Amerika

Böyük şahmat taxtasında Cənubi Qafqaz və geosiyasi həmlələr

Pinterest LinkedIn Tumblr

ABŞ-ın məşhur strateqlərindən Zbiqnev Bjezinskinin 1997-ci ildə ortaya atdığı “Böyük Şahmat Taxtası” nəzəriyyəsi beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutan  və sözün həqiqi mənasında dünya dövlətlərinin yerini müəyyənləşdirən geosiyasi bir nəzəriyyədir. Adından da göründüyü kimi, bu nəzəriyyədə dünya şahmat taxtasına bənzədilir. Z.Bjezinski öz nəzəriyyəsinə əsasən, mövcud şərtlərdə dünyanın geosiyasi xəritəsində kilid önəm daşıyan geostrateji aktorları və mehvərləri sadalamışdır (bu barədə ətraflı bax: 4). Biz də “Böyük Şahmat Taxtası” nəzəriyyəsini əsas tutaraq, Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsindəki yerini və geosiyasi həmlələri təhlil etməyə çalışacağıq.

Məlum olduğu kimi, Cənubi Qafqaz öz geosiyasi və geostrateji əhəmiyyətinə görə olduqca önəmli bir coğrafiyada yerləşir. Yaxın Şərq, Avropa və Asiya arasında yerləşən, tarix boyu geosiyasi maraqların toqquşduğu arena olan Cənubi Qafqazı öz coğrafi əhəmiyyətinə və enerji mənbəyinə görə “Avrasiyanın dayaq nöqtəsi” kimi xarakterizə etmək mümkündür. Əsrlər boyu imperialist güclər bu bölgəyə sahib olmağı hədəfləmiş və öz nüfuz dairələrini digər ərazilərə yaymaq üçün məhz Cənubi Qafqazdan baza kimi yararlanmaq istəmişlər. Qeyd etmək lazımdır ki, tarixən hər bir böyük güc öz imperialist siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir. Hal-hazırda dünyada baş verən hadisələrdə, böyük güclərin geosiyasi maraqlarında da bu amilləri müşahidə etmək mümkündür. Günümüzdə böyük güclərin geosiyasi maraqlarının rallaşdırılmasında Əl-Qaidə, İşid, Əl-Nüsra, Boko Haram və s. kimi terrorist təşkilatların oynadığı rolu XIX əsrin sonu – XX əsrin əvvəllərində Armenakan, Hnçaq, Daşnaksütyun kimi erməni terror təşkilatları oynayırdılar. Metodlar eynidir, sadəcə olaraq günümüzdə rollar dəyişib. Bu mənada tarixin müəyyən mərhələlərində Cənubi Qafqazda geosiyasi maraqların həyata keçirilməsində başlıca rol oynayan vasitələrdən biri məhz “erməni kartı”olmuşdur. XX əsrin əvvəllərində böyük güclər tərəfindən türk dünyasının bağrına sancılan bir xəncər olaraq təşəkkül edən Ermənistan günümüzdə də öz missiyasını layiqincə yerinə yetirməkdə, Cənubi Qafqazda sabitliyi pozmaqda və regional təhlükəsizliyi təhdid etməkdədir.

Məlum olduğu kimi, müharibə ədalətin pozulduğu anda baş verir. Ədaləti tənzimləyən sistem beynəlxalq hüquqdur. Böyük dövlətlərin isə ədaləti yox, geosiyasi maraqları var. Bu, həmişə belə olub, bundan sonra da olacaq. Cənubi Qafqaz regionunda təhlükəsizliyi təhdid edən və sabitliyi pozan dövlət Ermənistan, ədaləti bərpa etmək istəyən, öz haqq işi uğrunda mübarizə aparan tərəf isə Azərbaycandır. Lakin bu məsələdə geosiyasi maraqlarını həmişə əsas tutan böyük güclər isə ənənəvi siyasətlərinə uyğun olaraq ədalət mövqeyindən yox, ikili standartlar mövqeyindən çıxış edirlər. Əlbəttə, bunun müəyyən səbəbləri vardır. Dünyanın geosiyasi reallığını əsas tutaraq, bu kimi məsələlərə qısa da olsa şərh verməyi məqsədəuyğun hesab edirik.

