Amerika

Nazim Cəfərsoy: ABŞ-ın PYD və FETÖ siyasəti Türkiyəni ciddi narahat edir

Pinterest LinkedIn Tumblr
Nazim Cəfərsoy: “ABŞ-ın PYD və FETÖ siyasəti Türkiyəni ciddi narahat edir”.
 
Məlumdur ki, Amerika ilə Türkiyə arasında yenidən ciddi diplomatik gərginlik yaranıb və  Türkiyənin Almaniyadan sonra ABŞ-la münasibətləri qırılma nöqtəsinə gəlib. Belə ki, Türkiyədə ABŞ baş konsulluğu əməkdaşının həbsindən sonra ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməməsi ilə bağlı qərarı iki ölkə arasında gərginliyin yaşanmasına səbəb olub. Onu da qeyd edək ki, son zamanlar beynəlxalq aləmdə baş verən proseslərdən dolayı ABŞ-Türkiyə münasibətlərində gərginliyin yaşanacağını ehtimal edən ekpsertlər göstərirdilər ki, buna səbəb ABŞ-ın Yaxın Şərqdə izlədiyi siyasətin və baş verən hadisələrin Türkiyənin maraqlarına zidd olmasıdır.  Maraqlıdır ki, ABŞ-la münasibətlərdə ipləri qırılma nöqtəsinə gələn Türkiyənin Avropa Birliyi dövlətləri ilə, xüsusən də Avropa Birliyinin lokomotivi olan Almaniya ilə münasibətləri də çoxdan çığırından çıxıb. Yaxın zamanlarda Almaniyanın təkidi ilə Avropa Birliyi tərəfindən Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi də istisna olunmur. 
 
Aparıcı Qərb dövlətləri ilə münasibətləri sıfıra qədər gətirib çıxaran Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Qərbdə itirdiklərini Şərqdə bərpa etməyə çalışır. Rusiya və İranla yaxınlaşan Ankara Suriyada öz maraqlarını bu yolla təmin etməyə çalışır. Lakin Ərdoğanın İran və Rusiya ilə Suriyada iş birliyi içinə girməsi başda Səudiyyə Ərəbistanı olmaqla, sünni ərəb dövlətləri tərəfindən heç də xoş qarşılanmır. Daha əvvəl Misirlə münasibətləri korlayan Ərdoğan Qətər krizindən sonra isə Səudiyyə Ərəbistanı kralının da rəğbətini itirib. İsraillə də bir neçə ildir ki, münasibətlər qopmuş şəkildədir və bu münasibətlərin normallaşması Ərdoğan hakimiyyətdə olduğu müddət ərzində imkansız görünür. Çünki İsrail liderləri ilə Ərdoğanın yürütdüyü siyasət tamamilə bir-birinə ziddiyyət təşkil edir. Yəni, faktiki olaraq Ərdoğanın son bir neçə ildə izlədiyi siyasi kurs Türkiyənin bütün köhnə və ənənəvi müttəfiqləri ilə münasibətləri sıfır nöqtəyə qədər pisləşdirib. Bundan sonra Ərdoğanın yürüdəcəyi siyasət də maraqla izlənməkdədir. Ərdoğan doğurdanmı Rusiya ilə strateji müttəfiq ola biləcəyini və Yaxın və Orta Şərqdə yeni geosiyasi balans formalaşdırmağa ümid edir? Yoxsa…
 
Ərdoğanın Qərb dövlətlərinə qarşı çıxış etməsi hansısa siyasi məqsədlərə dayanırmı? Yəni ola bilərmi ki, Ərdoğan Türkiyəni Qərb arealından bilərəkdən uzaqlaşdırır və Şərq prinsiplərinə uyğun yeni dövlət ideologiyası formalaşdırmağa çalışır? 
 
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Şahin Cəfərli və Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim  Cəfərsoyun fikirlərini öyrənib.
 
Image result for şahin cəfərli

Şahin Cəfərli: “AKP dövründə Türkiyə iqtisadiyyatına təxminən 600 milyard dollar xarici sərmayə cəlb edilib və bunun 70%-i Qərbin payına düşür”.

