Avropa

TÜRKİYƏDƏ PARLAMENT SEÇKİLƏRİ: BÖHRANLARIN SONUMU…?

Pinterest LinkedIn Tumblr

Türkiyədə Parlament Seçkiləri: Böhranların Sonumu…?
Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi
(QAFSAM)
Avropa Tədqiqatları Şöbəsi 
22 iyulda Türkiyə Cümhuryyətində növbədənkənar parlament seçkiləri keçirilmişdir. Əslində parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi. Ancaq, 2006-cı ilin əvvəllərindən etibarən başda Cümhuriyyət Xalq Partiyası (Cumhuriyet Halk Partisi-CHP) olmaqla müxalifətin əsas hissəsi mövcud parlamentin ölkədəki real güc balansını əks etdirmədiyini, bu səbəbdən də 2007-ci ilin may ayındakı prezident seçkisindən əvvəl fövqəladə parlament seçkilərinin keçirilməsini tələb edirdi. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (Adalet ve Kalkınma Partisi, AKP və ya AK Parti) isə seçkiləri mütləq öz normal vaxtında-2007-ci ilin noyabrında keçirəcəyini vəd edirdi.
May ayında Konstitusiya Məhkəməsi parlamentdə keçirilən prezident seçkisinin 1-ci mərhələsinin baş tutmadığına qərar verdikdən sonra növədənkənar parlament seçkiləri üçün hüquqi ehtiyac yarandı və növbəti parlament seçkisi üçün 22 iyul 2007-ci il tarixi müəyyənləşdirildi. Uğursuz prezident seçkiləri və onunla yanaşı, enerjidaşıyıcıların qiymətlərinin ucuzlaşdırılması, kənd təsərrüfatının inkişafına dəstək, PKK terroruna qarşı mübarizə və hətta bu terror təşkilatının hal-hazırda İmralı həbsxanasında olan rəhbəri Abdullah Öcalanın asılacağına dair vədlər parlement seçkilərinin təbliğat dövrünün ən vacib mövzuları oldu.
Xarici Siyasətə Dair Vədlər
Türkiyədə hakimiyyətə iddialı partiyaların seçki bəyannamələrində xarici siyasətə dair hissələrə gəlincə, hakim AK Partinin daha çox Avropa Birliyi və ABŞ ilə münasibətlərə toxunması və “Qafqazlarda və Orta Asiya”da Rusiya ilə rəqabətə yox əməkdaşlığa gediləcəyinin elan edilməsi diqqət çəkirdi. Azərbaycanın adı xüsusi olaraq heç bir yerdə keçmirdi. Sadəcə Qafqaz bölgəsinə və Türk Respublikaları ilə münasibətlərə dair ümumi vədlərdən Azərbaycanın payına düşənlərin də olduğu görünürdü.
CHP-nin seçkilərlə əlaqədar vədlərinin xarici siyasətə dair hissələrində ABŞ ilə münasibətlərə yenidən baxılması, İraqın şimal hissəsinə midaxilə, Kipr siyasətinə yenidən baxılması və s. məsələlər olsa da, Azərbaycan ilə bağlı xüsusi ifadələr yox idi.
Milliyətçi Hərəkat Partiyasının (Milliyetçi Hareket Partisi-MHP) seçki proqramında Türk Dünyasına xüsusi vurğu olsa da Azərbaycan xüsusi olaraq qeyd olunmurdu: “Türk dünyası dış politikamızın öncelikli ve ayrıcalıklı ilgi alanı olacaktır. Kıbrıs, Kafkasya, Orta Asya Türk cumhuriyetleri ve Balkan ülkeleriyle ilişkilerin her alanda geliştirilmesi ve derinleştirilmesi temel hedeflerimizin başında yer alacaktır…” Türk Dünyasının Avropa Birliyinə vacib bir alternativ olduğu isə xüsusi vurğulanırdı.
Bu baxımdan ən çox diqqət çəkən Demokrat Partiyasının (DP) seçki proqramının xarici siyasətə dair hissəsiydi. Burdan bir hissəni olduğu kimi təqdim edirik: “Türk Cumhuriyetleriyle, bugüne kadar bir türlü yoğunlaştırılamayan askeri ilişkilerimizi özellikle savunma sanayii (hərbi sənaye – QAFSAM) alanlarında en üst noktaya taşıyacağız. Türk dünyası ortak savunma tatbikatlarını gerçekleştireceğiz. Azerbaycan’ın NATO üyeliğine tam ve koşulsuz destek vereceğiz.”
