1 Aprel tarixində İranın Dəməşqdəki konsulluğunun bombalanmasına cavab olaraq 14 Apreldə İranın İsrailə rəsmi mənbələrə görə 170 dron və 140 roketlə hücum etməsi Orta Şərqdəki növbəti ciddi gərginlik potensialına malik hadisə oldu. Xüsusilə o məqam önəmli idi ki, bu, İranın İsrailə öz ərazisindən birbaşa və bu qədər kütləvi miqyasdakı ilk hücumu idi.
Qəzza Zolağında başlayan müharibə ilə Orta Şərq Ərəb və müsəlman dünyası İsrailə qarşı sərt tənqidi ritorikası ilə həmrəylik göstərdi. Bu hücumu da Qəzza hadisələrinin nəticələrindən biri olaraq dəyərləndirdiyimiz zaman ortaq müsəlman kimliyi konseptinin İran və bölgənin Ərəb ölkələrinin narahatlığını yaxınlaşdırdığını görürük. Lakin regionun daha uzun dönəmli dinamikasına nəzər saldıqda görürük ki, bölgədə üç əsas identifikasiya birləşdirici və eyni zamanda da ayırıcı rol oynayır. Bunlardan biri etnik zəmində (Ərəb milliyətçiliyi), digəri dövlətçilik zəmnində (məs., Misir milliyətçiliyi), üçüncüsü isə dini (İslami) əsaslı identifikasiyadır. Bu konseptlər Orta Şərqdə həm də qüvvələr balansını məhz kimlik zəmnində müəyyən edən əsas qırılma nöqtələridir.
Digər tərəfdən isə uzun illərdir Ərəb-İsrail müharibəsi kimə tarixə yazılan qarşıdurma yeni bir faza qazanır ki, bu da regionun güclü dövlətlərini ( xüsusilə də Səudiyyə Ərəbistanını) həm etnik (Fars), həm də dini-məzhəb fərqliliyi (Şiə-Sünni) perspektivindən narahat edir. Belə ki, dünya müsəlman icması öz ictimai rəyininin Qəzzadakı insani fəlakətə əsasən formalaşdığı bir zamanda, Ərəb ölkələrinin İran və İsrail arasındakı eskalasiyaya münasibəti heç də birmənalı deyil.
Ayrı-ayrı bölgə ölkələrinin İranın hücumuna reaksiyalarını analiz edək:
Səudiyyə Ərəbistanı: Səudiyyə Ərəbistanı, Yaxın Şərqdəki hərbi eskalasiyadan dərin narahatlığını ifadə edib və tərəfləri diqqətli olmağa çağırıb. Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanata istinadən Səudiyyə Ərəbistanı “Böyük müharibənin bölgə və onun əhalisi üzərində ciddi təsirlərinin olması” barədə xəbərdarlıq edib. Bəyanatda bölgənin qlobal sülh və təhlükəsizliyin qorunmasında önəmli paya sahib olduğu bildirilib.[1]
Həmçinin BƏƏ və Körfəz Əməkdaşlığı Şurası da regional sabitliyinin qorunmasının qlobal təhlükəsizlik və sülh üçün əhəmiyyətini vurğulayıb.[2]
Misir: Misir Xarici İşlər Nazirliyi də öz növbəsində bənzər açıqlama verib, hər iki tərəfdən olan həmkarları ilə telefon danışığı aparıb. Əlavə olaraq, bir müddətdir Qəzzada davam edən böhrana diqqət çəkib, məsələnin həlli üçün daha çox kömək etməyə hazır olduğunu bildirib.[3]
İordaniya: İordaniyanın xarici işlər naziri Ayman Əl-Səfadi İsrailin Qəzzaya təcavüzünün dayandırılması, işğala son qoyulması və iki dövlətli həll yolunun davamlılığının bölgədə gərginliyin qarşısını almaq üçün vacib tədbirlər olduğunu vurğulayıb.[4] Hücumdan bir neçə saat öncə İordaniya öz hava məkanını bütün uçuşlara bağladığını elan etsə də, İranın göndərdiyi dronlar Suriya hava məkanından İordaniyaya keçib. İordaniya təyyarələrinin ölkənin şimalından və mərkəzi hissəsindən keçərək İsrailə uçan onlarla İran pilotsuz təyyarəsini vurması Tehranın Əmmana İsrailə yardım etməmək barədə xəbərdarlığına səbəb olub. İran İordaniyanın İsrailə kömək edəcəyi təqdirdə “növbəti hədəf” olduğunu bildirib.[5]