 
Mövzu ilə bağlı  fikirlərini açıqlayan Şahin Cəfərli bildirib ki, AKP və Ərdoğanın 15 illik hakimiyyət dönəmi iki hissəyə ayrılır. Birinci dönəmdə Ərdoğan Türkiyədə demokratiyanı genişləndirsə də, ikinci dönəmdə demokratiyaya qarşı cəbhə alıb. Bunun əsas səbəbi isə R.T.Ərdoğanın avtoritarlaşma meyllərini nümayiş etdirməsi idi:
 
“Rəcəb Tayyib Ərdoğanın 15 illik iqtidarı dönəmində Türkiyənin xarici siyasətini ümumi şəkildə 2 dövrə ayırmaq lazımdır. Birinci mərhələ Ədalət və İnkişaf Partiyasının (AKP) ilk 2 dönəmini (2002-2007 və 2007-2011) əhatə edir. Bu mərhələ Türkiyənin ənənəvi dövlət siyasətinin davam etdirildiyi dövrdür. AKP iqtidarı avrointeqrasiyanın sürətləndiyi bu dövrdə önəmli siyasi islahatlar həyata keçirdi və ölkənin daha da demokratikləşməsi üçün mühüm addımlar atdı. Məsələn, Avropa Birliyinin normalarına və prinsiplərinə uyğunlaşmaq, Avropa Şurası qarşısındakı öhdəlikləri tam yerinə yetirmək üçün Türkiyə Böyük Millət Məclisində çoxlu sayda qanuna, normativ aktlara dəyişiklik edildi, yeni qanunlar qəbul olundu. Bunun nəticəsində Türkiyə ilk dəfə olaraq Avropa Şurasının monitorinqi altından çıxarıldı. 2005-ci ildə Avropa Birliyinin Türkiyə ilə tamhüquqlu üzvlük barədə rəsmi müzakirələrə başlamaq barədə qərarı isə tarixi əhəmiyyətli idi. 
 
Bəhs etdiyim dövr həm də iqtisadi yüksəliş illəri idi. Xarici siyasətdəki pozitiv atmosfer, Qərblə əlaqələrin problemsiz davam etməsi, avrointeqrasiyanın real nəticələr verməsi, ölkənin imicinin yaxşılaşması xarici iqtisadi əlaqələrə və bütövlükdə ölkə iqtisadiyyatına da müsbət təsir göstərirdi, Türkiyə iqtisadiyyatı inkişaf edirdi. Bir rəqəmi qeyd edim ki, AKP dövründə Türkiyə iqtisadiyyatına təxminən 600 milyard dollar xarici sərmayə cəlb edilib və bunun 70%-i Qərbin payına düşür.   
 
Lakin 2011-ci ildən sonra, yəni AKP-nin üçüncü dönəmində tədricən problemlər yaranmağa başladı. Bunun əsas səbəbi R.T.Ərdoğanın avtoritarlaşma meyllərini nümayiş etdirməsi idi. Ordunun siyasətə müdaxiləsini aradan qaldıran və generaliteti zərərsizləşdirən, siyasi müxalifəti isə xeyli zəiflətməyə nail olan Ərdoğan ölkədə hakimi-mütləq olmağa qərar verdi. Müstəqil media demək olar ki, sıradan çıxarıldı və iqtidara xidmət edən “hovuz mediası” yaradıldı. Müxalif mövqeli qeyri-hökumət sektoruna ciddi zərbələr vuruldu və iqtidara yaxın QHT-lər yaradılaraq gücləndirildi. Məhkəmə hakimiyyətinin siyasi iqtidardan asılı duruma salınması üçün addımlar atıldı. 
 
Əvvəlcə 2010-cu il referendumu ilə Ərdoğan məhkəmə-hüquq sistemini faktiki olaraq özünün qeyri-rəsmi ortağı olan Fətullah Gülən icmasına hədiyyə etdi. Bu icma ilə 2013-cü ilin sonundan etibarən müharibənin başlamasından sonra isə məhkəmə-hüquq sisteminin tamamilə Ərdoğana tabe etdirilməsi prosesinə start verildi. 15 iyul 2016-cı il hərbi çevriliş cəhdindən sonra isə ölkədə fövqəladə vəziyyət rejimi elan edilərək “qanun hökmündə qərarnamə”lər (KHK) vasitəsilə parlamentin səlahiyyətləri də icra hakimiyyətinə, yəni əslində prezident Ərdoğana verildi və hazırda FV rejimi qüvvədədir. Bu il aprelin 16-da prezidentə qeyri-məhdud səlahiyyətlər verən Konstitusiya dəyişiklikləri pozuntularla keçirilən referendumda qəbul edildi. Bütün bunlar Türkiyənin Qərb dövlətləri və qurumları ilə münasibətlərində əvvəlcə soyuqluğa, sonra isə ciddi problemlərə gətirib çıxardı. 


