Giriş
Müasir Livan siyasi sistemi 1975-ci ildə son böyük dəyişikliyə uğramış, daha sonra nisbətən sabitləşmişdir. Sistemdə yeni bir dəyişikliyin növbəti vətəndaş müharibəsi ilə reallaşması ehtimalı yüksəkdir. Livanda siyasi sistem hər zaman qarışıq xarakteri ilə diqqəti cəlb edib.
Sonuncu parlament seçkilərindən sonra proporsional qaydada 128 deputatdan ibarət bir qanunverici sistem formalaşmışdır.
Livan parlamentində hazırda 128 yerdən 10-u Beyrutdakı böyük partlayış və iqtisadi böhrandan dolayı boşdur. Mövcud partiyalar arasında da heç bir partiya nə ittifaqla, nə də tək başına məclisdə çoxluğu qazana bilmir. Mövcud ittifaqlar içində toplam 44 yerə malik olan Gələcək Hərəkatı, Proqressiv Sosialist Partiyası, Livan Qüvvələri (Future Movement, Progressive Socialist Party, Lebanese Forces) və toplam 48 yerə malik olan Hizbullah, AMAL Hərəkatı, Azad Vətənpərvərlər Hərəkatı ( Hezbollah, AMAL Movement, Free Patriotic Movement) daha güclüdür.
Daxili siyasi vəziyyət
2020-ci ilin avqustunda[1], Livandakı böyük partlayışdan sonra, günahkarların təsbit edilə bilməməsi və parlamentdəki qütbləşmədən dolayı, parlament öz işini iki aydır yerinə yetirə bilmir. Bunlarla bərabər, 14 Oktyabrda Hizbullah və Amal Hərəkatı üzvləri Ədalət sarayının önündə aksiya keçirib, böyük partlayışı araşdıran hakim Tarix əl-Bitarın istefasını tələb etdikləri zaman, Livan Qüvvələri ilə silahlı qarşıdurma yaşanır[2]. Bu qarşıdurma yaxın tarixdə ilk dəfə parlament daxilindən çıxaraq, silahlı toqquşma mərhələsinə keçir. Bunlarla bərabər, növbəti parlament seçkilərinin 2022-ci ilin mayından, martına keçirilməsi kimi ciddi bir hadisə baş verdi. Hər nə qədər, Prezident Mişel Aun, Ramazan bayramı və diasporu bəhanə gətirirək erkən seçkilərə etiraz etsə də, səs çoxluğu ilə seçkilər mart ayına çəkildi[3].
Erkən seçkilərin olmasının Livan daxili və xaricində müəyyən mənfi və müsbət tərəfləri ola bilər. Müsbət tərəf kimi:
1.Ölkədə siyasi qarşıdurmanın silahlı qarşıdurmaya keçmədən zəiflədilməsi;
2.Qütbləşmənin dərinləşdiyi parlamentdə boş qalan 10 yerin təcili doldurulması və bu sayədə parlamentdə çoxluğun hər hansı bir cəbhə tərəfindən əldə edilməsi;
3.İqtisadi problemlərin həllinə yönəlmə kimi addımlar göstərilə bilər.
Mənfi tərəflər isə:
1.Diasporanın (xüsusilə erməni, yunan) seçkilərdə iştirakının zəifliyi,
2.Bütövlükdə azlıqda olan xristianların legitim strukturlarda təmsilçiliyinin getdikcə zəifləməsi (Mişel Aun),
3.Erkən parlament seçkilərinin eyni ildə gerçəkləşəcək prezident seçkilərinə spiralvarı təsiri,
4.Xarici qüvvələrin boşluqdan istifadə edib təsir imkanlarının artması kimi səbəblər ola bilər.
