AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIBMI? – 1
27.01.2012, Araz ASLANLI

İranın nüvə proqramı niyə təhlükəlidir?
İranın nüvə proqramı ilə bağlı problem artıq uzun müddətdir ki, “müharibə müstəvisində” davam edir. 2000-ci illərin əvvəllərində İranın nüvə proqramına dair gizli məlumatlar ortaya çıxdıqdan sonra dünyada İranın nüvə silahına sahib olmaq istəyinə dair təhlükə siqnalları çalmağa başlamışdır. İran bunu təkzib etməyə çalışsa da hər dəfə ortaya çıxan gizli məlumatlarla inandırıcılığı getdikcə azalmışdır. Bir müddət beynəlxalq təşkilatların müxtəlif təşəbbüsləri, tədbirləri, müxtəlif vasitəçilik səyləri və hətta sanksiyalar yoluyla İranın nüvə proqramının dayandırılması ya da heç olmasa şəffaflığının təmin edilməsi üçün səylər göstərilmişdir. Bu cür təşəbbüslər bir müddət İranın öz nüvə proqramı ilə bağlı iddia etdiyi kimi dinc xarakterli olmuşdur. Amma  İranın ümumiyyətlə xarici siyasətinin Əhmədinejadla birlikdə getdikcə daha radikal xarakter almağa başlaması və nüvə fəaliyyətinə dair artıq qeyd etdiyimiz kimi şübhələrin azalmaq əvəzinə artması İrana hərbi müdaxiləyə dair əvvəlcə bəyanatların, sonra isə konkret ssenarilərin gündəmə gəlməsinə səbəb olmuşdur.
Əvvəlcə İranın nüvə proqramının niyə bu qədər mübahisə mövzusu olması barədə fikirlərimizi bölüşək. İran rəsmiləri və İranın bu barədəki mövqeyini müdafiə edən bəzi dairələr vaxtaşırı “başqa ölkələr nüvə silahına sahib olduğu halda nəyə görə İranın nüvə proqramına etiraz edildiyinə” dair suallar verirlər. İlk başda haqlı kimi görünən bu sualın cavabları əslində sadədir.
Aydın məsələdir ki, ümumiyyətlə nüvə silahının müvcudluğu ona sahib olan dövlətin hansı rejimə sahib olmasından asılı olmayaraq təhlükəlidir. Reallaşma ehtimalı şox yüksək olmamaqla bərabər dünyanın nüvə silahından tam xilas olması da təbii ki, ən böyük dinc xarakterli arzulardan biridir.
Eyni zamanda müxtəlif ölkələrin nüvə texnologiyası ilə bağlı yanaşmaları, nüvə silahına sahib olan İsrailə qarşı o qədər ciddi görünməyən etirazlar fonunda İrana sərt etiraz etmələri, hətta İranın nüvə proqramının tarixi belə Qərbin də bu barədə çox səmimi mövqelərə sahib olmadığını və məsələlərə ikili standartlarla yanaşdığını göstərir. Amma biz məsələyə Qərb prizması ilə yox, məhz ümumi prinsiplərlə yanaşılmasının tərəfdarıyıq.
İlk məqam nüvə texnologiyasının riskləri ilə bağlıdır. Nüvə enerjisi və texnologiyası 20-ci əsrin ən böyük elmi uğurlarından biri və insanlıq üçün tibb də daxil olmaqla müxtəlif sahələrdə faydalı olmaqla yanaşı hətta dinc xarakterli olduqda belə ən çox riskə malik olan sahələrdən biridir. Çernobıl fəlakəti və eləcə də nəticələri hələ də tam olaraq ortadan qaldırılmayan Fukuşima fəlakəti bunun ən önəmli nümunələrindəndir. SSRİ kimi qlobal gücün və Yaponiya kimi yüksək texnologiyaya malik dünyanın ən çox inkişaf etmiş dövlətlərindən birinin qarşılaşdığı fəlakət (xüsusilə sonuncusu) ümumilikdə dünyada nüvə enerjisinə qarşı fikirlərin artmasına səbəb olmuşdur. Fransa və Almaniya da daxil olmaqla Avropanın inkişaf etmiş dövlətlərində atom elektrik stansiyalarından imtina ilə bağlı addımlar atılmağa başlamışdır. İnsanlıq nüvə enerjisi ilə bağlı olaraq risklərin qazanclardan daha yüksək olduğuna dair fikirlərə daha çox yönəlməyə başlamışdır.
