Hərbi-təhükəsizlik

Araz Aslanlı: İran üçün Ermənistan Azərbaycanı və Türkiyəni narahat etməsi baxımından strateji önəmə sahibir

Pinterest LinkedIn Tumblr

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlıdır.
http://gunaz.tv/aze/37/newsCat/1/newsID/43746-Araz-Aslanli-Iran-ucun-Ermenistan-Azerbaycani-ve-Turkiyeni-narahat-etmesi-baximindan-strateji-oneme-sahibir-Musahibe.html/inner/1
– Amerika rəsmilər bu günlərdə İran-Ermənistan arasında imzalanan sazişə baxılacağı ilə bağlı məlumat yayıblar. Sizcə, bu, rəsmi İrəvan üçün nə ilə nəticələnə bilər?
– Bu ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) İranla bağlı təcrid siyasətinin təbii nəticəsidir. Xüsusilə BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) və digər beynəlxalq təşkilatların yeni sanksiya qərarlarından sonra bu cür sazişlərə ABŞ-ın daha həssas yanaşacağı gözləniləndir. Aparılacaq araşdırmaların ABŞ-Ermənistan münasibətlərində çox ciddi nəticələr yaratması ehtimalı zəifdir. Amma əvvəlki illərdə də bir neçə dəfə yaşandığı kimi bu araşdırmalar nəticəsində xüsusilə İranın nüvə proqramına dəstək xarakterli məlumatlar əldə olunsa təbii ki, bu, Ermənistanın imicinə mənfi təsir edəcək və ABŞ-da Ermənipərəst siyasətçilərin mövqelərinin də zəifləməsinə səbəb olacaq.
– Ancaq buna baxmayaraq, Konqres Qarabağda mövcud olan separtçı rejimə maddi yardım edir. Bundan sonra Konqresin separtçı rejimə maddi yardımı dayandırması mümkündürmü?
– Əslində bu yardımın heç göstərilməməlidir. Artıq dəfələrlə qeyd olunduğu kimi heç bir dövlət, o cümlədən ABŞ Azərbaycanın bir hissəsini xüsusi olaraq götürüb ora yardım ayıra bilməz, eyni zamanda bu yardımı Azərbaycan rəhbərliyi ilə razılaşdırmadan birbaşa həyata keçirə bilməz. Əgər ABŞ hansısa xüsusi haldan danışırsa və Azərbaycan da bu xüsusi hal ilə müəyyən dərəcədə razılaşmaq məcburiyyətindədirsə belə, yardım Azərbaycana ayrılmış məbləğin daxilində ayrıca maddə ilə göstərilə bilər. Amma təəsüf ki, bu hələ ki baş vermir. Azərbaycan da öz imkanları daxilində buna etiraz etməyə çalışır, amma məncə etirazlarının tonunu tam düzgün müəyyənləşdirmir. Düşünürəm ki, bu məsələ getdikcə Azərbaycan tərəfindən daha sərt formada qoyulacaq və müəyyən nəticələr verəcək. Amma sırf İran-Ermənistan əlaqələrinin ABŞ-ın Ermənistanın işğalı altındakı ərazilərdə yaratdığı qondarma quruma ayırdığı yardımları dayandırmasına səbəb olmasına o qədər də inanmıram.
– Ümumiyyətlə, Rusiyalı siyasətçilər Ermənistani-İran əlaqələrinin inkişafından narahat deyillər ki?
– Rusiya üçün istənilən halda başqa bir dövlətin Cənubi Qafqazda fəallaşması arzuedilən deyil. Soyuq müharibədən sonra regiona (bölgəyə) qonşu dövlət kimi bu narahatçılıq əsasən Türkiyədən idi. Hətta Türkiyə-Gürcüstan-Azərbaycan xəttinə qarşı Rusiya-Ermənistan-İran xətti də gündəmdə idi. Son illərdə Türkiyə-Rusiya münasibətlərinin müəyyən dərəcədə yaxşılaşması və Rusiyanın İranın nüvə proqramından müəyyən dərəcədə narahatçılıq keçirməyə başlaması fonunda (… zəminədə) İran-Ermənistan münasibətləri ABŞ üçün olduğu qədər Rusiya üçün də narahatçılıq mənbəyidir. Həm İranın bölgədə güclənməsi, həm də Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışması səbəbiylə. Rus siyasətçilər bu mövqelərini açıq mövqelərində və bəzən də yarı-qapalı müzakirələrdə bəyan edirlər.
– Hazırda İranın qonşuluq siyasətində Ermənistan hansı strateji önəmi daşıyır?
– İran üçün Ermənistan birinci növbədə Azərbaycanı və Türkiyəni narahat etməsi baxımından strateji önəmə sahibir. Çünkü İran müstəqil Azərbaycanı və güclü Türkiyəni nəinki xarici siyasət maraqlarına, hətta öz varlığına təhlükə kimi görür. Aydın məsələdir ki, bu nəticə İranın rəsmi “İslam dövləti” mövqeyindən deyil, tam fərqli Fars mərkəzli baxışından qaynaqlanır. Buna İranın hər hansı bir dövlət kimi beynəlxalq aləmə çıxış alternativlərini artırmağa çalışmasını da əlavə edə bilərik. Eyni zamanda nüvə problemi, “inqilab ixracı”, terrora dəstək və s. səbəblərdən İranın beynəlxalq təcridə; ümumən qonşularına istiqamətlənmiş ərazi iddiaları, xüsusi halda isə Azərbaycan ərazilərini işğal etməsi və Türkiyəyə yönəlmiş sərt ittihamları səbəbindən Ermənistanın isə regional (bölgəsəl) məruz qalması səbəbindən bu iki ölkə istənilən xarici əlaqəyə xüsusi dəyər verirlər. Bu səbəblərə görə İran-Ermənistan əlaqələrinin inkişafında hər ikisinin hələ uzun müddət maraqlı olacaqlarını demək mümkündür. Sadəcə, Türkiyə və Azərbaycanın İran üzərində, Rusiya və ABŞ-ın isə Ermənistan üzərində təzyiqləri bu münasibətləri müəyyən dərəcədə zəiflətməyə səbəb ola bilər.
Söhbətləşdi: Elnur Eltürk www.GunAz.Tv | 23-Aprel-2011, 11:42

Araz Aslanlı