Hərbi-təhükəsizlik

YAXIN QONŞULUQ, QARDAŞLIQ və STRATEJİ ORTAQLIQ Münasibətlərinə Sahib İki Ölkə: AZƏRBAYCAN-TÜRKİYƏ

Pinterest LinkedIn Tumblr

Noyabrın 6-da Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana 3 günlük səfəri başlayır. Artıq üçüncü dəfə, Türkiyə prezidenti seçildikdən sonrakı ilk rəsmi xarici səfərini Azərbaycana edəcək. Səfər şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərinə öz töhvəsini verəcək. Səfər çərçivəsində Gülün Azərbaycan prezidenti İlham Əliyev, Baş Nazir Artur Rəsizadə ilə görüşəcəyi, Azərbaycan parlamentini, Azərbaycan Dövlət Universitetini, Qafqaz Universitetini ziyarət edəcəyi, həmçinin Gəncəyə səfər edəcəyi gözlənilir.
Bəs bu günə qədərki münasibətlərin ümumi xarakteri necə olmuşdur?
Bu barədə əslində çox uzun yazmaq mümkündür. Burda, sadəcə olaraq ümumi qeydlər nəzərinizə çatdırılacaqdır.
Azərbaycan və Türkiyə Türkləri eyni millətin övladları kimi çox uzun  illər boyunca ortaq həyata, ümumi tarixə sahib olmuşlar. Dövlətləşmə prosesində, tarixin müəyyən mərhələlərində ayrılıqlar ortaya çıxmağa başlamış, ayrı-ayrı dövlətlər qurulmuş və beləliklə eyni millət ayrı dövlətlərdə yaşamağa balşamışdır. Xüsusilə, Səfəvi və Osmanlı dövlətləri dövründə Azərbaycan və Türkiyə Türkləri arasında qopuqluq və cəmiyyətlər səviyyəsində olmasa da dövlətlər səviyyəsində hətta münaqişələr yaşanmışdır. Səfəvi dövləti tarix səhnəsindən qalxdıqdan sonra Azərbaycan ərazisindəki xanlıqlarla Osmanlı dövləti arasında münasibətlər sabit və vahid xəttə sahib olmamış, ancaq iki cəmiyyət arasındakı münasibətlər, xüsusilə, 19-cu əsrin sonları və 20-ci əsrin başlarında kifayət qədər yüksək olmuşdur.
20-ci əsrin başlarında əvvəlcə Şimali Azərbaycanın əksər əraziləri üstündə Azərbaycan Xalq Cumhuriyyəti qurulmuş, daha sonra isə çox çətin bir Qurtuluş Savaşının ardından Osmanlı dövləti torpaqlarının bir hissəsi üzərində Türkiyə Cumhuriyyəti elan edilmişdir. Azərbaycan Xalq Cumhuriyyəti var olmaq və güclənmək üçün Anadolu Türklüyü ilə ciddi münasibətlər qurmağa çalışmışdır. Ancaq bu dövlətin ömrünün uzun olmaması münasibətlərin inkişaf imkanlarını azaltmışdır. Düzdür, Bolşevik Rusiya Azərbaycanı işğal etdikdən sonra da Azərbaycan ilə Türkiyə arasında münasibətlər davam etmişdir. Ancaq bu münasibətlər getdikcə məhdudlaşdırılmış və tam nəzarətə alınmışdır.
Bu illərin həm Azərbaycan Türkləri, həm də Anadolu Türkləri üçün ağır illər olmasına baxmayaraq iki ictimaiyyət bir birinə maksimum dəstək vermək üçün əlindən gələni etmişdir. Türkiyə ərazisində Azərbaycan Türklərinin ideoloji olaraq, Azərbaycan ərazisində isə Türkiyə Türklərinin hərbi olaraq ciddi izləri olmuşdur. Azərbaycan Türkləri Çanaqqala müharibəsində əsgər kimi iştirak etmiş, ümumən Qurtuluş Savaşında öz imkanlarına görə maddi, texniki və humanitar yardımlarını Anadolu Türklüyündən əsirgəməmişlər. Anadolu Türklüyü isə, Bakının işğaldan azad edilməsi, Bakıda və Azərbaycanın müxtəlif bölgələrində Erməni zülmünə son qoyulması, Azərbaycanın mümkün qədər müstəqil dövlət kimi var olması, bu mümkün olmayanda ərazi bütövlüyünün mümkün qədər saxlanması üçün əlindən gələni etmişdir.
Azərbaycanın Sovet İmperiyasının işğalı altında olduğu 1991-ci ilin sonlarına qədər Azərbaycan və Türkiyə ictimaiyyətləri arasında münasibətlər tam kəsilməsə də, çox məhdud səviyyədə olmuşdur. Bu dövlərdəki münasibətlərin əsasını həsrət duyğuları, gizli fəaliyyətlər və məhdud sayıdakı səfərlər təşkil etmişdir.
1991-ci ildə Azərbaycanın şimalında müstəqil dövlətin qurulmasından sonra münasibətlər yenidən çox yüksək səviyyəyə çıxmışdır. Əslində, hələ müstəqillik mübarizəsi dövründə Azərbaycanın ən ciddi dəstəyi Türkiyədən aldığı hamılıqla qəbul edilən bir məsələdir. Bu dövrdə Türkiyə Azərbaycanın xeyrinə hətta hər hansı xüsusi bir addım atmasaydı belə, onun sadəcə müstəqil dövlət kimi varlığı belə Azərbaycan üçün böyük mənəvi dəstək demək idi. Azərbaycandakı proseslərin əksəriyyətində Türkiyənin varlığından ilham alındığı görülürdü.
