Amerika

“Böyük Səkkizliyin” London toplantısı – Arayış

Pinterest LinkedIn Tumblr

 

10-11 Aprel 2013-cü il tarixlərdə “Böyük Səkkizlik” ölkələrinin xarici işlər nazirlərinin London toplantısı baş tutacaq. QAFSAM bu toplantı öncəsində sizə “Böyük Səkkizlik” ilə bağlı qısa arayış təqdim edir.

 

“Böyük Səkkizlik” qrupuna daxil olan dövlətlər:

 

ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa, Kanada, Rusiya və Yaponiya

 

Tarix:

 

İnkişaf etmiş ölkələrin rəhbərlərinin görüşlərini təşkil etmək ideyası 1970-ci illərdə mövcud olan  iqtisadi böhran zamanı yarandı. ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri arasında iqtisadi  münasibətlərin mülayimləşdirilməsi məqsədi ilə inkişaf etmiş ölkələrin rəhbərləri səviyyəsində görüşlər təşkil olunmağa başladı. 1975-ci il 15-17 noyabr tarixlərində Fransa prezidentinin təşəbbüsü ilə keçirilmiş ilk görüşdə 6 dövlətin hökumət nümayəndələri (ilk mərhələdə görüşlər sadəcə maliyyə nazirləri səviyyəsində keçirilirdi) görüşdü: ABŞ, Yaponiya, Fransa, Böyük Britaniya, Almaniya və İtaliya. 1981-ci ildə Kanadanın da qrupa əlavə olunması ilə ölkələrin sayı 7-ə, 2006-cı ildə isə Rusiyanın da əlavə olunması ilə 8-ə çatdı. 1977-ci ildən etibarən üzv dövlətlərinin maraqlarını ifadə etmək məqsədi ilə Avropa ittifaqı da Böyük Səkkizlik Qrupunda müşahidəçi qismində təmsil olunmağa başladı.

 

Yarandığı gündən bu günə kimi Qrupun məqsədlərini aşağıdakı kimi xarakterizə etmək olar:

–          1975-1980 – Dünya iqtisadiyyatı və qrup dövlətlərinin iqtisadi münasibətləri ilə bağlı çox ambisiyalı planlar;

–          1981-1988 – Dövlətlərarası münasibətlərdə qeyri-iqtisadi sahələrə də diqqətin yetirilməsi;

–          1989-1994 – Soyuq müharibədən sonrakı dövr: Dünya iqtisadiyyatında çox sayda yeni oyunçuların yaranması. Xarici borclar, narkomaniya, ətraf-mühitin mühafizəsi kimi mövzuların gündəmə gəlməsi.

–          1995-ci ildən etibarən – Müasir inkişaf strategiyası. Dünya iqtisadi institutlarında islahatların müzakirəsi.

–          2009-cu il, Pitsburqda (ABŞ) təşkil olunmuş toplantıda gələcək illərdə Böyük İyirmiliyin Böyük Səkkizliyi əvəz edəcəyi və bununla da dünya iqtisadiyyatı ilə bağlı daha qəti addımlar atmağın asanlaşacağı bildirildi.

 

Strukturu:

 

Əslində Böyük Səkkizlik beynəlxalq təşkilat olmadığından onun heç bir katibliyi və ya strukturu yoxdur. Buna görə də Qrupa üzv olmaq da mümkün deyildir. Qrupda təşkil olunan müzakirələr və nəticədə qəbul olunan qərarlar ancaq tövsiyyə xarakteri daşıyır.

 

Qrup dövlətlərinin ümumi razılığı əsasında toplantılar hər il növbə ilə qrup dövlətlərindən birində təşkil olunur.

 

Səkkizlik Qrupu çərçivəsində təşkil olunan görüşlərdə təmsilçilik:

 

1975-1981 – Maliyyə nazirləri və Xarici İşlər nazirlərinin müşaiyəti ilə dövlət başçılarının görüşləri.

1982-1988 – Ticarət, Maliyyə və Xarici İşlər nazirlərinin iştirakı ilə görüşlər.

1989-1995 – Ətraf-mühit, Təhlükəsizlik və s. nazirlərin də görüşlərə qoşulması nəticəsində Sammitin genişlənməsi.

1995-ci ildən etibarən – Keçirilən görüşlərlə bağlı islahatlar. Qrupun işləmə mexanizminin təkmilləşməsi.

1995-ci ildə Böyük Britaniya baş naziri Con Meycerin təklifi, 1997-ci ildə Toni Bleyerin təşkilatçılığı ilə dövlət rəhbərlərinin iki tərəfli görüşləri keçirilməyə başladı.

