Hərbi-təhükəsizlik

Ermənistan 2019-cu ildə: köhnə və yeni problemlər

Pinterest LinkedIn Tumblr

Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

 

Ermənistan 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra, bu ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnən və ictimai-siyasi həyatı kökündən dəyişdirən iki hadisə yaşamışdır. Bu hadisələrdən birincisi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin (Dağlıq Qarabağ probleminin) həll edilməsi üçün göstərdiyi təşəbbüsün öz yaxın ətrafı tərəfindən belə qəbul edilməməsi səbəbilə istefa etməsi[1] və Robert Köçəryanın hakimiyyətə gəlməsi; ikincisi isə Serj Sərkisyanın 10 il hakimiyyətin zirvəsində olmasına baxmayaraq baş nazir postuna sahib olduqdan sonra xalqın etiraz dalğası qarşısında müqavimət göstərməyərək baş nazir postundan istefa etməsi və Nikol Paşinyanın hakimiyyətə gəlməsidir.[2]

Qeyd edək ki, birinci hadisədə Ter-Petrosyan istefa etdiyi zaman hakimiyyətə kimin gələcəyi əsasən məlum idisə, ikinci hadisədə Sərkisyanın istefa etməsindən sonra Nikol Paşinyanın hakimiyyətə gəlməsi, Sərkisyanın istefa etməsi kimi gözlənilməz olmuşdur.

Son 28 ildə Ermənistanın daxili ictimai-siyasi həyatında başqa önəmli hadisələr də olmuşdur:

  1. Nairi Unanyan liderliyində bir qrup silahlının 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinə hücumu nəticəsində baş nazir Vazqen Sərkisyan və parlamentin sədri Karen Dəmirçiyan da daxil olmaqla səkkiz nəfərin qətl edilməsi.[3]
  2. 2016-cı ildə cəbhədə atəşkəsin Ermənistan tərəfindən pozulması və nəticədə Azərbaycan ordusunun cəbhə xətti boyunca müxtəlif istiqamətlərdən irəliləməsi.
  3. Qarabağ müharibəsinin keçmiş döyüşçülərindən ibarət olan Sasna Çrer silahlı qrupunun hökumətin 2016-cı il aprel məğlubiyyəti ilə barışmayaraq İrəvanın Erebuni rayonunda yerləşən Post-patrul Alayına hücum edərək alayı girov götürməsi və 3 nəfərin qətl edilməsi.[4]

 

Əslində 2016-cı ildə atəşkəsin pozulması və Sasna Çrer silahlı qrupunun həyata keçirdiyi terror aktını Serj Sərkisyan hakimiyyətinin bünövrəsinə qoyulmuş saatlı bomba kimi də dəyərləndirmək mümkündür. Nikol Paşinyan ya o “saatlı bombaların” nə vaxt “partlayacağını” digər siyasi qüvvələrdən daha doğru təxmin etmişdi və uyğun bir zamanda ermənilərin etiraz dalğasına liderlik edərək hakimiyyətə gəlmişdi, ya da ermənilərin etiraz dalğasının başlaması ilə “saatlı bombaların” “partlaması” vaxtı təsadüfən üst-üstə düşmüşdü. Paşinyanın siyasi portreti və hadisələrə liderlik etmə prosesi analiz edildiyi zaman təsadüf ehtimalın daha məntiqli olduğu anlaşılır.

 

Seçki prosesi və nəticəsi: hansı rəsmi rəqəmlər doğrudur və ya passiv seçici kütləsi artırmı?

