Araz Aslanlı
Türkiyə gündəmində 2012-ci ildən 2013-cü ilə çox sayıda vacib mövzu miras qaldı. Bunlar arasında PKK terroru, Suriya problemi, AK Parti hakimiyyətinin hüquqi-siyasi-inzibati dəyişiklik təşəbbüsləri (o cümlədən, prezident üsul-idarəsinə keçidlə bağlı təşəbbüslər), prezident Abdullah Gül ilə baş nazir Rəcəb Tayyib Erdoğan arasındakı “fikir ayrılıqları”, qalmaqallı məhkəmə prosesləri (Ergenekon, Balyoz və s. işləri), müəyyən dərəcədə Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlər, eləcə də Türkiyə xarici siyasətinin digər istiqamətləri yer aldı. Bir neçə yazı ilə Türkiyənin 2013-cü il gündəminin vacib mövzularını dəyərləndirməyə və müəyyən proqnozlar verməyə çalışacağıq. İlk mövzu kimi PKK terroru və kürd problemi mövzusuna toxunacağıq.
Əvvəlcə qeyd edək ki, əslində Türkiyədəki qrupların əksəriyyəti bu ifadələrin ikisini eyni vaxtda işlətmir, birmənalı olaraq bu ifadələrdən birinin doğru, digərinin isə səhv olduğunu iddia edirlər (mövzu ilə bağlı olaraq bu iki ifadə qədər olmasa da “Şərq problemi”, “Cənub-Şərqi Anadolu problemi”, “Cənub-Şərq problemi” və s. ifadələrdən də istifadə edilmişdir). Müəyyən sol təbəqə, liberalların çoxu (o cümlədən, “ikinci cumhuriyətçilər”) və PKK tərəfdarları sadəcə kürd problemi ifadəsindən istifadə edir, məsələnin mahiyyətində kürdlərin hüquqlarının pozulmasının yatdığını iddia edir və PKK terrorunu sadəcə bütün bunların nəticəsi kimi qiymətləndirirlər.[1] Millətçilər də daxil olmaqla sağ mühafizəkarların böyük əksəriyyəti, sol respublikaçılar (“sol cumhuriyətçilər”), bura qədər sadaladığımız qruplara daxil olan və olmayan Atatürkçülər isə uzun müddət “kürd problemi” ifadəsinə tam qarşı çıxmış, məsələnin əslində Türkiyəni bölmək istəyən xarici qüvvələrin oyunu kimi qiymətləndirmiş və PKK-nın bu oyunda vasitəyə çevrildiyini qeyd edərək, prosesə “terrorla mübarizə” konsepsiyası çərçivəsində baxmışlar. Onların fikrincə, məsələnin “kürd problemi” kimi təqdim olunması əslində Türkiyənin bölünməsi ilə bağlı planlari reallaşdırmaq yolundakı mərhələlərdən biri olacaqdı.
Bu iki qrupdan fərqli olaraq Erdoğan hakimiyyəti bəzən həm kürd probleminin, həm də PKK terrorunun varlığını qəbul etmiş, bəzən isə bu ifadələrdən sadəcə birindən istifadə etməyə üstünlük vermişdir. Xatırladaq ki, Erdoğan hakimiyyətinə qədər bu problem bir neçə mərhələdən keçmişdi. Xüsusilə 20-ci əsrin başlarından etibarən gündəmə gələn, konyekturanın, regional və qlobal şərtlərin təsiri ilə bəzən alovlanan, bəzən də sönən “kürd hərəkatı” (ya da “kürd problemi”), PKK-nın qurulması və Türkiyəyə qarşı terrorçu fəaliyyəti ilə artıq fərqli bir mərhələyə keçmişdir. Eyni zamanda İraq, İran və Suriya daxilində də müstəqil və vahid kürd dövlətinin qurulmasıyla bağlı hərbi-siyasi fəaliyyətlərin getməsi Türkiyədə ciddi narahatçılığa səbəb olmuşdur. Amma digər ölkələrdəki, xüsusilə də İraqdakı kürd qrupları ilə yeri gəldikdə “dil də tapa bilən”, hətta onların (Cəlal Təlabaninin lideri olduğu Kürdüstan Yurdsevərlər Birliyi və Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokrat Partiyası) öz aralarındakı silahlı münaqişələrin dayanması üçün vasitəçilik edən, liderlərinə xaricə getmələri üçün pasport verən Türkiyə üçün PKK terroru ən vacib problem kimi qalmaqda davam etmişdir. 1978-ci ildən bu günə qədər bir neçə dəfə adını dəyişdirərək aksiyalarına davam edən PKK terror təşkilatının fəaliyyətləri Türkiyəyə 35 mindən çox insan və ən az 300 milyard dollar (bu rəqəm tam dəqiq deyil, bəzi mənbələrdə hətta 1 trilyon dollar kimi də qeyd olunur) maliyyə itkisinə başa gəlmişdir. Ümumiyyətlə bu müddət ərzində PKK Türkiyədə 73 minə yaxın terror aksiyası həyata keçirmişdir.
