Araşdırmalar

31 oktyabr tarixli Soçi (İlham Əliyev – Vladimir Putin – Nikol Paşinyan) görüşündən gözləntilər

Pinterest LinkedIn Tumblr

QAFSAM sədri Araz Aslanlının Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin nizamlanmasına dair Soçi görüşündən gözləntilər barədə Azərbaycan dövlət televiziyasında, Əsas Məsələ verilişinin 29 oktyabr tarixli buraxılışında açıqlamaları
1. Soçi görüşü də daxil olmaqla bütün görüşlər nəticə əldə etməyə, qalıcı sülhü təmin etməyə xidmət etməlidir. Prosesləri nəzarət aldında saxlamağa, həll prosesini uzatmağa xidmət edən görüşlər və vasitəçiliklər ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ömrünü başa vurmağa məhkum olacaq. Azərbaycan bu cür görüşlərlə bağlı mövqeyini aydın ortaya qoymalıdır.
2. Ermənistanın ümumiyyətlə proseslərlə bağlı mövqeyində “ziqzaq”ların çox olması həm bu dövlətin strateji yanaşmasının qüsurlu olmasından, həm də dövlətin rəsmi mövqeyinin kənar qüvvələrin təsirinə çox açıq olmasından qaynaqlanır və bu çox risklidir.
3. Azərbaycanın mövqeyini əsasən özünün müəyyənləşdirməsi, hətta Azərbaycana ən yaxın dövlətlərin belə bu mövqeyin müəyyənləşməsi prosesinə müdaxilə etməməsi, bu mövqeyin beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanması müsbət haldır.
4. Rusiyanın son proseslərlə bağlı mövqeyi hələ də tam aydın deyil. İçində olduğu çətin beynəlxalq şərait və mövcud gedişat Rusiyanın Cənubi Qafqazdakı ənənəvi (mənfi mənada) siyasətini davam etdirmə imkanlarını məhdudlaşdırır və müsbət töhfəsi üçün zərurət yaradır. Amma hazırkı siyasəti buna uyğun gəlmir.
5. Türkiyənin proseslərlə bağlı mövqeyində həm ölkədaxili, həm də regiondaxili proseslərə çox müdaxilə etmədən regional səviyyədə beynəlxalq hüquqa uyğun sülh üzərinə qurulmuş əməkdaşlıq modeli diqqəti cəlb edir. Amma kənar güclərin bunun reallaşmasına müqaviməti işləri çətinləşdirir.
6. Azərbaycan və Türkiyə kənar diqtələrə müqavimət göstərəcək iradəyə və gücə malikdirlər. Sadəcə Ermənistanın işğalçılığının ortadan qaldırılması və revanşizmin qarşısının alınması baxımından bu iki ölkənin gücü yetərlidir. Amma Cənubi Qafqazda və bir qədər də geniş mənada bölgədə qalıcı sülhün əldə olunması sadəcə bu iki dövlətin iradəsiylə mümkün deyil. Proseslərə digər güclərin də müəyyən dərəcədə cəlb olunması (töhfə vermələri, ən azı önəmli güclərin bir qisminin mane olmaması) nəticənin əldə olunması baxımından vacibdir.

Araz Aslanlı