Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin Sədri
13 iyun 2007-ci il tarixdə İstanbulun Ümraniyə məhəlləsində bir gecəqonduda 27 əl bombasının tapılması ilə rəsmi olaraq başlayan “Ergenekon” əməliyyatı 2009-cu ilin ilk günlərindəki növbəti dalğası ilə Türkiyə gündəminə yerləşdi. İndiyə qədər 9 mərhələdə ciddi həbslər həyata keçirilmişdi. Sonuncu mərhələdə, məşhur alimlərdən Prof. Dr. Yalçın Kiçik, Milli Təhlükəsizlik Şurasının keçmiş Baş Katibi Tuncer Kılıç, Ali Təhsil Qurumunun keçmiş Sədri Kemal Gürüz, Xüsusi Təyinatlı Ordu Birliklərinin qurucusu və keçmiş rəhbəri İbrahim Şahin, istefada olan Ordu Generalı Kemal Yavuz da daxil olmaqla 30 nəfər həbs olundu.
Xatırladaq ki, indiyə qədər ən ciddi dalğa 2008-ci ilin 1 iyulunda həyata keçirilən 7-ci dalğa olmuşdu. Bu mərhələdə istefada olan Generallar Şener Eruyqur və Hurşit Tolon, Ankara Ticarət Palatasının Sədri və məşhur işadamı Sinan Aygün, nüfuzlu Cumhuriyet qəzetinin Ankara ofisinin rəhbəri Mustafa Balbay və çox sayıda başqa məşhurlar həbs edilmişdi. Bu mərhələdə haqqında həbs qərarı çıxarılan hakim partiyanın keçmiş millət vəkili Turhan Çomez və Jandarma Kəşfiyyatının keçmiş rəhbəri Levent Ersöz xaricdə olduğu üçün onların həbsi mümkün olmamışdı. Ümumilikdə isə, proses boyunca xeyli insan həbs olunub ki, onların arasında istefada olan General Vəli Kiçik (Veli Küçük), Cumhuriyet qəzetinin sahibi İlhan Selçuk, İstanbul Universitetinin keçmiş rektoru Prof. Kemal Alemdaroğlu, İşçi Partiyasının Sədri Doğu Perinçek, məşhur jurnalist Tuncay Özkan, keçmiş Esenyurt Bələdiyyə Başqanı Gürbüz Çapan, İstanbul polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş Müdürü Adil Serdar Saçan da var.
Artıq təxminən ilyarımdır ki, Türkiyə “Ergenekon Davası” gündəmindən xilas ola bilmir. Kiminə görə proses Türkiyədəki mövcud hakimiyyətin müxalifləri susdurma cəhdidir (çünkü proseslə əlaqədar həbs olunanların hamısı hakim partiyaya birmənalı qarşı çıxan insanlardır). Başqa bir qrup isə prosesi, “ölkədəki qeyri-qanuni silahlı qrupların cəzalandırılması” (həbs olunanların bi hissəısinin keçmişdə cinayət törətdiklərinə dair iddialar, tapılan qeyri-qanuni silahlar) kimi görür. Prosesi “dərin dövlətin ortadan qaldırılması təşəbbüsü”, “dərin dövlətin missiyası başa çatmış hissəsinin sıradan çıxarılması”, Türkiyədə ABŞ əleyhdarı xəttin aparıcı simalarının (Avrasiyaçıların) ortadan qaldırılması və hətta ümumilikdə dövlətə sadiq təbəqənin sıradan çıxarılması (həbs olunanların əsasən millətçi və dövlətçi insanlar kimi tanınmaları, bir çoxunun milli məsələlərdə xüsusi fəallıq nümayiş etdirmələri, xüsusilə PKK terroruna qarşı qəhrəmanlıqlar nümayiş etdirmələri və s.) və dövlətin xaricilərə təslim ediıməsi kimi görənlər də mövcuddur. Bunlardan hansının həqiqət olduğuna dair sualların cavabları yəqin ki, Türkiyənin ədalətli məhkəmə sistemi tərəfindən ortaya çıxarılacaqdır. Ancaq indiyə qədərki mərhələ ilə bağlı xüsusi diqqət çəkən məqamlar var.
