1. Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev 20 sentyabr 1991-ci il tarixdə geç saatlarda Bakıya gəldi. Ertəsi gün Gəncə şəhərinə gedən liderlər, burada zəruri təhlükəsizlik tədbirləri alındıqdan sonra DQMV-nin inzibati mərkəzi Xankəndinə keçdilər. Liderlərin son dayanacağı İrəvan oldu. Yeltsin və Nazarbayev bir sülh prosesini başlatmağa çalışmış və hər iki tərəflə müzakirələrdə bunun ümumi şərtlərini müəyyənləşdirdilər. Əldə edilən razılaşmaya görə, 1991-ci il sentyabrın 23-də Rusiyanın cənubundakı Jeleznovodsk şəhərində sülh danışıqları başlamışdır. 24 sentyabr 1991-ci il tarixdə Azərbaycan və Ermənistan, Yeltsin və Nazarbayevin zəmanətiylə razılaşma əldə etmişdilər. Razılaşma tərəflər arasında atəşkəsin təmin edilməsini, Ermənistanın DQMV-nin Azərbaycana aid olduğunu qəbul etməsini, bölgəyə özünü idarə etməsi üçün bir sıra imkanlar verilməsini nəzərdə tuturdu.
Danışıqların ikinci mərhələsi hər iki tərəfdən rəsmilərin iştirakı ilə Azərbaycan-Ermənistan sərhədindəki İcevan rayonundakı bir kənddə baş tutmuşdu. Görüşdən sonra açıqlanan məlumatda, “cinayət və intiqama söykənən bu prosesin dayandırılmasının zəruri olduğu” vurğulanmışdı. Lakin, bu vaxt belə silahlar susmamışdır. Azərbaycan tərəfi, atəşkəsə riayət edilmədiyini göstərmək üçün bölgəyə Rusiya və Qazaxıstandan müşahidəçilər də gətirmişdi.
20 noyabr 1991-ci il tarixdə Azərbaycan hökumətinin üzvlərini, ədliyyə və təhlükəsizlik orqanlarının rəhbərlərini, Qazaxıstan daxili işlər nazirinin müavinini, iki Rus generalı, Qazax və Rus müşahidəçiləri, jurnalistləri daşıyan vertolyot Erməni silahlı qrupları tərəfindən vuruldu. Bu terror bütün sərnişinlərin ölümü və sülh prosesinin dayanmasıyla nəticələndi.
2. 20 fevral 1992-ci il tarixdə Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsüylə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Moskvada bir araya gəlmiş və keçirdikləri görüşdən sonrakı mətbuat konfransında münaqişəyə təcili surətdə son verilməsi və yaşayış bölgələri üzərindəki mühasirənin qaldırılması mövzusunda razılaşmışlar. Bu görüşün heç olmasa münaqişəyə fasilə verilməsinin qərarlaşdırılması və sülhün müvəqqəti də olsa təmini səyi kimi müsbət xarakterə sahib olduğu qeyd olunmalıdır. Amma təəsüf ki, sonrakı proseslər bu görüşün xarakterinə uyğun olmamışdır.
24 fevral 1992-ci il tarixdə İran xarici işlər naziri Əli Əkbər Vilayəti, tərəflər arasında vasitəçilik etmək məqsədiylə bölgəyə səfər etmişdir. Tərəflər arasında atəşkəs üçün əsas mövzularda razılaşma səyləri davam edərkən Xocalı Soyqırımı baş vermişdir.
3. 24 mart 1992-ci il tarixdə Helsinkidə keçrilən ATƏM Xarici İşlər Nazirləri Şurasında Qarabağdakı vəziyyət müzakirə edilmiş və qəbul edilən yekun bəyannamənin 3-cü və 11-ci maddələrində problemin həlli üçün Belorusiyanın Minsk şəhərində konfrans çağırılmasının qərarlaşdırıldığı qeyd edilmişdir.
