Hərbi-təhükəsizlik

Laricani: Ettelaatın korrupsiyalarda əli var

Pinterest LinkedIn Tumblr

İran parlamentinin spikeri Əli Laricani bildirib: “bir çox korrupsiya hallarında İranın İnformasiya və Təhlükəsizlik Nazirliyinin (Ettelaat) yüksək rütbəli kadrlarının ayaq izləri müşahidə olunur”. O, həmçinin il ərzində İrana daxil olan 18 milyard dollar həcmində qaçaq malın İran iqtisadiyyatına vurduğu ziyan barədə də məlumat verib.

Yanvarın 7-də “Korrupsiya ilə Mübarizə üzrə Milli Forum”da çıxış edən Laricani ölkədə maliyyə fırıldaqlarına işarə edərək bildirib ki, “ ali dini rəhbərin göstərişi ilə korrupsiya ilə mübarizə qərargahının yaranmasına baxmayaraq, bu barədə aydın bir sistem yoxdur. Bu qurumun fəaliyyətinin nəticələri hiss olunmaz dərəcədədir”

“İSNA”nın məlumatına görə, Laricani təhlükəsizlik xidməti orqanlarının belə hallarda ayaq izlərinin olmasına da işarə edərək bildirib: “bu məsələ məhkəmələrin işlərini çətinləşdirir. Ettelaat məmurları məhkəmənin işi getdiyi zaman mətbuat vasitəsi ilə bir sıra problemlər yaratmaqla məhkəmənin işlərini əngəlləyirlər”.

Laricani öz çıxışında bu  iddialarının detallarını açıqlamayıb. Lakin İran tarixinin ən böyük maliyyə fırıldağı olan İran banklarındakı 3 milyard dollarlıq fırıldaqçılığa işarə edərək bir sıra rəsmilərin bu işdə əlinin olduğunu bildirib.

Laricaninin bu sözləri beynəlxalq təşkilatların İranı korrupsiyanın geniş yayıldığı dövlətlər arasında göstərən hesabatlarını təsdiqləmiş oldu. Xatırladqq ki, son olaraq Beynəlxalq Şəffaflıq Təşkilatı ötən ilin dekabr ayındakı məruzəsində İranı korrupsiya baxımından dünyanın 176 ölkəsi arasında 133-yerdə göstərmişdi.

http://www.araztm.az/az/ba%C5%9F-s%C9%99hif%C9%99/93-%C3%B6z%C9%99l/1814-laricani-%E2%80%9Cettelaat%C4%B1n-korrupsiyalarda-%C9%99li-var%E2%80%9D

Dr. Nazim Cəfərsoy