Hərbi-təhükəsizlik

Suriyadakı son hadisələrin Levant bölgəsinə təsiri

Pinterest LinkedIn Tumblr

1.Giriş

Orta Şərq regionunun subregionlarından biri olan Levant,  Aralıq dənizinin Türkiyə ilə Misir arasında qalan sahilyanı dövlətləri və İordaniyanı əhatə  edir. Buraya Türkiyə, Suriya, Livan, Fələstin, İsrail, İordaniya, Misir və Kipr adası daxildir.

Suriya bu subregionun nüvəsini təşkil etdiyi üçün burada baş verən hadisələr bütün coğrafiyanın şəklini dəyişdirməyə səbəb ola bilməkdədir. Bu səbəbdən Suriyadakı son hadisələrin bölgə ölkələrinə necə təsir edəcəyinə bütövlükdə region və ayrı-ayrılıqda ölkələr üzrə baxmaqda fayda var. Amma bundan öncə qısa olaraq Suriya iç savaşına, ölkədəki əvvəlki daxili güc balansına və bunun dağılma səbəblərinə baxmaq lazımdır.

 

  1. Qısa Suriya İç Savaşı Tarixi

2.1. ABŞ-siz yarımçıq balans dövrü

Suriya iç savaşı da “Ərəb Baharı” motivasiyası ilə başlamış, daha sonra “su böhranının” ölkədə yaratdığı qütbləşmə ilə “məzhəb savaşı” çalarlarını da qazanaraq üçüncü tərəfləri içərisinə daxil edib tam bir siyasi böhrana çevrilmişdir. Bu hadisələr 2011-ci ildə başlayıb 2015-ci ilə qədər aktiv fazada davam etmişdir. Daha sonra Türkiyə, İran və Rusiyanın “Astana Formatı” dedikləri görüşlərin başlamasıyla faktiki olaraq sahədə balansın qurulması prosesi başlandı. 2016-cı ildə o zamankı adıyla Fetih eş-Şam və İŞİD-in tutduqları ərazilərin xaricindəki bölgələrdə bir balans qurulub atəşkəs elan edildi.

2.2. ABŞ-nin Oyuna Girməsi

Lakin bu anlaşmanın içərisində ABŞ yox idi və İŞİD sürətlə irəliləyirdi. İŞİD-in sürətlə irəliləyib Türkiyə üçün də təhdid yaratmasıyla 2016-cı ildə Türkiyə “Fərat Qalxanı” əməliyyatlarına başlayaraq İŞİD-i öz sərhədlərindən uzaqlaşdırdı. Bu zaman kəsiyində ABŞ də əsasən suriyalı kürdlərdən və ərəb əşirətlərindən formalaşdırdığı SDF (Suriya Demokratik Gücləri) vasitəsilə İŞİD-i zəiflətdi və 2017-ci ildə Rəqqa şəhərindən qovaraq çöküşə aparan prosesi başlatdı. İŞİD zəiflədikcə Rus hava gücü və İran vəkil gücü dəstəyilə Əsəd rejimi (Suriya hökuməti) stratejik Əbu Kamal, Deyr Əz-Zor və Mayadin kimi əraziləri aldılar. Beləliklə son proseslərə qədərki balans qurulmuş oldu.

Qısaca balans belə idi: Fəratın qərbi Rusiyanın, şərqi isə ABŞ-nin nüfuz dairəsində idi.

  1. a) Lakin bu bölgünün xaricində və daxilində də xırda balans qurulmuşdu. Belə ki, Rusiyanın nüfuz dairəsində olan qərb bölgəsində Latakiya və Tartusun Aralıq dənizinə çıxışı olması və cənubda İsrail sərhədini ruslar bir-başa idarə edirdi. Bunun xaricində Türkiyə 2018-ci ildə başlatdığı “Zeytun Budağı” əməliyyatı ilə Afrin və ətrafını, 2019-cu ildə başlatdığı “Sülh Bulağı” əməliyyatı ilə isə Tel Əbyad və Rəsulayn istiqamətlərini nəzarətə götürməyi bacardı. Geridə qalan Hələb, Həma, Humus, Şam, Dəra kimi şəhərlər mərkəzi hakimiyyətin (Əsəd iqtidarı) nəzarətində qaldı. Özəlliklə də Hələbin İran dəstəkli Hizbullah gücləri tərəfindən alınması regionda İranın “Şiə Hilalı” strategiyasını tamamlamasına yardım etmişdi.
  2. b) Fəratın Şərqində isə İŞİD-ə qarşı savaşaraq legitimlik qazanmağa çalışan PYD-nin silahlı qolu olan YPG boş qalan ərazilərdə yayılaraq “dövlət”ləşməyə çalışdı. YPG bəzi bölgələrdə (özəlliklə İraq sərhədinə doğru) mərkəzi hökumətlə birgə patrullar həyata keçirərək Türkiyəyə qarşı əlini gücləndirməyə çalışdı. İŞİD-dən boşalan yerlərə isə ABŞ hərbi bazalar quraraq Suriya-İraq və Suriya-İordaniya sərhədlərinə nəzarəti böyük ölçüdə təmin etdi. İŞİD-in zəifləməsinə paralel olaraq SDF xaricində ilk dövrlərdə ABŞ və Türkiyə dəstəkli Azad Suriya Ordusu (ASO) quruldu. Daha sonra ABŞ cənubda sadəcə özünə bağlı Suriya Azad Ordusunu (SAO) quraraq Ət-Tanf hərbi bazasının təhlükəsizliyini təmin etdi. ASO bir müddət sonra sadəcə Türkiyə dəstəyi ilə ayaqda qaldığı üçün adı da dəyişdirilib Suriya Milli Ordusu (SMO) oldu. Bir də bunların xaricində İŞİD-dən qopub Ən-Nusra olaraq formalaşan radikal dini qruplar vardı ki, daha sonradan İdlibə sıxışıb yenidən ad dəyişərək Heyət-Təhrir-Əş-Şama (HTŞ ya da Şamın Qurtuluşu Təşkilatı) çevrildilər. Bu təşkilat Astana proseslərinə görə silahsızlandırılmalı olsa da, Ukrayna-Rusiya müharibəsi“Əqsa Tufanı” əməliyyatı kimi hadisələr regionda geosiyasi çatları dərinləşdirdi. Bu da İdlibə sıxışan HTŞ və bu münaqişədə Suriyadan sonra ən çox təsirlənən Türkiyə üçün fürsətlər doğurdu.
  3. Subregionda Yeni Balans Qurulur

