Əsərlər

Rusiya-Yaponiya münasibətlərində “Qordi düyünü”: problem hərbi mərhələyə keçir?

Pinterest LinkedIn Tumblr

Hazırda Rusiya gündəmində xairici siyasətlə bağlı ən mühüm mövzulardan biri Yaponiya ilə Kuril adaları məsələsinə dair yaşanan gərginlikdir. İş o yerə çatıb ki, Yapon parlamentində Rusiyanın Gürcüstanı işğal etdiyinə dair fikirlər səsləndirilməyə başlayıb. Gürcü mətbuatı da “Rus işğalına məruz qalma baxımından Yaponiya ilə Gürcüstanın eyni durumda olduğunu” iddia edib. Fervralın 9-da isə Medvedev adaların müdafiəsinin gücləndirilməsi məqsədi ilə ora silah göndərilə biləcəyini açıqlayıb və artıq bu istiqamətdə də yeniliklər baş verir.

İki ölkə arasında tez-tez gündəmə gələn Kuril problemi son mərhələdə Yaponiyanın Baş Naziri Nanoto Kanın çıxışı ilə bir daha aktuallaşıb. Xatırladaq ki, Kan fevralın 7-də “Şimal ərazilərinin xilas edilməsinə dair milli qurultay”dakı çıxışında Rusiya Prezidenti Dmitri Medvedevin 2010-cu ilin payızında Kuril adalarına səfərini “yolverilməz kobudluq” kimi xarakterizə edib. Qeyd edək ki, Medvedevin səfərindən sonra Rusiya rəsmilərinin bölgəyə səfərlərindəki sıxlıq artıb. Son olaraq yaxın günlərdə Rusiyanın Müdafiə Naziri Anatoli Serdyukov bölgəyə səfər edib. Yaponiyanı qıcıqlandıran bir başqa hadisə Medvedevin 4 fevralda bölgələrin inkişafına dair müşavirədə Kuril adalarının Rusiya ərazisi olduğunu xüsusi vurğulaması və buranın inkişafına diqqət yönəltməsi olub.

Xatırladaq ki, ikinci dünya müharibəsindən sonra Kuril adalarının cənub hissəsindəki İturup, Kunaşir, Şikotan və Xabomai adaları SSRİ-nin tərkibinə keçib. Yaponiya “şimal əraziləri” kimi adlandırdığı bu ərazinin ona qaytarılmasını tələb edir. Bu səbəblə Yaponiya ilə əvvəlcə SSRİ və daha sonra Rusiya Federasiyası arasında ikinci dünya mühabirəsinin başa çatdığına dair sülh müqaviləsi hələ də imzalanamayıb. Yaponiya 1981-ci ildən 7 fevral tarixini “Şimal ərazililəri günü” kimi qeyd edir. Rəsmi Tokionun bu günü seçmə səbəbi isə bu ərazilərin Yaponiya ait olduğunu tənzimləyən 1855-ci il tarixli ilk Rus-Yapon müqaviləsinin 7 fevralda imzalanmış olmasıdır. Ənənəvi olaraq hər il fevralın 7-də ölkədə “Rusiyanın Kurildəki 4 adanı Yaponiyaya qaytarması” tələbi ilə mitinqlərlə yanaşı, Tokioda adətən baş nazirin də iştirak etdiyi qurultay keçirilir.

Yaponiyanın baş nazirinin Medvedevin səfərinə verdiyi şərh Rusiya tərəfindən narazılıqla qarşılanıb. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu açıqlamanın diplomatik olmadığını vurğulayıb. O, Kanın bu açıqlamasını Yaponiyada keçirilən “Şimal əraziləri günü” ilə əlaqələndirib və Baş nazirin bu addımını Yapon QHT-lərinin kölgəsində qalmaq istəməməsi ilə izah edib. Rus diplomat  Rusiya səfirliyi önündəki QHT aksiyasında Rusiya bayrağının cırılmasını da tənqid edib və rəsmi Tokionun bu cür QHT-ləri dəstəkləməsinin məyus edici olduğunu açıqlayıb. Rusiya prezident admistrasiyasının rəhbəri Sergey Narişkin də 12 fevralda Moskvada görüşdüğü Yaponiya Xarici İşlər Naziri Seydzi Maexaraya bu barədə rəsmi Moskvanın mövqeyini çatdırıb və Yaponiyanın etirazlarına baxmayaraq Rusiya rəsmilərinin bölgəyə səfərlərini davam etdirəcəyini vurğulayıb. Yapon baş nazirin bu açıqlamasına və Yaponiyadakı etirazlara bir cavab da iqtidar partiyasının gənclər təşkilatı “Naşi”dən gəlib. Rus gənclik təşkilatı Moskvadakı Yapon səfirliyi önündəki mitinqdə Kurilin Rusiya ərazisi olduğuna dair şüarlar səsləndirib. Hətta səfriliyin önündəki Yaponiya bayrağı yerə endirilərək yandırılıb. Xatırladaq ki,  Yaponiya KİV orqanları isə Rusiya sərhədçilərinin Yapon balıqçı gəmilərini atəşə tutduğunu iddia edib. Rusiyada bəzi analitiklər isə artıq Kuril adaları gərginliyində İngiltərə ilə Argentina arasındakı Fokland adaları savaşını xatıratmağa başlayıblar.

