Hərbi-təhükəsizlik

KTMT-nin prinsiplərini kim pozur: Ermənistan yoxsa müttəfiqləri?

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında, Ermənistanın addımları, açıqlamaları və gözləntilərindən yaranan müzakirələr davam edir. Əslində KTMT-nin formalaşmağa başladığı günlərdən mövcud olan müxtəlif istiqamətli müzakirələr, xüsusilə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın bu təşkilatdakı nümayəndəsi kimi KTMT-nin baş katibi olan Yuri Xaçaturova qarşı öz ölkəsində cinayət işinə başlanılmasından və onun KTMT-dən vaxtından əvvəl geri çağırılmasından sonra daha da alovlanmışdır. (Xatırladaq ki, yeni hakimiyyət Xaçaturovu 2008-ci il 1 mart hadisələrinin törədilməsində və ölkənin konstitusiya quruluşunun dəyişdirilməsinə cəhddə ittiham edir).

Ermənistan hakimiytətinin bu qərarından sonra KTMT-də yeni baş katibin kim olacağı müzakirə edilməyə başlanıb. Bu müzakirələr fonunda KTMT-nin 8 noyabr 2018-ci il tarixdə keçirilən sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun açıqlamaları, eləcə də Lukaşenkonun Azərbaycanın Belarusdakı səfiri ilə müzakirələri Ermənistanın narazılığına səbəb olub. Paşinyan hakimiyyəti iddia edir ki, müddəti davam etdiyi üçün yeni baş katib Ermənistan tərəfindən təqdim edilməlidir. Nazarbayev və Lukaşenko isə növbənin Belarusa keçdiyini bildirir. Məhz bu anlaşmazlığa görə KTMT-nin 6 dekabr 2018-ci ildə keçirilməli olan növbəti sammiti də təxirə salındı. Yeri gəlmişkən Rusiya Fedarasiya rəsmiləri bu təxirə salınmanın Ermənistanın xahişi ilə olduğunu açıqlasalar da, Ermənistan hakimiyyəti bu iddianı rədd edib.

Anlaşmazlığın əsas göstəricilərindən biri isə Paşinyanın MDB liderlərinin qeyri-formal görüşü üçün gəldiyi Sankt-Peterburqda Rusiyanın erməni icması ilə görüşündə KTMT-dəki müttəfiqlərini təşkilatın prinsiplərinə sadiq qalmamaqla ittiham etməsidir: “Biz aydın cavablar istəyirik. Heç kəs bizi hər hansı bir maddə ilə öz tərəfdaşlıq öhdəliklərimizi yerinə yetirməməkdə ittiham edə bilməz. Ermənistan etibarlı tərəfdaş olduğunu sübut etdi. Çox təəssüflər olsun ki, biz bu sözləri KTMT üzrə digər tərəfdaşlarımız barədə deyə bilmərik.”

Paşinyan bildirib ki, KTMT-nin baş katibi məsələsi təşkilatın üzv dövlətlərinin qarşılıqlı öhdəlikləri ilə bağlı problemlər barədə danışmaq üçün səbəbdir. Əsas məsələ ölkəsinin kimə etibar edə biləcəyini aydınlaşdırmasıdır: “Əminəm ki, KTMT Azərbaycanın Qarabağ münaqişəsini hərbi yolla həll etmək istəyinin qarşısını alacaq. Belə bir sual meydana çıxır: KTMT bu alətdən istifadə etməyə hazırlaşır, ya yox? Bizim üçün bu məsələ strateji əhəmiyyətə malikdir. Baş katib məsələsi isə 50-ci məsələdir. Qoy o vəzifədə daima Belarus təmsilçisi olsun, amma götürülən öhdəliklər yerinə yetirilsin. Bizə qarşılıqlı razılaşmalar və onların tam olaraq yerinə yetirilməsi lazımdır.”

Əslində hər iki məsələ ilə bağlı Ermənistanın yanaşması kifayət qədər qüsurlarla doludur. Ermənistan özü KTMT-nin üzvü ola-ola 1993-cü ildə digər KTMT üzvünün – Azərbaycanın (həmçin vaxt KTM idi) ərazilərini işğal etmişdi. Həmin vaxt çox qəribə mənzərə yaranmışdı. Kollektiv Təhlükəsizlik Müqaviləsini imzalamış dövlətlərdən biri digərinin ərazisini işğal edirdi və sazişin digər iştirakçıları buna qarşı ciddi nəsə etmirdilər. Ermənistanın bu addımı KTM-nin və daha sonra KTMT-nin tarixinin ən ironik nöqtələrindən biriydi. Bu məqam Azərbaycan Prezidenti Heydər Əliyev və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə qeyd edilmişdir (“bu necə kollektiv təhlükəsizlikdir ki, onun bir üzvü digərinin ərazilərini işğal edir?”). Azərbaycanın KTMT-də yer almamasının əsas səbəbi də məhz bu amil olmuşdur. Yəni, Ermənistan bu işğalçılıq siyasətiylə sadəcə beynəlxalq hüququn əsas prinsiplərini deyil, eyni zamanda KTMT-nin prinsiplərini də pozmuş, bu təşkilatın real regional ittifaq olmasının önündə də əsas maneələrdən biri olmuşdur.

Digər tərəfdən, Ermənistanın KTMT-dən Qarabağ problemi (Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi) ilə bağlı gözləntiləri də qüsurludur və nə beynəlxalq hüquqa, nə də KTMT-dəki müttəfiqlik prinsiplərinə uyğun deyil. Azərbaycan işğal problemini həll etmək üçün dinc yola sonuna qədər sadiq qalacağını, amma sonsuza qədər dözməyəcəyini bildirmişdir. Azərbaycan öz ərazilərini işğaldan azad etmək məqsədiylə öz sərhədləri daxilində hərbi əməliyyatlara başlamaq hüququna malikdir. Bu hüququna istinad edərək əməliyyatlara başlaması nə Ermənistana, nə də KTMT-dəki digər dövlətlərə hansısa qarşı addım atmaq hüququ vermir. Ermənistan KTMT-dəki müttəfiqlərini o halda kollektiv müdafiəyə dəvət edə bilər ki, Azərbaycan onun ərazilərini işğal etməyə çalışsın. Hal-hazırda isə bu hal müzakirə mövzusu deyildir.

Amma bu məqamı da mütləq qeyd etmək lazımdır ki, Ermənistanın KTMT  ilə bağlı gözləntiləri bu ölkənin Rusiya Federasiyası ilə “xüsusi münasibətlərindən” qaynaqlanmış və uzun müddət Ermənistanda KTMT  ilə bağlı arxayınçılıq mövcud olmuşdur. Amma 2016-cı ilin aprel döyüşləri Ermənistanın bu arxayınçılığının əbəs olduğunu göstərdi. KTMT-dəki sonuncu “baş katib” məsələsi isə arxayınçılığın narahatçılıqla əvəz olunmasına səbəb olub.

Ermənistan narahat olmaqda haqlıdır. Amma bu narahatçılığı ortadan qaldırmağın yolu beynəlxalq hüquqa və reallıqlara uyğun olmayan gözləntilər yaradaraq “miflər aləmində” yaşamaq yox, beynəlxalq hüquqa və normal qonşuluq münasibətlərinin ruhuna uyğun davranmaq, işğalçılıq siyasətindən əl çəkmək, problemlərin deyil, dinc şəraitdə birgə yaşayışın bir parçası olmaqdır.

Araz Aslanlı