İki həftədən az bir vaxtda iqtidardan getməyə məcbur qalan Əsəd dövründən sonra isə bölgədə bir çox balans pozuldu. Öncəliklə Fəratın Rusiya nəzarətindəki qərb sahilində Əsəd rejimi, İran vəkil gücü və Rus hava gücü ya tam yox oldu ya da olduqca limitli olaraq qalmaqdadır. Bu da özlüyündə Türkiyə və bir-başa dəstəklədiyi SMO üçün “Fərat Qalxanı” bölgəsi ilə “Zeytun Budağı” bölgəsi arasında qalan ərazilərin YPG-dən tamamilə təmizlənməsinə fürsət açmış oldu. Sərhədində rus hərbi gücü qalmayan İsrail üçün də Qolan xəttini keçmək və ALFA və BETA xətləri boyunca Hermon dağına çıxmaq üçün tarixi fürsət yarandı. ABŞ nəzarətindəki ərazilərdə hələ ki ciddi dəyişiklik olduğunu demək tezdir.

3.1. Bundan sonra subregion üçün bütövlükdə baş verməsi mümkün dəyişikliklər bunlardır:

  • “Şiə Hilalı” strategiyasının çökməsilə “İhvan Xətti” tamamlana bilər;
  • Yeni dövlətciklər ortaya çıxa bilər;
  • Subregionda uzun müddətli dövrdə sabitlik və inteqrasiya imkanları yarana bilər.

3.2. Bölgə dövlətləri üçün ayrı-ayrılıqda:

Türkiyə

  • Suriyada sərhədlərinin təhlükəsizliyinin tam şəkildə qorumaq üçün yeni əməliyyatlar keçirə bilər, lakin buna qədər YPG-nin özünü buraxmasına fürsət veriləcək;
  • Böyük əksəriyyəti Hələbdən köçmüş məcburi köçkünləri geri qaytararaq həm daxili problemləri həll edəcək, həm də Suriya nəzdində yenidən Levantda əsas güc mərkəzi halına gələcək;
  • Suriya ilə Aralıq dənizində Müstəsna İqtisadi Zona anlaşması imzalayıb “Mavi Vətən” strategiyasına daha da yaxınlaşa bilər.
  • Hərbi bazalarını Şama doğru irəlilədib faktiki olaraq Rusiyadan boşalan rolu dolduraraq İsraillə “sərhəddə” sahib ola bilər;
  • İhvan-i Müslimun (Müsəlman Qardaşları) xəttini tamamlamağa çalışa bilər. Bu sayədə Fələstin, Livan, İordaniya və Misirdə təsir gücü qazana bilər.

Suriya

  • Ölkənin unitar quruluşda qalmasına çalışacaq;
  • Regionun bütün dövlətləri ilə yeni səhifə açmaq üçün səy göstərəcək;
  • Ordunun vahid komandalığa tabe edilməsinə çalışılacaq;
  • Türkiyə ilə strateji məsələlərdə məsləhətləşiləcək;
  • Dövlətin tamamilə bir region dövlətinin himayəsinə girməməsi üçün yeni xarici balans qurmağa cəhd ediləcək. Bu da İran və Türkiyə xaricində Misir və Səudiyyə Ərəbistanı ilə mümkündür ki, Misirin “ihvan xəttindən” uzaq olması Səudiyyə Ərəbistanını ön plana gətirəcək.

