AZ RU EN
Qafsam
Foto Qalereya
Tarixə görə axtarış
İRAN XARİCİ SİYASƏTİNİN DƏYİŞİM MACƏRASI – 1
27.01.2012, Dr. Nazim CƏFƏRSOY

Son dövrlərdə İran xarici siyasət anlayışı və bu çərçivədə atdığı addımlar davamlı beynəlxalq gündəmin diqqət mərkəzində olub. Xatırladaq ki, daha əvvəlki yazımızda İranın islami perspektivə əsaslanan xarici siyasət anlayışı davamlılığı təmin edən xarakterik xüsusiyyətlərini təhlil  etmişdik. İki hissədən ibarət bu yazıda isə 1979-cu il inqilabından sonra daxili hakimiyyət mübarizəsinə paralel olaraq İran xarici siyasətinin əsasını təşkil edən anlayışlar və bu anlayışların  dəyişim prosesi qiymətləndiriləcəkdir.

Qeyd edək ki, İran xarici siyasəti 33 il ərzində mühüm bir dəyişim macərası da keçirib.  Ümumilikdə bu xarici siyasətin dəyişimində İrandakı rejim daxili iqtidar mübarizəsinin gedişatı əsas dinamikanı təşkil edib. Bu çərçivədə istər ingilabın özü, istərsə də 1979-da Tehrandakı ABŞ səfirliyinə basqın, 1989-cu ildə Salman Rüşdünün ölümünə fitva verilməsi və “mədəniyyətlərarası diyaloq” təşəbbüsü sadəcə daxildə deyil, eyni zamanda xarici siyasətdə də mühüm dəyişiklikləri simbolizə etməkdədir.[1] Elə 2005-ci ildə yeni muhafizəkarların hakimiyyətə gəlişin elanı olan Mahmud Əhmədinejadın prezident seçilməsindən sonrakı dövr də İran daxilindəki iqtidar mübarizəsinin xarici siyasətdəki təsirlərinin yeni bir nümunəsi kimi qiymətləndirilə bilər.

Ümumilikdə, 1979 inqilabından sonra İran xarici siyasətini ‘strateji/idelojik yol seçimi’ (1979-1980), ‘qarşıdurma’ (1980-1988), ‘uyğunlaşma’ (1989-1997), ‘yumşalma’ (1997-2005) və ‘rədd etmə’ (2005-ci il sonrası)  olmaq üzrə beş əsas dövrə ayırmaq mümkündür.[2]

Strateji/ideloji yol seçimi (1979-1980)

“Strateji/idelojik yol seçimi” kimi xarakterizə edilə biləcək və inqilabın birinci ilini əhatə edən ilk dövrdə İranda inqilabçılar arasında xarici siyasətə dair iki əsas yanaşma vardı: Bir yanda Müvəqqəti hökümət digər ölkələrlə dost münasibətlər qurmaq istəyirdi, digər yandan içində solcularla dünyanı “Qərb”, “Şərq” və “digərləri” şəklində üç hissəyə   bölənlərin olduğu radikallar isə beynəlxalq sistemdə inqilab edilməsini müdafiə edirdilər.[3] Birinci yanaşmanı müdafiə edənlər xarici siyasətin əsas məqsədinin Iranın milli maraqlarının müdafiəsi üçün onun müstəqilliyinin müdafiəsi və digər ölkələrlə dostca münasibətlər qurma olduğunu vurğulayırdılar.[4] Bu çərçivədə, Müvəqqəti hökümətin Baş naziri Mehdi Bazarqan İranı bloklara qoşulmayan ölkələr hərəkatının üzvü olmasına və buna paralel olaraq CENTO-dan çıxmasına çalışır, şahı dəstəkləyən ABŞ-la münasibətlərin tamamiylə kəsilməsinə isə qarşı çıxırdı.[5]

İkinci yanaşmanı müdafiə edənlər isə qlobal miqyasda idealist bir anlayış çərçivəsində inqilab ixracı uğrunda mübarizəni genişlətmək istəyirdilər.