 

Serj Sərkisyanın istefa etməsinin əsas səbəbləri daxili, xarici, sosial-iqtisadi, hərbi-təhlükəsizlik problemlərin həll edilməməsi, əksinə bu problemlərin daha da artması, demokratik dəyərlərin, insan hüquqlarının və ifadə azadlığının kobud şəkildə pozulması, korrupsiya, seçki prosesinin və nəticələrinin saxtalaşdırılması və s. kimi amillər olmuşdur. Çox güman ki, bu səbəblərə görə on il hakimiyyətin zirvəsində olan Ermənistan Respublika Partiyası 9 dekabr 2018-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində cəmi 4,70 % (59059 səs) toplayaraq seçki səddini belə keçməmiş və siyasi həyatdan demək olar ki, silinmişdir.[5] Halbuki, Serj Sərkisyanın lideri olduğu Ermənistan Respublika Partiyası rəsmi nəticələrə görə 2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində 44,05%, 2017-ci ilin aprel ayının 2-də keçirilən parlament seçkilərində isə 49,2% səs toplayaraq seçki marafonunu birinci yerdə tamamlamışdı. Demək ki, əvvəlki seçkilərdə böyük saxtakarlıqlara yol verən hökumət 9 dekabr seçki nəticələrinə müdaxilə etmək üçün inzibati resurslarını itirdiyinə görə real sosioloji və siyasi mənzərə ortaya çıxmışdır.

Ermənistan 2018-ci ilin aprel-may aylarından etibarən siyasi və demokratik transformasiya yaşayır. Bu transformasiyanın ilk mərhələsi Nikol Paşinyanın baş nazir təyin edilməsi ilə, ikinci mərhələsi isə növbədənkənar parlament seçkilərinin keçirilməsi və ölkənin siyasi qüvvələr tarazlığının yenidən formalaşması ilə başa çatmış kimi görünür. Amma bu transformasiyanın ssenarisinin kimlər tərəfindən yazılması, rolların necə bölüşdürülməsi və oyunçuların kimliyindən asılı olmayaraq bu prosesin Ermənistan üçün təhlükə və fürsətlərlə dolu olduğunu da qeyd etmək vacibdir.

Bu prosesin təhlükəli nəticələrə gətirib çıxarması xarici qüvvələrin siyasi və iqtisadi müdaxiləsi ilə düz mütənasibdir.

Bu prosesin fürsət olaraq görülməsi isə ssenari müəlliflərinin, oyunçuların və “tamaşaçıların” sosial dinamizmi və fəallıq səviyyəsi ilə müəyyən ediləcəkdir.

Prosesin mənfi və yaxud müsbət nəticələnəcəyini təxmin etmək üçün siyasi gücləri hakimiyyətə gətirən və yaxud hakimiyyətdən endirən seçici fəallığı xüsusi rol oynayır. Bu fəallıq səviyyəsini dəyərləndirmək üçün Ermənistanda keçirilən son üç parlament seçkilərindəki seçici fəallığına diqqət yetirək:

Mərkəzi Seçki Komissiyasının məlumatına görə 9 dekabr 2018-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ümumi seçicilərin sadəcə 48,63%-i iştirak edib. 2017-ci ilin aprel ayının 2-də keçirilən parlament seçkilərində seçicilərin  seçicilərin aktivliyi 60,86%, 2012-ci il mayın 6-da keçirilən parlament seçkilərində isə 62,2% olmuşdur. Bunlar rəsmi rəqəmlərdir.

Əvvəlki iqtidarın seçkilərin nəticələrini saxtalaşdırdığı diqqətə alınsa, 9 dekabr növbədənkənar parlament seçkilərində iştirak edənlərin sayı nisbətən daha doğru ölçü meyarı olaraq qəbul edilə bilər.

Nikol Paşinyanın ölkədə reytinqinin yüksək olduğu bir mərhələdə keçirilən növbədənkənar parlament seçkilərində seçicilərin 48,63%-nin iştirak etməsi bəzi məsələlərə aydınlıq gətirməkdə əsas mənbə kimi istifadə edilə bilər:

Birincisi, Nikol Paşinyanın reytinqi ona yaxın KİV-lər tərəfindən bilərək şişirdilirdi;

İkincisi, ölkədə seçici kütləsi miqrasiya problemlərinə görə həqiqətən aşağı səviyyədədir;

Üçüncüsü, ermənilərin siyasi aktivliyi zəifləyib, cəmiyyətdə seçkilərlə heç nəyin dəyişdirilməsinin mümkün olmayacağı psixologiyası hakimdir.

