Amerika

Qondarma soyqırımı iddiaları, təbliğat və görüləsi tədbirlər

Pinterest LinkedIn Tumblr

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 

Qayanı parçalayan damcının gücü deyil, onun mütəmadiliyidir.

 

Qondarma “erməni soyqırımı”na dair təbliğat nümunəsi onu göstərir ki, beynəlxalq aləmə yönəlik həyata keçirilən təbliğat kapmaniyası nəticəsində doğru strategiya və taktika ilə 104 ildən sonra da uğurlu nəticələr əldə etmək mümkündür. Hər şeydən əvvəl qondarma erməni soyqırımı haqqında təbliğat kampaniyasının mütəmadiliyi, təbliğat zamanı seçilən yollar və vasitələr, seçilən hədəf kütləyə doğru üsullarla xitab etmək, dini duyğuları istismar edərək xristian dünyasının əzilən və qətl edilən, qətl edilmə təhlükəsinin 104 ildir davam etməsi iddialarının gündəmə gətirərək humanizm, insan haqları prinsipləri və erməni xalqının azadlıq mübarizəsi çərçivəsində geniş ictimaiyyətə təqdim etmək bacarığı və nəhayət təbliğat üçün yüz milyonlarla dollarla ölçülən böyük maliyyə vəsaitinin doğru şəkildə istifadə edilməsi prosesin uğurla nəticələnməsində ən əhəmiyyətli amillərdir.

Qeyd edək ki, Ermənistan və erməni diaspor təşkilatları qondarma soyqırımı haqqında təbliğat fəaliyyətinə yuxarıda qeyd edilən çərçivədə davam etsələr də, bu iddialarını hüquqi müstəviyə çıxarmaqdan çəkinmişdir. Qondarma erməni soyqırımı varislərinin təzminat almaq üçün ABŞ-ın sığorta təşkilatları ilə məhkəmə çəkişmələrinin bir çoxunun uğursuzluqla nəticələnməsi, İsveç dövlətinin qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar almasından sonra Doğu Pərinçəklə İsveç federal hökuməti adına İsveç dövləti arasında erməni soyqırımının inkar edilməsinə görə məhkəmə çəkişməsi zamanı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Dairəsi tərəfindən İsveç hökumətinin əleyhinə qərar verməsi, Fransa parlamentinin anoloji qərarının Konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsi onları qondarma soyqırımı iddialarını hüquqi müstəviyə gətirməkdən çəkindirən əsas amildir.

Ermənilər qondarma soyqırımın tanınması və qəbul edilməsi zamanı bəzi mərhələlərdə terror (1915-1923 Nemesis intiqam təşkilatı), təbliğat (1924-1970), sonra terror (1974-1980-ci illərin sonu ASALA terror təşkilatı), daha sonra isə yenidən (1990-cı illərdən bu günə qədər) təbliğat fəaliyyətlərinə davam etmişdir.

Ermənistan və erməni diaspor təşkilatları bütün bu mərhələlərdə terror aktları da daxil olmaqla soyqırımın tanınması və qəbul edilməsi istiqamətində xeyli işlər görmüşlər. Erməni məsələsində öz maraqları olan dövlətlərin əksəriyyəti isə ermənilərin Türkiyəyə qarşı həyata keçirdikləri terror fəaliyyətinə əsasən haqq qazandırmış, “azadlıq mübarizəsi” kimi dəyərləndirmişlər. Ermənilər qondarma soyqırımı təbliğatını o qədər peşəkarcasına həyata keçirirlər ki, erməni terroru nəticəsində şikəst qalan şəxs belə (məsələn, İspaniyada nəşr edilən qəzetin baş redaktor müavini Qurera) Erməni xalqının hüquqlarının müdafiə komitəsinin Almaniyanın Münhen şəhərində 1981-ci ildə təşkil etdiyi erməni məsələsi ilə bağlı konfransda iştirak edərək onlara haqq qazandırmış, terroru dəstəkləmişdir.

