1. Əvvəllər tez-tez işlədilən “İran və İsrail bir-birlərini hədələyərək yaşadırlar, bir-birlərini heç vaxt vurmazlar” tezisi son 1 ildə əsasən sıradan çıxdı. Ola bilsin ki, ikisi də digərinin varlığını xarici siyasət və milli təhlükəsizlik strategiyası baxımından istifadə edəcəyi vacib alət kimi görür və yenə də görəcək. Amma fakt odur ki, bu iki dövlət yaxın tarixdəki ən ciddi hücumlarını bir-birlərinə qarşı həyata keçirdilər.
2. Bu sadəcə İsrail-İran gərginliyi deyil, ilk mərhələdə regionu yenidən dizayn etmə prosesinin bir parçasıdır. Amma daha çox qlobal mübarizənin ciddi nəticələr yaradacaq bir parçasıdır (əlbəttə ki, bu mənim kəşfim deyil, sadəcə bu məqamın mütləq xatırlanmalı olduğunu vurğulamaq üçün qeyd etdim).
3. İsrail-İran gərginliyi yaxın mərhələdə Rusiyanı Ukrayna cəbhəsində rahatladacaq, Ukraynanın digər ərazilərinin işğalı riskini ya da Ukraynanın atəşkəsə məcbur edilmə ehtimalını artıracaq. Amma orta mərhələdə İran PUA-ları ilə təhçizat baxımından Rusiya üçün problemlər yarana bilər.
4. Gərginlik neft və təbii qaz amili baxımından Rusiya üçün müsbət, Çin üçün mənfi nəticələr yarada bilər. Xüsusilə enerji və əsas xammal mənbəyi olan neftlə bağlı proseslər Qərbin Rusiya-Ukrayna müharibəsinin tez dayanması istəyini gücləndirə bilər.
Ümumiyyətlə Yaxın Şərqdəki proseslərin və sonuncu gərginliyin orta və uzun müddətli hədəflərindən biri Çindir (Çinin enerjidaşıyıcılarla və xammalla təminatına problemlər yaradılmasıdır, amma bu daha geniş müzakirənini mövzusudur).
5. İsrail öz regional və qlobal təhlükəsizlik ekosistemini ciddi şəkildə transformasiya edir:
– Fələstini yox edərək ərazi olaraq genişləmək,
– yaxın ətrafındakı güclü ərəb dövlətlərini sıradan çıxaramaq,
– ətrafını təhlükə mənbəyi olmaqdan çıxarıb “bufer zona”ya çevirmək,
– uzaqdan təhlükə yarada biləcək dövlətlərin imkanlarını zəiflətmək ya da onlar üçün onların enerjisini udacaq ciddi problemlər yaratmaq və s.
Çox güman ki, Bəşər Əsədin Suriyanı tərk etməsi və Suriyada yeni hakimiyyətin formalaşdırılması prosesi İsrailin bu strategiyasına qarşı Türkiyə-Rusiya-İran razılaşmasının nəticəsi idi. Amma İsrail Suriyada yeni mərhələdə onun maraqlarına zidd şəkildə proseslər getməsini ləngitdi: həm Suriyaya birbaşa zərbələr endirərək, həm də Suriya daxilində müxtəlif yeni gərginlik mərkəzləri yaradaraq, həm Türkiyənin Suriyada hərbi mövcudluğunun artması prosesinə mane olaraq.İsrail öz regional və qlobal təhlükəsizlik ekosistemini ciddi şəkildə transformasiya etmə prosesini uğurla başa çatdıra bilsə risklərlə yaşayan dövlət olmaqdan çıxıb regional gücə çevrilə bilər.
6. İsrailin Baş naziri Netanyahunun İrana hücumlar fonunda İran xalqını üsyana dəvət etməsi, əslində İran mərkəzi dövlətinin daha çox işinə yarayır. Dövlətə (rejimə) qarşı çıxışların mənbəyinin İsrail olması görüntüsünü gücləndirir. Bunun, tərs reaksiya yaratması, eyni zamanda İsrail hücumlarının İranda milliyətçiliyi bir qədər gücləndirməsi ehtimalı var.
7. Proseslər İranın Cənubi Qafqazdakı imkanları zəiflədə, bu da öz növbəsində Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühiti ilə bağlı yeni ciddi proseslərin getməsinə səbəb ola bilər.
8. Proseslərin orta mərhələdə Türkiyə üçün riskləri və fürsətləri artırma ehtimalı yüksəkdir. Amma hazırkı gedişat risklərin daha çox olacağını göstərir (proseslər o qədər mürəkkəb və oyunçular o qədər çoxdur ki, tədbirli olmaq riskə getməkdən daha məntiqli görünür). Çox güman ki, Türkiyə bu səbəbdən mümkün qədər prosesləri qabaqlamağa və ləngitməyə, bunlar alınmadıqda istifadə etməyə çalışır.
9. Ən təhlükəli variant müttəfiqliklərin konkretləşməsi fonunda dünyadakı bir neçə mövcud və potensial gərginliyin birləşərək 3-cü dünya müharibəsinə keçilməsidir.