 

Paşinyan hökumətinin qarşılaşacağı təhlükələr və fürsətlər

 

İstənilən hökumətin uğurunu təmin edən əsas məqamlar, onun uğurlu proqrama (strategiyaya) və güclü (təcrübəli, peşəkar) komandaya sahib olmasıdır. Paşinyan hökuməti bu baxımdan, xüsusilə hökumət üzvlərinin peşəkarlığı baxımından zəif görünür.

Paşinyan 2018-ci ilin may ayında baş nazir təyin edildikdən sonra Daşnaqsutyun Partiyası və Çiçəklənən Ermənistan Partiyası ilə koalisiya hökuməti qurmuşdu. Ancaq qısa müddətdən sonra parlamentin buraxılması və Paşinyanın yenidən baş nazir təyin edilməsi prosesinin çətinləşdirilməsi haqqında parlamentin nizamnaməsində dəyişiklik edilməsindən dərhal sonra koalisiya hökumətində yer alan bu partiyaların nümayəndələrini istefaya göndərmişdi.

Paşinyan hökuməti 20 dekabr 2018-ci ildə “Hökumətin fəaliyyəti və strukturu haqqında” qanuna dəyişiklik etməklə beş nazirliyin ləğv edilərək digər nazirliklərlə birləşdirilməsi haqqında qanun layihəsi ilə çıxış edib. Bu lahiyəyə görə Mədəniyyət nazirliyi, Diaspor narirliyi, Enerji infrastrukturu nazirliyi, Təbii sərvətlər nazirliyi, Kənd təsərrüfatı nazirliyi ləğv edilərək digər uyğun nazirliklərlə birləşdiriləcək.

Xüsusilə diaspor nazirliyinin ləğv edilməsi ölkə daxilində və xaricdə narazılıqla qarşılanıb və diaspor ilə iş üzrə ciddi problemlərin yaranacağı iddia edilir. Diaspor nazirliyin Repatriasiya şöbəsinin müdiri Ovannes Aleksanyan bu qanun dəyişikliyi layihəsinin əsassız olduğunu, digər nazirliklərdə diaspor ilə əlaqələri tənzimləyən şöbələrin olduğunu ancaq onların ayrıca məsələləri həll etdiyini və diaspor üzrə işlərin bütününün bu nazirliklərin şöbələri tərəfindən həyata keçirilməsinin mümkün olmayacağını bildirmişdir. Bu dəyişikliklər həyata keçirilərsə, diaspor təşkilatlarının Paşinyan hökuməti ilə münasibətləri də pozula, onların hökumət ilə operativ təmaslarında problemlər yarana  bilər.

Əlbəttə Paşinyan hökuməti nazirliklərin sayını azaltmaqla hökumətin xərclərini azaltmaq istəyir. Ancaq bu eyni zamanda hökumətdən narazı yeni işsiz kütləsini ortaya çıxaracaqdır. Hökumət azaltmağa çalışdığı hökumət büdcəsindən yeni iş yerləri açaraq nazirliklərin birləşdirilməsi nəticəsində işsiz qalan insanları işlə təmin etməyə çalışa bilər. Amma Ermənistanda hələlik problemlərin bu şəkildə uğurla həll edilməsi faktı qeydə alınmamışdır.

 

Paşinyan hökumətinin daxili siyasəti: qordi düyünü aşılacaqmı?

 

Paşinyan hökuməti çox güman ki, daxili siyasətdə demokratik dəyərlərin qorunmasına və oturuşmasına ciddi fikir verəcəkdir. Ancaq bu zaman demokratik dəyərlərin Avropada olduğu kimi geniş kütlələrə xitab edəcək şəkildə yox, hökumətin mənafelərinə tərs düşməyəcək qədər inkişaf etdirilməsində maraqlı olacaqdır.