 

Səkkizlər Qrupunun önəmi:

 

Müasir dünya iqtisadiyyatının böyük hissəsi “Böyük Səkkizlik” dövlətlərinin payına düşdüyündən qrup hazırda çox böyük önəm daşıyır. Hazırda Sammitlərdə yeni ambisiyalı təkliflər çox da irəli sürülmür, daha çox mövcud müasir problemlər müzakirə olunur və bu problemlərdən çıxış yolu axtarılır.

 

Tənqid:

 

Böyük Səkkizliyin fəaliyyəti ilə bağlı çoxsaylı tənqidlər səslənir. Bu tənqidlər əsasən sənaye cəhətdən inkişaf etmiş 8 ölkənin ətraf-mühiti korlaması səbəbindən antiqlobalistlər tərəfindən irəli sürülür. Xüsusilə 2002 və 2003-cü illərdə antiqlobalistlər Sammitin gedişatına mane olmuş, çox sayda qarşıdurmalar yaranmışdır. Bundan əlavə, Qrupun tərkibinə az sayda ölkənin daxil olması səbəbindən onun işinin qeyri-effektiv olduğunu da vurğulayanlar var. Böyük Səkkizlik çox vaxt islahatlara ehtiyacı olan bir Qrup kimi tənqid olunur.

 

Böyük Səkkizlik Dağlıq Qarabağ münaqişəsi barədə:

 

2006-ci ildən etibarən Böyük Səkkizliyin Sammitlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səslənməyə başlayıb. Bu fikirlər əsasən münaqişənin həlli istiqamətində fəaliyyət göstərən Minsk qrupunun dəstəklənməsi şəklində ortaya çıxıb. 2009-cu ildə İtaliyadakı sammitdə ABŞ, Rusiya və Fransa prezidentləri bəyanat imzalayaraq məsələnin “Madrid prinsiplərinə” əsasən həllinin tərəfdarı olduqlarşnş bildiriblər. Sonrakı illərdə də bu ənənə davam edib. 26 iyun 2010-cu ildəki Muskoka və 26 may 2011-ci ildəki Deauville sammitlərində bu üç ölkənin prezidenti Qarabağ problemi ilə bağlı növbəti birgə bəyanatlarını veriblər.  

 

İndiyə qədər Böyük Britaniyada keçirilmiş Sammitlərdə müzakirə olunan mövzular:

 

1984 – London: Dünya iqtisadiyyatının bərpa olunması, İran-İraq münaqişəsi, beynəlxalq terrorizmə qarşı mübarizə, demokratik dəyərlərin dəstəklənməsi.

1991 – London: Müharibədən zərər çəkmiş İran körfəzi ölkələrinə maliyyə yardımı, “Yeddilik” ölkələrində miqrasiya məsələsi, nüvə, kimyəvi və bioloji silahın yayılmasına qarşı mübarizə.

1998 – Birminhem: Sammitlərin yeni format əsasında keçirilməsi – “ancaq liderlər”. (Maliyyə və Xarici İşlər Nazirləri Sammitdən ayrıca görüşlər təşkil edirlər). Qlobal və regional təhlükəsizlik.

2005 – Qleniqls – Qlobal iqlim dəyişkənliyi, Afrikanın yoxsul ölkələrinə yardım, Yaxın Şərqdə sülhün dəstəklənməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, silah yayılmasına qarşı mübarizə.

2013 (17-18 iyun) –  Şimali İrlandiya

2013-cü ilin yanvar ayında Böyük Səkkizlik çərçivəsində təşkil olunmuş Maliyyə Nazirlərinin görüşündə əsas mövzu yoxsul ölkələrə yardım məsələləri olub. Görüşdə yoxsul ölkələrin 40 milyard dollar həcmindəki borclarının ləğv olunması məsələsi gündəmə gətirilib. Məsələ ilə bağlı yekun qərarın 2013-cü ilin iyununda Dövlət Başçılarının Sammitində veriləcəyi gözlənilir.

2013-cü il 10-11 Aprel – London (Xarici İşlər Nazirlərinin görüşü)

Əsas müzakirə mövzusunun “münaqişələrin aradan qaldırılması” olacağı gözlənilir. Mövzu daxilində “Ərəb baharı” ölkələri ilə əməkdaşlığa xüsusi ilə diqqət yetiriləcək. Bundan əlavə, Somali və digər yoxsul dövlətlərlə bağlı müzakirələr aparılacaq.

 

 

Arayış QAFSAM-ın “Gənc Araşdırmaçı” proqramının iştirakçısı Səbinə Tağıyeva tərəfindən hazırlanıb.