Siyasi tarixdə “güclü dövlət” və onun təmsil etdiyi “böyük siyasət” reallığı vardır.Məhz bu amili əsas götürərək qeyd etmək olar ki, tarixən dövlətlər arasında sülhü qorumağı rəhbər tutan nizam və prinsiplər geosiyasət qarşısında həmişə məğlubiyyətə düçar olublar. Tarixin müəyyən dövrlərində güclü dövlətlərin müəyyənləşdirdiyi böyük siyasətlərlə geosiyasi maraqlar hər dəfə ön planda tutulmuş, dünya güc mərkəzləri arasında bölüşdürülməyə çalışılmış, yeni sərhədlər cızılmışdır. Beynəlxalq münasibətləri tənzimləyən sistem olmadığına görə, maraqlar yenidən toqquşmuş, hər bir dövlət öz üstünlüyünü nümayiş etdirməyə çalışmışdır. Günümüzdə də vəziyyət əvvəlkindən heç də fərqli deyil, əksinə, daha şiddətli və daha təhlükəlidir.

Günümüzdə beynəlxalq münasibətlər tarixində ilk dəfə bütün dünya xalqlarının bərabərliyi, dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi, münaqişəli məsələlərin dinc yolla həll edilməsi və s. prinsiplərə əsaslanaraq yaradılan bir qurum kimi BMT fəaliyyət göstərsə də, Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərin özləri belə dünyanın istənilən ölkəsinə bu təşkilatın icazəsi olmadan belə istədiyi miqdarda hərbi qüvvə göndərə və orada müharibə çıxarmaq iqtidarında olduğunu nümayiş etdirə bilirlər.Əlbəttə ki, böyük güclərin bu istiqamətdə atdıqları addımlar liberal dəyərlərə uyğun olmayıb, əksinə, ölkələrin daxili işlərinə qarışılıb, insan haqları və dövlətlərin ərazi bütövlüyü kobud surətdə pozulub. Dünyanın bir çox ölkəsində ajitasiyaların, oyunların, iğtişaşların və müharibələrin sonu görünmür. Eyni vəziyyəti Cənubi Qafqazda da müşahidə etmək mümkündür. Heç təsadüfi deyildir ki, Gürcüstanın ərazi bütövlüyü pozulmuş, Ermənistan ilə Azərbaycan arasında problemlər yaşanmışdır. Son vaxtlara qədər Ermənistan kimi bir dövlət bilavasitə özünü liberal və demokratik adlandıran böyük dövlətlərin aktiv dəstəyi və iştirakı ilə özündən qat-qat güclü olan Azərbaycan torpaqlarının 20%-ni işğal etmişdi. Bu işğalda Rusiyanın böyük rol oynadığı hər kəs tərəfindən bilinməkdədir. Bununla yanaşı, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün pozulmasında da Rusiyanın geosiyasi maraqları xüsusilə qeyd olunmalıdır.

Ümumiyyətlə, dünya siyasətindəki real vəziyyəti təhlil edərkən belə bir məqam ortaya çıxır: hansısa davranış supergüclərin xeyrinə və ya zərərinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir və həmin güclər özlərinə sərf edən müvafiq addımı atırlar. Yəni böyük güclər özlərini “istisna faktor” kimi görürlər.Təbii ki, belə yanaşma davam etdikcə, beynəlxalq ədalət və hüqudan, dünya nizamından bəhs etmək mümkün görünmür. Məsələ burasındadır ki, reallıqda dünya nizamını beynəlxalq hüquq və institutlar deyil, əsas geosiyasi oyunçuların güc potensiallarının nisbəti müəyyənləşdirir. Geosiyasi maraqlara uyğun olaraq hazırlanan ssenarilər və ikili standartlar çərçivəsində belə bir nəticə hasil olur ki, BMT Təhlkəsizlik Şurası münaqişələrin həllindən özünü uzaqlaşdırıb. Təşkilat qəbul etdiyi qətnamələrin icra mexanizminə malik olmadığına görə, münaqişəli məsələlərdə onun aparıcı rol oynamasının da qarşısı kəsilir. Özü də bu, məhz həmin təşkilatda həlledici rol oynayan böyük dövlətlər tərəfindən edilir. Nəticədə, BMT-nin missiyasına şübhələr meydana gəlir, onun səmərəsiz təşkilat olması barədə əsaslı fikirlər yaranır. Həqiqətən də BMT TŞ-nin daimi üzvlərinin başı dünya liderliyi uğrunda amansız mübarizəyə qarışıb. Bir sıra hallarda bu rəqabət və yarış beynəlxalq hüququn bütün çərçivələrini aşaraq, əsl savaş məzmunu kəsb edir. ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin beynəlxalq hüquqa əməl etməkdə başqalarına nümunə olmaq əvəzinə, özləri onu pozurlar.