Göründüyü kimi, Azərbaycanla bağlı ən ciddi vədlər son illərdə partiya sədri kimi ölkəmizə bir neçə dəfə səfərə gələn Mehmet Ağarın sədri olduğu DP-dən gəlmişdir.
Partiyaların Seçkiöncəsi Reytinqi
Seçkilərdən əvvəl partiyaların reytinqini müəyyənləşdirmək məqsədi ilə keçirilən ictimai rəy sorğularında olduqca fərqli nəticələr ortaya qoyulurdu. Ancaq seçkilərə bir neçə gün qalmış, nəticələri açıqlanan rəy sorğuları hamı tərəfindən razılıqla qarşılanmasa da ölkədəki vəziyyəti təxminən əks etdirirdi. Xüsusuilə nüfuzlu KONDA şirkəti tərəfindən bir xarici maliyyə qurumu üçün keçirilən rəy sorğusunun nəticələri açıqlandıqdan sonra, bu şirkətə qarşı mətbuatda sərt etirazlar getmişdi və bu rəy sorğusu ölkənin əsas müzakirə mövzularından biri olmuşdu. Səbəb isə sadəydi: KONDA şirkəti keçirdiyi ictimai rəy sorğusuna əsasən, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının seçkilərdə təxminən 41 %  (qərarsızların səsləri də partiyalar arasında paylandıqda təxminən 45 %) səs alacağını iddia etmişdi. Bu ciddi şirkətlər tərəfindən keçirilən rəy sorğularında ən yüksək nəticə idi. Rəy sorğusunun nəticələrinə görə 10 %-lik səddi AK Parti-dən başqa sadəcə iki partiya CHP və MHP keçirdi. Ancaq ikisi də AK Parti-dən xeyli az səs alaraq. Partiyalar arasında xüsusilə CHP rəhbərliyi KONDA şirkətinin rəhbərinə qarşı sərt ittihamlar səsləndirdi.
Seçkilərin nəticələri
Seçkilər, yerli və beynəlxalq müşahidəçilərin rəylərində də açıqca qeyd olunduğu kimi tam demokratik şəraitdə keçirilmişdir. 22 iyul 2007-ci il axşam saatlarından etibarən seçkilərin ilkin nəticələri elan olunmağa başlamışdır. KONDA şirkətinin proqnozları xalq tərəfindən ümumi olaraq bilinsə də ilk nəticələr əksəriyyət tərəfindən heyrətlə qarşılanmışdır. AK Parti Türkiyə tarixində çoxpartiyalı sistemdə nadir rastlanan nəticələrdən birini əldə etmək üzrəydi: səslərin təxminən yarısını alırdı. Nəticələr tam bəlli olduqda səs nisbətləri çox az dəyişdi. Açıqlanan rəsmi nəticələr belədir: AK Parti % 46.7; CHP % 20.9; MHP % 14.3; DP % 5.4. Ayrıca müstəqil namizədlərdən 22 nəfəri DTP-li olmaqla cəmi 26 nəfəri də qalib gəldi. Qalib gələn müstəqil namizədlər arasında Böyük Birlik Partiyasının Sədri Muhsin Yazıcıoğlu və keçmiş Baş Nazir Mesut Yılmaz da var. Ümumilikdə isə parlamentdə yerlər belə paylaşıldı: AK Parti – 341 yer; CHP – 112 yer, MHP – 71 yer (MHP İstanbul Millətvəkili Mehmet Cihat Özönder vefat etdiyi üçün bu sayı artıq 70 olub və parlamentdə bir yer boş qalır); 22 DTP-li müstəqil, 4 digər müstəqillər. 
Gözlənildiyi kimi seçkilərin nəticələrinə reaksiyalar fərqli oldu. Aydınların çoxu nəticələri gözlənilməz olaraq dəyərləndirsə də, AK Parti lideri Receb Tayyip Erdoğan nəticələri xalqın demokratiyanın yanında olması kimi qiymətləndirdi. Əslində seçki kampaniyasından da görünürdü ki, AK Parti tekbaşına hökümət quracaq qədər yer tutacağından əmindir. Ancaq seçkilərdən əvvəlki bəyanatlarında AK Parti-li liderlər də təxminən % 40 səs alacaqlarını qeyd edirdilər və bu qədər yüksək rəqəmi çox güman ki, gözləmirdilər.
