Araşdırmalar

ABŞ+İsrail – İran müharibəsi barədə 10 qeyd

Pinterest LinkedIn Tumblr
  1. Bu, sadəcə İsrail+ABŞ-İran gərginliyi deyil, məqsədi sadəcə İranda rejim dəyişikliyi ya da İranın nüvə proqramını və ballistik raket proqramını dayandırmaq deyil. İlk növbədə regionu yenidən dizayn etmə prosesinin, amma daha çox qlobal mübarizənin ciddi nəticələr yaradacaq bir parçasıdır (əlbəttə ki, bu mənim kəşfim deyil, sadəcə bu məqamın mütləq xatırlanmalı olduğunu vurğulamaq üçün qeyd etdim).
  2. Ümumiyyətlə Yaxın Şərqdəki proseslərin və sonuncu gərginliyin orta və uzun müddətli hədəflərindən biri Çindir (Çinin enerjidaşıyıcılarla və xammalla təminatına problemlər yaradılmasıdır): Bu qeydi iyun ayındakı müharibə zamanı da yazmışdım. Sonrakı mərhələdə bununla bağlı əlavə vacib proses Venesuelada baş verənlər oldu. Ümumiyyətlə ABŞ üçün uzunmüddətli perspektivdə əsas hədəfin Çin olduğu əksəriyyətə aydındır. ABŞ Çini sadəcə qlobal təkqütblü sistemə əsas rəqibi kimi görmür, gələcəkdə Amerika qitəsində ciddi rəqib və hətta birbaşa öz mövcudluğuna təhlükə kimi görür. Buna görə də Çinin potensialını zəiflətmək üçün onu Tayvanla qısamüddətli (Çinin Tayvana ciddi zərər verəcəyi, amma özünə birləşdirə bilməyəcəyi) müharibəyə çəkmək əsas strateji məqsəd idi. Onu reallaşdıra bilməyəndə Çinin əsas enerji və xammal mənbələrini nəzarətə götürmək strategiyasına yönəldilər. ABŞ bu strategiyanı mümkün qədər qısa vaxtda, minimum itki ilə və uğurla həyata keçirə bilsə sonrakı mərhələ Çin üçün çətin olacaq (ABŞ İranla müharibədə məqsədinə tam çatsa, Rusiya-Ukrayna müharibəsində də məqsədinə çatması – Çin ilə mübarizədə Rusiyanı yanına çəkməsi ya da “zərərsizləşdirməsi” ehtimalı yüksəkdir). Beləliklə Rusiya-Ukrayna müharibəsi ilə başlayan proses ABŞ-nin strateji məqsədinə əsasən çatması ilə nəticələnə bilər.
  3. Hazırda Çin üçün ən çox arzuolunan ABŞ+İsrail – İran müharibəsinin bir qədər daha uzanması (artan neft qiymətlərinin Çin üçün də yaratdığı riskə baxmayaraq) və ABŞ ilə birlikdə onun müttəfiqlərinin də müharibədən ciddi zərər görməsidir. ABŞ əsasən uğur qazanmış olsa da, “Maduro əməliyyatı” və dərhal arxasından Qrelandiyaya ərazi iddiaları bir çox qonşu və müttəfiqin bu ölkəyə yanaşmasını (“mənfi, amma ehtiyatlı mövqe” şəklində) dəyişdirmişdir. Çin bunların fonunda davam edən Rusiya-Ukrayna müharibəsini, İranla müharibəni və potensial digər münaqişələri ABŞ-nin enerjisini udan amillər kimi görür. Bu proseslərdə hətta ABŞ-nin mövcud vəziyyətini qoruması belə Çin üçün riskləri azaldacaq, ABŞ-nin proseslərdən ciddi itki ilə çıxması isə Çinə Tayvan məsələsini həll etmək üçün imkan yaradacaq.
  4. Əgər ABŞ istədiyi nəticəni əldə edə bilməsə, bunun Çinə dolaylı bir faydası da ABŞ-nin Yaxın Şərqdə və ümumiyyətlə dünyada nüfuzunun aşağı düşməsi və növbəti mərhələ üçün Çinin qlobal liderliyə yüksəlmə imkanını artırması olacaq. Bu məqam ABŞ-ni müharibəni davam etməyə təşviq edə və Rusiyanın Ukraynada düşdüyü duruma düşməsinə səbəb ola bilər.
  5. İsrail öz regional və qlobal təhlükəsizlik ekosistemini ciddi şəkildə transformasiya edir:

– Fələstini yox edərək ərazi olaraq genişləmək,

– yaxın ətrafındakı güclü ərəb dövlətlərini sıradan çıxarmaq,

– ətrafını təhlükə mənbəyi olmaqdan çıxarıb “bufer zona”ya çevirmək,

– uzaqdan təhlükə yarada biləcək dövlətlərin imkanlarını zəiflətmək ya da onlar üçün onların enerjisini udacaq ciddi problemlər yaratmaq və s.

Çox güman ki, Bəşər Əsədin Suriyanı tərk etməsi və Suriyada yeni hakimiyyətin formalaşdırılması prosesi İsrailin bu strategiyasına qarşı Türkiyə-Rusiya-İran razılaşmasının nəticəsi idi. Amma İsrail Suriyada yeni mərhələdə onun maraqlarına zidd şəkildə proseslər getməsini ləngitdi: həm Suriyaya birbaşa zərbələr endirərək, həm də Suriya daxilində müxtəlif yeni gərginlik mərkəzləri yaradaraq, həm də Türkiyənin Suriyada hərbi mövcudluğunun artması prosesinə mane olaraq.

İyun ayında yazdığım bu qeydə əlavə olaraq İsrail son müharibə zamanı iki nəticə daha əldə etdi:

  • münaqişənin coğrafiyasının bir qədər də genişlənməsinə, İranın Ərəb dövlətlərinə (və digər dövlətlərə) birbaşa zərbə endirməsi nəticəsində potensial rəqiblərinin (“tarixi düşmən”lərinin) arasında “qan düşməsinə” qismən nail oldu;
  • Suriyadan sonra Livan ərazilərinə doğru da genişləməyə başladı.

Ümumi götürdükdə İsrail öz regional və qlobal təhlükəsizlik ekosistemini ciddi şəkildə transformasiya edir və bu prosesi uğurla başa çatdıra bildiyi halda risklərlə yaşayan dövlət olmaqdan çıxıb regional gücə çevrilə bilər.

  1. İsrailin Baş naziri Netanyahunun İrana hücumlar fonunda İran xalqını üsyana dəvət etməsi, əslində İran mərkəzi dövlətinin daha çox işinə yarayır. Dövlətə (rejimə) qarşı çıxışların mənbəyinin İsrail olması görüntüsünü gücləndirir. Bunun, əks reaksiya yaratması, eyni zamanda İsrail hücumlarının İranda milliyətçiliyi bir qədər gücləndirməsi ehtimalı var (iyunda yazmışdım, qismən reallaşdı).
  2. Müharibə Rusiya üçün İran PUA-ları ilə təhçizat baxımından problemlər, neft və təbii qaz amili baxımından imkanlar yarada bilər.
  3. Proseslərin orta mərhələdə Türkiyə üçün riskləri və fürsətləri artırma ehtimalı yüksəkdir. Amma hazırkı gedişat risklərin daha çox olacağını göstərir (proseslər o qədər mürəkkəb və oyunçular o qədər çoxdur ki, tədbirli olmaq riskə getməkdən daha məntiqli görünür). Çox güman ki, Türkiyə bu səbəbdən mümkün qədər prosesləri qabaqlamağa və ləngitməyə, bunlar alınmadıqda istifadə etməyə çalışır (Türkiyənin İrandan bu ölkəyə yönəlmiş raketlərə qarşı reaksiyası iyun ayında yazdığımız qeydi təsdiqləyir. Türkiyə özünün birbaşa ya da İranın Azərbaycana hücumu yolu ilə müharibəyə cəlb olunmasını ciddi risk amili kimi dəyərləndirir. İran ilə birbaşa münaqişəyə cəlb olunmamaq üçün maksimum səbr göstərir.)
  4. Ən təhlükəli variant müttəfiqliklərin konkretləşməsi fonunda dünyadakı bir neçə mövcud və potensial gərginliyin birləşərək 3-cü dünya müharibəsinə keçilməsidir (bu məqamla bağlı durum 9 ay öncə ilə müqayisədə daha da ciddiləşib).
  5. Son gərginliyin Azərbaycan üçün yaxın müddətli perspektivdə nəticəsi Cənubi Qafqzda İranın mane olduğu layihələrin reallaşması imkanlarının artması, uzunmüddətli perspektivdə nəticəsi isə Yaxın Şərqdəki (xüsusilə İsrail üçün həyati olan Levant bölgəsindəki) proseslərdən əsasən uzaqlaşdırılmış İranın əsas enerjisini Cənubi Qafqaza yönəltməsi ola bilər. Birincisi imkanların, ikincisi isə risklərin çox artması deməkdir.