1979-cu ilin noyabrında İranlı tələbələrin ABŞ səfirliyinə basqını bu paradiqmanın ən mühüm nümusəsi kimi gündəmə gəlməklə yanaşı, daxildə Bazarqan hökümətinin devrilməsinə səbəb oldu. Xaricdə isə bu hadisə  bölgə ölkələri ilə Qərb və Şərq bloklarının İranla bağlı narahatçılıqlarını gücləndirdi. ABŞ səfirliyinə basqına dair BMT qərarının çıxmasına mane olan SSRİ belə daxilindəki müsülman əhalisinə malik respublikalar səbəbiylə narahatçılıq keçirməyə başlamışdı.[6] ABŞ səfirliyinə basqın ilə İran daxilində mövqelərini gücləndirən radikallar, İran-İraq müharibəsi ilə ölkədəki mövqelərini daha da gücləndirdilər.

Qarşıdurma (1980-1988)

İran xarici siyasətində ‘qarşıdurma’ (1980-1988) kimi xarakterizə edilən ikinci dövr dünyəvi fikirləri ilə bilinən Baş nazir Bazarqandan sonra, sol təmayüllü prezident Bəni Sədrin devrilməsi və islamcı radikalların siyasi sistemə tamamilə hakim olması ilə başlamışdır.[7] 1979-cu ildəki inqilab əslində şaha və monarxiyaya qarşı İranda islamcı, solcu və digər siyasi aktyorların koalisiyasının nəticəsiydi. Ancaq inqilabdan sonra İranda islamcılar iktidar mücadiləsində koalisyasının digər aktyorlarının siyasi və sıx-sıx da fiziki olaraq iktidar mübarizəsindən kənarlaşdırdılar. Bu dövr digər bütün sahələrdə olduğu kimi İran xarici siyasəti də ölkədə əsas gücə malik dini rəhbər Ayəttullah Xomeyninin monarxiya, Qərb xüsusən də ABŞ və İsrail əleyhdarı, anti imperyalist və İslamı əsas alan görüşləri çərçivəsində formalaşdırıldı.[8]

Qarşıdurma dövründə İran İraqla müharibənin “həqiqət” ilə “yanlış”ın mübarizəsi kimi xarakterizə edərək və “yanlış”ın simbolu kimi xarakterizə etdiyi İraqın məhvini əsas məqsəd kimi qoydu.[9] Yenə 1983-cü ildə İranın Pasdaran  qüvvələrinin, İsrailin hucumuna cavab olaraq Livana göndərilməsi bu anlayışın nümunəsi sayıla bilər. Müxtəlif Ərəb ölkələrində inqilabi təşkilat və qrupları dəstəkləyən İranın KİV orqanlarında isə Müsəlman dünyasındakı xəbərlər xarici deyil, daxili xəbərlərin bir hissəsi kimi verilirdi. İran rəsmiləri BMT-ni “super güclərin oyuncağı” kimi xarakterizə edir, mövcud beynəlxalq sistemdə dəyişikliklər etmək üçün bloklara qoşulmayan ölkələr hərəkatı kimi qurumları fəallaşdırmağa çalışırdılar.[10] İranın bu yanaşması Qərb və Ərəb ölkələrində ciddi narahatçılığa səbəb oldu. 1981-ci ilin 25 mayında Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyit, Oman və Səudiyyə Ərəbistanın Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Təşkilatı, ya da digər adı ilə Körfəz Əməkdaşlıq Təşkilatını qurması bu narahatçılığın əsas nümunələrindən biri idi.[11] Yenə bu narahatçılıq bir çox Ərəb ölkəsini İraqı dəstəkləməyə sövq edərkən, Misir və Sudan ordularının İranla müharibənin astanasına gəlməsi İranın ortaq İslam ümməti qurma və İslam dünyasına liderliyi hədəflərini ciddi şəklidə təhlükə altına aldı.[12] İran və Səudiyyə Ərəbistanı arasında  1987-ci ildə “İran hacılarının qırğını” hadisəsi də bu dövrə təsadüf edir.

