Hərbi-təhükəsizlik

Türkiyədə parlament seçkiləri: nəticələr, səbəblər, ehtimallar…

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı

Türkiyədə 7 iyunda keçirilən parlament seçkiləri maraqlı nəticələrlə başa çatdı. Seçkilərin ilkin nəticələrinə görə 55 milyona yaxın seçicinin təxminən 47.5 milyonu (təxminən 86%-i) seçkilərdə iştirak edib. Səslərin 46 milyondan bir qədər artığı etibarlı sayılıb. 10% səddi sadəcə 4 partiya keçə bilib. Onlardan hakim AK Parti (Adalet ve Kalkınma Partisi – Ədalət və İnkişaf Partiyası) 40.86%, ana müxalifət partiyası olan CHP (Cumhuriyet Halk Partisi – Cümhuriyyət Xalq Partiyası) 24.96%, MHP (Milliyetçi Hareket Partisi – Milliyətçi Hərakat Partiyası) 16.29%, HDP (Halkların Demokrasi Partisi – Xalqların Demokratiya Partiyası) isə 13.12% səs toplayıb. Digər partiyalar və müstəqil namizədlər isə ümumilikdə 4.77% səs toplayıblar. Bu nəticələrə AK Parti 258, CHP 132, MHP və HDP-nin hər biri isə 80 mandat əldə ediblər. Beləliklə, cəmi 550 olan parlamentdəki yerlərin yarısından bir artıq (50%+1) olan 276 mandatı heç bir partiya təkbaşına əldə edə bilmədiyi üçün seçkinin mütləq qalibi yoxdur. Maraqlı bir məqam da ondan ibarətdir ki,Türkiyədəki seçki sisteminin “qəribə”liyi AK Partini 2002-ci ildəki seçkilərdə topladığı 34,28% səs ilə mütləq hakimiyyətə çevirdiyi halda (363 millət vəkili əldə etmişdilər), bu seçkidə toplanan 40.86% səs ilə iqtidardan edə bilər. Bəs ümumilikdə seçkilərin nəticələrini necə qiymətləndirmək olar. Nəticələr gözlənildiyi kimidirmi? Qaliblər və məğlublar hansı partiyalardır?

 

Seçkilərin nəticələri əsasən gözlənildiyi kimi oldu. Hakim AK Parti-nin səsləri təxminən gözlənildiyi kimi azaldı və yenə gözlənildiyi kimi bu partiya seçkilərdə birinci oldu. MHP təxminən gözlənilən yüksəlişi yaşadı. HDP və CHP baxımından (hansı ki, böyük şəhərlərdə bu iki partiya arasında rəqabət mövcud idi) nəticələr müəyyən dərəcədə gözlənilməz oldu. HDP gözlənilənin bir qədər çox yüksəliş yaşadı, CHP isə gözləniləndən bir qədər az səs topladı.

 

AK Parti seçkilərin mütləq qalibi olmasa da tam məğlubu da deyil. Çünki, hələ də birinci partiyadır və qarşısındakı partiyaların bir yerdə hökumət qurmaları ehtimalı xeyli zəifdir. Aldığı səslərin faizi də 1990-cı illərdən etibarən keçirilən seçkilərdə heç bir partiyanın ala bilmədiyi qədərdir. Xatırladaq ki, 1980-ci ildəki hərbi çevrilişdən sonra sadəcə Turqut Özalın liderliyindəki Anavətən Partiyası 1983-cü ildəki seçkilərdə 45,14% səs toplamışdı. O partiyanın səsləri də 1987-ci ildəki seçkilərdə 36,31%-ə düşmüşdü. 1990-cı illərdə isə heç bir partiya heç 30% səs toplaya bilməmişdi. Bu baxımdan AK Parti məğlub deyil, təkbaşına hökumət quracaq qədər səs toplaya bilmədiyi üçün əldə etdiyi nəticəni “arzuolunmaz” kimi qiymətləndirmək daha doğru olar. “Arzuolunmaz” ifadəsi həm də ona görə doğru hesab oluna bilər ki, seçki prosesi yeni başladığı zaman AK Parti-nin hədəfi “400 millət vəkilinə sahib olmaq” (konstitusiyanı referenduma ehtiyac olmadan dəyişdirmək və prezident üsul-idarəsinə keçmək üçün 2/3 səs, yəni 367 səs lazımdır) idi. İlk rəy sorğularının nəticələri arzuladıqları şəkildə olmadığı zaman hədəflərini “330 millət vəkilinə sahib olmaq” kimi (konstitusiyaya dəyişikliklə bağlı referendum keçirə bilmək üçün dəyişikliklə bağlı qərar parlamentdə 3/5, yəni 330 səs ilə qəbul olunmalıdır) dəyişdirdilər. Bütün bunlar alınmadıqda isə heç olmasa hökuməti təkbaşına qura bilmək üçün ən az 276 millət vəkilinə sahib olmaq əhəmiyyətli idi ki, bu nəticə də ortaya çıxmadı. Görünür ki, əvvəlki dövrlərdə PKK terroruyla mübarizə mövzusunda həm Türk milliyətçilərini, həm də Kürdləri “yola verən” AK Parti indi səslərini MHP-yə və HDP-yə vermək məcburiyyətində qalıb.