 

Erməni soyqırımı fenomeni

 

Dünyanın beş qitəsinin dördündə otuz bir böyük dövlət, müxtəlif dövlətlərin onlarla əyalət parlamenti, beynəlxalq təşkilatlar, bölgə təşkilatları, Vatikan və dini təmayüllü beynəlxalq təşkilatların əksəriyyəti qondarma “erməni soyqırımı”nı tanımışdır.

ABŞ-ın Alabama ştatının 20 mart 2019-cu ildə qondarma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməsi ilə 50 ştatdan 49-u qondarma “erməni soyqırımı”nı tanımış oldu. Təkcə Missisipi ştatı bu barədə qətnamə qəbul etməyib, amma hadisələrin inkişaf dinamikası göstərir ki, bu ştat da anaoloji qətnaməni qəbul edəcək.

Nəhayət ABŞ Senatı da 12 dekabr 2019-cu ildə qondarma “erməni soyqırımı”nı tanıyan qərar qəbul etmişdir. Qərarın Prezident Tramp tərəfindən veto etməsi ehtimalı olsa da, ABŞ Konstitusiyasına görə prezident tərəfindən veto edilən qanun layihəsinin Senatda üçdə iki çoxluqla yenidən qəbul edilməsi zamanı prezidentin vetosu işə yaramır və qanun layihəsi hüquqi qüvvəyə minir.

Qondarma erməni soyqırımı qətnaməsini Senatda gündəminə gətirən və kürsüdən çıxış edən Senator Bob Menendezin kövrələrək hıçqırması, senatorlara psixoloji təzyiq və humanizm duyğuların istismar edilməsi kimi dəyərləndirilə bilər. Bu eyni zamanda erməni soyqırımının tanınması və qəbul edilməsi istiqamətində Ermənistanın və erməni diaspor təşkilatlarının istifadə etdiyi strateji və taktikaların çox şaxəliliyini və ən yüksək səviyyədə dilə gətirilməsini anlamaq baxımından olduqca maraqlı haldır.

 

Türkiyə nə etməlidir?

 

ABŞ Senatının qondarma erməni soyqırımının tanınması haqqında qətnamə qəbul etməsindən sonra Türkiyə bundan sonra məsələ ilə bağlı əgər varsa, hansı strateji plana uyğun hərəkət etməli, fəaliyyət istiqaməti nələr olmalı, hansı məsələləri ön plana çıxarmalı və həyata keçirməlidir?

Türkiyə qondarma erməni soyqırımı məsələsində oyuna hökmən məğlub başlayan tərəfdir. ASALA terror təşkilatı 1970-ci illərdə ortaya çıxana qədər Türkiyədə akademik və siyasi dairələrdə qondarma erməni soyqırımı iddiaları barədə fikir bildirmək elmi tədqiqat aparmaq  tabu olmuşdur. Yalnız ASALA terror təşkilatı Türk diplomatlara qarşı ilk terror aktlarını həyata keçirdikdən sonra Türkiyə reallığı görmüş və gec də olsa hərəkətə keçmişdir.

Ancaq bu mövsümi xarakter daşımış, hər ilin ilk aylarından etibarən ABŞ-da gündəmə gətirilən və aprel ayı sonuna qədər davam edən qondarma erməni soyqırım məsələsində əsasən yəhudi lobbi təşkilatlarının köməyi ilə bu prosesə qarşı mübarizə aparmışdır. Yəni Türkiyənin qondarma erməni soyqırımına qarşı mübarizəsində mütəmadilikdən bəhs etmək mümkün deyildir.  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərkən, “Bu hərəkətlər müttəfiqlik  münasibətlərimizin ruhu ilə örtüşmədiyi kimi, ABŞ hökuməti ilə Suriyə haqqında əldə edilən razılaşmaya da qarşıdır. Gərəkirsə İncirlik və Kürəcik hərbi bazasını bağlayarıq”, Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Kalın “ABŞ Senatının saxta tarix anlayışını kiçik siyasi hesablarına alət edən qərarını şiddətlə qınayır və rədd edirik. Bu qərar siyasi, hərbi və iqtisadi heç bir sahədə Türkiyənin haqlı və qərarlı mövqeyinə təsir etməyəcəkdir” və ”XİN rəhbəri Mövlud Çavuşoğlu “AB, Senatının qərarı siyasi bir göstərişdən ibarətdir. Hüquqi bağlayıcılığı və təsiri yoxdur”, demişdir.