Demokratik dəyərlərin geniş kütlələrə xitab edəcək şəkildə tətbiq edilməsi Paşinyan hökuməti üçün həm müsbət, həm də mənfi nəticələr verə bilər. Bu baxımdan Qərb dünyasının hökumətin demokratik islahatları dəstəkləməsi müsbət, ictimai rəyin nəzarətsiz şəkildə hökumətin fəaliyyətini tənqid etməsi, hökumətə qarşı mitinq və nümayişlər təşkil etməsi isə mənfi nəticə verə bilər.

Paşinyan hökuməti ölkənin qarşılaşdığı sosial-iqtisadi problemlərin həll edilməsi istiqamətində müəyyən layihələr həyata keçirsə də, bu layihələrin uğurla nəticələnməsi ehtimalı zəifdir. Dünya o qədər kiçilib ki, daxili siyasətdəki uğurlar, ölkənin xarici siyasətinin əsas istiqamətləri (problemləri) ilə birbaşa bağlıdır. Məsələn, Ermənistan son 28 ildə bölgədə revizionist və militarist siyasət həyata keçirdiyinə görə bölgə və beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etmə fürsətindən istifadə edə bilməyib. Sadəcə ölkənin daxili potensialı ilə sosial-iqtisadi problemlərin həll edilməsinin mümkünsüzlüyü Ermənistan nümunəsində çox bariz şəkildə ortaya çıxır.

Ermənistan daxili problemlərini həll etmək üçün xarici siyasətində ciddi dəyişikliklərə getmədiyi, qonşu dövlətlərlə problemi davam etdirən yox, konstruktiv görüşləri ilə problemlərin həll edilməsinə töhfə verən bir siyasət həyata keçirmədiyi müddətdə daxili siyasətində uğur əldə etmə ehtimalı olduqca zəifdir.

Qeyd edək ki, Paşinyan hökuməti 8 ay hakimiyyətdə olsa da, bu müddətdə ölkənin qarşılaşdığı sosial-iqtisadi problemləri həll etməkdənsə, hakimiyyətini qoruyub saxlamağa və növbədənkənar parlament seçkilərini keçirməyə fokuslanmışdı. Növbədənkənar parlament seçkilərini keçirib siyasi mövqeyini təminat altına almasından sonra sosial-iqtisadi problemlərin həll edilməsi üçün fəaliyyət planını həyata keçirməyə çalışacaqdır. Ancaq bu problemlərin həll edilməsində nə qədər uğurlu olması əhəmiyyətli dərəcədə hökumətin peşəkarlığından və parçlanmamasından asılıdır.

 

Paşinyan hökumətinin xarici siyasəti: ənənəvi siyasətə davam, yoxsa yeni siyasət?

 

İlk baxışda Paşinyan hökumətinin ənənəvi xarici siyasət anlayışından uzaqlaşaraq yeni dəyərlər çərçivəsində xarici siyasətini formalaşdıracağı görüntüsü olsa da, xüsusilə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi probleminin (Dağlıq Qarabağ probleminin) həll edilməsi istiqamətində 8 ayda həyata keçirdiyi siyasət diqqətə alınarsa, xarici siyasətində ənənəvi siyasətə davam edəcəyi daha çox müşahidə edilir. Çünki Dağlıq Qarabağ problemi Ermənistan xarici siyasətinin “künc daşı”dır və bu daşı yerindən tərpətmədən çoxşaxəli xarici siyasət həyata keçirmək mümkün deyil.

Ermənistanın xarici siyasətində Rusiya Federasiyasının xüsusi çəkisi və yeri vardır. Ermənistan müstəqilliyini elan etdikdən ötən ilin may ayına qədər Rusiya ilə münasibətdə həmişə Rusiyanın bölgədəki və ölkəsindəki maraqlarını zədələməməyə çalışmış,  bu dövlətin  mövqeyini qoruyacaq və gücləndirəcək siyasət həyata keçirmişdir. Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda yerləşməsini, daha sonra bu hərbi bazanın ölkədə qalma müddətinin uzadılmasını, Rusiya ilə birlikdə hava hücumundan müdafiə qüvvələrinin yaradılmasını, iqtisadi-siyasi münasibətlərin inkişaf etdirilməsini buna nümunə olaraq göstərmək mümükndür.