Yəmən: Yəmənin silahlı Husi hərəkatı bazar günü bildirib ki, İranın İsrailə hücumu aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna hücum etdiyi ehtimalına cavab olduğu üçün legitimdir. Husi sözçüsü əlavə edib ki, Yəmən qruplaşması oktyabrın 7-dən İsrailin cənubundakı Eylat limanına raketlər və pilotsuz təyyarələrlə hücum edərək və İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə mane olmaqla İsraillə birbaşa qarşıdurma aparır.[6]
Xülasə: Nəticə etibarilə, Orta Şərqin Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələri üçün əsas vurğunun regionun sabitliyi olduğu nəzərə çarpır. Misir nisbətən uzaqda yerləşdiyi və daha fərqli siyasi institutlaşmaya sahib olduğu üçün Fələstin məsələsini bu mövzu çərçivəsində dilə gətirə bilmə imkanına sahibdir. Nəhayət, üçüncü qrup var ki, bunlar da İranın regiondaki proksiləridir və təbii olaraq İranı tam dəstəkləyirlər.
Səbəblər: Bəhs etdiyimiz siyasi gedişatın səbəblərini araşdırmaq üçün üç əsas səviyyədə (dövlət, regional və beynəlxalq) analiz aparılması məqsədəuyğundur.
Sürətli inkişaf hədəfini mənimsəyən BƏƏ və Səudiyyə Ərəbistanı üçün genişmiqyaslı layihələr həyata keçirmək, ölkəni böyük investisisyalara açıq hala gətirmək, neftdən asılı olan iqtisadiyyatı şaxələndirmək, ticarət əlaqələrini genişləndirmək əsas məqsədlərdir. Bunun üçün də stabillik və həm qonşularla, həm də global səviyyədə olan münasibətlərini işbirliyinə əsasən formalaşdırmaq olduqca vacibdir. Nəzərə alsaq ki, 2020-ci ildə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraillə münasibətlərin yeni fazasına, yəni normallaşma dönəminə keçid etmişdi və Səudiyyə Ərəbistanı da öz növbəsində bənzər addıma hazır idi, nəinki İranla İsrail arasında başlayan və bütün regiona yayılan genişmiqyaslı müharibə, hətta Qəzza müharibəsi region ölkələri tərəfindən dövlət maraqları ilə toqquşan bir hadisə kimi qarşılanır. Belə ki, qısa müddətdə həm öz ölkələrinin dayanıqlı inkişafı, geniş müddətdə isə regionun bütövlükdə inkişafı üçün sülh şəraiti mütləqdir.
Əlavə olaraq, xəritəyə diqqət yetirsək görərik ki, bəhs etdiyimiz Körfəz ölkələri coğrafi olaraq İsrail və İranın arasında yerləşir ki, bu da həmin ölkələrinin hava məkanının, təhlükəsizliyinin, ticari əlaqələrinin bu hücumlara qarşı həssas olacağını və daha çox zərər görəcəyini göstərir.
Məsələni beynəlxalq səviyyədə dəyərləndirəndə vurğulamaq lazımdır ki, bölgədə potensial genişmiqyaslı bir qarşıdurmada tərəf seçmək regionun Ərəb ölkələri üçün olduqca çətindir. Əvvəla ona görə ki, hər nə qədər son 20-25 ildə ABŞ Orta Şərqdə izlədiyi ziddiyətli siyasi xətlə tərəfdaş kimi öz imicinə zərər vursa da, bu bir neçə məsələ və ya hər hansı bir zaman kəsiyi ilə əlaqəli və limitlidir. Geniş perspektivdə dəyərləndirəndə isə Qərb və özəlliklə ABŞ hələ də həm Səudiyyə Krallığı, həm də BƏƏ üçün xüsusi önəmə sahib müttəfiqdir. Nəzərə almaq lazımdır ki, bölgədə bir çox ABŞ hərbi bazası var ki, elə İran dronlarının endirilməsində də bu hərbi bazalardaki güc əsas rol oynadı.