Türkiyədə 15 iyul 2016-cı ildə baş verən çevrilişdə ABŞ-ın rolu olduğu və İncirlik hərbi bazasından istifadə edildiyi halda İncirlik və Kürəcik hərbi bazasını bağlamayan Türkiyə hökumətinin Senatın qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul etdiyinə görə bu hərbi bazaları bağlaması ehtimalı əlbəttə ki, olduqca zəifdir.

Suriya məsələsindəi addımlarını və Rusiyadan İskəndər 400 zenit-raket kompleksi almasını əsas gətirərək ABŞ-ın Türkiyəyə iqtisadi və hərbi sanksiyalar tətbiq etməsi səbəbindən tərəflər arasındakı münasibətlərdə onsuz da gərgin mərhələ yaşanır. Belə bir zamanda Türkiyənin daha diplomatik hərəkət etməsi məntiqli görünür. Əlbəttə, ABŞ-ın bu saxta və siyasi qərarına qarşı təsirli mexanizlərdən istifadə edilməlidir. Amma bunlara paralel olaraq Türkiyə hökuməti nəticənin aradan qaldırılmasına yönəlik yox, səbəbin aradan qaldırılması yönündə daha ciddi və və təsirli tədbirlər görməlidir. Səbəb aradan qaldırılmadıqca nəticələr müxtəlif şəkildə yednidən və dəfələrlə ortaya çıxa bilər.  

Qondarma erməni soyqırımı məsələsində Türkiyə hökumətinin tərəf müqabili ABŞ-dan daha çox Ermənistan olmalıdır. Heç şübhəsiz, Ermənistan dövləti buna razılıq verməsə də,  Türkiyə hökumətinin dəfələrlə gündəmə gətirdiyi qondarma soyqırım iddialarının müstəqil tarixçilər və elm adamları tərəfindən müzakirə edilməsi təklifi doğru bir addım olmuşdur. Amma bundan nəticə alınmamışdır. Səbəbin aradan qaldırılması və fərqli nəticəyə yönəlik yönəlik qarşı tədbirlər nələrdir?

Türkiyə dərhal ölkəsində qeyri-qanuni yaşayan sayıları təxminən 100 min olduğu iddia edilən erməniləri ölkələrinə geri göndərə bilər. Türkiyə hökuməti Erməni vətəndaşlarının ölkəyə girişini qadağan edə, hava sahəsini bu ölkəyə bağlaya, Türkiyə hava sahəsini istifadə edərək Ermənistana uçan bütün tranzit və yük daşıma uçuşlarını dayandıra bilər. Türkiyədə fəaliyyət göstərən erməni qeyri-hökumət təşkilatlarının Ermənistan ilə əlaqələrinə məhdudiyyət gətirə və yaxud ümumən qadağan edə, Türkiyə banklarından Ermənistana göndərilən maliyyə vəsaiti dayandırıla bilər. Beynəlxalq təşkilatlarda Ermənistanın maraqlarının müdafiə olunduğu bütün müzakirələrdə bu ölkənin əleyhinə səs verə, hətta Türkiyənin qurucusu olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatından Ermənistanın üzvlüyünün ləğv edilməsi üçün məsələ qaldıra bilər.

Yüz min işsiz erməninin Ermənistana getməsi, Ermənistan vətəndaşlarına viza verilməməsi və yuxarıda deyd edilənlər həyata keçirilərsə, Ermənistanın daxili ictimai-siyasi həyatında yaşanacaq problemlər Ermənistan hökumətini daha məntiqli davranmağa məcbur edə bilər.

Necə ki, Rusiya-ABŞ qarşıdurması üz-üzə cəbhə meydanında deyil, Yaxın Şərqdə və Suriyada, Çin-ABŞ qarşı durması Cənubi və Şimali Koreyada davam edirsə, Türkiyə hökuməti də ABŞ ilə qarşı durmada mübarizə sahəsini nəticənin olduğu ABŞ-a deyil, səbəb olan Ermənistan üzərinə yönləndirməlidir.

Dr.Hatəm Cabbarlı