Araşdırmalar

İsrail-HƏMAS qarşıdurmasının 10-cu həftəsində vəziyyət

Pinterest LinkedIn Tumblr

7 oktyabr tarixində həm quru, həm dəniz, həm də havadan hücuma keçən HƏMAS, İsrail ərazisində müxtəlif istiqamətlərdə xeyli irəlilədikdən sonra tədricən İsrail Müdafiə Qüvvələri (İDF) bunun qarşısını almağa müvəffəq ola bildi. 76-cı gününü yaşadığımız bu toqquşma xələfləri kimi müəyyən qırılma nöqtələrinə sahib olmaqla bərabər, müəyyən yeniliklərlə də yadda qalmaqdadır.

Başlıca qırılma nöqtələri: 24 noyabr atəşkəsi; 8 və 13 dekabr BMT qərarları; 17 dekabr Kerem Şalom keçid məntəqəsinin yenidən açılması.

24 noyabr atəşkəsi

Münaqişə başladığı tarixdən bəri ilk atəşkəs dövrü hesab edilir. Bu atəşkəsin baş tutmasında Qətər və Misirin məcburi diplomatiya (coercive diplomoacy) səyləri öz bəhrəsini vermişdi. Bu müvəqqəti atəşkəs zamanı əsasən ikili vətəndaşlığa sahib olan İsrail vətəndaşları ilə Qəzza bölgəsində yaşayan insanlar qarşılıqlı dəyişdirilmişdi. Lakin bu müddət ərzində HƏMAS xaricində Qəzza bölgəsində mövcud olan Fələstin İslami Cihadı üzvləri İsrail tərəfindən razılaşma xaricində tutuldu. Atəşkəs dövründə bunun müvəqqəti olub, davamında İsrailin Qəzzanın cənub bölgələrinə də əməliyyat başladacağı məlum idi. Bu qırılma nöqtəsində üzərində durulacaq əsas məsələlər:

İsrail baxımından:

  1. Şimali Qəzzanın əsas strateji nöqtələrinin nəzarətə götürülməsi;
  2. Artan daxili və xarici narazılıqların dəf edilməsi;
  3. Qəzza bölgəsindən insanların cənuba doğru köçünü başlatmaq idi.

HƏMAS baxımından isə bu mərhələdə əsas hədəflər:

  1. Mümkün qədər əhalini səfərbər etmək;
  2. Dünya ictimaiətində İsrailin prestijini zədələmək;
  3. Sonrakı qırılma nöqtəsinə qədər digər İran mərkəzli proksi güclərin və ya İranın birbaşa dəstəyini almaq yaxud humanitar atəşkəs əldə etmək idi.

Geriyə doğru baxıldığı zaman birinci mərhələdə hər iki tərəf istəklərinə böyük ölçüdə çata bildi. Xüsusilə, Netanyahu iqtidarını daha 3 aylıq dövrdə qorumağı qarantiya altına aldısa, HƏMAS da İsrail-Körfəz və İsrail-Türkiyə normallaşma prosesini baltalaya bildi.

8 və 13 dekabr BMT qərarları

8 dekabra qədərki müddətdə İsrail artıq ilk hədəfinə çatmış, Cənubi Qəzza bölgəsinə hücuma başlamışdı. Bu bölgədə əsas strateji hədəf olan Xan Yunis bölgəsi bombardmana məruz qalmaqdaydı. Atəşkəs müddətinin pozulmasından təxminən 1 həftə keçməsinə rəğmən yenidən beynəlxalq ictimaiətin humanitar atəşkəs istəməsinin bir sıra səbəbləri mövcuddur. Burada səbəblərdən ən önəmlisi cənuba qaçmaq məcburiyyətində qalan yerli əhalinin Refah sərhəd qapısı bağlı olduğu üçün Misirə keçə bilməməsidir. Humanitar fəlakətin baş verməsinin önünün alınması üçün BMT TŞ təcili toplanaraq 8 dekabrda humanitar atəşkəs qərarı verməyə çalışdı. Lakin daimi üzvlərdən biri olan ABŞ-nin vetosu ilə bu qərar qəbul edilə bilmədi. Bu qərarın ABŞ tərəfindən vetoya məruz qalınacağı bəlli olsa da, ABŞ-nin Yaxın Şərqdəki prestijinin zərər görməsi baxımından xüsusən qlobal rəqibləri üçün avantaj yaratmış oldu. Lakin 13 dekabrda BMT Baş Assambleyası 153 lehinə, 10 əleyhinə və 23 neytral səslə bütün əsirlərin sərbəst buraxılması haqda təxirəsalınmaz qərar qəbul etdi. Bu qərar beynəlxalq hüquq baxımından bütün üzvlərin 2/3 səs çoxluğu ilə BMT TŞ üzvlərindən birinin vetosu ilə sistemin tıxandığı zamanlarda alternativ olaraq istifadə edilir. Qərarın məcburedici gücü olmasa da İsraildən daha çox ABŞ-nin qlobal hegemoniyasına qarşı alındığı bəllidir.