Tərəflər arasındakı münasibətlər hər zaman bu cür normal axarında davam etməmişdir. Xüsusilə 102-ci hərbi bazanın əsgərlərinin Gümrü və başqa şəhərlərdə törətdikləri qətllər zaman-zaman ictimai rəydə Rusiyaya qarşı reaksiyalarla nəticələnmiş, amma heç vaxt qırılma nöqtəsi olmamışdır.

İki ölkə arasindakı tarixi münasibətlərin korlanması Nikol Paşinyanın ötən ilin aprel-may ayında Ermənistanda yaşanan hadisələr nəticəsində baş nazir postuna təyin edilməsindən sonrakı dövrə təsadüf edir. Liberal siyasi fikirləri ilə bilinən Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətləri yenidən gözdən keçirərək korreksiya etməyə cəhd göstərsə də, hələlik bu işdə nə qədər uğurlu olduğu müzakirə mövzusudur.

Paşinyan baş nazir postuna təyin edildikdən sonra ən çox xarici səfərə getdiyi ölkə Rusiya Federasiyasıdır. O, sadəcə 8 ay içində Rusiyaya 6 dəfə səfər edib. Paşinyanın Rusiya Federasiyasına bu qədər mütəmadi səfər etməsi münasibətlərin yaxşı olmasından qaynaqlanmır, əksinə problemli olan münasibətlərə aydınlıq gətirmək üçün edilən səfərlərdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Katibi seçilməsi problemi, Ermənistanın Rusiyadan aldığı təbii qazın qiymətinin müəyyənləşdirilməsi, Ermənistanın xarici siyasətində Rusiya Federasiyasının yeri və əhəmiyyəti, Dağlıq Qarabağ problemi və digər məsələlər hələ də müzakirə edilirvə tam olaraq aydınlaşdırılmayıb.

Paşinyanın 2018-ci il dekabrın 27-də Rusiyaya son səfəri zamanı iki ölkə arasında müzakirə edilən prioritet mövzuları bu şəkildə sıralamaq mümkündür:

-Paşinyan hökumətinin Rusiya tərəfindən siyasi cəhətdən qəbul edilməsi;

-Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində Rusiyanın səylərini artırması;

-İqtisadi münasibətlərin gələcək inkişaf perspektivləri;

-Siyasi münasibətlərdə sualtı qayaqlıqların ortadan qaldırılması yönündə tərəflərin mövqelərinin şəkillənməsi;

-Ermənistanın Rusiyadan alacağı təbii qazın qiyməti haqqında sövdələşmə;

-Hərbi məsələlərin müzakirə edilməsi və yeni silah almaq haqqında fikir mübadiləsi;

Bu məsələlərin müzakirəsi zamanı Paşinyanın əlinin güclü olmadığı onsuz da məlumdur. Əhəmiyyətli olan Paşinyanın hansı məsələlərlə bağlı Rusiyanın tələblərini qəbul etməyə məcbur olmasıdır.

Paşinyanın səfərində maraqlı bir nüans da, Vladimir Putinin sabiq prezident, hazırda həbsdə olan Robert Köçəryanı yeni il münasibətilə təbrik etməsidir. Rusiya bununla Paşinyan hökumətinə mesaj verməyə çalışsa da, görünən odur ki, hökumət ya bu mesajı anlamır, ya da ciddi qəbul etmir.

Rusiya Paşinyanın məxməri inqilab nəticəsində hakimiyyətə gəldiyi ərəfədə və sonra Ermənistanın daxili işlərinə əsasən müdaxilə etmədi, ya da hər hansı şəkildə müdaxilə etsə də istədiyi nəticəni ala-Paşinyanın hakimiyyətə gəlməsinə mane ola bilmədi.