 

Ana müxalifət partiyası olan CHP gözləniləndən az səs topladı. Bunun təbii səbəblərindən biri Türkiyədə sol təmayüllü sosial bazanın o qədər də geniş olmamasıdır. Bunun da əhəmiyyətli bir qismini Kürd solçular təşkil edirdi ki, onlar da son seçkilərdə əsasən HDP-yə səs verdilər. Digər tərəfdən siyasi liderinin seçkidən əvvəl maraqlı gedişlər (məsələn, namizədləri müəyyənləşdirmək üçün partiya daxilində seçkilər keçirməsi) etsə də “arzuolunan dərəcədə xarizmatik olmaması” CHP-nin səslərinə təsir etdi. CHP baxımından bəlkə ən önəmli uğursuzluq isə iddialı olduğu sağ mühafizəkar səsləri ala bilməmiş olmasıdır. Halbuki CHP sağ mühafizəkar sosial bazaya xitab edəcək namizədlər irəli sürmüş və seçki kampaniyasında bu ritorikaya əhəmiyyət vermişdi. Belə görünür ki, sağ mühafizəkar sosial baza CHP-ni son kampaniyası ilə deyil, illərdir tanıdığı şəkildə (“solçu”, “dinə uzaq” və s.) qiymətləndirdi. Eyni zamanda çox güman ki, HDP-nin 10%-lik səddi aşaraq parlamentə düşməsini “AK Parti-dən xilas olmağın yeganə yolu” kimi qiymətlədirərək HDP-yə səs verən CHP-lilərin sayı daha çox olub.

 

MHP səslərini əhəmiyyətli dərəcədə artırdı. Bunun əsas səbəbləri partiyanın qurultayının seçki kampaniyasının başlamasından qısa bir müddət öncə keçirilməsi, partiya  rəhbərliyinin namizədləri müəyyənləşdirərkən partiya üzvlərinin də mövqeyini öyrənməsi (tam nəzərə almasa da) və Türkiyədə milliyətçi əhval-ruhiyyənin yüksək olması idi. Ölkədəki ictimai-siyasi mühit fonunda səslərdəki artış partiyanın sosial bazasını tam qane etməsə də hər halda uzun fasilədən sonra MHP parlamentin “kilid partıyası” mövqeyinə gəlib. Təsadüfi deyil ki, seçkilərdən sonra Türk mediasının əsas diqqəti bu partiyaya yönəldi və hətta hakimiyyətə yaxın şəxslər AK Parti ilə MHP-nin koalisiya qura biləcəyindən danışdılar…

 

HDP-nin 10%-lik səddi keçməsi əsasən gözlənilən idi. Çünkü həm Kürdlərin səslərini kompakt şəkildə bu partiyaya verəcəkləri gözlənilirdi, həm də yuxarıda da qeyd olunan “AK Parti-dən xilas olmağın yeganə yolu” olaraq HDP-nin 10%-lik səddi keçməsini görənlərin (bunlara bəzi böyük media qurumları da daxil idi) kampaniyaları xüsusi diqqət çəkirdi. Amma yenə də HDP-nin bu qədər çox səs toplaması bir qədər sürpriz oldu. Çox güman ki, bunda digər səbəblərlə yanaşı HDP-nin müxtəlif ideoloji təbəqələrdən və etnik qruplardan namizədlər irəli sürməsi də rol oynadı ki, onlar arasında nüfuzlu şəxslər (məsələn Qaziantep vilayətinin keçmiş bələdiyyə sədri, eyni zamanda Qaziantepspor klubunun əfsanəvi keçmiş prezidenti Celal Doğan, AK Parti-nin qurucularından və nüfuzlu simalarından olan Mir Dengir Mehmet Fırat, Prof. Dr. Mithat Sancar və s.) də var idi. Bundan əlavə 1%-dən az səslərə malik olan çox sayda kiçik partiya bu seçkidə HDP ilə ittifaq qurdu və onu dəstəklədi.

 

Qanuna görə parlamentin sədri seçilənə qədər parlamenti ən yaşlı millət vəkili kimi Dəniz Baykal idarə edəcək. 45 gün içində isə Türkiyədə yeni hökumət qurulmalıdır. Amma heç bir partiyanın millət vəkili sayı etimad almaq üçün kifayət etmir. Bəs bundan sonra Türkiyəni nə gözləyir? Ehtimallara qısaca nəzər salaq.

