Hatəm Cabbarlı, Siyasi elmlər doktoru
Seçki öncəsi mənzərə
9 dekabr 2018-ci il tarixdə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas səbəbi cari ilin may ayında ELK-ÇIXIŞ Bloku lideri Nikol Paşinyanın müxalifətin bir qismini ətrafına toplayaraq hakim Respublika Partiyasına qarşı mitinq və nümayişlər keçirməsi və nəticədə partiyanın sədri, illərlə müxtəlif yüksək vəzifələrdə işləyən, baş nazir və nəhayət 10 il prezident olan Serj Sərkisyanın baş nazir postuna gəlsə də, təxminən bir həftə sonra istefa verməsi oldu. Yəni hakim partiya ermənilərin etiraz dalğası qarşısında dayana bilmədi.
Sərkisyan baş nazir postuna gəlmək üçün hətta konstitusiya dəyişikliyi haqqında referendum keçirmiş və hüquqi problemləri tamamən həll etmişdi. Sərkisyanın diqqətə almadığı və yaxud düzgün dəyərləndirmədiyi bir məsələ vardı – siyasi problem. Sərkisyan məhz bu problem nəticəsində siyasi kariyarasını demək olar ki, bitirdi, hətta hələ də davam edən həbs edilmə təhlükəsi ilə üzləşdi.
Seçkilərin nəticəsi
Dekabrın 10-da Ermənistan Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkilərinin natamam nəticələri barədə verdiyi məlumata görə:
– Ermənistan Respublika Partiyası 59059 səs və yaxud 4,70 %;
– Vətəndaş Qərarı Sosyal Demokrat partiyası 8530 səs və yaxud 0,68 %;
– Daşnaqsutyun Partiyası 48811 səs və yaxud 3,89 %;
– Mənim Addımım Bloku 884456 səs və yaxud 70,43 %;
– İşıqlı Ermənistan Partiyası 80024 səs və yaxud 6,37 %;
– Xristiyan Xalq Dirçəlişi 2619 səs və yaxud 0,36%;
– Milli İnkişaf Partiyası 6456 səs və yaxud 0,51 %
– Biz Bloku 25174 səs və yaxud 2,00 %;
– Qanunlar Ölkəsi Partiyası 12389 səs və yaxud 0,99 %;
– Ümumerməni Sasna Çrer Partiyası 22862 səs və yaxud 1,82 %
– Çiçəklənən Ermənistan Partiyası 103824 səs və yaxud 8,27 % toplamışdır.[1]
Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün siyasi partiyalar 5%, bloklar isə 7%-lik səddi aşmalıdır.
Seçki nəticələrinin dəyərləndirilməsi
Seçkilərin nəticələrindən məlum olur ki, parlamentdə bir blok və iki partiya; Mənim Addımım Bloku, İşıqlı Ermənistanvə Çiçəklənən Ermənistan Partiyaları təmsil ediləcək.
Seçki nəticələrinin təhlili olduqca maraqlı bir mənzərəni ortaya çıxarır. Təxminən 15 ildir parlamentdə təmsil olunan aparıcı siyasi partiyaların heç biri, Çiçəklənən Ermənistan Partiyası istisna olmaqla, bu seçkilərdə 5%-lik səddi aşa bilməmişdir.
Cari ilin may ayına qədər hakimiyyətin zirvəsində təmsil edilən Ermənistan Respublika Partiyası 4,70 % səs alaraq parlamentdə təmsil olunma haqqını itirmişdir. Qeyd edək ki, Ermənistan Respublika Partiyası Ermənistanda 2017-ci ilin aprel ayının 2-də keçirilən parlament seçkilərində 49,2%,[2] 2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində 44,05%[3] səs toplayaraq seçki marafonunu birinci yerdə tamamlamışdı.
Uzun illər parlamentdə təmsil olunan və koalisiya hökumətində yer alan Daşnaqsutyun Partiyası bu seçkilərdə 3,89% səs toplayaraq parlamentdə təmsil edilməmişdir. Müqayisə üçün qeyd edək ki, Daşnaqsutyun Partiyası 2017-ci ilin aprel ayının 2-də keçirilən parlament seçkilərində 6,57%, 2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində 5,73% səs toplamışdı.
Çiçəklənən Ermənistan Partiyası 8,27 % səs toplayaraq parlamentdəki yerini qoruyub saxlaya bilmişdir. Bu partiya 2017-ci ilin aprel ayının 2-də keçirilən parlament seçkilərində 27,32%, 2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində 30,20% səs toplamışdı. Respublika Partiyasının parlamentdə təmsil edilməməsi Ermənistanın daxili ictimai-siyasi həyatında yeni bir mərhələnin başlaması deməkdir.
