Hərbi-təhükəsizlik

Çin Xalq Respublikası və Qarabağ münaqişəsi

Pinterest LinkedIn Tumblr

Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan Respublikası arasında münasibətlər Sovet İttifaqının süqut etməsi və Azərbaycanın müstəqilliyinin yenidən qazanması ilə 1991-ci ildən başlamışdır. İki dövlət arasında münasibətlər xüsusən Azərbaycan Respublikası Prezidenti Həydər Əliyevin hakimiyyəti dövründə inkişaf etməyə başlamışdır. Xüsusən 1994-cü ildə Prezident Heydər Əliyevin Çinə səfər etməsi münasibətlərin inkişafına təkan vermişdir.

1949-cu ildə Tayvan problemi ilə üzləşən Çinlə, Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycanın problemlərinin mahiyyətcə oxşar olması iki dövlətin münasibətlərinin inkişaf etməsinə töhfə verən amillərdən biri olmuşdur. Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə qarşılıq olaraq, 1990-ci illərdən bəri Azərbaycan “Vahid Çin” prinsipini qəbul edir. Çin höküməti Sintszyan Uyğur, Tibet muxtar bölgələri və Tayvan məsələlərinə həssas yanaşır. Buna görə də Azərbaycan vahid Çin prinsipini qəbul edərək Tayvanı Çinin tərkib hissəsi olaraq qəbul edir və Tayvanın müxtəlif təşkilatlarda üzvlüklə bağlı qaldırdığı məsələlərdə, Azərbaycan “Vahid Çin” prinsipindən çıxış edir. [1] 

Prezident Heydər Əliyevin 1994-cü ilin 7-10 mart tarixlərində Çinə səfərə zamanı Ermənistanın işğalçı siyasəti və bu siyasətinin nəticələri haqqında danışmışdır. Bu səfər zamanı Çin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin sülh yolu ilə tezliklə həllinə tərəfdar olduğunu bəyan etmişdir. Bundan əlavə olaraq, 2000-ci il iyunun 23-də Ümumçin Xalq Nümuyandələri Məclisi Daimi Komitəsinin Sədri Li Penin Prezident Heydər Əliyevlə görüşü zamanı Çinin Azərbaycan ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin dəyişdirilməsinə qarşı olduğunu bildirmişdir.[2]

 Prezident Heydər Əliyev dövründə başlayan balanslı və çox-vektorlu Azərbyacan xarici siyasətində Çinin bu önemi Prezident İlham Əliyev dövründə də davam etdirilmişdir.  Prezident İlham Əliyəv dövründə də Çinlə münasibətlərdə Dağlıq Qarabağ problemi əsas prioritet olaraq qalmışdır. Bu dövrdə 2014-cü il mayın 19-da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Şanxayda keçirilmiş IV Zirvəsi əhəmiyyəti xüsusi qeyd olunmaladır. Bu zirvə zamanı Prezident İlham Əliyev ÇXR sədri Si Tsinpin ilə görüşmüşdür. Sədirliyin Çinə keçdiyi bu müşavirənin yekun bəyannaməsində Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normlarına uyğun nizamlanması ilə bağlı Azərbaycan haqlı mövqeyini nəzərə alan bəndlər yer almışdır. Xüsusilə bəyannamənin 3.5-ci bəndinin Ermənistan-Azərbaycan arasındakı münaqişənin beynəlxalq hüququn prinsip və normları əsasında sülh yolu ilə həllinə dəstək verilməsinə dair məsələləri əhatə etməsi Azərbaycan tərəfi üçün əhəmiyyətli olmuşdur. Prezident İlham Əliyevin 2015-ci il dekabrın 8-dən 11-dək olan Çinə səfəri və bu səfər zamanı imzalanan birgə bəyannamədə Dağlıq Qarabağ probleminə xüsusi yer ayrılmışdır. Çin rəhbərliyi münaqişənin beynəlxalq hüququn norm və prinsipləri əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməsini qətiyyətli şəkildə dəstəklədiyini göstərmişdir.[3]

BMT-də Dağlıq Qarabağ münaqişəsi və Çin

Ərazi bütövlüyü və separatçılıq problemləri barəsində Azərbaycan ilə eyni həssaslığı paylaşan Çin, Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərdə ya bitərəf qalmış, ya da qərarların lehinə səs vermişdir.

