Kamran Sultanlı
Artıq bir-neçə gündür ki, cənub qonşumuz İranda Çində başlayan və sürətlə dünyaya yayılan koronovirus problemi baş qaldırıb. İran Çindən sonra koronovirusdan ən çox itkiyə məruz qalan ölkədir. Çində itkilərin sayı 2666 nəfərdir. Çindən sonra İran rəsmi rəqəmlərə əsasən 14 nəfər koronovirusdan həlak olub, 47 nəfər isə yoluxub. Bu rəqəm İtaliyada 7, Cənubi Koreyada 5, Honkonqda 4-dür.
İran səhiyyə nazirliyinin hesabatına əks olaraq İranın Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Farahani Qumda itkilərin 50 nəfər olduğunu vurğulayıb. Lakin hökumət bu xəbəri təkzib edib, və Farahanidən bunu əsaslandırmasını tələb edib. Daha sonra isə millət vəkilinin halı pisləşib və o dezinfeksiya edilib. İranda böhranla bağlı əslən iranlı olan Amerikalı analitik Jason Rezalian qeyd edib ki, İran rejimi koronovirusla bağlı məlumatları xalqdan gizlətməyə çalışıb. Rezalian əlavə edib ki, İran rejimi İranda keçirilən parlament seçkilərində xalqın daha aktiv iştirak etməsi üçün virusla bağlı itkiləri bir müddət gizlətməyə çalışıb. Seçkilərdə insanların iştirakı da, virusun insanlar arasında yayılmasına səbəb olan amillərdəndir, Rezalian əlavə edib.
İranda koronovirus fevral ayının əvvəlindən yayılmağa başladığı iddia edilir. İranlı tibb üzrə ekspert Mahmud Ələmşani qeyd edib ki, İran rəsmiləri epidemiyanın qarşısını vaxtında alacaqlarına ümid edirdilər, həmçinin seçki ərəfəsində aktivliyin azalmaması və gərginliyi aradan qaldırmağa çalışırdılar. Bir-neçə gün öncə Qum universitetinin Tibb elmləri doktoru professor Məhəmmədrza Qədiri televizordan çıxış edərək virusun daha az təhlükəli olduğunu açıqlamışdı. Hakimiyyət bununla vəziyyəti elə almağa çalışırdı. Hətta Qədiri özü də yoxlamadan keçmiş, müsbət nəticə əldə etmişdir. Lakin hazırda Qum universitetinin Tibb elmləri üzrə elmi işçisi Gadiri xüsusi karantin zonasındadir.
İranın səhiyyə naziri Namaki virusun Çindən Quma gələn bir nəfərdən keçdiyini qeyd edib. Namaki qeyd edib ki, Qumdan yayılmağa başlayan virus İranın mərkəzi şəhərlərinə də yayılmağa başlayıb. İranda virusun əsas mərkəzi sayılan Qumda hökumətin lazımi tədbirləri həyata keçirməməsi vurğulanır. Jurnalist Farnaz Fassihi Qumda insanların dini mərkəzlərdən uzaq qalmalı olduğu halda molların Cümə namazı qıldırdıqlarını qeyd edib. Həmçinin İran rejimi Qumla digər şəhərlərin əlaqəsini kəsməyib. Qum İranın dini mərkəzi, vilayəti-fəqih sisteminin paytaxtıdır. Hər il Qum şəhərinə 2,5 mln xarici turist olmaqla 22,5 mln-dan çox insan səfər edir. Məşhəd ziyarətinə gedən bütün zəvvarlar məhz Qumda dayanır. Qum Məşhəd-Kərbələ-Nəcəf dini marşurutunun əsas başlanğıc nöqtəsi olduğundan, bu şəhərlə əlaqənin kəsilməməsi virusun yayılmasına səbəb olur. Trumpın İrana qarşı tətbiq etdiyi da sanksiyalar İran da səhiyyə sahəsinə ciddi təsir edib. İran hər il müxtəlif xəstəliklərin müalicəsinə pul xərcləyir. Trumpın sanksiyalarından sonra gəlirlərin azalması, bu sahədə ciddi problem yaradıb. Xaricdən dərman preparatları və hazırlanması üçün maddələrin idxalı çətinləşib. Yerli dərmanlar isə ağır xəstəliklərin müalicəsi üçün kifayət etmir, dövlət insanlara yerli dərmanlardan istifadə etməyə çağırış etsə də, ağır xəstəliklər üçün yerli əhali bu dərmanların keyfiyyətinə şübhə edir. İranda 2017-2019-cu illər aralığında səhiyyə xərclənən vəsait 234 mld tüməndən 150 mld tümənə qədər azalıb. Səhiyyədə olan bu problemlər koronovirus kimi ciddi epidemiyan qarşısını almağa çətinliklər yaradır. Çin virusla bağlı qısa zamanda karantin mərkəzləri inşa etdi, lakin İranın hazırda iqtisadi durumu buna imkan vermir.