Əksər parlament partiyalarının uğursuzluqlarının səbəbləri
On ildir hakimiyyətdə olan Ermənistan Respublika Partiyası ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərinin həll edilməsində ciddi uğurları olmadığı kimi, ölkəni despot şəkildə idarə edirdi, işsizlik artmışdı və bunun nəticəsi olaraq vətəndaşlar ölkəni tərk edirdi. Nəhayət ermənilər on il ölkəni idarə edən Serj Sərkisyanın baş nazir postuna gəlməsini qəbul etmədilər. Paşinyan liderliyində başlayan hərəkat qarşısında aciz qalan Sərkisyan istefa etdi, bununla “domino effekti” yaşandı və hakim partiya bir neçə gündə əvvəlki gücünü tamamilə itirdi. Ermənistan Respublika Partiyası son altı ayda parlament çərçivəsində Paşinyana qarşı mübarizə aparsa da, heç bir nəticə əldə etmədi.
Daşnaqsutyun Partiyası ənənəvi partiyadır, sosyalist ideologiyasına sahib olsa da, koalisiya hökumətlərində təmsil olduğu illərdə xalqın sosial-iqtisadi problemlərinin həll edilməsindən daha çox öz mövqeyini qoruyub saxlamağa çalışmışdır. Əgər Ermənistan Respublika Partiyasının bundan sonra dirçələrək fəal siyasətə qoşulması mümkün deyilsə də, Daşnaqsutyun Partiyasının yenidən canlanması ehtimalı vardır. Çünkü Daşnaqsutyun Partiyasının ölkədə ənənəvi seçici kütləsi vardır. Bu kütlə partiyanın seçkilərdə parlamentdə təmsil olunmasına səs verməsə də, Paşinyan hökumətinin yaxın beş ildə necə sosial-iqtisadi siyasət həyata keçirəcəyindən asılı olaraq Daşnaqsutyun Partiyasının yenidən parlamentdə təmsil edilməsini təmin edə biləcəkdir.
Çiçəklənən Ermənistan Partiyasının Ermənistanın sabiq prezidenti Robert Köçəryanın siyasi dəstəyi ilə oliqarx Qaqik Çarukyan tərəfindən qurulduğu məlumdur. Çarukyan ölkədəki ən zəngin iş adamı-oliqarxdır. Əsas seçici bazası Gümrü şəhərindədir. Yaşadığı bölgədə seçicilərin sosial-iqtisadi problemlərinin həll edilməsində şəxsi varidatından istifadə edir.
Çiçəklənən Ermənistan Partiyası da bir neçə dəfə koalisiya hökumətində təmsil edilib. Çarukyan ölkənin qarşılaşdığı problemləri həll etməkdənsə, şəxsi mənafeyini ön planda tutub. Bu seçkilərdə parlamentdə təmsil edilməsinin tək səbəbi isə seçki öncəsi xərclədiyi pullardır. Çarukyanın yaşadığı bölgənin seçicilərinə göstərdiyi diqqət və qayğı onun parlamentdə təmsil edilməsi ilə nəticələnmişdir.
Seçkilərdə iştirak edən Vətəndaş Qərarı Sosial Demokrat Partiyası, İşıqlı Ermənistan Partiyası, Xristiyan Xalq Dirçəlişi, Milli İnkişaf Partiyası, Biz Bloku, Qanunlar Ölkəsi Partiyası, Ümumerməni Sasna Çrer Partiyası isə “vitrin partiya”lardan başqa bir şey deyildir. Bu partiyaların seçkilərdə əhəmiyyətli səs toplamaları üçün siyasi çəkisi və təbliğat üçün maliyyə vəsaiti kifayətsizdir.
Seçici fəallığının aşağı olmasının səbəbləri
Mərkəz Seçki Komissiyasının məlumatına görə, seçkilərdə səs vermə hüququna sahib 2 milyon 592 min vətəndaşdan 1 milyon 479 mini iştirak edib, bu da ümumi seçicilərin sadəcə 48,63%-dir.[4] Deməli 50 faizdən çox vətəndaş gələcək beş ildə onları idarə edənlərin kimlər olacağında maraqlı deyil. Bu problemin sadəcə bir nüansıdır. Digər nüans isə hal-hazırda Ermənistanda ümumilikdə 2 milyon 592 min insanın yaşamadığıdır. Belə ki, ölkə 1991-ci ildən sonra mütəmadi olaraq köç verir.
Qeyd edək ki, 2017-ci ilin aprel ayının 2-də keçirilən parlament seçkilərində seçicilərin 60,86%-i, 2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində isə seçicilərin 62,2%-i iştirak etmişdir.
