Araşdırmalar

ABŞ-İsrail və İran arasındakı müharibənin Livana təsiri

Pinterest LinkedIn Tumblr

Giriş

Bu gün ABŞ-İsrail tandeminin İrana qarşı başlatdığı “Epik Qəzəb” əməliyyatının Livana təsirini anlamaq üçün Livan daxilindəki aktor-dövlət əlaqəsini və qarşılıqlı geosiyasi proseslərin yaratdığı fürsət/böhranları yaxından incələmək lazımdır. Livanda dövlət idarəetməsi məzhəb və icmalar tərəfindən aydın şəkildə bölünüb. Parlamentin rəhbəri hər zaman şiə məzhəbli müsəlman seçilməlidir. Mövcud siyasi sistemdə parlament 128 millət vəkilindən təşkil edilir və yetərsayı təmin etmək üçün 65 və daha çox yeri qorumaq lazım olur. Bu baxımdan Livanda siyasi sistemdə çoxluğu təmin etmək hər zaman çətin, onu qorumaq isə ondan da çətindir. Bu məqalədə Livandakı hadisələr üç başlıqda xronoloji sırayla analiz ediləcəkdir.

  • Daxili siyasi vəziyyət

2006-cı ildə baş vermiş İsrail-Livan müharibəsi sonrasında Hizbullah daxili siyasətdə xeyli güc qazandı. Bundan sonra Hizbullah mərhələli şəkildə parlamentdə yer alaraq dövlət idarəsində müstəsna güc qazanmış oldu. 1990-cı illərin yaratdığı balans olan Taif Akkordu şiə və sünni müsəlmanlara təxmini eyni güc bölgüsü tanımışdı. Lakin Livanın reallıqlarını hər zaman müharibə formalaşdırdığı üçün 2006-cı il savaşından sonra Hizbullah bu balansı öz xeyrinə pozmağı bacardı. Bir müddət sonra Hizbullah, digər şiə hərəkatı olan Amalı da yanına alaraq parlamentdə əsas çoxluğu qazanmış oldu.

2005-ci ildən bəri “14 Mart İttifaqı”-na qarşı Hizbullah və Amal liderliyində qurulan “8 Mart İttifaqı” zamanla xristianlardan Azad Vətənpərvərlər Hərəkatını (AVH) (Mişel Aun liderliyində sonradan Gebran Bassil), Marada Hərəkatını (Süleyman Fərəngiyə liderliyində), Daşnaq Partiyasını; Dürzilərdən Livan Demokratik Partiyasını (Təlal Aslan liderliyində); Dünyəvi/Pan-ərəb millətçilərindən Suriya Sosial Millətçi Partiyası və Ərəb Sosialist Bəəs Partiyasını da öz ətrafında birləşdirməyi bacardı. 2011-ci ildə bu ittifaq parlamentdə yetərsayı təmin edib üstünlük quraraq Nəcib Mikatinin Baş Nazir olaraq seçilməsinə nail oldu. 2016-cı ildə isə ittifaq Mişel Aunun Livan prezidenti olmasında ciddi səy göstərərək 2022-ci ilə qədər Livan daxili siyasətinə yön verdi. Lakin 2022-ci ilin may ayındakı seçkilərdən sonra ittifaq yetərsayı itirirək parlamentdə dominantlığı itirdi. Bunun bir neçə səbəbi var:

  • 2019-cu ildən başlayan dərin iqtisadi böhran sayəsində AVH-nin (Gebran Bassil) xristianlar üzərindəki təsir gücü itirildi. Sadəcə bu partiya parlamentdə 29 yerdən 17-18 yerə qədər gerilədi və qarşılığında Səmir Cəcə liderliyindəki Livan Qüvvələri 19-20 yerlə xristianların əsas partiyasına çevrildi;
  • 2019-cu ildə ortaya çıxan “17 Oktyabr İnqilabı” sayəsində bitərəf millət vəkillərinin sayında artım yaşandı. İlk dəfə 13 bitərəf millət vəkili parlamentə girməyi bacardı;
  • 4 Avqust 2020-ci ildə Beyrut limanındakı partlayış sayəsində əhalidə Hizbullah və Amal-a inanc sarsıldı;
  • Saad Haririnin seçkiləri boykot etməsi sayəsində sünni seçicilər bitərəflərə və digər kiçik partiyalara səs verdi. Bununla da ittifaqı dəstəkləyən sünnilərin də səsi bölündü;
  • Hizbullahın “kiçik müttəfiqləri” dürzi Təlal Arslan, sünni Faysal Kərami, Eli Ferzli öz ərazilərindəki seçkilərdə məğlub oldu.

