Hərbi-təhükəsizlik

İstanbul sammitinin Suriya böhranına təsiri

Pinterest LinkedIn Tumblr
Oktyabrın 27-də İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə sammit keçirilib.
 
Sammitdə Suriyadakı hərbi-siyasi vəziyyət, münaqişənin həlli yolları, eləcə də ölkənin bərpası mövzuları müzakirə edilib.
 
Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Immanuel Makron və Almaniya kansleri Anqela Merkellə yanaşı BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura da iştirak edib.
 
Bəs görəsən sammitdən sonra Suriya prosesi necə davam edəcək?
 
Məsələ ilə bağlı politoloqlar Araz Aslanlı və Elxan Şahinoğlu Toplum.tv-yə açıqlama veriblər.
 
“Münaqişənin həllini məhdudlaşdıran fikir ayrılıqları…”
 
Politoloq Araz Aslanlı bildirib ki, İstanbul Sammiti Suriya böhranının həlli baxımından ən vacib addımlardan biri sayıla bilər: “Suriya böhranının başlanğıcından bu günə qədər böhranın həlli ilə bağlı müxtəlif təşəbbüslər olub. Bəziləri hansısa dövlətlərin fərdi təşəbbüsü xarakterinə malik olub, bəziləri beynəlxalq təşkilatların təşəbbsü kimi, bəziləri isə bir neçə dövlətin birgə təşəbbüsü kimi olub. İlk təşəbbüslər nəinki böhranın həllinə töhfə verməyib, əksinə böhranın dərinləşməsində də rol oynayıb. Son illərdə, xüsusilə Türkiyə, Rusiya və İranın birgə təşəbbüsləri atəşkəslə bağlı niyyətlərin daha çox reallaşmasına kömək edib. Bu üç ölkənin Suriya böhranına dair əməkdaşlığı yeni qaçqın ordusunun yaranmasına mane olması və terrorla mübarizəyə kömək etməsi baxımından da faydalı olub. Amma fikir ayrılıqları münaqişənin həllinə daha konkret birgə töhfə vermək imkanlarını məhdudlaşdırır”.
Politoloq deyir ki, İstanbuldakı son sammit  prosesin xarakterini bir qədər dəyişib: “Bu dəfə prosesə 2 yeni dövlət – Almaniya və Fransa qoşulur. Xatırladım ki, Almaniya və Fransa İraq böhranından sonra  Rusiya ilə ikitərəfli görüşlər keçirməyə başlamışdılar. Hansı ki həmin vaxt ABŞ ilə bu iki dövlət arasında ciddi fikir ayrılıqları yaşanmışdı. İndi bu iki ölkənin Türkiyə və Rusiya ilə birgə Suriyanın gələcəyinə dair ciddi müzakirələr aparmaları sevindirici haldır. Almaniya Avropa Birliyinin lokomotivi kimi, Fransa Suriya ilə tarixi bağları olan və BMT TŞ-nin daimi üzvü kimi prosesə ciddi töhfə verə bilər. Sammitdən sonra verilən açıqlamalardan da göründüyü kimi tərəflər Suriyanın gələcəyinə dair konkret planlara sahibdirlər”.
Aslanlı vurğulayıb ki, İran ilə məsləhətləşmənin davam etməsi də prosesə müsbət təsir edəcək: “Hərbi gücdən istifadənin məhdudlaşdırılmasına dair ümumi razılıq, terrorla mübarizə və s. kimi məqamlarda razılıqlar, Suriyanın gələcəyinə bütün suriyalıların qərar verməsi, Konstitusiya Şurasının toplanması kimi məsələlərdə razılıq praktikaya əks olunsa ciddi nəticələr yarana bilər. ABŞ-ın kənarda qalması prosesin uğur qazanma ehtimalında azaldıcı rol oynasa da, həll edici deyil. Bir şərtlə ki, sözügedən dörd dövlət və İran öz aralarında səmimi olsunlar”.
 
Politoloq Elxan Şahinoğlu isə deyib ki, bundanöncəki Astana prosesindən fərqli olaraq Suriya prosesinə Avropanın qoşulması vacib haldır: “Astana prosesində Rusiya, İran və Türkiyə yer almışdı. Lakin Suriya sammitinə Avropanın cəlb olunması önəmlidir. Əgər söhbət miqrant axınından gedirsə Avropa buna görə narahatdır. Fransa və Almaniya istəmir ki, Suriyada vəziyyət daha da gərginləşsin və onlar növbəti yeni miqrant axını ilə üzləşsin”.
 
Politoloq bildirib ki, Suriya sammiti 4 dövlətin hər biri üçün önəmli idi: “Bu sammit Rusiya üçün ona görə vacib idi ki, Rusiya Qərbin sanksiyaları ilə üz-üzə qalıb. Buna görə də onun Avropa ilə görüşməyə, fikir mübadiləsinə ehtiyacı var. Türkiyə isə sammit zamanı faktiki ev yiyəsi idi. Həmçinin Türkiyə Rusiya ilə birgə hərəkət etsə də Avropa dövlətlərinin, xüsusilə Fransa və Almaniyanın dəstəyinə ehtiyacı var. Çünki Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyi halda, Türkiyə dəstəkləmir. Fransa və Almaniya isə Suriya prosesində əhəmiyyətli rol oynadıqlarını göstərmək istəyirdilər”.
 
O deyir ki, sammit ortamı yumşaltsa da, sözügedən dörd lider ölkənin görüşməsi hər birinin mövqeyinin üst-üstə düşməsi demək deyil: “Bəli, Suriyanın ərazi bütövlüyü məsələsində, terrorçuluğa son qoyulması məsələsində fikir ortaqlığı var. Amma PKK terroruna qarşı mübarizədə fikirlər xaçalanır. Məsələn, Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini, Suriyada PKK terroruna son qoyulmasını istəyir. Avropa isə Əsədi istəməsə də PKK məsələsinin uzanmasına bir az loyal münasibət bəsləyir. Avropa istəyir ki, miqrantlar Suriya geri qayıtsın, amma Əsədin hakimiyyəti dövründə bunun mümkün olmadığını da bilirlər”.
 
Samirə Əliyeva
Toplum Tv

Araz Aslanlı