PKK terroru ilə mübarizədə və “kürd problemi”nin həlli prosesində iki vacib mərhələdən biri 1999-cu ildə PKK lideri Abdullah Öcalanın həbs olunaraq Türkiyəyə gətirilməsi, bir digəri isə AK Partinin hakimyyətə gəlməsidir. Öcalanın məhkəməsinin keçirilməsi, edam hökmü verilsə də icra olunmaması, daha sonra isə Türkiyədə edam hökmünün ləğv olunması və beləcə sağ qalması, PKK-lı terrorçuların xeyli hissəsinin Türkiyə sərhəddindən kənara qaçmaları, ya da zərərsizləşdirilmələri səbəbindən 1999-cu ildən sonra “sakitləşmə” mərhələsi yaşanmış və Türkiyə terrora daha az qurban vermişdir. Amma bu “kürd problemi”nin bitməsi demək deyildi. Çünkü həm daxili, həm də xarici amilin rolu davam edirdi. Yeri gəlmişkən qeyd edək ki, PKK terrorunda və ümumiyyətlə kürd problemində xarici amil çox mürəkkəb və həlledici rola malikdir. Bəlkə də dünyadakı başqa heç bir terror təşkilatı bu qədər çox dövlət tərəfindən dəstəklənməmişdir (müxtəlif mənbələrin iddialarına görə PKK fərqli vaxtlarda ABŞ, İsrail, Rusiya, Çin, İran, Suriya, İraq, Almaniya, Fransa, Ermənistan və digər bəzi dövlətlərin hərbi, siyasi, maddi, texniki və s. dəstəyini almışdır). Digər tərəfdən isə kürd azlığın milli hüquqlarının tanınmasıyla bağlı problemlərin vaxtında və düzgün həll edilməməsi də məsələnin böyüməsinə səbəb olmuşdur.
Rəsmi tezisə görə AK Parti həqiqətən problemi həll etmək istəyir və buna görə də ona qədər tətbiq olunan “uğrsuz” (“PKK-ya qarşı sərt görünən, amma əslində problemi həll etməyən”) terrorla mübarizə metodunu tərk etmək istəyir. Bu tezisə görə AK Parti PKK terrorunun böyük, çoxşaxəli problem olduğunu nəzərə alır, müəyyən mənada riskə də girir. Problemin davam etməsini istəyənlər AK Parti hakimiyyətini çətin vəziyyətə salmaq üçün həm Türkiyədə millətçiləri, həm də PKK terrorunu qızışdırıcı addımlar atırlar və s.
AK Parti hakimiyyəti dövründə kürdlərə dil hüququnun verilməsi, “Habur prosesi”, hətta PKK ilə danışıqlar yeni siyasi kursun tərkib hissəsi kimi qeyd olunur. Amma bir yandan Erdoğanın xətti ardıcıl deyil; mövzu ilə bağlı dəfələrlə bir-birini təkzib edən (problemin adından tutmuş, Abdullah Öcalanın edamı mövzusuna qədər) açıqlamalar verir. Digər tərəfdən isə Ərdoğan hakimiyyəti Türkiyənin ərazi bütövlüyü barədə kəskin mövqe nümayiş etdirərkən İraqda kürdlər yaşayan ərazidəki muxtariyətlə sanki müstəqil bir qurum imiş kimi münasibət qurur, Suriya, İran və İsrail ilə həm də başqa məsələlərə görə gərginləşən münasbtlərin bu problemə təsirinə az əhəmiyyət verir. Təzadlar bununla da bitmir; kürdlərin sıx yaşadığı bölgələrdən seçilmiş BDP-li (Barış ve Demokrasi Partisi) millət vəkillərinə “terrora qarşı məsafəli durmadıqları üçün” soyuq davranan Ərdoğan hakimiyyəti terroru birbaşa icra edən PKK ilə danışıqlar aparır. Beləcə, AK Parti də özündən əvvəlki mərhələdə müəyyən rəsmi şəxslərin və qurumların bəzən PKKilə kürdləri eyni tutmaq şəklindəki səhv siyasətini davam etdirmiş olur. Kürdlərin hüquqlarının tanınması ilə PKK terroruna boyun əyilməsi bir-birinə qarışdırılır.
