Avropa

Türkiyədə nə baş verir: səbəblər, ssenarilər…

Pinterest LinkedIn Tumblr
  • Araz Aslanlı
  • Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin
  • (QAFSAM, www.qafsam.org) Sədri

 

 

Türkiyə, tarixinin ən qalmaqallı həftəsini yaşayır. Qardaş ölkə üçün 17 dekabr günü sensasiyalı xəbərlərlə başladı. Mətbuat kifayət qədər məşhur şəxslərin polisin keçirdiyi korrupsiya əməliyyatı çərçivəsində həbs olunduğunu xəbər verirdi. Həbs olunanlar arasında Daxili İşlər Nazirinin oğlu da daxil olmaqla 3 nazirin oğlunun, ən böyük dovlət banklarından biri olan Halkbankın baş direktorunun, “Ebru Gündeşin həyat yoldaşı Rza Zerrab”ın, məşhur işadamı Ali Ağaoğlunun, Fatih rayon bələdiyyəsinin rəhbərinin və s. olması  məsələnin dünya gündəmində də əsas mövzulardan biri olmasını təmin etdi. Mediada həbs olunanlar haqqında rüşvət, Türkiyədə “əsrin layihəsi” kimi qiymətlədirilən “Marmaray”ın tikintisinə zərər vermək, İrana qeyri-qanuni pul trasferi və s. ittihamlar yer aldı. Növnəbi günlərdə mediada bu ittihamları əks etdirən fotomateriallar da yayınlandı. İttihamlar tədricən nazirlərə doğru getdiyi və onların da həbs olunma ehtimallarının yüksək olduğu (hətta oğulları həbs olunan nazirlərdən əlavə bir nazirin rüşvət alarkən videogörüntülərinin çəkildiyi) iddia olunur. Məhkəmə artıq 2 nazir oğlu da daxil olmaqla xeyli nüfuzlu şəxs haqqında həbs qərarı verib. Proses isə o qədər sürətlə gedir ki, yenilikləri bu məqaləyə sığdırrmaq qeyri-mümkündür.

 

Həbslərə Baş Nazir Recep Tayyip Erdoğanın və ümumiyyətlə hökumətin ilk günkü reaksiyası təmkinli və ümumi ifadələrlə (“banan respublikası deyilik, məhkəmə prosesini axıra qədər gözləyəcəyik”, “bizi heç kim yolumuzdan döndərə bilməz”) oldu. Çox güman ki, bu təmkin, nə baş verdiyinin onlar tərəfindən hələ tam anlaşılmamasından qaynaqlanırdı. Amma saatlar keçdikcə hökumətin mövqeyi sərt şəkildə ortaya qoyulmağa başlandı. Baş verənlərlə bağlı Erdoğan və bəzi nazirlər üstüörtülü, bəzi nazirlər və Erdoğana yaxın media isə açıq şəkildə Fetullah Gülen qrupunu (onlar özlərini daha çox “Hizmet hareketi”, bəzən də “camia” kimi adlandırırlar, qarşı tərəflər isə daha çox “cemaat” ifadəsindən istifadə etməyə üstünlük verir) ittiham etdilər. Erdoğan və yaxın ətrafına görə polisin həyata keçirdiyi əməliyyat “korrupsiya əleyhinə əməliyyat yox, hökuməti yıxmaq təşəbbüsünün bir mərhələsi” idi. Əməliyyat “dövlət içində dövlət olmağa çalışan bir qrup tərəfindən həyata keçirilmişdi”. Hətta, Erdoğana yaxın KİV-də, Türkiyədə yaxın tarixdə həbs olunan bəzi jurnalistlərin də məhz bu qrup tərəfindən, həm də Erdoğanın xəbəri olmadan “həbs etdirildiyini” iddia olundu. Bu KİV-də Fetullah Gülen qrupu əleyhində sərt ifadələr artıq daha açıq formada işlədilir. Hökumətin əməliyyatla bağlı atdığı ilk konkret əks addım isə İstanbulun Emniyet Müdürü (polis rəisi) də daxil olmaqla İstanbul, Ankara və İzmirdə onlarla polis rəisinin işdən çıxarılması ya da başqa vəzifələrə təyin olunması oldu. Daxili İşlər Nazirliyində də xeyli yüksək vəzifəli şəxs eyni aqibətlə üzləşdi. Son təyinatlardan belə bir mənzərə ortaya çıxır ki, sanki, polis sistemindəki yüksək vəzifəli şəxslər arasında Erdoğanın hakimiyyətinin güvəndiyi heç kim yox imiş. Hətta iş o yerə çatıb ki, İstanbula yeni polis rəisi kimi polis sistemindən olmayan biri (Aksaray Valisi) təyin olunub və yeni rəis ilk iş gününü (özünün dediyinə görə) sistemi öyrənməklə keçirib.  Bundan əlavə ittihamı qaldıran və həbslərlə bağlı polisə təlimat verən prokurorlara “kömək etmək üçün” 2 yeni prokuror təyinatı da oldu (bu təyinat müxalifət tərəfindən hüquqi prosesə siyasi müdaxilə kimi qiymətləndirildi). TRT də bu təyinat prosesindən yan keçməyib. TRT-də işləyənlər arasında Fetullah Gülen qrupuna aid olduğu iddia edilən bir neçə yüksək vəzifəli şəxs dekabrın 21-də vəzifələrindən azad ediliblər.