1992-ci il aprelin sonunda İranın vasitəçilik cəhdləri də artmış və 7 may 1992-ci il tarixdə, Tehranda Azərbaycan prezidentinin səlahiyyətlərini yerinə yetirən parlament sədri Yaqub Məmmədov, Ermənistan prezidenti Levon Ter-Petrosyan və İran İslam Respublikasının prezidenti Haşimi Rəfsəncani arasında problemin həllinə dair görüş keçirilmişdir. Görüş nəticəsində Azərbaycan ilə Ermənistan arasında səkkiz maddədən ibarət müqavilə imzalanmışdır. Amma razılaşma imzalandıqdan yalnız bir gün sonra 8-9 may 1992-ci il tarixlərdə Ermənistan ordusu “bölgənin açarı” sayılan Şuşanı, 17 may 1992-ci il tarixdə isə bölgəni Ermənistana bağlayan Laçını işğal etmişdir.
4. 26 avqust 1992-ci il tarixdə Qazaxıstan prezidenti Nazarbayev atəşkəs elan edilməsi üçün təşəbbüs göstərmiş, 27 avqustda isə Minsk Qrupunun rəhbəri Mario Rafaelli Azərbaycana və Ermənistana səfər edərək tərəflərə atəşkəs elan edilməsinə və Minsk konfransı üçün müzakirələrə başlanmasına dair müraciət etmişdir. İlk nəticələr Azərbaycan, Ermənistan və Qazaxıstan xarici işlər nazirləri arasında 27 avqust 1992-ci il tarixdə Alma-Ata bəyannaməsinin imzalanmasıyla əldə edilmişdir. Bu bəyannamədə nəzərdə tutulduğu üzrə, 1 sentyabr 1992-ci il tarixdən etibarən atəşkəs təmin edilmişdir. 3 sentyabr 1992-ci il tarixdə tərəflər Minsk qrupunun da çağırışına əməl edərək bu sənədi həyata keçirmək üçün Ermənistanın sərhəddəki İcevan rayonunda protokol imzalamışdır. 14-15 sentyabr 1992-ci il tarixlərində üç tərəfli işçi qrupu fəaliyyətə başlamışdır. Lakin prosesin gedişində Ermənistan Alma-Ata bəyannaməsini rədd etmiş və Qazaxıstanın onu razı salmaq üçün etdiyi səylər də nəticəsiz qalmışdır.
5. Bir sonrakı təşəbbüs Rusiyadan gəlmişdir. 19 sentyabr 1992-ci il tarixdə Rusiyanın vasitəçiliyi ilə Soçi şəhərində Azərbaycan, Ermənistan, Rusiya və Gürcüstan müdafiə nazirləri 25 sentyabr 1992-ci il tarixdən etibarən atəşkəsin təmin edilməsi və bir sıra başqa məqamları nəzərdə tutan müqavilə imzalamışdır. Ancaq, bir yandan iki tərəfin durmadan bir-birlərini atəşkəsi pozmaqda günahlandırması, digər yandan isə Ermənistanın Azərbaycan içərisindəki keçmiş DQMV Ermənilərinin danışıqlarda rəsmi statusla iştirak etməsinə dair təkidləri səbəbiylə bu müqaviləyə əməl edilməmişdir.
6. 1992-ci ilin oktyabr ayının ortalarından etibarən vasitəçilik fəaliyyətlərini sıxlaşdıran BMT baş katibinin xüsusi nümayəndəsi Cek Mareskanın səyləri də eyni səbəblərə görə nəticəsiz qalmışdır. İyunun 12-dən Azərbaycanda olan üstünlük 1992-ci ilin dekabrında Ermənilərin yenidən hücum edərək 13 kəndi işğal etməsiylə Ermənistana keçməyə başlamışdır.
7. 20 fevral 1993-cü il tarixdə Azərbaycan, ABŞ, Rusiya, Ermənistan nümayəndələri və Minsk konfransının sədri Rafaellinin iştirakı ilə Roma müzakirələri başlamışdır. Müzakirələr nəticəsində tərəflər atəşkəsin tam olaraq təmin edilməsi və Minsk konfransının rəsmi olaraq açılması üçün razılaşma əldə edə bilməsələr də, atəşkəsin təmin edilməsi üçün bölgəyə müşahidəçilərin gəlməsi mövzusunda razılaşmışdılar.
Ancaq, 27 mart 1993-ci il tarixdə Ermənistan, onu Azərbaycanın içərisindəki keçmiş DQMV inzibati sərhədlərinə bağlayan koridorlardan biri olan Kəlbəcər rayonu istiqamətində hücuma keçmişdir. Bu hücum 27 mart-3 aprel 1993-ci il tarixləri arasında davam etmiş və Kəlbəcərin işğalı ilə nəticələnmişdir.