Yaponiya rəsmiləri də mövzuyla bağlı atdığı yeni addımlar ve verilən açıqlamalar gərginliyin davam etməsinə səbəb olub.  Belə ki, 19 fevralda Yaponiya hökümətin baş katibi Yukio Edano Cənubi Kuri adalarına ən yaxın Yapon sərhəd nöqtəsinə gəlib. Səfərin məqsədini “adaları havadan görmək olaraq” açıqlayan Edano “Yapon xalqını ərazi problemi ilə bağlı mövqeyini uca səslə ortaya qoymağa” çağırıb. Bundan əlavə Yaponiya parlamentində Rusiyanın Gürcüstanı işgal etdiyinə dair bəyanatlar səslənməyə başlayıb.

Beləliklə iki ölkə arasında Kuril adaları problemi yeni istiqamətlərlə davam edir. Yapon tərəfinin hadisələrə münasibəti daha çox siyasi açıqlamalar səviyyəsində özünü göstərirkən, Rusiya  son Kuril gərginliyini istifadə edərək bu bölgəyə diqqətini artırdığını göstərən mühüm işarələr verir. Artıq Rusiya rəhbərliyi üç əsas (siyasi, iqtisadi və hərbi) istiqamətdə əməli adımlar atmağa başlayıb. Siyasi baxımdan, rəsmi Moskva Kuril adalarının ölkə ayrılmaz bir parçası olduğunu vurğulayır və Yaponiya rəhbərliyinin bu barədəki iddiaların əsassız hesap etdiyini bildirir. Rusiya rəhbərliyi bu mövqeyini son gərginlik vaxtı yuxarıda geniş toxunduğumuz şəkildə Yapon rəsmilərinə bir daha bildirmişdir.

İqtisadi baxımdan isə, Rusiya Kuril adalarının inkişafına nail olmaq istədiyini atdığı adımlar və verdiyi açıqlamalarla göstərməkdədir. Ümumilikdə regionların inkişafı proqramı çərçivəsində Uzaq Şərq bölgəsində iqtisadi vəziyyəti yaxşılaşdırmağa çalışan rəsmi Moskva Kuril adalarına xüsusi diqqət ayırır. Bu çərçivədə bölgəyə xüsusi iqtsiadi proqramlar tətbiq edilməkdə və bu adalar Rusiya rəhbərliyinin diqqətində saxlanılmaqdadır. Bu çərçivədə  son gərginlik sırasında Rusiya Kuril adalarındakı iqtisadiyyatın əsasını təşkil edən balıqçılığın inkişafı üçün Çin və Cənubi Koreya şirkətlərini buraya sərmayə qoymağa dəvət edib. Rəsmi Moskva Yapon şirkətlərinin də bu prosesdə iştirakını mümkün saysa da, Yaponiya həm bunu rədd edib, həm də bölgəyə Çin və Koreya şirkətlərinin sərmayə qoyması cəhdindən narahat olduğunu bildirib. Rusiyanın Uzaq Şərq bölgəsinin inkişafına dair atdiği adımlar Kuril adaları ilə məhdudlaşmayıb. Son olaraq fevralın 25-də Kamçatka bölgəsi qubernatoru Aleksey Kuzmitski regionun sosial-iqtisadi problemlərini həll edə bilmədiyi üçün vaxtından əvvəl Rusiya prezidenti tərəfindən isterfa etdirilib.