CHP lideri Dəniz Baykal nəticəni arzuolunmaz, ancaq normal qəbul etdiklərini dedi. CHP-li bəzi liderlər fikirlərini xalqa lazımi səviyyədə açıqlaya bilmədiklərini, bəzi liderlər isə AK Parti-nin xalqı qeyri qanuni yollarla (pul və hədiyyələr verməklə) ələ aldığını iddia etdi. Seçkilərin nəticələri CHP daxilində Dəniz Baykala qarşı etirazlara səbəb olsa da, bu etirazlar ciddi səviyyəyə çatmadı.
MHP lideri Dövlət Baxçalı “xalqın ikinci dəfə AKP-yə təkbaşına hökümət qurmaq şansı”  MHP-yə isə müxalifət vəzifəsini verdiyini, MHP-li bəzi liderlər isə MHP-nin seçkilərdən uğurla çıxan iki partiyadan biri olduğunu açıqladılar.
Seçkilərə böyük iddialarla girən, Ana Vətən Partiyası (əvvəlcə ANAP, sonra ANAVATAN) ilə uğursuz birləşmə prosesi və ad dəyişikliyi prosəsi yaşayan (DYP adı yerinə Demokrat Partiya-DP adı seçildi) DP lideri Mehmet Ağar arzuladıqları nəticəni əldə edə bilmədikləri üçün seçkinin tam nəticələri hələ bilinmədən, artıq ilk nəticələr məlum olan kimi istefa verdi. Bu partiyanın nümayəndələri, AK Parti hökümətinin keçmiş nazirlərindən olan və cəmiyyətdə reytinqi xeyli yüksək olan Abdullatif Şənərin partiyanın başına keçməsini arzulasalar da, Abdullatif Şənər hələlik bu məsələyə aydınlıq gətirməmişdir. Eyni mövzuda keçmiş Baş Nazir Tansu Çillər də dəqiq mövqeyini bildirməmiş, fəqət “xalqın tələbi olarsa, bunu sakitcə qarşılamayacağını” açıqlamışdır.
Hökümətin formalaşdırılması və prezident seçkisi
Seçkilərin rəsmi nəticələri elan olunduqdan sonra hazırkı Baş Nazir Erdoğan istefa verdi və yeni höküməti qurmaq üçün prezident Sezerin rəsmi göstərişini gözləməyə başladı. Qaydaya görə yeni hökümət qurulana qədər isə əvvəlki hökümət işinə davam edəcək. 6 Avqust 2007-ci il tarixdə artıq Sezer-Erdoğan görüşü baş tutdu və Sezer Erdoğana yeni höküməti qurmaq səlahiyyətini verdi. Türkiyədə isə artıq yeni hökümətdəki yeni nazirlərin kimlər olacağına dair ictimai müzakirələr gedir. Ən çox vurğulananlar, əgər Abdullah Gül prezident seçilərsə onun yerinə Ali Babacanın Xarici İşlər Naziri olması və Ankara Sənaye Palatasının artıq AK Parti-dən millətvəkili seçilmiş sədri Zafer Çağlayanın Sənaye Naziri olacağı variantlarıdır.
Ölkəni gözləyən ən maraqlı mözvu prezident seçkisidir. Abdullah Gülün iddiasını davam etdirmesi ve Bülent Arıncın da onu dəstəkləməsi, prezident seçkisinin yeni gərginlik mənbəyi olub olmayacağı və hətta ümumiyyətlə baş tutub tutmayacağı suallarını doğurdu. Ancaq MHP lideri Dövlət Baxçalı prezident seçkilərində iştirak edəcəklərini açıqlayaraq, parlamentdə seçkinin baş tutmaması (yetərsayın olmaması ilə əlaqədar) təhlükəsini indilik ortadan qaldırdı.
Baxçalı bu addımı atmasaydı, ya AK Parti DTP-lilərin və parlamentə müstəqil namizəd kimi girən digərlərinin dəstəyini almağa çalışmalıydı. Əgər belə olsaydı, AK Parti-DTP danışıqlarının AK Parti-də narazıçılıq yaratmaq ehtimalı var idi. Bunun nəticəsində AK Parti böhran yaşaya bilərdi. Əks halda, yəni AK Parti DTP-li millət vəkillərinin səsinə müraciət etmədiyi təqdirdə isə yenə prezident seçilməyəcək, bu dəfə də Türkiyə yeni siyasi böhranla qarşı qarşıya qalacaqdı. MHP bu addımı atmaqla siyasi böhranlar ehtimalını sıfıra yaxınlaşdırdı. Ancaq həm də hüquqi maneələri qaldıraraq AK Parti-ni müəyyən qədər çətinliyə saldı: Əgər ordunu nəzərə almadan istədiyiniz şəxsi prezident seçə bilirsinizsə buyurun seçin! Artıq bu mövzuda AK Parti üçün səbəb/bəhanə qalmadı. AK Parti ya namizədini dəyişəcək, (bu dəfə xalq nəzdində etibarı azalacaq) ya da etibarını qorumaq üçün Abdullah Gülün namizədliyini irəli sürəcək, bu dəfə isə ordu ilə gərginlik yaşanması ehtimalı var.
