İyunun 4-də Azərbaycanın Türkiyə ilə həmsərhəd Naxçıvan bölgəsində prezident İlham Əliyev ilə Türkiyənin Baş Naziri Recep Tayyip Erdoğan arasında görüş keçirilmişdir. Qeyd edək ki, Erdoğanla bərabər Naxçıvana gələn heyətdə Türkiyənin Nəqliyyat Naziri Binali Yıldırım, Enerji Naziri Hilmi Güler, Dövlət Naziri Said Yazıcıoğlu və digər dövlət nümayəndələri də yer almışdı. Əvvəlcə liderlər arasında təkbətək, daha sonra isə heyətlər halında görüşlər keçirilmişdir. Görüşlərdən sonra liderlər bəyanatla çıxış etmiş və jurnalistlərin suallarını cavablandırmışlar. Həm görüşlərdə, həm də mətbuat konfransında ikitərəfli münasibətlərin olduqca yüksək səviyyədə olduğu qeyd olunmuş, amma daha çox regional və qlobal layihələrdə birgə iştirak, iki dövlətin vacib məsələləri və bu məsələlərdə tam qarşılıqlı dəstəyin davam etməsi xüsusi vurğulanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ümumən Azərbaycana və xüsusilə blokada şəraitindəki Naxçıvan bölgəsinə verdiyi dəstəyin önəminə, Azərbaycan işadamlarının ən çox Türkiyəyə sərmayə qoymalarına, Azərbaycan və Türkiyənin iştirakı olmadan bölgədə heç bir layihənin reallaşa bilməmasi faktına diqqət çəkdi. Türkiyənin Baş Naziri Erdoğan isə ikitərəfli münasibətlərin yüksək səviyyəsi ilə yanaşı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bütün Türk Dünyası üçün nümunə sayıla biləcək səviyyədə olduğunu, xüsusilə Azərbaycanın Şimali Kipr Türklərinə verdiyi dəstəkdən duyduğu məmnuniyyəti dilə gətirdi. Erdoğan, Türkiyə ilə Azərbaycan arasındakı enerji xəttlərini həm də bütün Türk Dünyası üçün vacib şəbəkə kimi qiymətləndirdi. İki ölkənin liderləri Naxçıvandakı bu görüşün “tarixi əhəmiyyətə malik olduğunu”, “xüsusi məna kəsb etdiyini” və “bölgəyə və dünyaya mesaj” xakarteri daşıdığını vurğuladılar.
İki liderin xanımları Mehriban Əliyeva ilə Emine Erdoğan arasında da görüşlər keçirildi. Liderlər və xanımları Naxçıvanın müxtəlif yerlərini gəzdilər. Erdoğanın səfəri elə həmin gün başa çatdı.
Erdoğanın görüş boyunca Türk həmrəyliyinə diqqət çəkməsi, Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri bütün Türk Dünyası üçün nümunə kimi qiymətləndirməsi, bütün məsələlərdə “bir millət iki dövlət” prinsipinə uyğun hərəkət etmənin zərurətini qeyd etməsi və digər bənzər məqamlar, görüşün sadəcə Azərbaycan-Türkiyə münasibətləri üçün deyil, bütünlükdə Türk Dünyası üçün vacib məqam olduğuna da işarə idi. Görüşdə Şimali Kipr Türk Respublikası da diqqətdən kənarda qalmadı və Erdoğan “xüsusilə Azərbaycanın Şimali Kipr Türklərinə verdiyi dəstəkdən duyduğumuz məmnuniyyəti” ifadə etdi.
Görüşdə iki ölkə arasındakı viza məsələsi də müzakirə edildi. Tam açıq şəkildə deyilməsə də, mətbuat konfransından Türkiyənin Azərbaycan vətəndaşlarının vizasız Türkiyədə qalma müddətini artıracağına, Azərbaycanın da öz növbəsində Türkiyə vətəndaşlarına viza tətbiqini aradan qaldırma istiqamətində addımlar atmağa hazırlaşdığına dair ümidlər ortaya çıxdı.
Görüşün vacib istiqamətlərindən biri də Naxçıvanın blokadadan çıxması yönündəki səylər idi. Görüşdə bölgənin enerji tələbatının ödənməsi və Naxçıvanı nəqliyyat mühasirəsindən çıxarmaq üçün Naxçıvanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşməsi məsələsi də müzakirə olundu. Naxcıvan bölgəsi ilə Türkiyənin sərhədyanı bölgələri arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün xüsusi addımların atılacaöı qeyd olundu. Bütün bunlar digər müsbət məqamlarla yanaşı Naxçıvanda İranın təsirinin azalmasına da səbəb olacaqdır.
Liderlər müxtəlif beynəlxalq təşkilatlarda bigə əməkdaşlığı yüksək qiymətləndirdilər. Xüsusi qeyd olundu ki, 2009-2010-cu illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Türkiyənin üzvlüyünü Azərbaycanın dəstəkləməşdir və eyni şəkildə Türkiyə də 2011-2012-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Azərbaycanın üzvlüyünü dəstəkləyəcəkdir.
Ümumi götürəndə Naxçıvandakı görüş ən azı simvolik cəhətdən böyük mənaya sahib idi. Azərbaycan-Türkiyə sərhəddi ilə yanaşı digər iki ölkənin sərhəddində, həm də biri Azərbaycan ərazilərini yenicə işğal etmiş (Ermənistan), digəri isə Azərbaycan ilə o qədər də xoş münasibətlərə malik olmayan (İran) iki ölkə ilə sərhəddə keçirilən bu görüşün “bölgəyə və dünyaya mesaj”olduğunun liderlər tərəfindən açıqca vuğulanması bunun ifadəsi idi. Bununla yanaşı, görüş, Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxşılaşdırılması, Naxçıvan bölgəsinin blokadadan çıxarılması, Türk Dünyasının inteqrasiyası və s. istiqamətlərdə də xüsusi addımlarla yadda qalmışdır.
Hərbi-təhükəsizlik