“Ergenekon davası” prosesində hər iki tərəfdən fəallıq nümayiş etdirənlərin böyük əksəriyyəti prosesi hesablaşma kimi görür və adətən hüquqi zəmindən çox siyasi zəmində hesablaşmağa çalışır. Bu, Türkiyədəki siyasi və ideoloji qütbləşməni daha da kəskinləşdirir. Hər iki tərəf qütbləşmənin kəskinləşməsindən şikayət etdikləri halda, bunu daha da şiddətləndirmək üçün əllərindən gələni edirlər.
Həbslərin həyata keçirilməsi, prokurorun iddiası və digər bəzi məqamlar hüquqi skandal sayıla biləcək səhvlərlə doludur. Həm həbslər həyata keçirilərkən, həm iddianamə hazırlanarkən ciddi qanun pozuntuları baş vermişdir. Gizlilik qaydaları tətbiq edilməli olan yerlərdə şəxsi həyatlarla bağlı məlumatlar lazımsız dərəcədə açıqlanmış, eyn i zamanda prosesin gizliliyi ilə bağlı məqamlara demək olar ki, diqqət yetirilməmişdir. Şübhəszi ki, bütün bu qeyd edilən məqamlarla bağlı olaraq ayrıca prokuror məhkəməyə verilmişdir və o proses də davam edir.
Başqa bir maraqlı məqam, çox ciddi həbslərdən və çoxlu insanın telefon danışıqlarının yazıldığı və yenə çoxlu insanın nəzarətdə saxlanıldığı bilindikdən sonra belə şübhəlilərin bir hissəsinin telefon danışıqlarında planlarından bəhs etmələri, “sui-qəsd hazırlıqlarını” güya telefonda danışmalarıdır. Hər mərhələdə həbs olunanların evlərindəki axtarışlar nəticəsində xeyli “dəlilin ortaya çıxması” maraq doğurur. Axı, “təşkilatın” üzvlərinin bir hissəsi həbs olunubsa, qalanlarının evlərində “açıq dəlillər” niyə hazır vəziyyətdə qalır?
Proseslə bağlı bu etirazları qeyd edərkən, son həbslərdən sonra aparılan axtarışlar nəticəsində yeni silah-sursatın tapılmasının prokurorun iddiasını qismən gücləndirdiyini də əlavə etmək lazım gəlir. Xatırladaq ki, prokurorun iddiası belə idi ki, “Ergenekon təşkilatı, silahlı fəaliyyətlərlə ölkədə xaotik vəziyyət yaradaraq, hərbi çevriliş üçün şərait yaratmaq və AK Parti hökümətinin yıxılmasını təmin etmək istəyirmiş”. Həbs olunanların indiyə qədərki fəaliyyətləri, ələ keçirilən silah-sursatın artmağa başlaması bu sahədəki iddiaları gücləndirir. Ancaq bu da var ki, əgər bu, qeyd olunduğu qədər iddialı təşkilatdırsa onun əsl sirrlerini adi mehkeme sirrlerini qoruya bilmeyen bir (veya 3) prokurorun ortaya çıxara bilmesi çətindir.
Hər halda Türkiyə bəlkə də tarixi boyunca bu qədər bir iddialı məhkəmə prosesi görməyib. Bir yandan dünyada gedən maraqlı proseslər, bir yandan Türk Dünyasının inteqrasiyası ilə bağlı yaranmış əla imkanlar, digər yanda “Ergenekon”da sıxışıb qalmış Türkiyə. Regional və qlobal proseslərdə ciddi rol oynamağa başlayan Türkiyənin uzun müddət bir məhkəmə prosesinin girovuna çevrilməsi, onun dünyadakı mövqelərinə də mənfi təsir edə bilər. Ona görə də, Türkiyədəki təbəqələrin hesablaşma əhval-ruhiyyəsini bir kənara qoyaraq mübarizəni hüquqi müstəvidə saxlamaları, qısacası Türkiyənin “Ergenekon”dan təcili çıxması həm bu ölkə, həm də bütünlükdə Türk Dünyası üçün çox əhəmiyyətlidir.