Avropa

Eyni gündə üç ölkədə terror – Bu, nəyin mesajıdır?

Pinterest LinkedIn Tumblr
“Terrorun qızıl dövrünü yaşadığının təzahürünü bu hadisələrdə görə bilərik”.
 
Bunu Toplum.Tv-yə açıqlamasında UNEC eksperti ve siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərov 19 dekabrda Almaniyada, Türkiyədə və İsveçrədə baş verən terror hadisələrinə münasibət bildirərkən deyib. 
 
 
Politoloq Berlində və İsveçrədə baş verən hər iki hadisəni terror aktı adlandırıb:“Hadisələrə ayrı-ayrılıqda baxdıqda aralarında birbaşa bağ, əlaqə görünmür. Ümumi mənzərədən yanaşdıqda isə bunun üç istiqamətdə yer aldığını demək olar”
 
“Birincisi, hər iki hadisə terror aktıdır. Dünyanın müxtəlif ölkələrində bu mənada terror artıq insanları təhdid edən ortaq ünsürə çevrilib. Bu problem coğrafi olaraq dəyişilərək, bəzilərində hər gün qarşılaşılan problem kimi, digər ölkələrdə daha az intensivliyi ilə seçilir. 
 
İkinci məqam isə keçirilən terror aksiyalarının dini motivli olmasıdır. Terrora bəhanə olaraq, dini məzhəb fərqliliyi ortaya qoyulur. İsveçrədə məsciddə baş verən hadisə, eyni zamanda Almaniyada Yeni il ərəfəsində baş verən hadisə də birbaşa dini simvola qarşı terror aktlarıdır. 
 
Üçüncüsü, Türkiyədə baş verən hadisəni də iki məsələ ilə əlaqələndirmək olar: Rusiya səfirinə atəş açan şəxsin hər hansı radikal dini terror təşkilatı ilə əlaqəsi olması və terrorun qurbanı olan şəxsin fərqli dinə mənsub olması, xüsusilə xristianlığın provoslav məzhəbindən gəlməsi məsələnin İslam-Xristianlıq aspektini qabartmaqla provokativ proses kimi qiymətləndirilə bilər. Bir-birinin ardınca baş verən bu hadisələrdə konkret olaraq “İŞİD” və ya “Əl-Qaidə” təşkilatlarının əli olduğunu demək çətindir. Buna baxmayaraq, hesab edirəm ki, terror aktlarının başlıca səbəbi dini məsələdir”. 
 
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə dünyada terrorizmə qarşı mübarizənin getdiyini deyib: “Belə bir şəraitdə qarşı tərəf – beynəxlaq terrorçular da cavab zərbələri endirirlər. Türkiyədə Rusiya səfiri qətlə yetirilib, Berlində böyük nəqliyyat vasitəsi insanların üzərinə yürüyür və onlarla insan həlak olur. İsveçrədə də məscidə hücum olub. Artıq bu proseslər adiləşib. Düşünürəm ki, nə vaxta qədər beynəlxalq aləm terrorçular üzərində qələbə çalmayacaq, bir çox ölkədə, o cümlədən, Qərb ölkələrində bu cür terror hücumları davam edəcək”.
 
 
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Araz Aslanlı isə məsələni belə şərh edib: “Dünyada terrorizmin geniş yayılması hansısa dövlətlərin dəstəyi ilə əlaqələndirilir. Eyni gündə dünyanın üç ayrı yerində terror aktının baş verməsi qloballaşma prosesində transport, texnologiya, rabitə silah əldə etmə və daşıma imkanlarının yaranması ilə bağlıdır. Qloballaşan dünyada terrorizm üçün münbit şərait yaranıb. Eyni zamanda qlobal ədalətsizlik – gəlir bölgüsü, dini ayrı-seçkilik insanları radikalizmə yönləndirir. Dövlətlərarası və dövlət daxili psixoloji gərginlik var, dövlətlər terrora dəstək verirlər. Bununla da terrorizmin genişlənməsi üçün lazımi şərait yaranır. Belə olan halda müəyyən dövlətlərin planları nəticəsində qeyri-stabillik ocaqları, xüsusilə Yaxın Şərq, Orta Asiyada – Əfqanıstan, Pakistanda yaranır. Psixoloji amil, dövlət dəstəyi varsa, terrorun genişlənməsi arzuolunan deyil, lakin təbiidir. Dövlətlər ikili standartlardan, terroru bir-birlərinə qarşı mübarizə metodu kimi istifadə etməkdən vazkeçmsələr, terrorun miqyası artaraq bir müddət sonra bütün dünya ölkələrinə yayılacaq. Düşünürəm ki, bu terror  aktları ümumi prosesin bir parçasıdır”.
 
Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankaradakı incəsənət qalereyasında çıxış edərkən terrorist tərəfindən güllələnərək öldürülüb. Eyni gündə özünü İslam Dövləti adlandıran qrup Berlindəki Milad yarmarkalarından birində yük maşını ilə törədilən terror aktı törədib. Hadisə zamanı naməlum şəxs ağır yük maşınını yarmarkanın içərisinə sürüb və nəticədə 12 nəfər həlak olub. Dekabrın 19-da axşam saatlarında İsveçrənin Sürix şəhərində məscidə hücum olub nəticədə 3 nəfər yaralanıb. İstintaq işləri davam edir. 
 
Ofelya Ramilqızı
Toplum.Tv
http://toplumtv.com/az/abs-ekspertlerinin-qarabala-bali-proqnozlarina-munasibet-serh/#.WGJXD9SLS1t 

Dr. Nazim Cəfərsoy