Belə çıxır ki, dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Bu vəziyyətdə başda BMT olmaqla, beynəlxalq təşkilatların fəaliyyəti və mövcudiyyəti ilə bağlı haqlı olaraq fikir formalaşır: Beynəlxalq təşkilatlar böyük güclərə öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçün lazımdır.

Ümumiyyətlə, dünyada cərəyan edən hadisələr dərindən təhlil olunarsa, proseslərin qlobal güclərin birbaşa diqqəti və nəzarəti altında gerçəkləşdiyi ortaya çıxır. Dünyanın bir çox ölkəsində baş verən ajitasiyalar, iğtişaşlar, müharibələr və böhranlarla silahlanma və silah ticarəti arasında əslində böyük mütənasibliyin olduğu görünür. Cənubi Qafqaz da daxil, dünyanın bir çox qaynar bölgələrində baş verən hadisələrdə və bəzi dövlətlərarası qarşıdurmalarda ikili standartlar siyasəti müşahidə olunur. Bunların səbəbləri müxtəlif amillərlə izah edilsə də, Böyük Güclərin maraqlarından kənarda qalmadığı, əksinə, baş verənlərin bilavasitə bu güclərin maraqlarına xidmət etdiyi qeyd olunmalıdır. Əvvəla, iqtisadi böhran və müharibələrlə silahlanma arasında dərin bir uyğunluq vardır. Dünya təcrübəsində artıq sınaqdan çıxmış silahlanma metodu işə salınıb. Sadalanan faktorların yaşandığı ölkələr silah şirkətləri üçün əsas bazarlardır. Qeyd etmək lazımdır ki, əsas silah sənayesi və ixracatçıları isə məhz Böyük Güclərdir. İşin ən maraqlı və diqqət çəkən tərəfi isə bundan ibarətdir ki, silah satıcıları beynəlxalq miqyasda “sülh” tərəfdarı kimi çıxış edirlər.

Hərbi xərclərin artması və silahlanma ehtiyacı geosiyasi ambisiyalarla və dünyada qaynar nöqtələrlə, eyni zamanda dondurulmuş münaqişələrlə şərtlənir. Yəni silahlanma tələbi rəqabət mühiti və müharibə riski ilə müəyyən olunur. Aydın məsələdir ki, qlobal miqyaslı silah ixracatçıları üçün bu riskin yüksək olması arzu ediləndir (8, s. 345).

Tarix göstərir ki, qlobal xarakterli iqtisadi böhranlar hər zaman hərbi xərclərin artmasına təkan vermişdir. Dünyanın bir çox bölgəsində baş verən hadisələrdə Böyük Güclər öz silah arsenalından kifayət qədər istifadə etmiş və etməkdədir. Bu isə silah istehsal edən şirkətlər üçün yeni sifarişlər deməkdir. Bundan başqa, rejim dəyişikliyi baş verən ölkələr də silah şirkətləri üçün əsas bazarlardır. Ölkələr arasında mövcud olan münaqişələrin dondurulmuş vəziyyətdə qalması da silah satıcıları üçün daimi bazar və gəlir mənbəyidir. Bu cür münaqişələrin uzanması əlbəttə ki, silah istehsal edən şirkətlərin maraqlarına uyğun gəlir.