Bu gün Ermənistan üçün ən önəmli problemli məsələlər bunlardır:

-Rusiya Ermənistan ilə münasibətləri müzakirə edərək Paşinyan hökumətinin xarici və hərbi təhlükəsizlik siyasətinin hansı məcrada formalaşacağına aydınlıq gətirmək istəyir.

-Hazırkı Paşinyan hökuməti nə qədər sağlamdır, hökumətdə nə qədər Rusiyanın “adamı” var?

-Paşinyan hökuməti 30 illik problemləri həll edə biləcəkmi?

-Qərb dünyası daxili, xarici və iqtisadi islahatlar məsələsində hökuməti nə qədər dəstəkləyəcək?

-Qərb dünyasından Ermənistana sabit maliyyə axını olacaqmı, yoxsa bu yardımlar epizodik xarakterdə olacaq.

Ümumi mənzərə odur ki, Paşinyan hökuməti də yuxarıda qeyd edilən məsələlərdən heç də tam əmin deyil, hökumətin bu problemləri həll etməsi üçün sabit fəaliyyət proqramı yoxdur.

Paşinyan hökumətinin parçalanması üçün Rusiyanın müəyyən resurslara malik olduğu məlumdur. Bu fəaliyyətinin sərhədlərinin haradan başlayıb, harada bitdiyi haqqında hər hansı bir fikir irəli sürmək hələlik mümkün deyil. Bunu əsasən Paşinyan hökumətinin bundan sonra Rusiya ilə münasibətlərinin korreksiyası göstərə bilər. Hələlik hər iki tərəf ən yüksək səviyyədə tərəflər arasındakı münasibətlərin yenidən formalaşması üçün müzakirələrə davam edirlər.

Paşinyan hökumətinin Rusiya ilə münasibətlərinin necə olacağına növbədənkənar seçilən parlamentin fəaliyyətə başlaması və hökumətin fəaliyyət proqramı aydınlıq gətirəcəkdir. Çünki növbədənkənar parlament seçkiləri keçirilənə qədər parlament nəzdində Paşinyanın dəstəyi yox idi. Yeni parlamenti istədiyi şəkildə formalaşdıran Paşinyan Rusiya ilə münasibətlərində daha rahat qərar vermə imkanı qazandı.

 

Dağlıq Qarabağ problemi: yeni imkanlar və məhdudiyyətlər

 

Ermənistanın daxili, iqtisadi, hərbi-təhlükəsizlik və xarici siyasətində yaşanan  problemlər və qırılma nəqtələri dərindən incələndiyi zaman bütün bu problemlərin təməlində Azərbaycan ərazilərini işğal altında saxlamasının yatdığı məlum olur. Hətta bir çox hallarda problemin özü bir kənarda qalır və Dağlıq Qarabağ problemi əsas mövzu kimi müzakirə edilir.

Bu gün Paşinyan hökuməti üçün ölkə daxilində hakimiyyətini qoruyub saxlamaq və sabiq iqtidar, indiki müxalif Ermənistan Respublika Partiyasına qarşı mübarizə nə qədər əhəmiyyətlidirsə, Azərbaycan-Ermənistan sərhəd xəttində və işğal altında olan bölgələrdə atəşkəsə əməl edilməsi ən az o qədər əhəmiyyətlidir. Paşinyan ölkədə hakimiyyəti tam olaraq ələ aldığından əmin deyil və onu narahat edən ən ciddi məsələlərdən biri də, orduda keçmiş iqtidar Ermənistan Respublika Partiyasının adamlarının bilərək atəşkəs rejimini pozma və Paşinyan hökumətini çıxılmaz vəziyyətlə üz-üzə qoymaq ehtimalıdır. Paşinyan Ermənistan daxilində və Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində özünün nəzarətindən kənarda cərəyan edəcək hər hansı bir hadisəyə görə narahatdır.

