Avropa

Breksit razılaşması imzalandı: indi nə baş verəcək?

Pinterest LinkedIn Tumblr

Yalçın Məmmədov

 

25 noyabr 2018 tarixində Aİ-na üzv ölkələr Böyük Britaniyanın ittifaqdan çıxması qaydalarını nəzərdə tutan sənədlə bağlı yekun razılaşma əldə etdilər. Avropa Kommissiyasının sədri Jan-Klod Yunker açıq şəkildə bildirdi ki, bu razılaşma mümkün olan yeganə razılaşmadır və onu rədd edərək daha sərfəli razılaşma əldə etməyə cəhd edənlər yanılırlar.

585 səhifəlik bu razılaşma Britaniya höküməti və Avropa Parlamentinin təsdiqinə verilməzdən öncə Britaniya parlamenti tərəfindən təsdiq edilməlidir.

Bunun üçün Aşağı Palatanın sadə səs çoxluğu tələb olunur – başqa sözlə 639 səsdən 320-si sənədin lehinə səs verməlidir. Bu isə baş nazir Tereza Mey üçün heç də asan bir iş deyil. Meyin də daxil olduğu mühafizəkarlar Aşağı Palatada çoxluğa, yəni 325 səsə malikdir. Buraya 315 sayda Torilər (Mühafizəkarlar) və 10 sayda şimali irlandiyalı Unionistlər (Şimali İrlandiyanı Krallıqdan ayrılmasına qarşı çıxanlar) daxildir.

Unionistlərin sənədin əleyhinə səs verəcəkləri gözlənilir. Buna səbəb isə mürəkkəb Şimali İrlandiya məsələsinə razılaşmanın təklif etdiyi çözümdür. Belə ki, Şimali İrlandiya və İrlandiya Respublikası arasında sərhəd dirəklərinin bərpa olunmasının qarşısını almaq üçün sənəd Britaniya və Aİ-nin bir müddət “Vahid Gömrük Ərazisi”ndə qalmasını təklif edir. Britaniya Aİ-dən tam ayrıldıqdan sonra Böyük Britaniyanın digər hissələrindən fərqli olaraq, Şimali İrlandiya xüsusi statusa malik olaraq Aİ qaydalarını öz ərazisində tətbiq etməli olacaq. Unionistlərə görə bu, Şimali İrlandiya və Britaniya arasında sərhəd tətbiq edə, iki İrlandiyanın birləşdirilməsinə gətirib çıxara bilər.

Bundan əlavə, doxsana yaxın Tori sözügedən razılaşmanın əleyhinə səs verə bilər: bunlar Krallığın Aİ-dən radikal şəkildə ayrılmasının (Hard Brexit) tərəfdarlarıdır. Bu qanadı təmsil edən deputatlar 29 mart 2019-cu ildən etibarən, yəni Breksit-in rəsmiləşəcəyi gündən başlayaraq, üçüncü ölkələrlə ticarət sazişləri bağlamaq imkanı əldə etmək istəyirlər. Halbuki, indiki razılaşma Britaniyaya 2020-ci ilin son gününədək bu haqqı tanımır.  

Beləliklə, Tereza Meyin öz düşərgəsində bu mövzu ilə bağlı olaraq çoxluğa malik olmadığı üzə çıxır.

Qalır digər fraksiyalar. Parlamentin digər böyük fraksiyası 257 səsə malik Leyboristlərdir. Tereza Meyin partiyasına müxalif olan bu partiya Breksit-in əleyhinə kampaniya aparmışdır. Leyboristlərin lideri Ceremi Korbin öz partiyadaşlarını dekabrın 11-də sazişin əleyhinə səs verməyə çağırıb. Lakin, Tereza Mey üçün oyun hələ bitməyib. O, Hard Brexit-in mənfi nəticələrindən ehtiyatlanan leyboristlərin köməyinə ümid bəsləyir. Beləliklə, Tereza Meyin əsas rəqibləri razılaşmanı təsdiq etmək yolunda onun müttəfiqlərinə çevrilə bilər.

Razılaşma təsdiq edilərsə Britaniya hökuməti razılaşmanı imzalamalı və Avropa Parlamentinin 11-14 mart 2019 tarixindəki qərarını gözləməli olacaq. Əgər Avropa Parlamenti də öz növbəsində razılaşmanı təsdiq edərsə 29 mart 2019-cu il tarixdə London saatı ilə 23.00-da Böyük Britaniyanın Aİ üzvlüyünə son verilir.

Əgər Aşağı Palata razılaşmanı təsdiq etməzsə, hadisələrin bir neçə ssenari üzrə inkişafı mümkündür:

– Yeni razılaşma layihəsinin müzakirəsi: Yunkerin yuxarıda səsləndirdiyimiz fikri və vaxtın azlığı bu variantın az ehtimal edildiyini göstərir. Belə olan halda, çox güman ki, Hard Brexit variantı seçiləcək.

– Tereza Meyin istefası: Torilər yeni baş nazir seçib yeni razılaşma və ya qeyri-razılaşma yolunu tuta bilərlər.

– Parlamentdə baş nazirə etimad səsverməsi: Tereza Mey özü istefa verməyəcəyi təqdirdə deputatlar (Torilər və ya Leyboristlər) ona etimadsızlıq nümayiş etirərək yeni baş nazir seçə bilərlər.

– Yeni parlament seçkiləri: Tereza Mey yeni seçkilər çağıra və öz mövqeyini möhkəmləndirə bilər. Təbii ki bu, seçkilərin nəticəsindən asılı olaraq, onun öz mövqelərini itirməsinə də gətirib çıxara bilər.

– Yeni referendum: Breksit üzrə yeni referendumun keçirilməsi aylardır müzakirə mövzusudur. Lakin, vaxtın azlığı və prosedur qaydaları bu variantı hər gün daha da mümkünsüz edir.

– Heç bir razılaşmanın olmaması: senarilərin ən pisi olsa da, heç də az ehtimal olunmur. Heç bir razılaşma olmadan Aİ-ni tərk etmək Britaniya üçün hazırlıqsız yeni qaydalar altında yaşamaq kimi bir reallıq vəd edir.

 

Beləliklə, Britaniya dərin siyasi böhranın astanasında tarixinin ən çətin seçimlərindən birini etməkdədir. Baş nazir Mey isə ölkəsi üçün kritik əhəmiyyətə malik olan razılaşmanı son ana qədər müdafiə etməkdə qərarlı görünür.

 

Dr. Yalçın Məmmədov