Bu mənada İran bir neçə istiqamətdə xüsusi diqqət cəlb edir. Əvvəla, İran nüvə enerjisinə Yaponiya, Almaniya və Fransa (o cümlədən, Türkiyə də daxil olmaqla digər çox sayıdakı dövlət) qədər ehtiyac duymur. İran dünyada enerji ehtiyatlarına ən çox malik olan dövlətlərdən biridir. İkincisi, İranın öz texnoloji imkanları bu qeyd olunan dövlətlər qədər deyil. Eyni zamanda İran bu sahədə embarqoya məruz qaldığından yüksək nüvə texnologiyasını transfer etmək imkanları da məhduddur. İranla bağlı ən təhlükəli məqamlardan biri onun, təəssüf ki, seysmik (zəlzələlərin çox olduğu) bölgədə yerləşməsidir. Dünyada ən çox tələfat və dağıntı ilə nəticələnən zəlzələlər bu ölkədə yaşanmışdır. Elə bu günlərdə də İranda yüzlərlə insanın yaralanması ilə nəticələnən zəlzələ baş vermişdir. Nüvə enerjisinə zəruri ehtiyacı olmayan, texnoloji imkanları məhdud və zəlzələ bölgəsində yerləşən İranın bu istiqamətdəki israrı həm anlaşılan deyil (təbii ki, burda Əhmədinejadın mövzudan siyasi şou məqsədli istifadəsini, daxili və xarici siyasət baxımından digər xüsusi qruplarla bağlı məqamları nəzərdə tutmuruq, normal məntiqdən çıxış edirik), həm də istər İranda yaşayan əhali, istərsə də bölgə və dünya üçün kifayət qədər risklərlə doludur.
Necə olur ki, təbii enerji ehtiyatları kifayət qədər məhdud olan Yaponiya, Almaniya və Fransa (son iki ölkədəki daş kömür ehtiyatlarının İranın neft və təbii qaz ehtiyatları ilə müqayisə olunmayacağı aydındır) məcbur qaldıqları nüvə enerjisindən imtina barədə düşünürlər, amma İran yox. Digər yandan İran özünü yeni enerji mənbələrinə möhtac hiss edirsə nəyə görə, məsələn, alternativ və yenilənə bilən enerjiyə daha çox əhəmiyyət vermir. Qısacası, İranın nüvə proqramı hətta rəsmilərinin iddia etdiyi kimi dinc xarakterli olsa belə kifayət qədər sualların meydana çıxmasına mane ola bilmir.
Digər yandan İranın nüvə proqramının dinc xarakterli olması kifayət qədər şübhələrlə doludur. Hər dəfə beynəlxalq təşkilatların, İranın nüvə proqramı ilə bağlı hansısa addımından sonradan xəbər tutmaları, İranın həm beynəlxalq müqavilələrlə üzərinə götürüdüyü öhdəliklərə, həm də artıq illərdir apardığı danışıqlar prosesində verdiyi sözlərə ziddir. Əksəriyyət İranın bu addımlarıyla proqramının əsl xarakterini gizlədiyini, bunun da proqramın əslində dinc xarakterli olmamasından qaynaqlandığını düşünür. İranın raket texnologiyası ilə bağlı addımları da onun nüvə silahına sahib olmaq iddiaları ilə üst-üstə düşür.
Başqa bir məqam İran rejiminin xarakteri ilə bağlıdır. İranın xarici siyasətdə normal, hər zaman və bütün dövlətlər tərəfindən əməl olunmasa da dünyada ümumən qəbul olunan prinsiplərdən uzaq görüntüyə sahibdir. İran prezidentinin başqa dövlətləri xəritədən silməklə bağlı verdiyi bəyanatlar, İranın xarici siyasətdə terrordan rəsmi qaydada vasitə kimi istifadə etməsi, başqa dövlətlərin, xüsusilə qonşularının daxili işlərinə və xarisi siyasətinə müdaxiləyə adət etməsi, rejim ixracı təşəbbüsləri (bu barədə İranın tək olmadığı da mübahisəsizdir) bu ölkənin addımlarının proqnozlaşdırılması problemini ortaya çıxarır. Nüvə silahına sahib olacaq İranın bu silahdan istifadə edib etməyəcəyi, rejim ixracı siyasətində nüvə silahı amilinə necə müraciər edəcəyi sual altındadır. Hətta bu istiqamətdəki sualların cavabları onun qonşuları və beynəlxalq aləm üçün qədər də müsbət deyil.
Bütün bu qeyd olunanlar nəzərə alındıqda İranın nüvə proqramıyla bağlı tərəddüdlərin yüksək olması kifayət qədər normal qəbul olunmalıdır. Növbəti yazımızda isə İran ilə Qərb arasında artıq başlayan nüvə müharibəsi barədə fikirlərimizi bölüşəcəyik.

Populyar xəbərlər