Düşənbədə 2018-ci il sentyabrın 28-də keçirilən MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüş və qısa da olsa Dağlıq Qarabağ məsələsi müzakirə edilmişdi. Liderlər daha sonra, 2019-cu ilin yanvarında Davosda da məsələni müzakirə etdilər. Daha əvvəl Paşinyan Dağlıq Qarabağ probleminin müzakirəsində iştirak etməyəcəyini desə də, yəqin ki, yavaş-yavaş məsələ ilə bağlı siyasi reallığı görür. Paşinyan erməni ictimai rəyi ilə necə danışacağını bilir, eyni zamanda xüsusilə son zamanlarda Dağlıq Qarabağ probleminin ciddiyyətini qavrayır.

Azərbaycan 28 ildir Dağlıq Qarabağ probleminin həll edilməsi üçün Ermənistan rəhbərliyi ilə müzakirə aparır və Paşinyan birdən-birə “bu müzakirələrdə iştirak etməyəcəm” deyərək reallıqdan uzaq düşmüş olar. Bu, Ermənistanın məsələ ilə bağlı siyasi xəttiylə də təzad təşkil edir və “sıfır nöqtəsi”nə dönüş deməkdir.

Müzakirələrin əvvəlki formatda davam etməsi ehtimalı yüksəkdir. Müzakirələrdə müəyyən nüanslarda dəyişiklik ola bilər, amma bu ümumi mənzərəni pozmayacaqdır.

Nikol Paşinyan hökuməti Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində təşəbbüs göstərmir, ənənəvi siyasətə üstünlük verir. Amma Dağlıq Qarabağ problemi həll edilmədiyi müddətdə Ermənistanın bölgə və beynəlxalq aləmlə bütünləşməsi, böyük layihələrdə yer alması mümkün deyil.

 

Ermənistan üçün 2019-cu il proqnozları

 

Ermənistanın 2019-cu ildə qarşılaşacağı problemləri əsasən bu şəkildə ifadə etmək mümkündür:

 

Daxili siyasətdə:

-Bu gün ölkədə Paşinyan hökumətinə qarşı ciddi müxalifət yoxdur. Sabiq iqtidar partiyası demək olar ki, ölkənin siyasi həyatından silinib. Parlamentdə təmsil olunan əvvəlki güclü partiyalardan sadəcə Çiçəklənən Ermənistan Partiyası parlamentdə yer aldı;

-Paşinyan hökumətinin sabiq məmurlar, bürokratlar və oliqarxlar üzərinə yürüşü davam edəcək;

-Keçmiş oliqarxların əmlakının bir qismi əllərindən alınaraq dövlət büdcəsinə keçiriləcək;

-Digər siyasi partiyalar və bloklar hələlik Paşinyanın lideri olduğu İctimai Müqavilə Partiyasının orbitində fəaliyyətlərinə davam edəcəklər;

-Paşinyan hökumətinə qarşı güclü müxalifətin önümüzdəki bir il ərzində formalaşma ehtimalı var. Yeni hökumət uğurlu və yaxud uğursuz fəaliyyəti ilə əlbəttə öz müxalifətini formalaşdırcaqdır;

-Sosial-iqtisadi problemlər böyük bir ehtimalla davam edəcək;

-İşsizliyin qarşısının alınmasında ciddi uğurlar əldə edilməyəcək;

-Sayıları azalsa da, xarici ölkələrə köç əsasən davam edəcək;

-Xarici borc yüksələn xətlə artacaq;

-Dramın dəyərinin sabit saxlanılması çətinləşəcək;

-İlin sonuna doğru hökumətə qarşı təzyiqlər arta bilər;

 

Xarici siyasətdə:

-Avropa ilə münasibətlər inkişaf etsə də, Ermənistanın əsas xarici siyasət partnyoru Rusiya olaraq qalacaq;

