Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Yubiley görüşündə TDT-nin üzv dövlətləri, – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın liderləri iştirak edib.
Qazaxıstan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Türk Dövlətləri Təşkilatının 10-cu yubiley sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təşkilatın fələstinli xalqa 1 milyon dollar məbləğində humanitar yardımın göstərilməsinə dair qərar qəbul etdiyini açıqlayıb.
O deyib ki, bu gün türk dövlətlərinin çağırış və təhdidlərə qarşı birləşmək, qarşılıqlı dəstək vermək və birgə təsirli tədbirlər görməsi hər zamankındən daha vacibdir. Kasım-Jomart Tokayev həmçinin bildirib ki, dünyada vəziyyət qeyri-sabit olaraq qalır.
“Beynəlxalq vəziyyət kövrək olaraq qalır. İndiki təlatümlü dövrdə türk xalqlarının birliyinin möhkəmləndirilməsi çox vacibdir, bu da ümumi təhlükəsizliyimizin etibarlı təminatı olacaq. Silah və narkotik ticarəti, terrorizm, ekstremizm və miqrasiya ilə bağlı çağırışlar artır. Bu cür təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək lazımdır”, o qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir.
“Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”, o qeyd edib.
İlahm Əliyev son illərdə Azərbaycanın apardığı döyüş əməliyyatları və lokal antiterror tədbirlərindən danışarkən deyib ki, Azərbaycan beynəlxalq tanınmış ərazisində müstəqilliyini və suverenlyini tam təmin edib.
Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandığını bildirib
“Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur”.
Prezident 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsinin nəzərdə tutulduğunu deyib.
O, Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə, Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib.
TDT-nin baş katibi Kubanıçbek Omurəliyev deyib ki, üzv ölkələr arasında ixrac-idxal əməliyyatlarının həcmi ildə 42 milyard dollara çatıb.
Onun sözlərinə görə, TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Bu ilin 11 ayı ərzində isə siyasət, ticarət, iqtisadiyyat, nəqliyyat, gömrük əməkdaşlığı, təhlükəsizlik, təhsil sahələrində keçirilən tədbirlərin sayı 110-na çatıb.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Amerikanın Səsinə bildirib ki, TDT həm bu dövlətlərin ayrı-ayrılıqda, həm də dövlətlərin əhatə etdiyi coğrafiyada regional təhlükəsizliklə bağlı töhfə verməyə qadirdir.
“Amma, hələ qlobal təhlükəsizliyə töhfə vermək imkanları məhduddur. Azərbaycanın apardığı 44 günülük müharibə, son antiterror tədbirləri, Qazaxıstanda ötən ilin əvvəlində baş verən hadisələr göstərdi ki, təşkilata üzv olan ayrı-ayrı dövlətlər öz təhlükəsizliyini təmin edəcək mərhələyə gəlib çatıblar. Hansı ki, bu imkanlar ötən əsrin 90-cı illərində və 2000-ci ilin əvvəllərində belə deyildi. İndi üzv dövlətlər ayrılıqda və ya əməkdaşlıq şəraitində, məsələn Türkiyə-Azərbaycan əməkdaşlığı buna nümunədir, təhlükəsizliyə töhfə verə bilirlər. Siyasi Avrasiya miqyasında da töhfə verə bilirlər”, o qeyd edib.
Təhlilçi hesab edir ki, TDT-nin daha qlobal mənada təhlükəsizliyə töhfə verməsi üçün təşkilata daxil olan dövlətlər öz aralarında inteqrasiyanı dərinləşdirməlidir.
“Həm də qlobal məsələlərlə bağlı təşkilat çərçivəsində iddia olmalıdır. Türk dövlətləri qlobal məsələlərlə bağlı hələ çox da iddialı deyillər. Sadəcə təşkilat üzvlərindən Türkiyə qlobal məsələlərə münasibət bildirir. Türkiyə həm də yaxın ərazilərdə və tarixi təsiri olan ərazilərdə məsələlərə diplomatik və ya hərbi şəkildə müdaxilə edir ki, hansısa məsələnin həllində müəyyənləşdirici rol oynasın. Ümumən TDT bu məsələlərdə iddialı deyil. Bu onunla bağlıdır ki, təşkilat daxilində təhlükəsizlik əməkdaşlığı bir qədər də dərinləşdirilməlidir. Düzdür müxtəlif güc nazirlikləri görüşlər keçirir. Amma, hələ çoxtərəfli əməkdaşlığın təhlükəsizlik istiqamətini əhatə edən kollektiv bir sənəd yoxdur. Düzdür mədəniyyət, siyasi, iqtisadi, maliyyə əlaqələrini (Türk fondu) olsa da təhlükəsizlik sahəsi ilə bağlı kollektiv sənəd yoxdur ki, qlobal təhlükəsizliklə bağlı fikir formalaşdırsın”, o qeyd edib.
Aslanlı İsrail-HƏMAS qarşıdurması ilə bağlı TDT-yə daxil olan dövlətlərin mövqelərindəki fərqlilikdən danışarkən deyib ki, əvvəllər Avropa İttifaqı, NATO qlobal təhlükəsizlik, xarici siyasətlə bağlı vahid münasibət formalaşdırırdısa, sonradan orada da fikir ayrılıqları yaranıb.
“Məsələn, ABŞ-ın İraqa müdaxiləsi zamanı fikir ayrıllığı yarandı. NATO baxmayaraq ki, qlobal təhlükəsizlk təşkilatıdır, Ukrayna problemi ilə bağlı müdaxilə məsələsində yanaşma birmənalı deyil. Amma, TDT-də qlobal təhlükəsizliyə hələ yanaşma belə yoxdur. Hətta belə olsaydı, ayrı-ayrı dövlətlərin Fələstin-İsrail münasibətlərinə münasibəti nisbətən yaxın olsa da, HƏMAS-İsrail qarşıdurmasına münasibətləri ciddi şəkildə fərqlidir. Ona görə də TDT-nin İsrail-HƏMAS münaqişəsinin həllində təhlükəsizlik prizmasından fəal rolunu zəif görürəm. Bununla yanaşı, TDT-yə daxil olan dövlətlər İslam Əməkdaşlıq Təşkilatı daxilində və yaxud İsraillə, məsələn Azərbaycanın timsalında yaxşı münasibətləri var. Bu platformalar vasitəsi ilə münaqişənin yavaşıdılmasında müəyyən rol oynaya bilərlər. Amma ümumən münaqişənin həllində ümumi bir təhlükəısizlik platforması kimi töhfə verməsi ehtimalı zəifdir”, təhlilçi qeyd edib.
Mənbə: Amerikanın Səsi