Şərti olaraq “İmralı süreci” kimi anlandırılan PKK-nın lideri Abdullah Öcalan ilə danışıqlar, Parisdəki sui-qəsdlər (PKK-lı 3 qadın liderin öldürülməsi) prosesdəki son mərhələləri təşkil edir. Yeri gəlmişkən Paris sui-qəsdinin qurbanlarının Türkiyədə dəfn edildiyi gün məsələnin gəlib çatdığı mərhələnin aydın görünməsi baxımından 2 vacib məqam yaşandı. Bunlardan biri dəfn mərasimi boyunca dövlətin rəsmi missiyasını PKK və BDP-nin öz üstünə götürməsi idi. Belə ki, əvvəlcədən qərarlaşdırıldığı kimi dəfn mərasiminin təllükəsizliyinin və mərasimlər boyunca nizam-intizam BTP və qeyri-rəsmi olaraq PKK tərəfindən təmin edildi, Türkiyə dövlətinin təhlükəsizlik qüvvələri isə proseslərə sadəcə uzaqdan baxdı. İrəli sürülən səbəb çox “sadə” idi: Türkiyə ərazisindəki bir dəfn mərasimində (söhbət sadəcə qəbristanlıqdakı mərasimdən yox, şəhərlərin mərkəzi də daxil olmaqla geniş bir ərazidə keçirilən aksiyadan gedir) Türkiyə dövlətinin təhlükəsizlik qüvvələrinin görünməsi gərginliyə səbəb ola bilərmiş. Diqqətlərdən qaçmayan digər məqam isə PKK tərəfindən şəhid edilən bir polisin həmin gün həyata keçirilən dəfn mərasiminə göstərilən münasibət idi. Belə ki, şəhidin dəfn mərasiminin məhdud sayda kütləvi informasiya vasitələri tərəfindən işıqlandırıldığı halda, PKK-lı terrorçuların dəfn mərasimi az qala əksər nüfuzlu KİV tərəfindən canlı olaraq verilmişdi…
Hazırda Türkiyənin cənub-şərq vilayətlərində hakimiyyətin dövlət ilə müxtəlif digər güclər (əsasən PKK mərkəzli olmaqla müxtəlif kürd qruplar, tayfalar, dini qruplar, İraq kürdlərinin liderləri, müəyyən xarici qüvvələr və s.) arasında paylaşıldığı, bu hakimiyyət bölgüsündə Türkiyə dövlətin payının təxminən 50 % olduğu təxmin edilir. Son illərdə gedən proseslərin də təsiriylə Türkiyədəki kürdlərin xeyli hissəsinin (söhbət həm Türkiyənin cənub-şərqində, həm də xüsusilə İstanbul, amma eyni zamanda Ankara, İzmir və digər böyük şəhərlərdə yaşayanlardan gedir) dövlət hakimiyyətindən fərqli hakimiyyətləri nəzərə almaları səbəbiylə, regionda gedəcək proseslərin Türkiyənin taleyi baxımından həlledici olacağını düşündürür. Bu mənada Suriya və İraqdakı proseslər xeyli dərəcədə Türkiyənin də taleyini müəyyənləşdirəcəkdir.
Beləliklə, AK Parti hakimiyyəti illərində isə bir yandan bəzi digər məsələlər kimi bu problemə də “idealist” yanaşma (“əgər kürdlərə müəyyən hüquqlar tanısaq, problem tam həll olacaq”), digər yandan bölgədə (İraqın şimalında, müəyyən mənada İranda, daha sonrakı mərhələdə isə Suriyada) və qlobal miqyasda (Kosovonun müstəqilliyinin Türkiyə özü də daxil olmaqla 100-ə yaxın dövlət tərəfindən tanınması, Sudanın bölünməsi, Abxaziya və Cənubi Osetiya kimi “mənfi nümunələrin” də mövcudluğu, qlobal şəraitin ərazi bötüvlüyü əleyhinə getməsinin göstəricisi kimi qiymətləndirilir) gedən bəzi proseslər Türkiyə üçün riskləri artırıb və 2013-cü il bu mənada 2012-ci ildən daha gərgin keçə bilər.
[1]Sadaladığımız bu qrupların fərqli məsələlərə baxışları fərqlidir və burada məqsəd onları “eyni cəbhənin” iştirakçıları kimi göstərmək yox, sadəcə bu mövzuya yanaşmalarının yaxınlığına və eyni termindən istifadə etmələrinə diqqət çəkməkdir.