Araz Aslanlı: “Həsən Ruhani qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq istiqamətində ciddi addımlar atmağa çalışacaq”
İyunun 14-də İranda keçirilmiş prezident seçkisinin nəticələrinə görə şərti olaraq islahatçıların vahid namizədi, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, milliyyətcə fars olan Həsən Ruhani digər 5 iddiaçını çox geridə qoyaraq səslərin 51,7 faizini toplayıb.
H.Ruhaninin qələbəsinə münasibət bildirən ABŞ və Avropa ölkələri yeni prezidentlə əməkdaşlığa hazır olduqlarını açıqlayıblar. Bəs H.Ruhani İranın nüvə proqramına dair nə cür siyasət yürüdəcək? Onun prezidentliyi dövründə İranın qonşuları ilə münasibətləri necə olacaq?
Bu istiqamətdə suallarımızı cavablandıran Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, siyasi analitik Araz Aslanlı “Gündəlik Teleqraf”a bildirib ki, ümumiyyətlə, İranda prezident seçkisinin nəticələrinin ölkənin xarici siyasətinə necə təsir edəcəyinə dair fikir yürütmək üçün prezidentin siyasi sistemdəki roluna baxmaq lazımdır. Onun sözlərinə görə, İran siyasi sistemində prezident həlledici fiqur deyil: “Bu, xüsusən iki istiqamətdə özünü göstərir. Bunlardan birincisi nüvə proqramı, ikinci xarici siyasət istiqamətidir. Şübhəsiz, silahlı qüvvələrə, habelə güc strukturlarına nəzarət və sair məsələlərə dair də prezidentin səlahiyyətləri məhduddur. Amma hazırda sualınız İranın nüvə proqramı və xarici siyasət sahəsi ilə bağlı olduğu üçün deməliyəm ki, prezidentin hüquqi cəhətdən və İran siyasi sisteminin təbiətindən qaynaqlanan məsələlərə görə imkanları məhduddur.
Amma bu gün şərti olaraq islahatçı adlandırılan namizəd əgər 2009-cu ildəki proseslə, yəni geniş xalq kütlələrinin dəstəyi ilə hakimiyyətə gəlmiş olsaydı, ali dini rəhbərlə də yeri gələndə inadlaşıb hansısa siyasi dəyişiklik apara bilərdi. İndiki halda Ruhaninin qeyd olunan istiqamətlərdə addımları İranın ali dini rəhbəri ilə razılaşdırılaraq atılacaq”.
A.Aslanlı qeyd edib ki, İran rejimi həm dünya birliyi, həm də ölkə ictimaiyyəti ilə eyni vaxtda problem yaşamağın ciddi təhlükələr yaratdığını, rejim üçün risqlər doğurduğunu vaxtında anladı: “Yəni qlobal siyasəti balanslaşdırmır, eyni vaxtda dünyanın böyük güclərinin hamısı ilə düşməndir. Ölkə ictimaiyyəti ilə münasibətlər isə 2009-cu ildən sonra xüsusilə kəskinləşib. Bu fonda rejim özü təhlükə yaşayırdı. Həmin təhlükələri neytrallaşdırmaq, mümkün qədər minimuma endirmək üçün islahatçı olaraq təqdim edilən şəxsin seçilməsinə şərait yaradıldı. Bu, daxildə ciddi nəticə doğuracaq. Xüsusən ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfəncaninin və islahatçı kimi əvvəllər prezidentlik etmiş Məhəmməd Xatəminin Ruhanini dəstəkləməsi İrandakı rejimə imkan verəcək ki, narazı kütlələrin bir hissəsini rejimə yaxınlaşdıra bilsin. Bu əhəmiyyətli bir məsələdir. Ancaq şübhəsiz ki, nəticə Ruhaninin bu islahatçı kütlənin gözləntilərini nə dərəcədə qarşılaya biləcəyindən asılıdır. Belə ki, 2009-cu ildə prezidentliyə namizəd olmuş, “Yaşıl hərəkat”ın lideri Mirhüseyn Musəvi hələ də ev dustağıdır. İslahatçıların həllini gözlədiyi kifayət qədər problemləri var. Məncə, Ruhani həmin istiqamətlərdə inqilabi deyil, cüzi islahatyönlü addımlar atacaq”.