1.      Koalisiyalı hökumətin qurulması: Seçki öncəsi gərginlik və seçkidən sonrakı ilk bəyanatlar koalisiya ehtimalını görüntüdə zəiflətsə də Türkiyə siyasi tarixi göstərir ki, ən böyük gərginlikdən sonra belə koalisiyalar qurula bilir. Hakim AK Partinin rəhbərliyi 7 iyun gecəsi və 8 iyunda verdikləri açıqlamalarda koalisiyalı hökumət qurmaq üçün zəruri addımları atacaqlarını, eləcə də koalisiyanın kiçik ortağının maraqlarını nəzərə alacaqlarını açıqlayıblar. Amma burada CHP, MHP və HDP-nin mövqeyi əsas rol oynayacaq. Seçkilərdən dərhal sonra ilk ortaya atılan iddia AK-MHP koalisiyası iddiası idi. Amma seçki gecəsi xüsusilə MHP-nin lideri Dövlət Baxçalının qəti şəkildə AKP ilə koalisiya qurmayacaqlarını elan etməsi xeyli sualların yaranmasına səbəb oldu. Hələlik HDP də AK Parti ilə koalisiyalı hökumət məsələsinə soyuq münasibət bildirir.

 

Seçkidən sonra verilən ilk açıqlamalardan belə məlum oldu ki, CHP də koalisiyalı hökumət düşünür, amma ciddi bir fərqlə: CHP özünün liderliyi ilə hökumət qurula biləcəyini düşünür (belə aydın olur ki, CHP-MHP-HDP koalisiyası nəzərdə tutulur). MHP ilə HDP-nin eyni hökumətdə olması ehtimalı xeyli zəif olduğu üçün belə bir hökumət ancaq növbədənkənar seçki üçün qurulmuş hökumət (“müvəqqəti hökumət”) ola bilər. Amma CHP AK Parti ilə koalisiyalı hökumət qurmaq barədə sərt mövqe də bildirməyib.

 

MHP və HDP-nin liderliyində hansısa bir hökumətin qurulma ehtimalı da xeyli zəifdir. MHP lideri Dövlət Baxçalı seçki gecəsi verdiyi açıqlamada digər partiyaları öz aralarında razılaşaraq koalisiyalı hökumət qurmağa ya da “ən tez vaxtda növbədənkənar seçki ilə bağlı qərarın qəbul olunmasına” çağırıb.

 

2.      “Azınlıq hökuməti” qurulması: Bu modeldə etimad almaq üçün səsləri kifayət etmədiyi halda bir partiya hökuməti təkbaşına qurur. Digər partiya(lar) hökumətdə daxil olmadan etimad alması üçün onu dəstəkləyir(lər). Belə hallar Türk siyasi tarixində bir neçə dəfə olub. Amma bu hallarda adətən “azınlıq hökuməti”nin ölkəni uzun müddət idarə etməməsi, münasib ilk tarixdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur. Bu variant ilə AK Parti də, CHP də (praktikada çox zəif ehtimal olsa da, nəzəri olaraq MHP və HDP də) hökumət qura bilər. MHP və HDP 13 ildir davam edən AK Parti hakimiyyətini başa çatdırmaq üçün bu varianta müraciət edə bilərlər.

 

3.      Türkiyə Konstitusiyasının 116-cı maddəsinə görə əgər 45 gün içində hökumət qurula bilməsə, ölkədə növbədənkənar parlament seçkiləri ilə bağlı qərar qəbul olunmalıdır. Türkiyə Konstitusiyasının 114-cü maddəsinə görə bu zaman “seçkilər üçün müvəqqəti hökumət” təşkil olunmalıdır. Bu hökumətdə parlamentdəki bütün partiyalar səsləri nisbətində təmsil olunurlar.

 

Beləliklə, bir seçimi başa vuran Türkiyə indi koalisiyalı hökumətlərlə növbədənkənar seçki arasında seçim etmək məcburiyyətində qalıb. Düzdür Prezident Rəcəb Tayyib Ərdoğanın “koalisiyanın zərərlərini göstərərək, növbədənkənar seçkilərə getmək və daha çox səs toplamaq” taktikasına müraciət etməsi ehtimalı mövcuddur. Amma verilən açıqlamalardan belə aydın olur ki, hakim AK Parti mümkün qədər koalisiyalı hökumət ilə davam etməyə və seçkilərə getməməyə çalışacaq. Səsinin artmadığını görən CHP və gözlədiyindən artıq “əmanət səs” alan HDP də növbədənkənar seçkilərdə çox maraqlı deyil. Çünkü hər ikisi yeni seçkidə indikindən daha az səs toplamaq riski ilə qarşılaşa bilər. Bu amillər koalisiyalı hökumət qurulması ehtimalını artırır. Amma yenə də son sözü liderlər söyləyəcək…

 

Araz Aslanlı