Dünyanın bir çox ölkəsində olduğu kimi, Cənubi Qafqaz regionunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Gürcüstandakı münaqişələrin də həll olunmasında qlobal güclər maraqlı deyil. Silah sənayesi ilə məşğul olan şirkətlərin öz ölkələrinin xarici siyasətinə təsir etmə imkanlarını nəzərə aldıqda isə maraqlı bir mənzərə yaranır. Bu şirkətlər böyük gücləri təmsil etdiyindən onların təsir dairəsi beynəlxalq orbiti əhatə edir. Yəni bu ölkələr dünyada baş verən bütün proseslərə təsir etmək imkanlarına sahibdirlər, eyni zamanda planetdəki bütün münaqişələrdə hər hansı formada söz sahibidirlər. Belə bir vəziyyətdə bu şirkətlərin dünyanın qaynar nöqtələrində maraqları təmin olunur. Bu baxımdan Cənubi Qafqazda sabitliyin bərpa olunması və regional təhlükəsizliyin qorunması dövlətlərin maraqları ilə uzlaşmır. Ermənistan isəbu missiyanı layiqincə yerinə yetirməkdə, Cənubi Qafqazda sabitliyi pozmaqda və regional təhlükəsizliyi təhdid etməkdədir. Ermənistan kimi bir dövlətin mövcud olması əlbəttə ki, geosiyasi həmlələrin edilməsi baxımından əldə tutulan əlverişli faktordur.

Təxminən 30 ilə yaxın idi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və ya buna mane olunurdu. Tərəflər anlaşa bilmədiklərinə görə, problemin həlli ATƏT-in Minsk Qrupuna həvalə edilmiş, lakin bu qurumun cəhdləri uğursuz alınmışdır. Bu qurumun ümumi və qeyri-müəyyən bəyanatlar verməsi, bir-birinə zidd olan fikirlər səsləndirməsi, digər bir ifadəylə, məkik diplomatiyasının iflasa uğraması Azərbaycanda haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə inamsızlıq yaratdı. Çünki açıq idi ki, Minsk Qrupunun həmsədr ölkələri sırf münaqişənin gərginləşməsinin qarşısını almaq üçün regiona səfərlər ediblər. Beləliklə də onlar daha çox “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olublar. Azərbaycan ictimaiyyətində də həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq “turistik ekskursiya” kimi qiymətləndirilib. Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrubu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həl­linə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozmuşdur. Nəticədə 2-5 aprel 2016-cı il tarixində baş vermiş müharibə Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Düzdür, müəyyən səbəblərdən dövlətlərin, xüsusilə də Rusiyanın müdaxilə etməsiylə vəziyyət əvvəlki məcrasına qayıtdı. Lakin Ermənistan vəziyyətin həmişə bu cür davam edəcəyini hesablayaraq, növbəti dəfə təxribatlara əl atmaqda davam etdi. Heç təsadüfi deyildir ki, Ermənistan yenə də havadarlarından ilham alaraq 2020-ci ilin iyul ayında da növbəti təxribata əl atdı. Əlbəttə, bunun müəyyən səbəbləri var idi:

Əvvəla, Ermənistanın Tovuz istiqamətində sərhəddə təxribat törətməkdə əsas məqsədi ilk olaraq Baş nazir N.Paşinyanın təmas xəttindən diqqəti yayındırmağa çalışması olmuşdur.

İkincisi, həmin ərazilərdən Azərbaycanın beynəlxalq layihələri olan Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tiflis-Ərzurum-Qars, Bakı-Tiflis-Qars və Böyük İpək yolu keçir. Ermənistan yüksəklikləri ələ keçirib öz istəyinə nail olmaq məqsədində idi.

Üçüncüsü, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin diqqətini tamamilə fərqli istiqamətə yönəltmək istəyirdi, amma bunların heç biri alınmadı.