Rəsmi statistikaya görə, Robert Köçəryanın iqtidarı zamanı (1998-2008) 134.100 nəfər, Serj Sərkisyanın iqtidarı zamanı (2008-2015) 297.700 nəfər ölkəni geri dönməmək şərti ilə tərk edib. Ümümən son 20 ildə rəsmi statistikaya görə 431.200 nəfər ölkədən gedib. Buraya sadəcə daimi yaşayış üçün getdikləri ölkələrdə vətəndaşlıq alanlar daxildir. Ermənistan vətəndaşlığından imtina etməyən, amma son 25 ildə ölkəsinə dönməyən insanlarla birlikdə ölkəni tərk edənlərin sayının 1 milyondan çox olduğu təxmin edilir.[5]
Müşahidəçilərin rəyləri
Mərkəz Seçki Komissiyasının verdiyi məlumata görə, seçkiləri 17.813 yerli, 505 beynəlxalq müşahidəçi izləmişdir.[6] Yerli və beynəlxalq müşahidəçilər seçki nəticələrinə təsir edəcək dərəcədə saxtakarlıq müşahidə etmədiklərini bildirmişdir.
MDB PA-dan nümayəndə Mirlan Bakirov seçkilərdə hər hansı qeyri-adi hadisə ilə qarşılaşmadıqlarını və bu seçkilərin ermənilərin ümidlərini doğruldacağına inandıqlarını bildirmişdir.[7] Bir müstəqil müşahidəçi seçkilərdə saxtakarlıq edildiyini qeyd etmişdir.[8]
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) nümayəndəsi Ursula Gaçek seçki prosesində ciddi qanun pozuntularını müşahidə etmədiklərini qeyd etmişdir.[9]
Çiçəklənən Ermənistan Partiyasından Naira Zohrabyan bu seçkilərin əvvəlki seçkilərdən müsbət mənada xeyli fərqləndiyini amma yenə də inzibati resusrslardan istifadə edildiyini vurğulamışdır.[10]
Nəticə
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə ölkə yeni bir mərhələyə qədəm qoymuşdur. Keçmiş iqtidar Paşinyan hökumətinə qarşı hər hansı bir təzyiq göstərmə imkanına artıq sahib deyil.
Paşinyan sadəcə baş nazir kreslosuna oturmadı, eyni zamanda son 27 ildə ölkənin həll edilməyən sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərini də miras aldı.
Paşinyan hökuməti bundan sonra ən azı yaxın 3 il müddətində daxili siyasətdə heç bir müqavimətlə qarşılaşmadan ölkəni idarə edə biləcək. Amma bunu xarici və təhlükəsizlik siyasəti haqqında demək mümkün deyil. Ölkənin xarici siyasətində qırılma nöqtəsi yaşanacaqsa, bunun Rusiya ilə münasibətlərdə olacağı ehtimalı yüksəkdir.
Avropa Paşinyan hökumətinə siyasi və maliyyə dəstəyi verərək ölkənin xarici siyasət orientasiyasını dəyişdirməyə çalışa bilər. Amma bu zaman Rusiyanın necə reaksiya verəcəyi təxminən məlumdur. Rusiya Ermənistanın daxili və xarici siyasətinə təsir mexanizmlərinə sahib tək dövlətdir. Bu baxımdan ciddi seçim qarşısında qalan Paşinyan hökumətinin sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərinin həllinə hansı perspektivdən yanaşacağı bəlli deyil, eyni zamanda siyasi idarə etmə təcrübəsi azdır.
Azərbaycan ilə münasibətlərin qaydaya salınması, Azərbaycan torpaqlarının işğal edilməsi – Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində konstruktiv mövqedə olma ehtimalı da azdır.
[1]Подсчет голосов завершен: ЦИК опубликовала предварительные результаты парламентских выборов, https://ru.1in.am/1247216.html
[2]Hatəm Cabbarlı, Ermənistanda parlament seçkilərinin nəticələri, http://newtimes.az/az/politics/5086/
[3]Hatem Cabbarlı, Ermenistan’da 6 Mayıs’ta Yapılan Parlamento Seçim Sonuçları, http://www.1news.com.tr/yazarlar/20120508041423920.html
[4]Явка на парламентских выборах в Армении составила 48,63%: ЦИК представляет предварительные данные, https://ru.1in.am/1247213.html
[5]Hatəm Cabbarlı, Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?, http://newtimes.az/az/politics/5018/
[6]За выборами в Армении наблюдают 17 813 местных и 505 международных наблюдателей, https://ru.1in.am/1247198.html
[7]Наблюдатель от СНГ: Думаем, надежда армянского народа оправдается, http://www.panarmenian.net/rus/news/263285/
[8]«Независимый наблюдатель»: Военнослужащие в строевом порядке идут голосовать, https://news.am/rus/news/485362.html
[9]У наблюдателей БДИПЧ/ОБСЕ «нет серьезных озабоченностей», https://rus.azatutyun.am/a/29646131.html
[10]«Я не буду честна, если не скажу, что административный ресурс все же использовался» – Наира Зограбян, https://rus.azatutyun.am/a/29647565.html