Hərbi-təhükəsizlik

Cənubi Qafqaz 2006-cı ildə: KODOR DƏRƏSİ ÜSYANI

Pinterest LinkedIn Tumblr

 

2003-cü ilin noyabr ayındakı iqtidar dəyişikliyi prosesindən sonra daxili siyasi böhranlarını əhəmiyyətli dərəcədə azaldan və daha çox ümummilli problemlərinin həlli ilə məşğul olmağa başlayan Gürcüstan, 2006-cı ilin iyulunda ciddi təhlükə ilə qarşı-qarşıya qalmışdır. İyulun 23-də Abxaziya bölgəsinin Gürcüstan hökümətinin nəzarətindəki tək hissəsi olan Kodorda üsyan başlamışdır. Üsyanı 1999-2004-cü illərdə Gürcüstan Prezidentinin Kodordakı xüsusi nümayəndəsi və bölgənin təhlükəsizliyini təmin etmək vəzifəsini daşıyan “Monadire” (“Ovçu”, Rusca “Oxotnik”) adlı xüsusi dəstənin komandiri Emizar Kvitsiani başlatmışdı. Kvitsiani, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilməyə çalışılan xüsusi hərbi dəstələrə aid reformu qəbul etmədiklərini və Kodorda Gürcüstan hakimiyyətini artıq qəbul etmədiklərini bəyan etdi. Kkvitsiani üsyanı başladarken güya iyulun 27-də onların üstlərinə hücum ediləcəyi barədə məlumata malik olduqlarını da açıqlamışdır. İyulun 24-də isə Kvitsianin tələbləri elan edilmişdir. Tələblər arasında Gürcüstanın yüksək fəzlifəli bəzi şəxslərinin dərhal vəzifəlrəindən azad edilməsi də olmuşdur
İyulun 23-də axşam saatlarında Gürcüstan Prezidenti Mixail Saakaşvili Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirmişdir. Gürcüstan hakimiyyəti Kvitsianinin hərəkətinə sərt reaksiya vermiş, Parlamentin Sədri Nino Burcanazde Kvitsianinin Rusiya kəşfiyyatından əmr aldığını iddia etmişdir.
İyulun 25-dən başlayaraq Gürcüstan höküməti bölgəyə hərbi qüvvələr aparmış və ayın 26-da əməliyyat keçirilmişdir. Əməliyyat nəticəsində Kvitsianinin tərəfdarlarının bir hissəsi öldürülmüş, bir hissəsi ələ keçirilmiş, Kvitsiani və az sayıdakı tərəfdarı qaça bilmişdir. Beləcə ilk başlarda İyun 1993-də Azərbaycanda baş verən Gəncə üsyanını xatırladan üsyan cəhdinin qarşısı alınmışdır. Bölgəni nəzarəti altına alan Gürcüstan höküməti “Sürgündəki Abxaziya Hökümətini” də bölgəyə daşıyacaqlarını açıqlamışdır.
Abxaziya nümayəndələri Gürcüstanın öz ordu birləşmələrini bölgəyə gətirdiyini və əsl məqsədin Abxaziyaya hücum hazırlığı olduğunu qeyd etmişdir. Gürcüstan rəsmiləri isə ordunun bölgəyə aparılmadığını, sadəcə olaraq Daxili İşlər Nazirliyi tərəfindən anti-terror əməliyyatı keçirildiyini açıqlamışdır. Rusiya Gürcüstanın Kodordakı əməliyyatını 14 May 1994-cü il tarixli Moskva müqaviləsinə zidd hesab edərək sərt tənqid etmiş, ABŞ isə dəstəkləmişdir.

Araz Aslanlı