Azərbaycan Ermənistanın işğalçı hərəkətlərinə qarşı ən böyük dəstəyi  müstəqilliyini ilk tanıyan ölkə olan Türkiyədən görmüşdür. Münasibətlərin çox yüksək səviyyəyə çıxarıldığı Əbulfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan ilk neft müqavilələrində ən böyük payı Türkiyəyə verməyə çalışmış, ancaq bu cəhd uğurla başa çatdırıla bilməmişdir.
Başlanğıcda münasibətlərdə olan yüksək xətt, Azərbaycan tərəfinin həddindən artıq yüksək iddiaları və Türkiyədəki bəzi dövlət nümayndələrinin çox çəkingən, ehtiyatlı olması səbəbindən davam etdirilə bilməmişdir. Hətta münasibətlərin “yüksək ümidlər, zəif addımlar” taktikası ilə davam etdirilməsi, münasibətlərin gələcəyi üçün mənfi nüanslar da meydana gətirmişdir. Ancaq daha sonra dövrün reallıqları əsas alınaraq atılan addımlar ilə münasibətlər normal xəttinə düşmüşdür.
Azərbaycanın müstəqilliyə qovuşmasından sonrakı illərdə ikitərəfli münasibətlər müxtəlif mərhələlərdən keçmişdir. Münasibətlərin ilk mərhələsinin əsasını hisslər və ideologiya təşkil etmişdir. Bu vəziyyət iki ölkə üçün də belə olmuşdur və əslində bu normal qarşılanmalıdır. Çünkü həm Azərbaycanda, həm də Türkiyədə rəsmi münasibətlər başlamamışdan əvvəlki dövrdə qarşı tərəf üçün xüsusi həssaslığa sahib olan təbəqə məhz millətçilər olmuşdur.
İkinci mərhələdə ikitərəfli münasibətlərin əsasını şəxsi münasibətlər təşkil etmişdir. Azərbaycan prezidenti Heydər Əliyev ilə Türkiyə prezidenti Süleyman Dəmirəl arasındakı münasibətlər bunun bazir nümunəsi olmuşdur.
Həm Azərbaycanda, həm də Türkiyədə ikitərəfli münasibətləri sadəcə qonşuluq münasibətləri kimi qiymətləndirənlər olmuşdur. Bunlar daha çox liberal və sol ideologiyanın daşıyıcıları olmuşlar.
Hal-hazırda iki ölkə arasındakı münasibətlər həm ideoloji, həm də şəxsi dostluq münasibətləri əsasının çox üstündədir. Münasibətlərin inkişaf etməsini başlanğıcda qısqanclıqla qarşılayan, bunu öz ideoloji maraqlarına zidd görən  təbəqələr belə fikirlərini xeyli dəyişdirmişdir.
Həm Azərbaycanda, həm də Türkiyədə sırf dövlət maraqlarını önə şəkənlər belə, çox vaxt qarşılıqlı olaraq digər ölkəni əsas strateji müttəfiq kimi təqdim edirlər. İki ölkənin ictimaiyyətləri bir birinin problemlərinə və bayramlarına ən yüksək həssaslığı göstərirlər. İctimai rəydə ən yüksək sevgi Azərbaycanda Türkiyəyə, Türkiyədə isə Azərbaycanadır. Hətta müxtəlif dövrlərdə hər iki cəmiyyətdə iki dövlətin konfederasiya təşkil etməsi mövzusu da müzakirə edilmişdir.
İki ölkə də diplomatik səviyyədə digərinin vacib məsələlərinə həssaslıq göstərməyə davam edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti və digər qlobal miqyaslı layihələr iqtisadi əlaqələrin yüksəkliyinin nümunələrindəndir. Türkiyə tərəfinin Azərbaycan (o cümlədən digər Türk respublikalarının) vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv etməsi atılan son müsbət addımlardan biri oldu.
Ancaq münasibətlərin mövcud səviyyəsi ilə əlaqədar tənqidi məqamlar da az deyil. Ölkə rəsmiləri, bir birlərinin problemlərinə cəmiyyətlər qədər həssas deyil. Qarşılıqlı olaraq qoyulan sərmayələr münasibətlərin potensialının altındadır. Azərbaycan hələ də Türkiyə vətəndaşlarına viza tətbiq edir. Azərbaycan-Türkiyə hərbi münasibətləri nə Ermənistanın, nə də Gürcüstanın öz yaxın müttəfiqləri ilə sahib olduqları hərbi münasibətlərlə müqayisə oluna bilməz.
Türkiyə prezidenti Abdullah Gülün bu səfərinin xüsusilə son qeyd edilən məsələlər istiqamətində hansı addımlarla zəngin olması vacibdir. Ancaq bunun belə olub olmadığı səfərin gedişində ortaya çıxacaq.

Araz Aslanlı