Şahin Cəfərli: “2010-cu il referendumu ilə Ərdoğan məhkəmə-hüquq sistemini faktiki olaraq özünün qeyri-rəsmi ortağı olan Fətullah Gülən icmasına hədiyyə etdi”.

 
Xarici siyasətdə problemlərə səbəb olan digər məsələ isə Türkiyənin “neoosmanizm” xəyalpərəstliyinə əsaslanan və prioritet istiqamət kimi Yaxın Şərqi seçən xarici siyasət yeritməsidir. İstəyən buna “müstəqil xarici siyasət” də deyə bilər. Bu siyasət Türkiyəyə çox ağır problemlər yaratdı və yaratmağa davam edir. 
 
Mən Ərdoğanın Türkiyəni məqsədli şəkildə Qərbdən qoparmağa çalışdığına inanmıram. O, sadəcə olaraq, istəyir ki, Qərb Türkiyənin daxili məsələlərinə qarışmasın, yəni “mən daxili siyasətdə nə edirəmsə, özüm bilərəm.” Demokratiya, insan haqları məsələləri ilə əlaqədar Qərbdən gələn davamlı tənqidlər və təzyiqlər Ərdoğan tərəfindən qəzəblə qarşılanır. Hər tənqid və təzyiq cəhdi Ərdoğanı daha da aqressivləşdirir və o, heç kimə boyun əymədiyini, müstəqil siyasət apardığını nümayiş etdirmək üçün Qərblə kompromisə getmir. Türkiyə prezidenti xüsusən 15 iyul çevriliş cəhdindən sonra xarici siyasəti daxili siyasətin bir elementinə çevirib. Diqqət edirsinizsə, Türkiyənin xarici siyasəti ölkə daxilindəki mitinqlərin, kütləvi toplantıların əsas mövzusuna çevrilib. Halbuki xarici siyasət və diplomatiya gizlilik sevən, soyuq başla həyata keçirilməli olan və ağıllı strategiyalarla nəticə alınan bir sahədir. Mitinqlərdə kütlə qarşısında, eləcə də geniş salonlarda, muxtar toplantılarında edilən emosional çıxışlar Türkiyə üçün əlavə problemlər yaradır.    
 
R.T.Ərdoğan apardığı siyasətlə əvvəlki kamalist-sekulyar Türkiyəni xeyli dəyişdirə bilib. Düzdür, Türkiyə laik (dünyəvi) dövlət olaraq qalır, lakin dünyəviliyin, eləcə də sekulyarlığın xeyli aşınmaya məruz qaldığı da ortadadır. Məncə, Ərdoğanın dini qaydalarla idarə olunan teokratik dövlət qurmaq  niyyəti yoxdur və olmayıb, sadəcə o, öz dünyagörüşünə uyğun, daha mühafizəkar və daha dindar bir toplum yaratmaq, sərt kamalist-sekulyar anlayışı ortadan qaldırmaq istəyirdi və ötən müddətdə buna müəyyən qədər nail oldu. 
 
Ərdoğan elə bir Türkiyə qurmağa çalışır ki, onun müəyyənləşdirdiyi hazırkı siyasət kursu davamlı olsun və o hakimiyyətdən getdikdən sonra da bu siyasət yarımçıq qalmasın. Ölkədə avtoritarizmin möhkəmləndirilməsi və əks qüvvələrin, laik kəsimin əzilməsi də bu məqsədə xidmət edir. Ərdoğanın düşüncəsinə görə, Qərb bu cür Türkiyəni qəbul edəcəksə, problem yoxdur, Qərblə münasibətlər davam edəcək. Əksinə, Qərb bu yeni Türkiyəni qəbul etmirsə, onda özü bilər. Yəni Ərdoğan seçim etməyi Qərbin öhdəsinə buraxır, “bizimlə davam etmək istəyirsinizsə edək, istəmirsinizsə, onda siz öz yolunuza, biz öz yolumuza” deyir.    
 

