Aprelin 1-də İsrail tərəfindən İranın Dəməşqdəki Səfirlik binasına bitişik Konsulluq binası bombalandı. Bu bombardman nəticəsində İnqilab Keşikçilərinin Qüds Korpusuna bağlı yüksək çinli hərbçilərdən General Məhəmməd Rıza Zahidi və digər 7 yüksək rütbəli hərbçi həlak oldu[i].
Bu hücumdan təxminən iki həftə keçdikdən sonra İran İsrailə əsasən, kamikadze dronlar və raketlərdən istifadə edərək birbaşa öz ərazisindən hücumla cavab verdi.
Beləliklə, Orta Şərq regionunda İsrail-İran qarşıdurmasının birbaşa aktiv fazaya keçməsi və vəkillər yerinə ənənəvi savaş metodlarından istifadə regionda bir çox şeyin dəyişdiyini göstərməkdədir.
Hazırda bizim bu kontekstdə cavablayacağımız əsas suallar bunlardır: Nəyə görə İsrail birbaşa İranın diplomatik binasına hücum etdi? Bu hücumların dövlət daxili, regional və beynəlxalq müstəvidə səbəbləri nələrdir?
Daxili səbəblər:
- HƏMAS-İsrail münaqişəsinin son mərhələsinin (Rifah əməliyyatı) planlandığı kimi getməməsi: Beləki, plana görə İsrail Rifaha əməliyyat başladaraq, Qəzza bölgəsindəki əhalini xarici ölkələrə köçürməyi hədəfləyirdi. Lakin bu planın baş tutmaması ordunun böyük qisminin şimala doğru çəkilməsi və Xan Yunisdəki əhalinin təkrar şimala doğru köçürülməsinə səbəb oldu.
- İsrail ictimai rəyində Netanyahunun mövqelərinin sarsılması: Keçdiyimiz 2 həftə boyunca Tel-Əviv əhalisi öncə iqtidara qarşı 1200 nəfərlik, daha sonra Qəzza ilə atəşkəs üçün 10 min nəfərlik mitinq təşkil etdi.[ii]
- “Rüşvət skandalının” ört-basdır edilməsi üçün iqtidarda qalmağa məhkumluq.[iii]
Regional səbəblər:
- İranın nüvə gücü olma yolunda son mərhələyə çatması: Bu versiyada İsrail və ABŞ-nin baxışlarının fərqli olması da önəmlidir. Belə ki, bəzi iddialara görə ABŞ nüvə dövlətlərinin sayının artmasını qlobal sistemin daha sabit olması üçün önəmli görür.
- İsrail təhlükəsizlik arxitekturasının 7 oktyabrda ciddi zərər görməsi (Toxunulmazlıq statusunun pozulması).
- Körfəz ölkələri ilə başladılıb Livanla davam edən normallaşma prosesinin zərər görməsi.
- Livan Hizbullahı kimi Suriya Hizbullahının da tam formalaşma mərhələsinin tamamlanması və Suriya siyasətinə inteqrasiya edilməsi[iv].
Beynəlxalq səbəblər:
- ABŞ-də seçki ilinin başlaması və geosiyasi ağırlığın Cənubi-Çin Dənizinə doğru sürüşdürülməsi.
- BRİCS+ təşkilatının genişləyərək İsrailə rəqib regional oyunçuları barışdıraraq içərisinə alması (Bu proses ənənəvi İsrail dualizminə (ərəb və qeyri-ərəb) qarşıdır).
- HƏMAS ilə münaqişədə itirilən beynəlxalq dəstək (İrlandiya, İspaniya və Norveçin Fələstin dövlətini tanımaq istəməsi kimi)[v].
İsrailin qazancları:
- İordaniya və Səudiyyə Ərəbistanı kimi dövlətləri öz cəbhəsində tutmağı bacarması.
- Misir və Türkiyəni neytral saxlaya bildi (Misir münaqişəyə tam qarışmazkən, Türkiyə isə İrana qarşı hava sahəsini bağlayıb, Kürəcik radar bazasından ABŞ-yə yardım edərək həm qərbə həm İrana göz qırpdı.)
- Özünə qarşı ifrat dərəcədə artan beynəlxalq rəyi tam tərsinə çevirdi.
- İranla münaqişədə, Orta Şərqdə ABŞ-nin hakim rolunu tədricən əlindən alıb, son söz sahibi halına gəlməyə çalışdı.
- Baydeni seçim qarşısında qoyub, İsraillə nisbətən daha yaxşı münasibətlərə önəm verən Trampın iqtidara gəlmə şansını artırdı.
Nəticə
Yuxarıda qeyd edilən səbəblərdən yola çıxaraq, İsrailin İranın diplomatik nümayəndəliyinə birbaşa hücumu İranın “Şiə hilalı” taktikasının son nöqtəsi sayılacaq Suriyada, özəlliklə, Qolan təpələrində Suriya Hizbullahının yaradılmasının əngəllənməsinə yönəlmiş addım kimi sayıla bilər.
Çünki Hizbullah kimi siyasətə inteqrasiya edilə bilən vəkil güclər İran kimi hava hücumundan müdafiə baxımından zəif ölkələr üçün xarici təhlükəsizlik arxitekturası yaradır. Lakin bu hücuma İranın birbaşa öz ərazisindən cavab verməsi İsrailin daha böyük hədəfi sayılan Orta Şərqin tək nüvə gücü olaraq qalmasını, bunun üçün isə irəlidə İranın nüvə obyektlərinə “legitim zərbələr” endirməsini şərtləndirəcək. Bu isə öz növbəsində adətən ABŞ-nin “son söz sahibi” olduğu gərginlikdə son sözün tədricən Netanyahuya (İsrailə) keçməsinə səbəb ola bilər..
[i] https://www.reuters.com/world/middle-east/israel-bombs-iran-embassy-syria-iranian-commanders-among-dead-2024-04-01/
[ii] https://www.bbc.com/news/world-middle-east-68754109
[iii] https://www.democracynow.org/2024/4/1/israel_anti_netanyahu_protests_oren_ziv
[iv] https://www.al-monitor.com/originals/2024/03/syria-over-40-killed-alleged-israeli-strikes-targeting-hezbollah-warehouse
[v] https://www.aljazeera.com/news/2024/4/12/ireland-spain-norway-moving-closer-to-recognising-a-palestinian-state