu və onun iranlı həmkarı Hüseyn Dehqan iki ölkə arasında yeni hərbi memorandum imzalayıblar. İmzalanan sənəddə xüsusilə regional təhlükəsizliyin təmin edilməsi, terrorizm, ekstremizm və bölücülüyə qarşı mübarizə üzrə əməkdaşlığa təkid edildiyi bildirilir.
Yeni müqavilənin önəmini vurğulayan Nazim Cəfərsoy İran və Rusiya arasında mövcud olan dərin münasibətlərin ən əhəmiyyətli istiqamətlərindən birinin təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqdan ibarət olduğunu qeyd edir.
Siyasi ekspert müsahibədə bu əməkdaşlıqların tarixi köklərini şərh edərək iki ölkə arasında silah ticarəti və Rusiyanın İranın nüvə proqramına verdiyi dəstək kimi məsələlər haqqında da danışır.
Rusiya və İranın bir çox təhlükəsizlik konseptlərinin bir-birinə uyğun gəldiyini ifadə edən siyasi expert onların Amerika ilə yaşadıqları problemlər və Suriya məsələsində ortaq təhlükəsizlik maraqlarına diqqət çəkir.
Nazim Cəfərsoyun dediklərinə görə, yeni müqavilə mahiyyət etibarilə önəmli olduğu qədər imzalanma zamanı, həmçinin iki ölkə rəsmiləri tərəfindən verilən mesajlar baxımından da olduqca önəmlidir.
“Müqavilə mahiyyət, zamanlama və ondan sonra İran və Rusiya rəsmiləri tərəfindən verilən mesajlar baxımından çox əhəmiyyətlidir və iki ölkə arasında əməkdaşlığı ciddi səviyyəyə çıxaracaq,” deyə QAFSAM əməkdaşı söyləyir.
Onun sözlərinə görə, iki ölkə arasında separatizm ilə mübarizə mövzusunda əməkdaşlığın müxtəlif nümunələri vardır:
“Bu kontekstdə iki ölkənin ortaq cəhətləri vardır. İran və Rusiya ikisi də çox-etnikli bir yapıya sahibdirlər, hər ikisinin siyasi rejimlərində isə avtoritar çalarlar çox qüvvətlidir. Dolayısı ilə, bu ölkələrdə separatçı, ayrılıqçı və yaxud öz haqqını axtaran etnik quruluşlar vardır.”
Ekspert nümunə olaraq 90-cı illərdə Şimali Qafqazda cərəyan edən hadisələr və orada müsəlman qüvvələrin Rusiyaya qarşı müqavimət göstərməsinə işarə edir. Onun sözlərinə görə, “dünyada özünü İslamın himayədarı kimi göstərən İran İslam Respublikası Rusiyanın xüsusilə çeçenlərə qarşı tətbiq etdiyi acımasız yöntəmlərlə bağlı səssiz qalaraq dolayısı ilə Rusiyaya dəstək verib.”
Cəfərsoy Rusiya və İranın separatizm mövzusunda əməkdaşlıqlarının tarixi və ənənəvi mahiyyət daşıdığını vurğulayır.
“Rusiya və İran Güney Azərbaycan mövzusunda təhlükəsizlik üzrə əməkdaşlıq etməkdə xüsusi təcrübəyə sahibdirlər,” deyə Nazim Cəfərsoy bu əməkdaşlığın yeni müqavilə istiqamətində genişlənməsinin Güney Azərbaycan Milli Hərəkatına ciddi təhlükə törədəcyini söyləyir.
“Separatizmə qarşı mübarizədə Rusiyanın tarixi təcrübəsi İrandan daha çoxdur,” deyə o əlavə edir.
Siyasi ekspert həmçinin İranın insan haqları durumu ilə bağlı qarşılaşdığı beynəlxaq etirazlar mövzusu, eləcə də kəşfiyat və informasiya məsələsində Rusiyadan geniş dəstək ala bilməsinin güneydə cərəyan edən hərəkat üçün təhlükə təşkil edəcəyinə diqqət çəkir.
Əlirza Quluncu
http://www.amerikaninsesi.org/content/nazim-cefersoy/2629723.html