Həmsöhbətimizə görə, prosesə təsir edəcək digər amil İranın növbəti prezidentinin kim olacağı məsələsilə bağlıdır:
“İranda növbəti prezidentin kim olacağı məsələsi hələ qeyri-müəyyəndir. Pezeşkian prezident olarsa, bu ölkənin bölgə siyasəti, o cümlədən Türkiyə siyasətinə də müəyyən müsbət təsir göstərəcək. Pezeşkian nə qədər sistem adamı olsa da, Azərbaycan və Türkiyəyə nisbətən pozitiv baxan xarakterə sahibdir. Bu mənada İranın mövcud dövlət bürokratiyası da Pezeşkian gəlməsi ehtimalına paralel şəkildə bir qədər daha ehtiyatlı davranmaq durumunda qala bilər. Pezeşkian hakimiyyətə gələrsə,Türkiyənin bölgədə fəallaşmasına İranın bu günə qədər sərgilədiyi ənənəvi radikal yanaşmanı göstərməyə bilər. Bu fonda İranın PKK-ya dəstəyində də ciddi geriləmələri müşahidə edə bilərik”.
Qeyd edək ki, Türkiyə İrandan PKK terror qruplaşmasına silah verməməyi və Ankaranın kürd silahlılarına qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib. Bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti mənbələrə istinadla məlumat verib.
“Ötən həftə İraqın Süleymaniyyə şəhərində Türkiyə ilə İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, deyə məlumatda qeyd olunub.
Bildirilib ki, görüşdə İran rəsmiləri PKK-ya heç bir tədarükün edilmədiyini iddia ediblər. Bundan sonra Türkiyə rəsmiləri iranlılara fotodəlillər təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək, yüklərin onlara heç bir aidiyyəti olmadığını bəyan edib.