Potensial gözləntilər:
Əvvəla qeyd etmək lazımdır ki, ABŞ Rusiya və Çin kimi rəqiblərinin Orta Şərqdə önə çıxma cəhdlərinə baxmayaraq, hələ də potensial bir qarşıdurmada üçüncü tərəfdir, bölgə ölkələrinin ciddi müttəfiqidir. Hər nə qədər Səudiyyə Krallığı və BƏƏ kimi regional güclər dayanıqlı inkişaf hədəfi üçün münasibətlərini Rusiya, Çin və BRICS vasitəsilə genişləndirsə də, təhlükəsizlik məsələsi önə çıxanda ənənəvi müttəfiqlərini seçirlər. Təhlükəsizliyin bBeynəlxalq münasibətlərdə əsas konseptlərdən biri olduğunu nəzərə alsaq, bu, ABŞ-nin bölgədə hələ kifayət qədər söz sahibi olacağını göstərir.
Təxminən bir il öncə regionun proksi savaşlardan daha az zərər görməsi məqsədilə Ər-Riyad və Tehran arasında münasibətlərin normallaşması üçün ilk addımlar atılmışdı. Lakin bugün aydın olur ki, Krallıq üçün İran bölgənin stabilliyi naminə birlikdə çalışacağı bir tərəfdaş ola bilər, amma eyni və ya yaxın siyasi motivasiyalara sahib olmaları olduqca çətindir. Bu məqamda Şiə-Sünni identifikasiyası vacib rol oynayır. Üstəlik bu tendensiya xalqların ortaq “Fələstin və öldürülən fələstinlilər” narrativinin ən həssas olduğu zaman kəsiyində də dəyişmir.
Digər tərəfdən də regionda güclənən və sayı artan İran proksiləri önəmli faktordur. Onların ideoloji təməli güclü olsa da (İsrailə qarşı müqavimət oxu), BƏƏ və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri öz dövlət maraqları çərçivəsində inkişaf edərək Suriya, Livan, İraq və Yəməni öz ətrafına çəkə bilər. Lakin təbii ki, bu olduqca zaman tələb edən və həssas bir proses olar. İran öz proksiləri vasitəsilə buna hələ uzun illər maneə olmağa çalışacaq.
[1] Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyi Rəsmi X Səhifəsi, 14 Aprel 2024, 02:47. https://x.com/KSAmofaEN/status/1779310405245952253
[2] Səudiyyə Ərəbistanı Yaxın Şərqdə hərbi eskalasiyadan narahat olduğunu bildirib, Arab News, 14 Aprel 2024. https://www.arabnews.com/node/2492801/saudi-arabia
[3] Misir XİN başçısı, İran və İsrailin daha ehtiyatlı olmasına ehtiyac olduğunu ifadə edib, Reuters, 14 aprel 2024. https://www.reuters.com/world/europe/egypts-fm-expresses-need-restraint-calls-foreign-ministers-iran-israel-2024-04-14/
[4] Səudiyyə Ərəbistanı Yaxın Şərqdə hərbi eskalasiyadan narahat olduğunu bildirib, Arab News, 14 Aprel 2024. https://www.arabnews.com/node/2492801/saudi-arabia
[5] İordaniya və ABŞ qüvvələri İranın İsrailə uçan pilotsuz təyyarələrini ələ keçirərkən, Tehran Əmmana İsrailə yardım etməmək barədə xəbərdarlıq edib, Arab News, 14 Aprel 2024. https://www.arabnews.com/node/2492756/middle-east
[6] “Ciddi eskalasiya”: Dünya İranın İsrailə dron və raket hücumuna reaksiya verir, Al-Jazeera, 14 Aprel 2024. https://www.aljazeera.com/news/2024/4/14/serious-escalation-world-reacts-to-irans-drone-missile-raids-on-israel