-Avropa və ABŞ müəyyən proqram və layihələr çərçivəsində Ermənistana maliyyə köməkliyi göstərəcək;

-Rusiya ilə münasibətlərdə, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya Birliyi və Gömrük İttifaqı ilə bağlı müəyyən problemlər yaşana bilər;

-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlıqda soyuqluq yarana bilər;

-Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi ilə münasibətlərdə problemlər yaşansa da, Ermənistan bu qurumlarda qalmağa davam edəcək;

 

Dağlıq Qarabağ problemi:

-Problemin 2019-cu ildə həll olunma ehtimalı olduqca zəifdir;

-Minsk Qrupu həmsədr ölkələrinin vasitəçiliyi davam etsə də, hər hansı bir nəticə əldə etmək mümkün olmayacaq;

-Ermənistanın daxili ictimai-siyasi həyatında, xarici siyasətində və bölgədə hər hansı ciddi dəyişiklik yaşanarsa, atəşkəsin Ermənistan tərəfindən pozulması və lokal da olsa hərbi əməliyyatların başlama ehtimalı hər zaman vardır.

 

Nəticə

 

2018-ci il Ermənistan üçün olduqca mürəkkəb keçdi. Son 28 ildə formalaşan siyasi sistem kökündən dəyişdi. Daha əvvəl hakimiyyətin zirvəsində olan siyasi fiqurlar- Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, ölkənin qarşısında duran sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərini həll edə bilmədilər. Hətda bəzi problemlər daha da kəskinləşdi.

Daxili və xarici siyasətdə ciddi uğurlar əldə edilmədi. Ölkədə ilk baxışda siyasi sabitlik təmin edilsə də, əslində bu sabitliyin təməlinin olduqca zəif  və kövrək olduğunu müşahidə etmək mümkündür.

Paşinyan böyük sosial, siyasi demokratik islahatlar vədi ilə hakimiyyətə gəlsə də, hələlik bu islahatların heç birini tamamlamayıb, bəzilərinə isə ümumiyyətlə başlamayıb.

Paşınyanın Rusiya ilə münasibətləri korlamaq bahasına Qərb dünyası ilə yaxınlaşmağa çalışdığı haqqında müxtəlif fikirlər səslənir. Amma Paşinyan hələlik Rusiya ilə münasibətlərində köklü dəyişikliklər həyata keçirmir. Buna sadəcə olaraq Ermənistanın siyasi və iqtisadi resursları yoxdur.

Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində ciddi bir irəliləyiş qeydə alınmayıb, əksinə Paşinyan verdiyi bəzi bəyanatlar ilə vəziyyəti daha da gərginləşdirir. 2019-cu ildə qeyd edilən problemlərin əsasən davam etməsi gözlənilir. Ermənistan son 28 ildə özünü heç cürə “qısır döngədən” çıxara bilmir. Bu da onun son illərə qədər həyata keçirdiyi revizyonist siyasəti ilə bağlıdır.

 


[1] Araz Aslanlı, Karabağ sorunu ve Türkiye-Ermenistan ilişkileri, Berikan Yayınevi, 2015, s. 104.

[2] Hatəm Cabbarlı, “Nəticəsi məlum olan seçkilər: dəyişən sistemdir yoxsa simalar?”, 18.11.2018, https://www.qafsam.org/page/574/az

[3] Araz Aslanlı, “Kafkasyada Güvenlik ve İstikrara En Büyük Tehdit”,  Der: Cavid VELIYEV, Araz ASLANLI, Güney Kafkasya: Toprak Bütünlüğü, Jeopolitik Mücadeleler ve Enerji, Ankara, Berikan Yayınevi, 2011, s. 165

[4] “Sasna Çrer – Putin Paşinyanı “6 dekabr” kabusundan qorudu” , https://ednews.net/az/news/world/340908-sasna-crer

[5] “Armenia election: PM Nikol Pashinyan wins by landslide”, https://www.bbc.com/news/world-europe-46502681

Araz Aslanlı