Şahin Cəfərli: “Ərdoğan elə bir Türkiyə qurmağa çalışır ki, onun müəyyənləşdirdiyi hazırkı siyasət kursu davamlı olsun və o hakimiyyətdən getdikdən sonra da bu siyasət yarımçıq qalmasın”.

 
Türkiyənin Rusiya ilə yaxınlaşmasına gəlincə, bunun 2 təməl səbəbi var: birincisi, hakimiyyətlərin mahiyyətcə eyniliyi, Moskvanın Qərbdən fərqli olaraq, heç vaxt Türkiyənin daxili siyasəti ilə bağlı rəy bildirməməsi; ikincisi isə, Türkiyənin Suriya siyasətinin dalana dirənməsi, Qərblə münasibətlərində problemlərin yaranması və alternativ kimi Ankaranın Moskvaya üz tutmaq məcburiyyətində qalması. Mən bu iki ölkə, eləcə də İran arasında hazırkı tərəfdaşlığın situativ olduğunu, yəni indiki durumdan qaynaqlandığını düşünürəm. Bu münasibətlərin müttəfiqlik səviyyəsinə qalxması, bu 3 ölkənin regionda koordinasiyalı şəkildə birgə hərəkət etməsi və birlikdə Qərbə meydan oxuması elə də asan məsələ deyil. Bu, yalnız o vaxt baş verə bilər ki, Türkiyə Qərb blokundan tam qopmuş olsun”.
 
Image result for nazim cəfərsoy açıqlama

Nazim Cəfərsoy: “ABŞ-Türkiyə münasibətlərinə təsir edən bir neçə amillər və bunlardan biri də FETÖ məsələsidir”.

 
ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin Obama dönəmindən fərqli olaraq, daha da sərtləşdiyini vurğulayan politoloq Nazim Cəfərsonun fikrincə, ABŞ-ın beynəlxalq siyasətdəki mövqeyi Türkiyədə qıcıq yaradan amillərdəndir:
 
“Son zamanlar Türkiyənin istər Avropa, istərsə də ABŞ-la əməkdaşlığının sadəcə yeni konstektdə getdiyini söyləmək yanlış  olar. Çünki bu məsələdə Türkiyənin daxili  amillərinin də rolu var. Eyni zamanda Amerikanın qlobal siyasətə baxışı və regionda baş verən hadisələrin ABŞ-Türkiyə münasibətlərinə təsiri danılmaz faktdır. ABŞ-Türkiyə münasibətlərindəki bənzər gərginliklər müxtəlif dövrlərdə və müxtəlif səpkilərdə hər zaman baş verib. Ancaq son bir neçə ildir ki, iki ölkə münasibətlərindəki  gərginlik daha açıq şəkildə müşahidə olunur. Obama dönəmində ABŞ-Türkiyə münasibətləri nisbətən sabit rejim hökm sürürdüsə, Tramp dönəmində bu sabitliyin yerini gərginlik alıb. 
 
Ümumiyyətlə, ABŞ-Türkiyə münasibətlərinə təsir edən bir neçə amillər var və bunlardan biri də FETÖ məsələsidir. Bu, əslində çox ciddi mövzudur. Ötən il Türkiyədə darbe-yə cəhd baş verdiyi prosesdə ABŞ-ın rolu ilə bağlı ittihamlar, darbe prosesi müddətində ABŞ-ın göstərdiyi reaksiya və darbe-dən sonrakı münasibət Türkiyə-ABŞ münasibətlərə ciddi təsir etdi. Bu isə FETÖ məsələsinin daha çox qabardılmasına şərait yaratdı. 
 
Digər tərəfdən, ABŞ-ın İraq və Suriyadakı siyasi və geosiyasi yanaşmaları çox maraqlıdır və bu yanaşma ABŞ-ın bölgədəki ənənəvi müttəfiqi olan Türkiyhənin maraqlarına qarşıdır. Xüsusən də ABŞ-ın Suriyada PYD-ə yönəlik dəstəyi Türkiyəni ciddi şəkildə narahat edir. Bu məqam həm Obama, həm dəTramp dönəmi üçün keçərlidir. Bamxayaraq ki, Tramp hakimiyyətə gələndən sonra ABŞ-Türkiyə münasibətlərinin daha da normallaşacağı ilə bağlı müəyyən təhlillər var idi. Amma Tramla əlaqədar hər şey gözləntilərin əksinə olduğu kimi, Tramp adminstarsiyasının Türkiyə siyasəti də gözləntiləri heç doğrultmadı.
 