Livan

  • 2005-ci ildən sonra parlamentə girən Hizbullah getdikcə zəifləyəcək;
  • İrandan bir-başa təminat ala bilməyən Hizbullah zəiflədikcə ölkədə Sünni qruplar güclənəcək. Bu vəziyyət ölkədəki həssas balansı pozacağı üçün yeni bir vətəndaş müharibəsinə səbəb ola bilər;
  • İsrail və Türkiyə ilə anlaşa bilər. İsrail Livanda Dürzilər üzərində Türkiyə isə Türkman və Sünnilər üzərində nüfuz qazanacaq;
  • Livanın prosesin sonunda yox olma təhlükəsi də mövcuddur.

Fələstin

  • Pekin deklarasiyasından sonra faktiki olaraq HƏMAS məhv edildiyi üçün Mahmud Abbas qazanan tərəfdir.
  • İsrail və Türkiyənin gələcək siyasətləri Fələstin Qurtuluş Hərəkatında lider dəyişiminə səbəb ola bilər;
  • HƏMAS İran himayəsindən Türkiyə himayəsinə keçəcək.

İordaniya

  • Anqlo-saks xəttinin “ihvan xətti” ilə qarşıdurması artdıqca krallıqda da iqtidar dəyişikliyi ehtimalı var;
  • Sərhədlərində yeni “Dürzi dövləti” yaradılması ehtimalı mümkündür ki, bu İordaniya Dürzilərinin də dövlətdən qopmasına, bütövlükdə həm iqtidar həm də sərhədlərin dəyişməsinə səbəb ola bilər;
  • Kral bu balansı qorumaq üçün Amerikanın siyasi xəttinə görə şəkil alacaq. İsrail tərəfindən də Türkiyə tərəfindən də tamamilə çevrələnməmək üçün ya ikisi arasında balans quracaq, ya da Körfəz dövlətləri ilə yaxınlaşacaq.

İsrail

  • 2025-ci ili “Qərbi Şəriyə” ili elan etdiyi üçün Fələstini tam ilhaq etməyə çalışacaq;
  • Suriyada 1974-cü il anlaşmasının tərəfi olan Bəəsçi Əsəd ailəsinin devrilməsilə anlaşmanın bitdiyini irəli sürüb əsasən Qolan, Dəra, strateji Hermon dağına nəzarət etməyi bacardı.
  • Növbəti hədəf ona sadiq olan Dürzilərin hamisi sifəti ilə Suriyada, daha sonra Livanda və ehtiyac yaranarsa İordaniyada Dürzi dövləti qurmaqdır. Bu dövlətin sərhədləri də ABŞ hərbi bazalarına çatacağı üçün böyük layihə olan “Davud Dəhlizi” tamamlana bilər.
  • İranın müqavimət oxunun son halqaları sayılan Yəmən Ənsərullahı və İraq Haşdi-Şabisinə qarşı əməliyyatlar keçirilib, sonda İrana qarşı hava hücumu edilə bilər;
  • Trampın nə qədər dəstək verməsinə görə bu strategiyanın sərhədləri bəlli olacaq.

Misir

  • Anqlo-saks ittifaqa sadiq Sisi iqtidarının da yenidən Mursi dövründəki kimi ihvançı xəttə qayıtması mümkündür;
  • Bu səbəblə ölkədə ayaqlanmaların olma ehtimalı yüksəkdir;
  • Misir Afrika Buynuzu regionunda da, Levantda da Türkiyə və İranla rəqib olduğu üçün İsrail və Körfəzlə daha yaxşı əlaqələr qura bilər;
  • Türkiyənin Aralıq dənizində güclənməsi də Misiri narahat etməkdədir.

Kipr Respublikası (Cənubi Kipr – Kiprin Yunan tərəfi)

  • Aİ üzvü olduğu üçün regiondan sadəcə köç sahəsində təsirlənmişdi;
  • Türkiyə-Suriya anlaşması olarsa dənizdə ciddi itkilərlə üzləşəcək;
  • NATO üzvlüyü üçün danışıqların başlanması adada pozulan balansı yenidən qorumaq üçün son şans sayıla bilər.

Şimali Kipr Türk Respublikası (Kiprin Türk tərəfi)

  • Beynəlxalq təcridlik xəttini dəlməyi bacara bilər;
  • Suriya ilə münasibətlərin inkişafı Şimali Kipr Türk Respublikasının təhlükəsizliyi baxımından faydalı olacaq;
  • Yeni dövlətciklərin yaranması prosesi başlayarsa sürətlə tanına bilər.
  1. Nəticə

Regionda baş verəcək proseslərdə Suriyanın unitar qalmasına çalışan dövlətlərin başında Suriya, Türkiyə, İordaniya gəlməkdədir. Suriyanın parçalanmasını isə İsrail, ABŞ, Rusiya və İran dəstəkləməkdədir. İran bu minvalla özünün yeni vəkil gücü olan “Kürdüstan Hizbullahını” quraraq itirilmiş nüfuzunu bərpa etməyə çalışacaq.

Bölgədə tək gücün hakim olmadığı müddətcə münaqişələrin bitməsi və sabitlik gözlənilmir. Balansın Suriyada düzəlməsi ilə münaqişə ocaqları sadəcə daha da cənuba enə bilər.

Novruzəli Yusubzadə