Uyğunlaşma (1989-1997)

İraqla müharibənin 1988-ci ildə qurtarması isə İran xarici siyasətində ‘uyğunlaşma’ (1989-1997) dövrünün xəbərçisi oldu. Müharibənin ölkə ərazisinə, əhalisinə və iqtisadiyyatına vurduğu ziyan xarici siyasətdə digər ölkələrlə münasibətlərin inkişafını, ölkənin inkişafı üçün münasib qlobal və regional şərtlərin təmini, ölkədəki sosyo-iqtisadi vəziyyətin yaxşıladırılması üçün vacib olan xarici sərmayənin gəlişini asanlaşdırmaq kimi hədəfləri önə çıxardı.[13] 1989-cu ildə İranda “yenidənqurma planının” başlaması prezident Haşimi Rəfsancaninin beynəlxalq münasibətlərdə əsas kursu kimi bölgə ölkələrilə münasibətlərini inkişaf etdirməsi və Qərbə ehtiyatlı yaxınlaşmayı mənimsəməsini gündəmə gətirdi.[14] Bu İran xarici siyasətində ideoloji yanaşmanın yerinə realist yanaşmanın keçdiyi və “rejimi qorumaq” üçün praqmatist anlayışın üstünlük təşkil etməyə başladığını göstərməkdə idi.[15] Bu anlayış çərçivəsində xüsusən Rəfsancaninin ilk prezidentliyi dövründə (1989-1993) SSRİ və Böyük Britaniya ilə münasibətlər yaxşılaşdırıldı, İran Küveyt böhranında tərəfsiz qaldı, İraqla münasibətlərini normallaşdırmağa başladı, BMT ilə münaisbətlərini gücləndirdi və Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankından borc istədi.[16] Livandakı  girov böhranında müsbət rol oynayan İran, Səudiyyə Ərəbistanı ilə “hacılar böhranı” səbəbilə pozulan münasibətləri bərpa etməyə başladı. Ancaq Rəfsancaninin ilk dövrünün daha başında, yəni 1989-cu ilin yanvarında İran məhkəməsinin Salman Rüşdünün edam fərmanını verməsi xüsusən Qərblə münasibətlərin inkişafına ciddi maneə yaratdı.[17] Birinci dövrlə müqayisədə Rəfsancaninin ikinci prezidentlik dövrü (1993-1997) Qərblə böhranlarla önə çıxdı.[18] Xüsusən  İran müxalifətinin bəzi nümayəndələrinin Avropada sui-qəsdlərlə öldürülməsi rəsmi Tehranının Avropa Birliyi ilə münasibətlərində gərginlik yaratdı.[19]