İranda bir-çox şəxslər rejimin koronovirusla bağlı xalqı məlumatlandırılmasına mane olduqlarını və mediaya güclü basqının olduğunu qeyd ediblər. ABŞ-da yaşayan İran əsilli jurnalist Yeganah Salehi qeyd edir ki, İranda media dini rejimin tam nəzarətində olduğu üçün mediaya kəskin müdaxilə və təzyiqlər var. Bu isə insanların dolğun məlumat almasına məna olur.
Koronovirus İranı dünyadan təcrid durumuna salıb. Türkiyə, İraq, Əfqanıstan, Ermənistan İranla sərhədi bağlayıb. Küveyt, Oman, Bəhreyn, İranla hava və dəniz əlaqələrini dayandırıb. Daxildə mübarizəkarlar bu durumun ABŞ tərəfindən edildiyini və əsas məqsədin İranın daha da təcrid edilməsi olduğunu qeyd ediblər. Bu baxımdan İslahatçılarla mühafizəkarlar arasında ciddi qarşıdurma yaranıb.
Böhranın İrana hansı təsirləri ola bilər?
Böhranda itkilər artarsa, bu rejim üçün növbəti problemlərə yol aça bilər. Xalq son seçkilərdə iştirak faizi ilə İranda dini rejimin legitimliyinə və uzun illərdi Tehranın apardığı xalq-rejim vəhdəti siyasətinə ciddi zərbə endirmiş oldu. İran dini turizm marşurutu ilə hər il milyonlarla turist qəbul edir və virus təhlükəsi İranın gəlirlərini daha da azaldacaq. İranla Azərbaycan arasında həyata keçirilən Şimal-cənub nəqliyyat lahiyəsi də bir müddət təxirə salına bilər ki, iqtisadi blokadada yaşayan İran üçün bu böyük gəlir itkisidir. Son seçkilərdə mühafizəkarların qalıb gəlməsi, Mərkəzlə qeyri-farslar arasında gərginliyi daha da artıra bilər. Virus səbəbindən artıq bir-sıra sosial etirazlar baş verib. İranın Gilan əyalətinin Talış rayonunda rejimə qarşı kəskin etirazlar baş tutub və yaralananlar var. Əsas səbəb isə Koronovirusa yoluxanların bu əyalətə gətirilməsidir. Əyalətin Güney Azərbaycan bölgələrinə yaxın olması Ərdəbil və digər bir-sıra azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə etirazlara səbəb olub. Bu cür gərginlik İranın dini hakimiyyəti üçün daha ciddi problemlərə yol aça bilər.
İrandakı virus böhranın Azərbaycana hansı təsirləri ola bilər?
İranda baş verən böhranın Azərbaycana təsirləri qaçınılmazdır. Azərbaycan İranla 765 km sərhədə malikdir. Azərbaycanın cənub rayonlarının İranla geniş ticarət əlaqələri var. Sərhədyanı rayonlar ticarət, səhiyyə xidmətləri üçün İrana səfər edir. İranla sərhədlərin bağlanması, onların sosial durumuna təsir edəcək. Həmin bölgələrdə vətəndaşların İranla ticarət əlaqələri dövlətin həmin bölgələrdə sosial yükünü azaldan amillərdəndir. İran şirkətləri Azərbaycan iqtisadiyyatına təxminən 3,4 milyar dollar investisiya yatırıblar. Həmçinin İranla birlikdı Neftçalada avtomobil istehsalı və şimal-cənub nəqliyyat dəhlizi lahiyələri həyata keçirilir. İranda baş verən böhran bu lahiyələrin ləngiməsinə səbəb olacaq. Hər il mart ayında Novruz bayramı ilə əlaqədər ölkəmizə minlərlə İranlı turist gəlir. Onların gəlişi ilə orta və kiçik sahibkarlıq canlanır, turizmdən sahibkarlar gəlir əldə edir. Turistlərin azalması, kiçik və orta sahibkarlığın, gəlirlərini azaldacaq. Azərbaycana ötən il İrandan 452 701 min dollar məhsul idxal edib, əvəzində 41,1 mln dollar dəyərində məhsul ixrac edib. İrandan məhsulların idxalına qadağa yerli bazarda həmin məhsullara təlabatı artırdığı üçün qiymətlər qalxacaq. İranda baş verən böhran Türkiyədə lirənin dəyər itirməsinə səbəb olur, bu durumda Azərbaycan vətəndaşları Türkiyəyə ticarət üçün səfər edə bilərlər, bu isə ölkədən valyuta çıxışına səbəb ola bilər. Nəqliyyat əlaqələrinin zəifləməsi, neftə olan tələbatı azaldır ki, neftin qiyməti də bu baxımdan enə bilər. Təbii ki, ölkəmiz üçün iqtisadi risklərdən əlavə, epidemiyanın Azərbaycana keçməsi təhlükəsi də var. Belə olan halda Rusiya və Gürcüstan Azərbaycanla sərhədləri bağlaya bilər. Artıq Rusiya mediasında Azərbaycan təhlükəli ölkələr kateqoriyasında göstərilir.