17 dekabr Kerem Şalom keçid məntəqəsinin yenidən açılması

Özəlliklə 13 dekabr qərarından sadəcə 4 gün keçməsinə baxmayaraq İsrailin Qəzza ilə sərhədi sayılan Kerem Şalomun açılması bizlərə məsələni 2 kontekstdə araşdırma fürsəti verir. Bunlardan ilki, beynəlxalq ictimaiətin 153 üzvünün kəskin şəkildə atəşkəs istəməsinə qarşı mövcud şəraitdə İsrailin diplomatik olaraq tab gətirməsinin mümkün olmamasıdır. Burada beynəlxalq birlik tərəfindən tamamilə izolyasiya edilmə qorxusu İsraili bu addımı atmağa vadar edə bilər. Digər tərəfdən isə İsrail daxili siyasətində təhlükəli vəziyyət nisbətən sovuşub. İkinci hədəf sayılan Xan Yunis cəbhəsində irəliləyiş baş verib. Mümkün ehtimallar münaqişənin yenidən yumşaq frazaya qayıdıb daha sonraya uzadılmasının Netanyahu üçün daha yaxşı ssenari olduğunu deməyə əsas verir.

Bundan sonra nə olacaq?

Hazır ki vəziyyətə baxanda İsrail istədiyi hədəflərdən ikisinə nail olub. Lakin digər ikisi hələ ki, qalır. Bu hədəflər Şimali Qəzza ardınca Cənubi Qəzzada əməliyyat keçirmək idi. Həyata keçməyən hədəflər isə HƏMAS-ın tamamilə aradan qaldırılması, bölgə əhalisinin irəlidəki zamanlarda köç etdirilməsidir. Bu hədəflərə sürətli şəkildə çatmaq hal-hazırda İsrail iqtidarı üçün də istənilən ssenari deyil. Netanyahunun rüşvət alması ilə bağlı məhkəmə prosesi HƏMAS hücumları sonrasında 3 aylıq ertələnmişdi. Burada əsas hədəf, iqtidarda mümkün qədər çox qalmaq və imunitetlərdən faydalanmaqdır. Bu səbəbdən HƏMAS anti-tezi Netanyahu tezinin varlığını legitimləşdirməkdədir. Bu baxımdan növbəti qırılma nöqtəsinin yanvar ayında yaşanacağını demək mümkündür. Bu qırılma nöqtəsi də münaqişənin şəkillənməsində dövlətdaxili rakursdan təsir edəcək.

Digər yandan, HƏMAS üçün də qarşıya qoyduğu hədəflərin bir çoxuna çatdığını desək yəqin ki, yanlış olmaz. HƏMAS üçün ən ağır imtahan digər İran dəstəkli proksilərin bu münaqişəyə qoşulmaması idi. Burada Hizbullahdan ciddi dəstək gözlənilsə də, Yəmən Ənsərullahı (Husi) Qırmızı dənizdə beynəlxalq gəmiləri qaçıraraq, ABŞ-nin qlobal dəniz hegemoniyasına meydan oxudu. Bu münaqişənin Yəmən ilə beynəlxalq koalisiya arasında yeni bir münaqişəyə çevrilməsi ehtimalı, İsrail üçün də avantaj və dezavantajlar yarada bilər. Burada, İraq müharibəsi kimi bir ssenaridə Yaxın Şərqi yenidən dizayn edən ABŞ, İsrailin də bölgədə yenidən yenilməz imicini təzələyəcəkdir. Əks təqdirdə İsrail-Fələstin problemi həllə doğru yaxınlaşa bilər.

Mənbələr

Novruzəli Yusubzadə