8. 3-4 iyun 1993-cü il tarixlərdə ATƏM-ə üzv olan 9 ölkə (ABŞ, Rusiya, Fransa, Türkiyə, İtaliya, Almaniya, Çexiya, İsveç və Belorusya) nümayəndələrinin Romada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yeni bir sənəd hazırlanmışdır. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icra olunması və ATƏM çərçivəsində müzakirələrə davam edilməsi üçün “Təcili Fəaliyyət Planı” qəbul edilərək tərəflərə təqdim olunmuşdur. “Təcili Fəaliyyət Planı”na görə 15 iyun 1993-cü il tarixdən etibarən Erməni tərəfi Kəlbəcəri tamamilə tərk etməyə başlamalı, 20 iyunda bu proses tamamlanmalı və 1 iyuldan etibarən ATƏM-in 50 müşahidəçisi bölgəyə yerləşdirilməli idi. Sonra da 7 avqust 1993-cü il tarixdən gec olmayaraq Minsk konfransında müzakirələr yenidən başlamalı idi. Azərbaycan “doqquzlar”ın bu sülh planını dərhal qəbul etmiş və imzalamışdır. Ermənistan da bu planı qəbul etmiş, ancaq işğal altındakı bölgədəki bəzi qüvvələrin Ermənistan rəhbərliyinin nəzarəti altında olmadığını irəli sürərək Kəlbəcərin azad edilməsi üçün bir ay əlavə vaxt istəmişdir.
9. 1993-cü ilin iyun-iyul aylarındakı atəşkəslə bağlı danışıqlar prosesi Ağdamın işğalı ilə nəticələnmişdir.
10. 9 avqust 1993-cü il tarixdə Romada ATƏM-in Minsk qrupunun Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşü yenidən başlamışdır. Görüşdə Erməni silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasını nəzərdə tutan “Təcili Fəaliyyət Planı” müzakirə edilmişdir. Öz növbəsində Ermənistan hərbi birləşmələri hücumlarını artırmış, Fizuli, Cəbrayıl, Qubadlını işğal etmişdir. 21-28 sentyabr 1993-cü il tarixdə Parisdə ATƏM-in Minsk qrupu son hadisələri müzakirə etmək üçün görüş keçirmişdir. 28 sentyabr 1993-cü il tarixli iclasında yenidən hazırlanmış “Təcili Fəaliyyət Planı” tərəflərə təqdim edilmişdir. Ermənistan işğallarına, BMT TŞ isə qətnamə qəbul etməyə davam etmişdir. Qətnamələrdə “işğal edilən torpaqların dərhal və şərtsiz olaraq tərk edilməsi mövzusunda” ATƏM-in planının yerinə yetirilməsi üçün zəruri addımların atılması vurğulanırdı.
11. 1994-cü ilin mayına qədər vasitəçilərin atəşkəs təşəbbüsləri, BMT TŞ-nin qətnamələri, ATƏM-in “təcili və təxirəsalınmaz fəaliyyət planları” və Ermənistanın işğalları bir-birini izləmişdir.
12. 1994-cü ilin mayına qədər atəşkəs təşəbbüsləri və razılaşmaları Ermənistana işğal əməliyyatlarını davam etdirməyə, sonrakı mərhələdə isə işğal etdiyi Azərbaycan ərazilərində mövqelərini qorumağa və gücləndirməyə xidmət etmişdir.
13. 2008-ci ilin avqust müharibəsindən, 2016-cı ilin aprel, 2020-ci ilin iyul döyüşlərindən sonra və digər bəzi məqamlarda atəşkəsin davam etməsinin riskli olduğu, sülhə mümkün qədər tez nail olmağın vacibliyi qeyd edilsə də real addımlar atılmayıb. Atəşkəs deyəndə ağla ya Ermənistanın işğalı gəlir ya da mövqeyini qorumağa çalışması. 2020-ci ilin oktyabrındakı atəşkəsi Azərbaycan cəmiyyətinin qəbul etməməsi bu mənada çox əsaslıdır.