Digər tərəfdən, yenə bu dövrdə ABŞ-ın İrana siyasi və iqtisadi təzyiqləri güclənməyə başladı. Bu çərçivədə 1993-cü ilin mayında ABŞ İraqla birlikdə İranı da hədəf alan “ikili məhdudiyyət” siyasətini elan etdi.[20] Yenə 1995-ci ilin aprelində  ABŞ Kongresinin qəbul etdiyi və Bill Klintonun 1996-cı ildə imzaladığı embarqo qərarı ilə İran neft sənayesinə 40  milyon dollardan cox sərmayə qoyan şirkətlərin cəzalandırılması qərarlaşdırıldı. Bu dövr eyni zamanda Əfqanıstandakı Taliban hakimiyyəti səbəbilə İranın bu ölkə və Pakistanla münasibətlərin gərginləşməsi, islamı təməyyüllü Ərbakan hökümətinin istefa etdirilməsi ilə Türkiyə ilə münasibətlərin pisləşməsi və Bəsrə körfəzindəki üç İran adası səbəbilə Birləşmiş Ərəb Əmirlikləri ilə yaşanan problemlər bu çərçivədə də Ərəblərlə münasibətlərin gərginləşməsi ilə yadda qaldı.[21] Qərblə problemlər İran iqtisadiyyatının inkişafı üçün ciddi maneələr meydana çıxardı. Hadisələrin bu şəkildə inkişafı İranın başda Rusiya və Çin olmaqla Şərqə doğru yönəlməsinə səbəb oldu. Hazırda beynəlxalq arenada diqqət mərkəzində olan  Buşer AES-in inşa prosesi də Rusiya ilə  elə  bu dövrdə, daha dəqiq desək, 1995-ci ilin yanvar ayında imzalanan müqavilə ilə başlamışdır.
[1] Zbigniew Brzezinski və Robert M. Gates, Iran: Time for a New Approach, USA, Council on Foreign Relations, 2004, s. 17.
[2] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.3, Anoush Ehteshami, “İran’s International Relations: Pragmatism in a Revolutionary Bottle”,  www.dur.ac.uk/…/sgia/TheprogrammefortheFarabiConference01.pdf ( 15 Avqust 2010), s.2,
Ibrahim Mahmoud Yaseen Alnahas, Continuity and Change in the Revolutionary Iran Foreign Policy: The Role of International and Domestic Political Factors in Shaping  the Iranian Foreign Policy, 1979 – 2006, (nəşr edilməmiş doktorluq dissertasiyası), Morgantown, West Virginia 2007, xüsusiylə ss. 82-260, Barbara Ann Rieffer-Flanagan, “Islamic Realpolitik: Understanding Iranian Foreign Policy as a Two Level Game”, www.allacademic.com/meta/p362443_index.html (11 Avqust 2010)
[3] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.4.
[4] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.4.
[5]Alnahas, Continuity and Change in the Revolutionary Iran Foreign Policy: The Role of International and Domestic Political Factors in Shaping  the Iranian Foreign Policy, 1979 – 2006, s. 89. və Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”,  s.4.
[6] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.5.
[7] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.5.
[8] Xomeynin beynəlxal münasibətlərə və xarici siyasətə dair fikirləri üçün baxın: Ibrahim Mahmoud Yaseen Alnahas, Continuity and Change in the Revolutionary Iran Foreign Policy: The Role of International and Domestic Political Factors in Shaping  the Iranian Foreign Policy, 1979 – 2006, (nəşr edilməmiş doktorluq dissertasiyası), Morgantown, West Virginia 2007, xüsusiylə ss. 82-139.
[9] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.5.
[10] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.3.
[11] Bu təşkilat və onun təhlükəsizlik konseptində İranın yerinə dair daha  geniş məlumat üçün baxın: Riad Kahwaji, “Gulf Cooperation Council Threat Perceptions and Deterrence Objectives”  Comparative Strategy, Sayı 22 (5), 2003, ss.515–520. və http://www.gcc-sg.org/eng/index.php (21 Avqust 2010)
[12] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.5.
[13] Alnahas, Continuity and Change in the Revolutionary Iran Foreign Policy: The Role of International and Domestic Political Factors in Shaping  the Iranian Foreign Policy, 1979 – 2006, s, 148-149. və Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.7.
[14] Anoushiravan Ehteshami,”Iran’s Politics and Regional Relations Post-Détente”, Perceptions, Yay 2007, s.29-32.
[15] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.8.
[16] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.9.
[17] Gary Sick, “Iran: Confronting Terrorism”, The Washington Quarterly, Cild 26, Sayı 4, Payız 2003, s. 86.
[18] Bu mövzuda daha geniş məlumat üçün baxınız: Alnahas, Continuity and Change in the Revolutionary Iran Foreign Policy: The Role of International and Domestic Political Factors in Shaping  the Iranian Foreign Policy, 1979 – 2006, ss.173-188.
[19] Steven Emerson, “Tehran and Terrorism: Iran Under President Muhammad Khatami”,http://www.investigativeproject.org/documents/testimony/9.pdf (19 Avqust 2010) s.9-10.
[20] ABŞ-ın İran və İraqı hdədf alan “ikili mühasirə siyasəti mövzusunda geniş məlumat üçün baxınız: Harry L. Myers, The US Policy of Dual Containment Toward Iran and Iraq in Theory and Practice,  Maxwell Air Force Base, Alabama, Aprel 1997,  http://www.au.af.mil/au/awc/awcgate/awc/97-139.pdf
[21] Nabavi, “The Range in İran’s Idealistic Foreign Policy: Ebbs and Tides”, s.10.

Populyar xəbərlər