Proseslər İranı ümumi zəiflətsə, bu, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq mühiti ilə bağlı yeni ciddi proseslərin getməsinə səbəb ola bilər ki, bu İranı ciddi şəkildə narahat edir. İrandan Azərbaycana hücumların arxasında həm də bu amil dayanır. Bu mənada ümumiyyətlə İranın Azərbaycanla bağlı addımları Azərbaycanın etdiklərinə cavab xarakterli deyil, regiondakı proseslərlə bağlı “qabaqlayıcı” xarakterlidir.

Digər tərəfdən İran mütəmadi olaraq iddia edirdi ki, İsrail Azərbaycan Respublikasının ərazisindən onun strateji obyektlərinə hücum edəcək (yeri gəlmişkən bunu müxtəlif İsrail mənbələri də İranı Azərbaycana qarşı qızışdırmaq və İranı yanıltmaq məqsədi ilə iddia edirdilər). Azərbaycan rəsmiləri dəfələrlə bunun doğru olmadığını açıqlasa da İrandakı müəyyən qüvvələr təxribatlarını və ittihamlarını davam etdirirdi.

Amma İsrail 2025-ci ilin iyun ayında İranın yüksək vəzifəli şəxslərinə və strateji obyektlərinə zərbəni Azərbaycan Respublikasının ərazisindən yox, İranın öz ərazisindən endirdi. İsrail 2025-ci ilin iyun ayında və sonuncu müharibədə Azərbaycanın hava məkanından deyil, İranın uzun müddət ən çox təsirə malik olduğu dövlətlərin hava məkanından istifadə etdi və hazırda da edir.

İyundakı müharibədə İrandan Azərbaycana dəfələrlə əsassız ittihamlar yönəldilsə də ortaya heç bir sübut qoyulmadı. Daha sonra isə İran prezidenti Məsud Pezeşkian və bəzi digər İran rəsmiləri Azərbaycana yönəlmiş ittihamların tam əsassız olduğunu açıqladılar.

28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin ikinci dalğasında birinci dalğada olduğu qədər olmasa da Azərbaycana əsassız ittihamlar yönəldi, hətta bu dəfə Azərbaycana 4 dron ilə hücum da edildi. Ancaq Azərbaycanın haqlı olaraq çox sərt reaksiya göstərməsindən sonra İran rəsmiləri üzrxahlıq etdilər və məsələnin araşdırılmasına söz verdilər.

Müxtəlif tərəflərdən, o cümlədən İrandan təxribatlar yenə davam edə bilər. Bütün hallarda Azərbaycan hədələri və hücumları cavabsız qoymamalı (qalib dövlət imicini də qoruyaraq), amma eyni zamanda maksimum dərəcədə çalışmalıdır ki, nəticəsini tam poqnozlaşdıra bilməyəcəyi proseslər onun enerjisini udmasın.

Araz Aslanlı