Rəsmi Moskvanın Kuril adalarına dair mövqeyində əsas diqqət çəlb edici hadisələr isə hərbi sahədə özünü göstərməyə başlayıb. Belə ki, fevralın 9-da müdafiə naziri Aleksey Serdyukovla regional inkişaf naziri Viktor Basarqini qəbul edən prezident Medvedev “Kuril adalarının müdafiəsinin möhkəmləndirilməsi zərurətini” vurğulayıb. Rusiyanın nüfuzlu  “RİA-Novosti” xəbər agentliyi Rusiya Ordusu Baş Qərargahından bir mənbəyə istinadən verdiyi məlumatda, Kurildə yerləşən 3,5 minlik şəxsi heyəti olan 18-ci pulemyot-artileriya divizyanın ən müasir silahlarla, hətta S-400 raketləri ilə təchiz edilə biləcəyini istisna etməyib. Baş Qərargahının digər bir rəsmisi isə 15 fevralda diviziyanın tərkibinə zenit baterayaları briqadasının veriləcəyini bildrib. Müdafiə nazirinin köməkçisi və Uzaq Şərq hərbi dairəsinin keçmiş komandanı ordu generalı Yuri Yaqubov isə 16 fevralda adalara “Buk” vəya “Tor” tipli raketlərinin yerləşdirilməsinin yetərli olacağını qeyd edib. O, diviziyanın hərbi texnikasının müasirləşdiriləcəyini və İtrupdakı hərbi təyyarə meydanın isə genişləndiriləcəyini bildirib. Prezident Medvedevin tapşırığı çərçivəsində fevralın 25-26-sında  Kamçatka və Vladivastoka səfər edən müdafiə naziri Serdyukov verdiyi açıqlamada 18-ci  diviziyanın strukturasının dəyişdiriləcəyini və müasir silahlarla təchiz ediləcəyini elan edib. Nazir səfərinin məqsədinin Vladivastok, Saxalin və Kamçatkada yerləşən hərbi güclərin 18-ci diviziyaya inteqrasiyası məsələlərinə yerində baxmaq olduğunu vurğulayıb. O, Kuril adalarındakı hərbi qüvvələrin Kunaşir və İturup adalarına yerləşdiriləcəyini açıqlayıb. Serdyukov mətbuat konfransında 2012-ci ildə Sakit Okean donanmasının “Yuri Dolqoruki” adlı yeni strateji sualtı nüvə gəmisi ilə təchiz ediləcəyini də bildirib.

Yaponiya Müdafiə Naziri Tosimi Kitadzava isə Rusiyanın Cəbubi Kurildəki hərbi fəallıığını diqqətlə izlədiklərini açıqlayıb. Rusiyanın bölgədə hərbi fəallığını artıracağını bildirməsindən sonra ABŞ da hadisələrə öz reaksiyasını göstərib. Fevralın 18-də ABŞ Kuril adaları məsələsində Yaponiyanın mövqeyini dəstəklədyini açıqlayıb. Fevral 21-də isə ABŞ-ın Moskva səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilərək, bu movqeye rəsmi Moskvanın etirazi bildirilib. Bölgənin digər mühüm gücü Çinin Xarici İşlər Nazirliyi isə Kuril adalarındakı son gərginliklə bağlı şərh verməkdən imtina edib.

Rusiyanın Kuril adalarının səbəb gostərərək bölgədə atdığı adımları üç amillə izah ediləbilər. Strateji baxımdan gələcəkdə beynəlxalq münasibətlərin əsas mübarizə mərkəzinin Asiya bölgəsi olacağı təxmin edilməkdədir. Rusiya da atdığı adımlarla bu bölgədə ABŞ, Şin, Hindistan və Yaponiya kimi aktyorlar qarşısında öz mövqeyini gücləndirməyə çalışır. Təhlükəsizlik baxımından, Uzaq Şərq bölgəsi iki Koreya arasında müharibənin aktuallaığını qoruduğu, Çinin hərbi gücün getdikcə artırdığı, Yaponiyanın müdafiə xərclərinin ildən ilə coxaldığı və ABŞ hərbi gücünün hərbi bazalar şəklində yerləşdiği bölgə kimi mühüm önəm daşımakdadır. Rusiyanın Kuril böhranına  dair mövqeyinin üçüncü motivini isə daxili amil təşkil etməkdədir. Rusiya rəhbərliyi 2011 ilin son rübündəki Duma və 2012-ci ilin ilk rübündəki prezident seçkiləri ərəfəsində xalq dəstəyini qazanmaq üçün milliyətçi ritorika ilə Kuril məsələsini istifadə etməyə çalışır.

Dr. Nazim Cəfərsoy