Nazim Cəfərsoy: “Obama dönəmində ABŞ-Türkiyə münasibətlərində nisbətən sabit rejim hökm sürürdüsə, Tramp dönəmində bu sabitliyin yerini gərginlik alıb”. 

 
Eyni zamanda Trampın regiona yönəlik baxışında mövcud dövlətlərin daha da zəiflədilməsi planı daha  çox önə çıxır. Bu tendensiyaya İraqda, Suriyada baş verənləri misal göstərmək olar. Təbii ki, regionda baş verən proseslərin Türkiyəyə təsiri də qaçılmazdır. Həmçinin bu proseslər Türkiyə ictimaiyyətində də ciddi  narahatlıqlar doğurur. Türkiyənin daxilində  demokratiya, insan hüquqları ilə bağlı baş verən müəyyən məsələlərə də ABŞ zamanla müdaxilə edir.  Bu isə Türkiyə hakimiyyətini  narahat edən faktorlardan biridir. 
 
Bütün bu amillərlə yanaşı, ABŞ Türkiyənin Yaxın Şərqdəki mövqeyindən narazıdır. Lakin hesab edirəm ki, bu narazılıq qarşılıqlıdır. Yəni, Türkiyə də ABŞ-ın regionda baş verən proseslərinə yanaşmasını və Suriyadakı mövqeyini birmənalı şəkildə qəbul etmir. Xüsusilə də Suriya konsktektində Türkiyə ABŞ-ın mövqeyini dəyişmək üçün uzun müddət  cəhdlər etdi, amma  heç bir nəticə olmadı. İndi isə Rusiya və iranın olduğu yeni bir regional təşəbbüs cəhdləri  həyata keçirilir. Bu isə ABŞ-ı ciddi şəkildə narahat edir. Bu baxımdan bir neçə gün öncə ABŞ-ın  Türkiyə vətəndaşlarına viza verilməsini dayandırması da  təsadüfi deyil. Və Vaşinqton bu qərarın Türkiyədə ABŞ baş konsulluğu əməkdaşının həbsinə cavab olaraq edildiyini bildirib. Ancaq baş bu verən hadisə iki ölkə arasında ciddi narahatlıqların olduğunu biruzə verir”.
 

Nazim Cəfərsoy: “Rusiya ilə indiki normal münasibətlərin uzunmüddətli olacağını söyləmək çətindir”.

 
Türkiyənin Şərq dövlətləri arasında strateji müttəfiqi ola biləcək hansı dövləti n olub-olmaması və Rusiya-İran tərəfdaşlığı məsələsinə də münasibət  bildirən politoloq Nazim Cəfərsoya görə, beynəlxalq aləmdə ölkələr arasındakı real münasibət siyasi sferada özünü daha açıq şəkildə biruzə verir:
 
“Bu gün beynəlxalq münasibətlərin mahiyyəti “soyuq müharibə”dən bir qədər fərqlidir. Yəni, dövlətlər bəzi regionlarda bir-biriləri ilə mübarizə aparsalar da, digər məsələlərdə həmfikir ola bilərlər. Hesab edirəm ki, eyni məsələ Türkiyə, Rusiya və İran münasibətlərində də özünü göstərir.  İki ölkə arasında müxtəlif ziddiyyətlərlə yanaşı, müxtəlif əməkdaşlıqlar da hökm sürür. Hal-hazırda Türkiyənin həm İran, həm də Rusiyailə yaxın qonşuluq əlaqələri var. Lakin buna baxmayaraq, zamanla hansısa siyasi məsələdə normal olan münasibətlərdə gərginliklər yaşanacaq. Belə ki, indiki normal münasibətlərin uzunmüddətli olacağını söyləmək çətindir”. 
 
Gülşən ŞƏRİF
pia.az
http://pia.az/Erdoganin_Qerb_dovletleri_ile_-218139-xeber.html 

Dr. Nazim Cəfərsoy