http://www.araztm.org/?mod=actual&id=103
2008-ci ilin Avqustunda Cənubi Qafqazda baş verən hadisələrdən sonra Qafqazdakı dondurulmuş münaqişələri həll etmək cəhdlərinin gücləndirilməsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemindən (Qarabağ problemindən) də yan keçmədi. Hətta bu istiqamətdəki cəhdlər diqqət çəkici dərəcədə artdı. Belə ki, Ermənistan-Türkiyə və dolayısıyla Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması istiqamətində səylər başladı, Qafqaz Sabitlik Paktı müzakirə edildi. Bundan başqa problemlə əlaqədar görüşlər ve müzakirələr sıxlaşdırıldı. Üstəlik Moskvada Azərbaycan, Ermənistan və RF prezidentləri arasında keçirilən görüşlərin nəticəsi kimi noyabrın 2-də ortaq bəyannamə imzalandı.
ATƏT-in xarici işlər nazirlərinin Dekabrın əvvəlində Helsinkidə keçirdikləri görüşlərdə də Qarabağ problemi geniş müzakirə mövzusu oldu. Müzakirələrin nəticəsi kimi Dekabrın 4-də ümumi bəyanat qəbul olundu. Dekabrın 15-də İrəvanda keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verən ATƏT-in Baş Katibi Mark Perren de Brişambo (Marc Perrin de Brichambaut) ATƏT-in münaqişəsi üzrə qəbul olunan bəyanatını yüksək qiymətləndirdi. Brişambo açıqlamasında “Helsinkidə 56 xarici işlər nazirinin qəbul etdiyi bəyanat olduqca mühüm sənəd və zirvə oldunu, danışıqlar aparan tərəflərə münaqişənin həlli və danışıqların davam etdirilməsi məsələsində yardım göstərilmək istədiklərini” vurğuladı. Qeyd edək ki, xarici işlər nazirlərinin 4 Dekabr bəyanatında bildirilir ki, tərəflərin imzaladığı Moskva Bəyannaməsi Cənubi Qafqazda sülhün bərqərar olmasına dair ümumi səylərdə yeni və çox şey vəd edən mərhələ açdı. Onu imzalayan prezidentlər isə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik cəhdləri çərçivəsində və onlar tərəfindən ötən il Madriddə irəli sürülən təkliflər əsasında, Azərbaycan və Ermənistan rəhbərləri ilə əməkdaşlığa dair baza prinsipləri əsasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bağlılıqlarını təsdiq ediblər.
Dekabrın 25-də isə ATƏT-in Minsk Qrupunun Həmsədrlərindən biri, Metyu Brayza qeyd edib ki, güc tətbiq edilməməsi Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas komponenti olmalıdır. Onun fikrincə, “münaqişənin hərbi həlli mövcud deyil”. Eyni gün, Rusiya rəsmiləri də bəyanat verərək, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs hallarının tez-tez pozulmasından duyduqları narahatçılığı ifadə etmiş və tərəfləri atəşkəsi pozma hallarından çəkinməyə çağırmışlar.
Göründüyü kimi, bütün səylər əsasən bölgəsədə sabitliyi təminat altına almaq, mümkün müharibələrin qarşısını aslmaq istiqamətində idi. Ancaq bölgədəki problemlərin heç olmasa həlli istiqaməti ədalətli olmadıqca, uzun müddətli sülhü təminat altına almaq mümkün ola bilərmi?
Moskva bəyannaməsində digər məsələlərlə yanaşı, problemin sülh yolu ilə həlli vurğulanmışdı. Bu, çoxları tərəfindən müharibə variantının artıq bir kənara qoyulduğu şəklində izah edilsə də, Azərbaycan Prezidenti İlham Əliyev Noyabrın sonunda İtaliyaya səfəri vaxtı bu ölkənin “RAİ İnternational” televiziyasına 25 noyabrda verdiyi müsahibədə Moskva bəyannaməsinin Azərbaycanın zəruri müdafiə hüququna qəti şəkildə kölgə salmadığını vurğuladı. İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh yolunun tərəfdarıdır, amma problem sülh yolu ilə həll edilmədiyi təqdirdə, öz əraziləırini istənilən yolla azad etmək hüququnu özündə saxlayır. Təbii ki, sülh yolu bölgənin bu günü və gələcəyi üçün daha arzuolunan həll yoludur. Amma, ədaləti bərpa edə bilməyən, işğalçıya haqq qazandıran bir sülh yolu, bölgənin gələcəyini daha böyük bir təhlükə altına alacağı üçün işğala məruz qalan ölkəni hərbi yola müraciət etəyə məcbur edəcəkdir.