Bu hücumların Rusiya və Fransa tərəfindən təhrik edildiyinə dair iddialar mövcuddur (11; 13).Amma bunu da nəzərdən qaçırmaq olmaz ki, Paşinyan hökuməti mütləq şəkildə böyük dövlətlərin dəstəyini hesaba qataraq və buna inanaraq “yeni müharibə və yeni torpaqlar” şüarından yola çıxmış və belə bir hücum reallaşdırmışdır.Daim böyük dövlətlər tərəfindən dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam edir, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışır və qıcıqlandırma metodlarından istifadə edirdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” kimi özündən razı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiylə atdığı yanlış addımlar yeni müharibənin xəbərçisinə çevrildi. Halbuki Paşinyana qədərki Ermənistanın dövlət başçıları və rəsmiləri həmişə münaqişənin əsas tərəfləri kimi Azərbaycan və Dağlıq Qarabağ olaraq dünyaya çatdırmaq istəyir və müharibənin Azərbaycanla Dağlıq Qarabağ arasında olduğunu irəli sürürdülər. Onlar guya Ermənistan tərəfinin danışıqlar prosesində konstruktiv olmaq istədiklərini bildirir, hətta dünya birliyinə Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etməsini istədiklərini, heç bir ərazi iddialarının olmadığı kimi təqdim edirdilər. Lakin Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı belə demək mümkündürsə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu. Ermənistan artıq bütün dünyaya özünün necə bir dövlət olduğunu tanıtdı.

27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirilən hücum “ani müharibə”nin başlanmasının işarəsi oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanda həm rəsmi səviyyədə, həm də xalqda artan torpaqların qaytarılması arzusu da bu işarənin xəbərçisi idi. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı mühüm yerləri, tarixi torpaqları, strateji əraziləri və yüksəklikləri ələ keçirdi. Müharibədə Rusiya və Qərb dövlətlərinin, beynəlxalq təşkilatların müharibənin dayandırılması və dərhal müzakirələrə başlanmasının vacib olduğunun bildirilməsinə baxmayaraq, Türkiyə, Pakistan, Şimali Kipr, Ukrayna, İsrail və s. dövlətlər hər zaman Azərbaycanın yanında olduqlarını göstərdilər.

“Qarabağ Ermənistandır” deyən, işğal altındakı torpaqlarda məskunlaşma aparan və oraya terrorist qruplar yerləşdirən, danışıqlarda əldə olunmuş razılıqları alt-üst edən Nikol Paşinyanın məzlum vəziyyətə düşərək dünya liderlərindən imdad dilədiyini bütün dünya gördü. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan düşdüyü vəziyyət qarşısında ənənəvi psixologiyasından çıxış edərək, Azərbaycanda guya Suriyadan gətirilən muzdlu döyüşçülərin, xüsusilə cihadçı qrupların olması ilə bağlı saxta məlumatlar yaydılar. Əsas məqsəd dünyanın xristian ölkələrinin, xüsusilə də böyük güclərin diqqətini özünə çəkmək və xristian dövlətlərin Azərbaycana qarşı səlib yürüşlərinin formalaşdırmaq idi. Heç təsadüi deyildir ki, Fransa Prezidenti Emmanuel Makron “Dağlıq Qarabağda suriyalı cihadçılar məsələsi ‘oyunu dəyişdirən’ çox ciddi reallıqdır”,– deyərək, şantaj mahiyyətli bu məsələnin Avropa Şurasının müzakirəsinə çıxarılmasının vacibliyi ilə bağlı ənənəvi ermənipərəst mövqeyini ortaya qoydu (7). Halbuki hal-hazırda İraq, Suriya və Livandan PKK və digər terrorçularının Ermənistana gətirilməsi və daha sonra Ermənistan tərəfindən işğal olunmuş Qarabağdakı Azərbaycan torpaqlarına yerləşdirilməsi, eyni zamanda muzdlu döyüşçülərin bölgədəki fəaliyyəti barədə kifayət qədər məlumatlar vardır (6; 9).Ancaq Fransa və onun kimi düşünən dövlətlər və dövlət rəsmiləri nədənsə Ermənistanın özünün terrorist təşkilatlarla sıx əlaqə içərisində olduğunu görməzdən gəldilər. Bu məsələdə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransanın tərəfsiz mövqe nümayiş etdirməli olduğu xüsusilə qeyd edilməlidir.