Xarici qüvvələr və yaranmaqda olan yeni kimlik problemi
Livanda xarici qüvvələr olaraq, Fransanın yumşaq gücü, Türkiyənin hərbi gücü, İranın ideoloji varlığı, ABŞ və Rusiyanın isə nisbətən az da olsa dini təsirləri hiss olunmaqdadır. Bütün bu siyasi qarışıqlıq baş verdiyi anda Fransa həm keçmişdən gələn ənənəvi “mandat”lığı, həm də Aİ-nin çətiri altında Livana 400 milyon dollar yardım etmişdir[4]. Bu yardımın bir təsiri iqtisadi dirçəlişdirsə, digər təsiri də erkən seçimlərdə legitim strukturlarda gücünü itirəcək xristian azlıqlar və dürzilər üzərindən Livanda güc balansının Fransanın lehinə qorunmasıdır. Bundan başqa, Türkiyə Böyük Millət Məclisi də, Türk Silahlı Qüvvələrinin Suriya, Livan və İraqda qalış müddətini daha 1 il uzadaraq[5] hər hansı bir bir qarışıqlıq zamanı, ölkədə vətəndaş müharibəsinin qarşısının alınmasına və ya ən azı status-kvonun saxlanılmasına çalışmaqdadır.
İran və ideoloji dəstəkçisi Hizbullah isə parlamentdə səs çoxluğunu qazanmağa çox yaxın olmaqla bərabər, regionda yeni bir böhranın çıxmasına da səbəb ola bilər. Belə ki, Yəməndəki Husilərlə yaxın ideoloji düşüncələr, Livanla, Səudiyyə Ərəbistanı və ardınca digər ərəb ölkələri arasında diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxardı. İranın Hizbullah üzərindən Livanı ərəb dünyasından qoparmaq cəhdləri qismən işə yarasa da, bu da özlüyündə Livan siyasi sistemi daxilində toqquşmalar riskinin artacağına işarədir.
Bu mübarizədə istər daxili, istərsə də xarici güclərin təsiri ilə qütbləşdirilən Livan daxili qüvvələri 18 müxtəlif kimlik uğrunda 100 ilə yaxın müddətdə mübarizə aparmasına baxmayaraq, artıq yeni bir kimliklə, qadınların siyasi sistemdə iştirakı ilə də üz-üzədirlər. 128 deputat içərisində zaman-zaman müxtəlif etnik və dini qrupların təmsil olunmaması kimi problem demək olar ki, aradan qalxsa da, bu dəfə parlamentdə qadın deputatın olmasına qarşı çıxılması mövcud yeni bir kimliklə mübarizənin formalaşmasının başlanğıcı ola bilər[6].
Tarixdən də bildiyimiz kimi, Livanda yeni bir kimliyin doğulması, formalaşması və sistemdə öz yerini tutması hər zaman vətəndaş müharibələrinə gətirib çıxarmışdır. Qadınların siyasi sistemdə iştirakına dair qoyulan veto, parlamentdə qadınlar olacaqsa onların hər hansı bir qrup daxilində mi, yoxsa ayrıca qadın fraksiyası kimi iştirak edəcəyi, xarici güclər tərəfindən bu yeni kimliyin necə qavranılacağı və dəstəklənəcəyi kimi müəmmalar, erkən seçimlər sonrası Livanda 1975-dən bəri oturuşan sistemin ciddi dəyişiklik mərhələsinə keçəcəyinə bir işarədir.
[1] https://www.bbc.com/news/world-middle-east-58913864
[2] https://www.reuters.com/world/middle-east/lebanese-parliament-confirms-election-date-march-27-sources-2021-10-19/
[3] gazeteduvar.com.tr/lubnanda-secimlerin-mart-2022de-yapilacak-haber-1539936
[4] https://www.trtworld.com/opinion/lebanese-parliamentary-elections-2022-hope-or-stagnation-50973
[5] https://www.trthaber.com/haber/gundem/irak-ve-suriye-tezkeresi-resmi-gazetede-621017.html
[6] https://www.aljazeera.com/news/2021/10/19/lebanon-sets-march-date-parliamentary-election