BMT və ATƏT arasında əməkdaşlığa dair qətnaməyə Azərbaycan tərəfindən irəli sürülmüş düzəliş üzrə BMT Baş Assambleyasında keçirilmiş səsvermələrdə ÇXR-in tutduğu mövqe: 1996-cı ildə lehinə; 1997-ci ildə lehinə; 1998-ci ildə iştirak etməmək; 1999-cu ildə iştirak etməmiş; 2000-ci ildə lehinə; 2001-ci ildə lehinə; 2002-ci ildə lehinə şəklində olmuşdur.[4]

Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə dair vacib addımlarından biri 2002-ci il 2 Dekabr tarixində olmuşdur. “BMT və ATET arasında əməkdaşlıq haqqında qətnamə yə Azərbaycan tərəfindən hər il irəli sürülən düzəliş üzrə BMT Baş Məclisində keçirilmiş səsvermədə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Çin ölkəmizin ərazi bütövlüyünə dair düzəlişin lehinə səs verən yeganə dövlət olmuşdur.

2004-cu il 29 oktyabr tarixində BMT Baş Assambleyasının Plenar İclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Assambleyanın gündəliyinə salınmasına dair qərarla bağlı keçirilən səsvermədə isə Çin bitərəf mövqe tutmuşdur.[5]

2006-cı ilin sentyabr ayında BMT Baş Assambleyanın 61-cı sessiyasının gündəliyinə “GUAM ərazisində uzanan munaqişələr və onların beynəlxalq sulh, təhlükəsizlik və inkişafa təsiri” bəndinin salınması ilə bağlı Çin tərəfi ilə muvafiq danışıqlar aparılsa da, Çin qeyd olunan məsələdə bitərəf mövqe nümayiş etdirmişdir.[6]

2008-ci il 14 Martda Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətinə dair BMT Baş Məclis tərəfindən qəbul olunan qətnamədə Çin Azərbaycan lehinə səs vermiş, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş və münaqişənin sülh içində həll olunmasına tərəfdar olduğunu bildirmişdir.[7]

 2-ci Qarabağ müharibəsi və Çinin reaksiyası

27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun komandanlığı Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını alınması üçün əks-hücum əməliyyatına başlamışdır. Əks hücum əməliyyatının başlamasından sonra 28 sentyabrda Çin hökuməti Azərbaycan və Ermənistanı Dağlıq Qarabağda gərginliyi tezliklə azaltmağa və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırmışdır. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinq zamanı “müvafiq tərəflərin təmkinli davranacağına və gərginliyin daha da artmasından qaçmağa çalışacaqlarına və həmçinin tərəflərin fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklərini ümid etdiklərini” bildirmişdir.[8]

Çinin münaqişə ilə bağlı keçmiş dövrlərə nisbətən daha tərəfsiz və balanslı bu tutumunun iki səbəbi ola bilər:

  1. Bunlardan birincisi Çinin münaqişəni Avrasya və hətta qlobal konteksdə görməsidir Belə ki, son illərdə Çinin Rusiya, İran və Türkiyə ilə münasibətlərinin dərinləşməktədir. Bu duruma bağlı olaraq Çin münaqişədə əks tərəflərdə yerləşən bu regional güclərin və onların dəstəklədiyi dövlətlərdən hər hansı birinin tərəfini tutmaqdan qaçınanaraq, Mərkəzi Asiyada olduğu kimi sadəcə iqtisadi çıxarlarını qorumağa və gücləndirməyə çalışmaqdadır. Beləcə, regional konfliktlərə qarışmadan və regional güclərlə münasibətlərini pozmadan aşağı profilli bir xarici siyasət izləyərək maraqlarının təmin etməyə çalışmaqda olduğunu demək mümkündür.
  2. İkinci səbəb isə Çinin son illərdə Qafqaz bölgəsində həm Azərbaycan, həm də Ermənistanla iqtisadi münasibətlərinin inkişaf etdirməsi və hər iki ölkə ilə müxtəlif layihələr üzrə əməkdaşlıq etməsi ola bilər. Bununla Çin özünün Yaxın Şərq siyasətinə bənzər olaraq rəqib vəya düşmən tərəflər (İran, İsrail və Səudiyyə Ərəbistan) ilə münasibətlərinin pozulmaması və iqtisadi çıxarlarına zərər gəlməməsi üçün daha balanslı və tərəfsiz şəkildə çıxış edərək praqmatik bir siyasət izləməyə çalışması və regionda diplomatik manevr qabilliyyətini qorumağa çalışması mümkündür.

Mənbələr:

Kərimov, Rəşad (2016), Azərbaycan-Çin münasibətləri, (Məmmədov, Fərhad, Vəliyev, Cavid, Məmmədov, Aqşin), Azərbaycan Respublikasının Xarici Siyasətinin Əsas İstiqamətləri 1991-2016, Baku, s. 423-451.

Trend News Agency, “Çin hökuməti tərəfləri Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırır” 28 Sentyabr 2020, https://az.trend.az/azerbaijan/karabakh/3306698.html

Cəfərli, Şahin (2020), “Azərbaycan-Çin əlaqələri”, Baku Research Institute, 22 Sentyabr 2020, https://bakuresearchinstitute.org/az/azerbaijan-china-relations/

Aslanlı, Araz(2013), “Qlobal Siyasətdə Qafqaz: 22 İl Əvvəl və İndi”, Qafsam, 20 May 2013, https://www.qafsam.org/page/469/az

United Nations (2008), The situation in the occupied territories of Azerbaijan: resolution / adopted by the General Assembly, 14 Mart 2008, https://digitallibrary.un.org/record/632041?ln=en


[1]Cəfərli, Şahin (2020), “Azərbaycan-Çin əlaqələri”, Baku Research Institute, 22 Sentyabr 2020,https://bakuresearchinstitute.org/az/azerbaijan-china-relations/

[2]Kərimov, Rəşad (2016), Azərbaycan-Çin münasibətləri, (Məmmədov, Fərhad, Vəliyev, Cavid, Məmmədov, Aqşin), Azərbaycan Respublikasının Xarici Siyasətinin Əsas İstiqamətləri 1991-2016, Baku, s. 423-451.

[3]Kərimov, Rəşad (2016), Azərbaycan-Çin münasibətləri, (Məmmədov, Fərhad, Vəliyev, Cavid, Məmmədov, Aqşin), Azərbaycan Respublikasının Xarici Siyasətinin Əsas İstiqamətləri 1991-2016, Baku, s. 423-451.

 [4]Aslanlı, Araz (2013), “Qlobal Siyasətdə Qafqaz: 22 İl Əvvəl və İndi”, Qafsam, 20 May 2013, https://www.qafsam.org/page/469/az

[5]Kərimov, Rəşad (2016), Azərbaycan-Çin münasibətləri, (Məmmədov, Fərhad, Vəliyev, Cavid, Məmmədov, Aqşin), Azərbaycan Respublikasının Xarici Siyasətinin Əsas İstiqamətləri 1991-2016, Baku, s. 423-451.

[6]Aslanlı, Araz (2013), “Qlobal Siyasətdə Qafqaz: 22 İl Əvvəl və İndi”, Qafsam, 20 May 2013, https://www.qafsam.org/page/469/az

[7]United Nations (2008), The situation in the occupied territories of Azerbaijan: resolution / adopted by the General Assembly, 14 Mart 2008, https://digitallibrary.un.org/record/632041?ln=en

[8]Trend News Agency, “Çin hökuməti tərəfləri Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırır” 28 Sentyabr 2020, https://az.trend.az/azerbaijan/karabakh/3306698.html

Yunis Şərifli