Bundan başqa, Ermənistan Türkiyə Silahlı Qüvvələrinin də müharibədə iştirakını yalandan qabardaraq saxta xəbərləri dünyanın ayrı-ayrı ölkələrinin media resurslarında tirajladılar. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox tutarlı cavablar və arqumentlərlə həm cihadçılar məsələsi ilə bağlı, həm də Türkiyə Silahlı Qüvvələrinin müharibədə iştirakı ilə bağlı çox sayda ölkələrin dövlət telekanallarına da Ermənistan tərəfinin bütün yalanlarını ifşa etdi və bu kimi iddiaları ortaya atanları da ciddi şəkildə tənqid etdi.

Bütün bunlarla yanaşı, olduqca vacib bir məqama da diqqət çəkməyi məqsədəuyğun hesab edirik ki, bu da atəşkəslə bağlı məsələdir. 26 illik atəşkəs anlaşmasından sonra siyasi konyunkturanın yaranması ilə Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarımızda irəliləməsi və nəzarəti ələ keçirdiyi bir zamanda regionda kilid önəmə sahib olan Rusiyanın mövqeyinin necə olacağı hər kəs tərəfindən düşündürücü idi. Heç təsadüfi deyildir ki, müəyyən vaxtlarda cərəyan edən toqquşmalarda və ya qısamüddətli müharibələrdə bir tərəfin üstünlüyü Rusiyanın ümumi siyasətinin xaricinə çıxmazsa, rəsmi Moskva bu cür toqquşmaya müvəqqəti olaraq səssiz qala bilir və ya öz varlığının əhəmiyyətini hiss etdirmək istəyərsə, buna icazə verirdi (1). 2016-cı ilin aprel ayında gerçəkləşən “Dördgünlük müharibə”də də bunu göstərdi. 27 sentyabrda başlayan şiddətli müharibənin 13-cü günündə isə Rusiya təkrar müdaxilə etməyə çalışaraq, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərini Moskvaya dəvət etdi və tərəfləri atəşkəs barəsində uzlaşdırdı. Oktyabrın 10-da humanitar məqsədlərlə hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi ilə bağlı humanitar atəşkəs elan olundu (2). Cənubi Qafqazı öz “arxa baxça”sı olaraq dəyərləndirən Rusiya baxımından atəşkəsin təmin edilməsi olduqca vacib idi. Öz nüfuzunu ortaya qoyması və müharibədə kilid önəmə sahib olduğunu bir daha dünyaya göstərməsi lazım gəlirdi. Lakin atəşkəsin müvəqqəti xarakter daşıdığı onsuz da bəlli idi. Toplantının ardından 24 saat (və ya daha az) belə keçmədən Gəncə, Mingəçevir, Bərdə, Goranboy, Tərtər və s. şəhər, rayon və kəndlərə Ermənistan ərazisindən raketlər atıldı. Xüsusilə mülki əhalinin hədəf alındığı, çox sayda insanın öldüyü və yaralandığı ikinci böyük şəhər olan Gəncənin vurulması həm erməni terrorunun yeni bir təzahürü oldu, həm də Rusiyanın xarizmasını cızma məqsədli bir akt olduğunu ortaya qoydu. Bu hal Ermənistanın sivillərə terror cinayətləri törədəcək qədər zavallı bir vəziyyətə düşməsi şəklində də xarakterizə oluna bilər. Rəsmi Yerevanın yeganə ümidi rəsmi Bakının bu hücuma Ermənistan ərazisinə əks-hücumla cavab verməsilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dərhal müdaxilə etməsinə fürsət yaratmaq olsa da, əslində rəsmi Moskvanın nüfuz və xarizmasına ciddi bir zərbə oldu.