May 2022-ci ildən yanvar 2025-ci ilə qədər Livanda prezident seçilə bilmədi. Nəcib Mikati istefa versə də yeni hökümət qurula bilmədiyi üçün müvəqqəti hökümət başçısı rolunu oynadı. Bu proses müxaliflər tərəfindən dövlətin konstitusiyasına qarşı “çevriliş” olaraq dilə gətirildi. Bu müddət ərzində Livan müvəqqəti höküməti heç bir Nazirliyin, Mərkəzi Bankın fəaliyyətini davam etdirməyi bacarmadı. Bununla da Livan üç ilə yaxın müddətdə “uğursuz dövlət” olaraq təsnifləndirildi. Dövlətin aşınması prosesi davam edərkən öz mövcudluğunu qoruyan tək güc Livan Silahlı Qüvvələri (LSQ) oldu. LSQ generalı Cozef Aun öz xarizmatik liderliyini artırarkən, həm Hizbullah zəiflədildi, həm bütövlükdə Levant regionunda geosiyasi dəyişikliklər yaşandı, həm də xarici dəstək təmin edildi. Beləliklə, 2025-ci ildə Cozef Aun Livanın 14-cü prezidenti olaraq seçildi.

  • Regional böhranlar və xarici siyasi dəstək

Nəcib Mikatinin faktiki olaraq dövləti idarə edə bilməməsi Hizbullah ilə LSQ arasında dövlətin bölüşdürülməsinə gətirib çıxaracaqdı. 2022-ci ildə ortaya çıxan hökümət böhranından sonra Livanda maraqları olan xarici dövlətlər də bu prosesdən narahat idi. Bu səbəblə beş dövlətin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) dəstəyilə 6 fevral 2023-cü ildə Parisdə “Quintet” (Beşli Qrup) yaradıldı. Bu dövlətlərin Livandakı səfirləri mütəmadi olaraq Livan nümayəndələri ilə görüşərək prezidentlik üçün ortaq namizədin formalaşmasına çalışacaqlardı. Bu proses uğurlu şəkildə irəliləyə bilmirdi. Çünki həm bu beş dövlətin ortaq namizədi, həm də real sahədəki güclər eyni deyildi. Hizbullahın Livanda LSQ-dən daha güclü olması höküməti formalaşdırmağa mane olurdu. Xalq isə yuxarıda bəhs edilən səbəblərdən dolayı Hizbullah kurasiyasında hökümətin qurulmasında maraqlı deyildi. Adətən Livan tarixində bu kimi hallar yaşandığı zaman vətəndaş müharibələri baş verir, daha sonra güclülərin formalaşdığı hökümətlər dövləti idarə edirdi. Bu dəfə proseslər bir qədər fərqli oldu.

7 Oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı başlatdığı hücumdan sonra bütövlükdə Levant regionu dəyişikliyə uğradı. Bu dəfə Livanda baş verəcək vətəndaş müharibəsi yerini qonşuluqdakı müharibə ilə əvəzlədi. Hizbullahın ənənəvi düşməni İsrailin bir-başa müharibəyə qoşulması ilə Hizbullah da zamanla müharibəyə çəkildi. Həsən Nəsrullah liderliyində Hizbullah, Həmas-İsrail münaqişəsinə 8 Oktyabr 2023-cü ildə qatılsa da faktiki olaraq İsrail ilə müharibə daha çox 2024-cü ilin yazından etibarən başlandı. Hizbullah üçün əsas dağıdıcı zərbə 17-18 sentyabr 2024-cü ildə yaşandı. “Peycer Əməliyyatı” ilə Hizbullahın əsas komandirləri və əsgərləri ya öldürüldü, ya da əllərini itirərək yararsız hala gətirildi. Bu prestij itkisindən 9 gün sonra (27 sentyabrda) Hizbullahın 32-illik xarizmatik lideri Həsən Nəsrullah İsrail hücumları nəticəsində öldürüldü. Nəsrullahdan sonra potensial lider ola biləcək Fuad Şükür kimi bir neçə xarizmatik lider də öldürüldükdən sonra 29 oktyabrda Naim Qasım Hizbullahın Baş Katibi oldu.

Naim Qasım, Nəsrullahdan fərqli olaraq xarizmatik lider deyildi. Onun əsas inancının Nəcəf şiə məktəbinə yaxın olması (müəllimi Fadlallah Nəcəf məktəbinin tanınmış ayətullalarındandır.) da İranla koordinasiyanın nisbətən pozulmasına, Livanın ön planda tutulmasına gətirib çıxardı.

