QAFSAM-ın sədri Araz Aslanlı Xəzər Universitetində keçirilən “Böyük Qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” adlı beynəlxalq simpoziumda iştirak edib.
Simpozium Xəzər Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilib.
Araz Aslanlı sempoziumun ilk panelində post-münaqişə dövründə Azərbaycanın xarici siyasəti mövzusunda çıxış edib. Araz Aslanlı çıxışında Azərbaycanın 1991-ci ildən sonrakı xarici siyasətinin əsasən iki mirasa əsaslandığını (daha çox Azərbaycan Xalq Cumhuriyəti dövrünün əsasları üzərində qurulduğunu, qismən də Sovet imperiyası dövründən qalan bəzi mirasların yönləndirici olduğunu, əlavə bəzi məqamların da təsirli olduğunu) qeyd etmiştir.
Araz Aslanlı bildirmişdir ki, 44 günlük müharibə və Sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində digər dövlətlər tərəfindən Azərbaycana qarşı təzyiq imkanları xeyli dərəcədə zəifləyib. Beləliklə Azərbaycanın region və qlobal müstəvidə daha güclü xarici siyasət yürütmə imkanları artıb.
Araz Aslanlı regionun gələcəyi ilə bağlı 1+1 (2-ci Dünya müharibəsindən sonrakı mərhələdə Almaniya-Fransa münasibətlərinə bənzər şəkildə Azərbaycan və Ermənistan), Azərbaycan, Ermənistan və Gürcüstan, “3+3”, 3+3+2 (Azərbaycan, Ermənistan, Gürcüstan + Türkiyə, Rusiya, İran + ABŞ, Avropa İttifaqı) formatlarında əməkdaşlığın mümkünlüyünü qeyd edib. Əlavə edib ki, bu formatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında müsbət rol oynaya bilər.
Məruzədə post-münaqişə dövründə yaranmış imkanlar və risklər təhlil edilib. Azərbaycan ilə Ermənistan arasında münaqişənin həllinin region üçün iqtisadi, siyasi, təhlükəsizlik və digər istiqamətlər üzrə ciddi əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. Digər tərəfdən Cənubi Qafqazın gələcəyinə dair fərqli gözləntiləri olan, Cənubi Qafqazda son 3 ildə gedən proseslərdən narahat olan (proseslərdən kənarda qaldığını düşünən, proseslərin nəticələrini öz əleyhlərinə hesab edən və s.), Azərbaycanın güclənməsini riskli hesab edən güclər regionda yeni gərginlik mərkəzlərinin yaradılmasında (dini, etnik, sosial, iqtisadi və s. zəmində radikalizmin artmasında), Azərbaycanın hansısa gərginliyə cəlb edilməsində, 3 region dövləti arasında yeni gərginliklərin yaranmasında maraqlı ola bilər. Bu, ciddi risk mənbəyidir.
Çıxışda Azərbaycan xarici siyasətinin gələcəyi ilə bağlı bir neçə ssenari təhlil edilib.
– Mövcud balanlaşdırılmış xarici siyasət kursunun davam etdirilməsi
– Azərbaycanın Türkiyə və ya Rusiya ya da ikisinin birlikdə liderlik edəcəyi təhlükəsizlik platformalarında iştirakı
– Azərbaycanın yeni iddialarla çıxış etməsi
Bu və digər bəzi ssenarilər təhlil edilərək vurğulanıb ki, Azərbaycanın mövcud balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməsi (balansın xarakterində, mərkəzində və s. qismən dəyişikliklər olmaqla) daha yüksək ehtimaldır.