Atəşkəsi elan edən Rusiyanın xarizmasını cızan atəşkəsin pozulması məsələsi Ermənistanın amerikanpərəst mövqeyini ortaya qoydu. Heç təsadüfi deyildir ki, Rusiyanın müttəfiqi olan Ermənistan rəsmi Moskvanın rəqiblərinin dəstəklədiyi bir sima olan Qərb və Soros tərəfindən dəstəklənən Nikol Paşinyan tərəfindən idarə olunmaqdadır. Lakin Rusiyanın Qafqazdakı ən önəmli müttəfiqi olan Ermənistandan əl çəkməsi də mümkün görünmürdü. Sadəcə olaraq Paşinyanın iqtidardan uzaqlaşdırılması planlaşdırılırdı. Azərbaycan da 1990-cı illərdəki vəziyyətdə deyil, olduqca güclü bir orduya və silahlara sahibdir. Eyni zamanda Qarabağ müharibəsi Xarici İşlər nazirləri çərçivəsində həll oluna biləcək bir problem olmayıb, daha geniş mahiyyətli bir məsələdir. Zatən Azərbaycan Ermənistanın atəşkəsi pozacağını hesab edərək masaya əyləşdi. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də ifadəsi ilə desək, Azərbaycan tərəfindən Ermənistana verilən şans idi. Lakin buna baxmayaraq, Ermənistan atəşkəsi pozaraq sivillərə hücum etdi və danışıqlar yolu ilə işğal etdiyi torpaqları geri qaytarmayacağını göstərmiş oldu. ATƏT-in Minsk Qrupunun müdaxilə etməsi, xüsusilə də Fransanın vasitəçiliyi ilə tərəflər arasında 18 oktyabrda bir daha müvəqqəti atəşkəs elan edildi, lakin üstündən 2 dəqiqə belə keçmədən Ermənistan ordusu tərəfindən pozuldu (3). Gərginliyin artmasından sonra bu dəfə ABŞ-ın dövlət katibi Mayk Pompeo da hər iki ölkənin Xarici İşlər nazirlərini öz ölkəsinə dəvət etdi və 23 oktyabrda nazirlərlə ayrı-ayrılıqda görüş keçirdi (12). Əlbəttə ki, ABŞ-ın da məsələyə müdaxilə edəcəyi əslində gözlənilən bir vəziyyət idi. Lakin bu görüşmədən sonra 26 oktyabrda üçüncü dəfə atəşkəsin elan edilməsindən sonra üstündən 5 dəqiqə keçmədən Ermənistan tərəfindən bir daha pozuldu (5). Döyüş meydanında Azərbaycan Ordusu qarşısında müqavimət göstərə bilməyən Ermənistan yenə də mülki əhalini hədəf seçdi. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” tipli yaylım atəşli reaktiv sistemləri ilə raket zərbələri nəticəsində 21 nəfər həlak oldu, 70-dən çox mülki vətəndaş ağır yaralandı. Atəşkəsi dəfələrlə pozmasına baxmayaraq, ballistik raketlərlə sivillərə hücum edən, aralarında uşaqların da olduğu çox sayda insanları qətlə yetirən Ermənistanın törətdiyi cinayətlər ATƏT-in Minsk Qrupunun həmsədrləri, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qınanmadı. Lakin Azərbaycan öz qətiyyətini və gücünü ər meydanında göstərərək, torpaqlarını işğaldan qurtarmağa davam etdi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra – noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tamamilə tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Ermənistanın kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Ermənistan 2020-ci ilin noyabr ayından dekabrın 1-nə qədər mərhələli şəkildə Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağı barədə öhdəlik götürdü. Bəyanatda Rusiya silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilməsi nəzərdə tutulurdu. Anlaşmadan sonra Rusiya silahlı qüvvələri sülhməramlı statusda Qarabağa yerləşdirildi. Bununla birlikdə, ən mühüm amillərdən biri isə budur ki, proses çərçivəsində Naxçıvan da blokadadan azad olur və Ermənistan ərazisində dəhliz yaradılır. 9-cu maddəyə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir (10). Əlbəttə ki, hadisələrin bundan sonra necə inkişaf edəcəyini “zaman” özü göstərəcək.