Politoloq bildirib ki, digər bir məsələ İrandakı milli azlıqlarla bağlıdır: “Ruhani milli azlıqlarla bağlı çoxlu vədlər vermişdi. Onların hamısını da olmasa, məncə sistemi Əhmədinejad dövründəki radikalizmdən uzaqlaşdıracaq və azlıqları da müəyyən dərəcədə rejimə inteqrasiya etdirməyə çalışacaq. Bu istiqamətdə Ruhaninin qarşısında hansı çətinliklərin dayandığını əlavə təhlil etmək mümkündür. Amma Ruhani özü bunu istəyəcək və müvafiq addımlarını da atacaq. Onun nə dərəcədə uğur qazanacağı isə başqa məsələdir”.
İranın qonşuları ilə münasibətlərinə gəldikdə isə müsahibimiz qeyd edib ki, H.Ruhani bu barədə ilk mətbuat konfransında da bəhs edib: “Bu da gözlənilən idi. Çünki əgər bir dövlət həm dünyanın əksər gücləri ilə gərgin münasibətlərə malikdirsə, az qala hərbi müdaxilə ilə qarşı-qarşıyadırsa, eyni zamanda daxildə problem yaşanırsa, bütün qonşuları ilə problemlidirsə, bu həmin rejimin təhlükəsizliyi üçün ən böyük təhlükədir. Yəni, bütün qonşuları ilə problemli olmaq digər məsələlərdə İranın düşmənlərinin əlini gücləndirir. Həsən Ruhani məncə, bu istiqamətdə də ciddi addımlar atmağa çalışacaq. İranın hər bir qonşusu ilə münasibətlərində problemlər var. İranın istər Türkiyə, istər Azərbaycan, istərsə də digər müsəlman və ərəb dövlətləri ilə münasibətlərində obyektiv və subyektiv səbəblərdən qaynaqlanan problemləri var və bu problemlərin hamısını bir anda həll etmək mümkün deyil. Amma ən azı niyyəti elə olacaq. Ruhani qonşuları ilə münasibətləri yaxşılaşdırmaq istəyərkən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqeyi əhəmiyyətli olacaq.
Çünki Türkiyə ilə də, Azərbaycanla da İranın münasibətlərini pozan addımlar daha çox bu təşkilat vasitəsilə atılmışdı. İranda prezidentin nəzarətindən, ümumiyyətlə, siyasi sistemdən kənar dini qüvvələr var. Qonşularla münasibətlər məsələsində Qum Dini Hövzəsinin mövqeyi nədən ibarət olacaq? Bu da əhəmiyyətli məsələdir. Amma hər halda Ruhani özü qonşularla münasibətlərin yaxşılaşmasını istəyəcək”.
Nüvə proqramı məsələsinin İranın xarici siyasətində ən həlledici məsələ olduğunu vurğulayan A.Aslanlı deyib ki, əgər İran rejimin gələcəyi ilə bağlı təminat ala bilsə, H.Ruhani bu istiqamətdə irəliləyiş əldə etməyə çalışacaq:
“Yəni, İran da, beynəlxalq aləm də müəyyən güzəştə getsin və sanksiyalar, həmçinin digər sahələrdəki problemlər həllini tapsın. Nəzərə almaq lazımdır ki, Həsən Ruhani Xatəminin prezidentliyi zamanında beynəlxalq aləmlə nüvə danışıqlarında aparıcı şəxs olub. Amma burada nəzərə alınması vacib olan bir prinsipial məqam var. Bu da ondan ibarətdir ki, 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərindən fərqli olaraq hazırda ABŞ olmaqla, bəzi Qərb ölkələri kiçik nəticələrlə razılaşmırlar. Yəni konkret məsələnin mahiyyətini dəyişdirə biləcək nəticələr əldə etmək istəyirlər. İran isə ümumiyyətlə, rejimin təhlükəsizliyi ilə bağlı təminat almadan bütövlükdə nüvə proqramı ilə bağlı geri addım atmaq istəmir. Burada hər şey Qərbin İranın kiçik taktiki gedişlərinə necə qarşılıq verəcəyindən asılı olacaq. Əgər heç bir müsbət qarşılıq olmasa, o zaman İran yenə də seçim qarşısında qalacaq. Yox əgər Qərb İranın kiçik addımlarına kiçik addımlarla qarşılıq versə o zaman İranın nüvə proqramı ilə bağlı problem tam həll olmasa da daha yumşaq bir mərhələyə qədəm qoya bilər”.
Səxavət Həmid
Gündəlik Teleqraf