Noyabr 2024-cü ildə ABŞ və Fransanın vasitəçiliyi ilə Livan və İsrail arasında ilkin variantda 60 günlük atəşkəs imzalandı. Atəşkəsə görə Hizbullah silahsızlandırılmalı və Litani çayının şimalına doğru geri çəkilməli idi. 2006-cı ildə imzalanan anlaşmadan fərqli olaraq bu dəfə cavabdeh tərəf LSQ idi və İsrail Litaniyə qədərki ərazilərdə hava əməliyyatları keçirə bilərdi.

Hizbullah bununla da Livan siyasi və hərbi həyatında ciddi şəkildə güc itirdi. Müstəqil mənbələrin iddiasına görə, Hizbullah öz silahlı gücünün 75 faizə qədərini itirdi. Geri qalan silahları isə gizlətməyi bacardı. Digər tərəfdən 8 dekabr 2024-cü ildə Suriyada Əsəd rejimi dağıldı. Bu dağılma nəticəsində İranın qurmuş olduğu logistika xətti çökdü. Hizbullah həm silahlarını itirdi, həm də təminat yollarından oldu.

Beləliklə, hərbi səhnədə sadəcə LSQ, siyasi səhnədə isə onun rəhbəri Cozef Aun qaldı. Heç təsadüfi deyil ki, 9 Yanvar 2025-ci ildə Cozef Aun Livanın 14-cü Prezidenti seçildi. Aun maronit (ərəb xristian) olduğu üçün  “Quintet”-in ərəb üzvlərindən dəstək aldı, Fransaya yaxınlıqdan dolayı həm də Fransadan dəstək ala bildi. Livan Amerikan Universitetində təhsil aldığı üçün  ABŞ ilə də yüksək səviyyəli əlaqələri mövcud idi. Üstəlik Suriyada Əhməd Şara hökümətinə də yaxın olmaması onu ideal namizədə çevirmişdi. Bütün şərtlərin uyğunlaşması ilə Aun Livan dövlətinin rəhbəri seçildi və Hizbullahı tərki silah etmə sözü verdi.

 

  • “12 günlük müharibə” və “Epik qəzəb əməliyyatı” zamanı Livanın vəziyyəti

“12 Günlük Müharibə” zamanı Naim Qasımın şəxsi baxışı və Livandakı güc boşluğu onu bir-başa əməliyyatlarda iştirakdan çəkindirdi. “Epik Qəzəb Əməliyyatı” zamanı Livanın bu müharibədən yayınmaq istəməsi, Hizbullahın isə seçim qarşısında qaldığı görülməkdədir. Hizbullah, İran Ali Dini Liderinin öldürülməsindən sonra gözləmə mövqeyi seçdi. Burada önəmli olan meyarlardan biri silahların azlığı idisə, digəri İraq Dini Lideri Sistaninin səssiz qalması idi. Hizbullah Sistaninin səssizliyindən sonra İranın yeni Dini Liderinə biət etdi. Bununla da müharibəyə rəsmi olaraq qatıldı.

Cozef Aun Hizbullahı tərki silah etməyi bacarmadığı kimi Livanın cənub sərhədlərindəki təhlükəsizliyi də təmin edə bilmədi. İsrail Livana hücumlarını 1 mart 2026-cı ildən etibarən başlatdı. Buna cavab olaraq 3 martda Hizbullah raket və dronlarla İsrailin Ramat David Hava bazasına və Meron Bazasına hücumlar təşkil etdi. Münaqişənin 10-cu günündən sonra İranın da İsraili ağır şəkildə vurması ilə Hizbullah da münaqişəyə aktiv şəkildə qatıldı. Hizbullahın yenidən hərbi səhnəyə çıxması Aun üçün siqnal oldu. Livan parlamenti 10 martda seçkilərin 2 il müddətinə ertələnməsi haqda qərar qəbul etdi. Hizbullahın sahədə təkrar güclənməsinə adekvat olaraq Cozef Aun iqtidarı bu şəkildə qorumağı hədəfləməkdədir.

İsrail Livanın cənubunda Hizbullahla savaşlarda tanklardan istifadə etməyə başladı. Özəlliklə 14 martda Hiyam və Adisa təpələri uğrunda gedən döyüşlərdə, Hizbullah öz istehsalı olan “Almas” anti-tank raketləri ilə İsrail qüvvələrini mühasirəyə almağı bacardı. Bu hadisədə İsrail tərəfi 10-a yaxın itki verdi. Quru əməliyyatının bacarıqlı olmamasından sonra “Quintet” təkrar aktivləşdi. Livan Baş Naziri Navaf Salam atəşkəs anlaşması üçün hərəkətə keçdi. Burada əsas diqqət çəkən məqam odur ki, “Quintet”-in irəli sürdüyü təklifdə Hizbullahın Litani çayına qədər yox Avali çayına qədər geri çəkilməsi təklif edilir. Bu da İsrailə Beyrut üzərində fiziki təhdid hiss etdirəcək qədər hərbi güc qazandıra bilər. Xəritə 1-də Litani və Avali çaylarının mövqeyini və Beyruta yaxınlığı görülə bilər.