“Böyük Şahmat Taxtası” nəzəriyyəsini əsas tutaraq, belə bir qənaətə gəlmək mümkündür ki, hansısa davranış və ya hərəkət böyük dövlətlərin xeyrinə və ya zərərinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir və həmin güclər özlərinə sərf edən müvafiq addımı atırlar. Cənubi Qafqazdakı problemlərə, xüsusilə Qarabağ məsələsinə də eyni kontekstdə yanaşmaq lazım gəlir. Açıq şəkildə geosiyasi həmlələr edildi, nəticədə bu şahmat taxtasında qaliblər, məğlublar və növbəti həmlələrə qarşı strategiya müəyyənləşdirəcək olan dövlətlər ortaya çıxdı. Birmənalı şəkildə bütün dünya Ermənistanı bu oyunda məğlub dövlət olaraq tanıdı. Ancaq bir məsələni də xüsusilə qeyd etmək lazım gəlir ki, Rusiyanın qərbyönümlü siyasət yeridən Paşinyanı qəbul etməməsi son dərəcə normal hesab edilə bilər. Lakin Rusiya Qafqaz siyasətini hökumətlərə görə deyil, öz geostrateji maraqlarına görə müəyyənləşdirir. Azərbaycan isə bu məsələdə əlindən gələn bütün təsir imkanlarından istifadə etdi və edəcək. Əlbəttə ki, əldə etdiyi qazanc və uğurlar da kifayət qədərdir. Bundan sonra da Azərbaycan gedişata uyğun olaraq şahmat taxtasında öz oyununu oynamalı, hər həmləyə qarşı yeni bir strategiya müəyyənləşdirməlidir. Bu bir geosiyasi reallıq və zamanın tələbidir.

 

ƏDƏBİYYAT

  1. Araz Aslanlı. Karabağ’da hiç kesilmeyen ateş ve Rusya. http://aljazeera.com.tr/gorus/karabagda-hic-kesilmeyen-ates-ve-rusya).
  2. Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər. https://report.az/dagliq-qarabag-munaqishesi/azerbaycan-ve-ermenistan-xin-bascilarinin-ucterefli-gorusu-basa-catdi/
  3. Azərbaycan və Ermənistan humanitar atəşkəs barədə razılığa gəldi. https://modern.az/az/news/260857
  4. Brzezinski Zbigniew. Büyük satranç tahtası: Amerika’nın önce-liği ve bunun jeostratejik gerekleri. İstanbul: Sabah kitapları, 1998, 192 s.
  5. Ermənistan-Azərbaycan arasında daimi atəşkəs yalnız BMT qətnamələrinin şərtləri daxilində mümkündür. https://fed.az/az/qarabag/turkiye-xin-ermenistan-azerbaycan-arasinda-daimi-ateskes-yalniz-bmt-qetnamelerinin-sertleri-daxilinde-mumkundur-91600
  6. Ermenistan PKK’lı teröristleri Azerbaycan cephe hattında kullanıyor. https://www.trthaber.com/haber/dunya/ermenistan-pkkli-teroristleri-azerbaycan-cephe-hattinda-kullaniyor-518306.html
  7. Fransa Cumhurbaşkanı Macron: cihatçılar Gaziantep üzerinden Karabağ’a gitti, elimizde kanıtlar var. https://tr.euronews.com/2020/10/01/fransa-cumhurbaskan-macron-cihatc-lar-gaziantep-uzerinden-karabag-a-gitti-elimizde-kan-tla
  8. Həbibbəyli Ə. Yeni çağırışların işığında. Bakı: Elm və təhsil, 2014, 352 s.
  9. Gazeta.ru: Зачем Ереван затеял интриги на Ближнем Востоке, начав игру «не своей лиге»? https://1news.az/news/gazeta-ru-zachem-erevan-zateyal-intrigi-na-blizhnem-vostoke-nachav-igru-ne-v-svoey-lige
  10. İlham Əliyev xalqa müraciət edib.https://president.az/articles/45924
  11. Mehmet Koçak. Ermeni saldırılarının arkasında kimler var? https:/hyetert.org/2020/07/29/ermeni-saldirilarinin-arkasinda-kimler-var/.
  12. Pompeo Azərbaycan ve Ermənistan Xarici İşlər Nazirləri ilə görüşdü. www.amerikaninsesi.org/a/pompeo-azərbaycan-və-ermənistan-xarici-işlər-nazirləri-ilə-görüşüb/5633126.html
  13. Suinbay Suyundikov. “Ermeni Saldırılarının Arka Planı ve Türk Dünyası”. https://www.21yyte.org/tr/fikir-tanki/ermeni-saldirisinin-arka-plani-ve-turk-dunyasi

Dr. Emin Arif Şıxəliyev