Bütün bunlarla yanaşı AK Parti millət vəkili Prof. Dr. Zafer Üksül Atatürkçülüyün Anayasadan çıxarılması ilə bağlı təklifində israrlı olsa və bu təklif digər AK Parti millətvəkilləri tərəfindən dəstəklənsə yeni gərginlik mənbəyi yarana bilər. 
Əvvəlcədən bu barədə çox danışılmasına, xüsusi ilə seçkilərdə həm MHP-nin həm də DTP-nin (xüsusilə MHP-nin) az səs almasına nail olmaq üçün AK Parti tərəfindən təbliğat dövründə tez-tez qeyd olunmasına baxmayaraq, hər iki partiyanın nümayəndələri parlamentdə gərginlik mənbəyi olmayacaqlarını açıqladılar.
Parlamentin açılışı
Avqustun 4-də Türkiyə Böyük Millət Məclisi yeni heyəti ilə ilk iclasını keçirdi. İlk iclasa ən yaşlı millət vəkili olan CHP-li diplomat millət vəkili Şükrü Ələkdağ sədrlik etdi. İstiqlal Marşı (Türkiyənin dövlət himni) oxunduqdan sonra yol-nəqliyyat qəzasında vəfat edən MHP-li millət vəkili Cihat Özöndərin xatirəsi sükutla yad edildi.
Ələkdağ, seçki prosesinin Türk milləti üçün uğurla başa çatdığını, qalib partiyanı təbrik etdiklərini, höküməti quracaq olan Erdoğanın üstündə böyük məsuliyyət olduğunu, Türkiyənin qarşısında çətin problemlərin qurduğunu qeyd etdi. Ələkdağın açılışdakı çıxışından sonra millət vəkilləri sırayla and içmişdir. Sıra Ankaradan seçilən millət vəkillərinə çatanda adət üzrə, Türkiyə Cümhuriyətinin qurucusu, ulu öndər Atatürkün xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Prezident Sezer və ordu rəhbərliyi andiçmə mərasimində iştirak etməmişdir. Bu barədə müzakirələr uzun müddət idi ki gedirdi. Əslində əvvəlki illərdə prezident və ordu rəhbərliyi TBMM-nin açılışında mütləq iştirak etsələrdə, Sezer bundan öncəki açılışda da iştirak etməmişdi.
Parlamentdəki maraqlı bir hadisə DTP rəhbərliyinin parlamentə girən MHP sədri Dövlət Baxçalının oturduğu yerə yaxınlaşıb onunla və yanındakılarla salamlaşması olmuşdur. DTP sədri Əhməd Türk bu hərəkətlərini “MHP ile fikirlerimiz ayrı olabilir ama aynı çatı altında çalışacağız” şəklində izah etmişdir.
Parlamentdə maraqla gözlənən proses isə DTP-li millət vəkillərinin necə and içəcəkləri barədə idi. DTP-li millət vəkilləri əvvəlcədən də qeyd etdikləri kimi qaydalara uyğun şəkildə Türkcə and içmişdir. DTP-lilər and içdikdən sonra onları alqışlayanlar arasında Dövlət Baxçalı da olmuşdur.
Seçkilərin nəticələri və Türkiyənin xarici siyasəti
Seçilərin nəticəsi əvvəlcədən də qeyd etdiyimiz kimi Türkiyənin xarici siyasətinə və Türkiyə-Azərbaycan münasibətlərinə ciddi təsir etməyəcək. Sadəcə MHP və ya DP-nin hakimiyyətdə təmsil olunsaydı Türkiyə-Azərbaycan münasibətlərinə yeni çalarlar da gətirə bilərdi. AK Parti hakimiyyəti dövründə isə təxminən 6 ay sonra Türkiyə-Avropa Birliyi münasibətləri və Türkiyə-ABŞ münasibətləri fonunda Türkiyə-Ermənistan münasibətlərinə yenidən baxılması məsələsi gündəliyə gələ bilər ki, bu zaman Azərbaycan üçün arzuolunmayan Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində addımlar atıla bilər.

Araz Aslanlı