Xəritə 1: Livandakı çaylar

Hizbullahın təchizat-logistika xəttinin kəsilməsindən sonra İsrailə hələ də hücum etməsinin də bir neçə səbəbi mövcuddur:

  • Livan və Suriya sərhəddi dağlıq ərazilərdən keçməkdədir. Suriya isə hələ də tam olaraq dövlətləşməyi bacara bilməyib. Bu səbəbdən Hizbullah qaçaq yollarla (özəlliklə Əl-Quseyr xətti ilə) silah təminatını davam etdirə bilməkdədir.
  • Hizbullahın əlindəki silahların  əksəriyyəti köhnə raketlərdir (qrad, katyuşa və.s). Buraya köhnə tipli kornetlər də daxildir.
  • Hizbullahın 150 minlik raket sistemindən hələ də 25 minə yaxını mövcud inventarda qalmaqdadır. (Burada raket deyərkən ballistik yox, çox bəsit, yaxın mənzilli raketlər nəzərdə tutulur.)
  • Hizbullahın Livan daxilində hərbi silah istehsalı zavodları mövcuddur. Hizbullah bu zavodlarda Shahed-101 dronları, Fateh-110 və yerli versiyası olan Fadi 1, 2, 3 tipli 200 km mənzilli raketlər, “Almas” tipli yerli anti-tank silahlarını istehsal edir.

Bütün bu faktorlar və üstəlik Hizbullahın partizan müharibə aparma bacarığı münaqişəni uzatmaq üçün onlara əlavə stimul verməkdədir.

  • Nəticə

İsrail-ABŞ tandeminin İrana qarşı başlatdığı müharibə ilk günlərdən bəri İranın seçdiyi total müharibə taktikasından dolayı getdikcə regional müharibəyə çevrilməkdədir. Bu müharibənin sadəcə hava müharibəsi şəklində davam etdirilməsi həm qaynaqlar baxımından, həm də hədəflərə çatılmaq baxımından olduqca çətindir. Burada tərəflər özlərinin yerinə savaşacaq quru gücü axtarışındadır. İran həm bunu uğurla idarə edə bilib, həm də yuxarıda bəhs edilən Livan daxili siyasətinin Hizbullah üçün yaratdığı çıxılmaz vəziyyət Hizbullahı təkrar İsrail ilə savaşmağa cəsarətləndirib.

16 mart tarixi etibarilə İsrail, Hizbullaha qarşı Livanda limitli quru əməliyyatlarına başladığını elan etdi. Bu münaqişənin irəliləmə tempinə bağlı olaraq əməliyyatların uzanması ehtimalı mümkündür. İsrail MN Livanı qurudan işğal edib, daha sonra ilhaq etməklə hədələyərək əslində ABŞ-nin öncüllük etdiyi yenilənmiş atəşkəs təklifinə qarşı çıxıb.

İranla başladılan müharibə yanlış proqnozlaşdırıldığı üçün müttəfiqlər üçün strateji məğlubiyyət səviyyəsinə keçid etdi. Hizbullahın quru müharibəsindəki rolu da həddən artıq zəif proqnozlaşdırılıb. Çünki bu müharibə Hizbullah üçün də mövcudiyyət müharibəsidir.

Hizbullah quru döyüşlərində məğlub edilərsə, Livanda iki ssenari mövcud ola bilər: 1) Livan şiə əhalisi siyasətə adaptasiya olunub dövləti və LSQ-yi dəstəkləyəcək; 2) Hizbullahsız qalan şiə əhaliyə qarşı digər icmaların silahlı nümayəndələri hücuma keçəcək. Bu ehtimallardan ikincinin, yəni Livanda vətəndaş müharibəsinin yaşanması ehtimalı getdikcə yüksəlir. Digər tərəfdən total müharibədən İranın məğlubiyyətsiz çıxışı, Hizbullahın çökdürülə bilməməsi onu təkrar gücləndirə bilər. Bu halda isə eynən 2006-2022-ci illərdə olduğuna bənzər güc proyeksiyası mövcud ola bilər.

Novruzəli Yusubzadə