 

Fetullah Gülenin vəkili isə 19 dekabrda verdiyi açıqlamada əməliyyatın onlarla əlaqəsi olduğu iddiasını tam təkzib etdi. Qrupun əsas mətbuat orqanı olan Zaman qəzetinin manşetində həftə boyunca bir yandan “korrupsiya əməliyatının” haqlılığı və dəlilləri, digər yandan isə hökumətin ədliyyə sisteminə müdaxiləsi ilə bağlı xəbərlər yer alır. Hətta əməliyyatdan sonrakı ikinci günün əsas manşetləri arasında “Başbakan, yolsuzluğun faturasını polise kesti” (“Baş Nazir korrupsiyaya görə polisləri cəzalandırır”, yəni, “Erdoğan, korrupsiyanı həyata keçirənləri yox, korrupionerləri həbs edənləri cəzalandırır”) xüsusi diqqət cəlb edirdi.  

 

Hökumətə yaxın KİV, övladları həbs olunan üç nazirin çox uğurlu olduğunu, məhz bu səbəbdən hədəf seçildiklərini iddia edir. Güya Daxili İşlər Naziri Muammer Güler terrorla mübarizədə və Fetullah Gülen qrupuna qarşı Erdoğanın təhlükəsizliyini təmin etmək sahəsində xeyli uğur qazandığına, İqtisadiyyat Naziri Zəfər Çağlayan iqtisadiyatı çox inkişaf etdirdiyinə görə və yanvar ayında İrana getməyi planlaşdırdığına, Ekologiya və Şəhərsalma Naziri Erdoğan Bayraktar isə “dövlətin tikdirdiyi və təmir etdirdiyi yüz minlərlə evə” və beləcə hökumətin mövqeyini gücləndirdiyinə görə hədəf seçiliblər. Həftə boyunca dəfələrlə xəbərlərdə qeyd olunurdu ki, prokurorluq bu üç nazirin və əlavə bir nazirin (o nazirin də Egemen Bağış olduğu iddia edilir) toxunulmazlıqlarının qaldırılması üçün parlamentə ya da Daxili İşlər Nazirliyinə sorğu göndərib.

 

Proseslə bağlı “xarici qüvvə” kimi ABŞ və İsrailin adı çox hallandırılır. Prosesin mərkəzində Halkbank üzərindən İran ilə həyata keçirilən “valyuta əməliyyatları” durduğu üçün bu əməliyyatları həyata keçirənlərin və ümumiyyətlə Erdoğan başda olmaqla hökumətin abş VƏ Israil tərəfindən hədəf seçildiyi iddia edilir. Əməliyyatın başlamasından bir gün sonra ABŞ-ın Türkiyədəki səfiri Ricciardonenin CHP lideri Kılıçdaroğlu ilə görüşməsi Erdoğanın tərəfdarı olan media təfərindən sərt tənqid edilib. Dekabrın 21-də isə 3 nüfuzlu qəzetin manşetində Ricciardone hədəf kimi göstərilib. Hətta “Yeni Şafak” qəzetinin manşetindəki xəbərin başlığı “Ricciardone, ölkəmizi tərkl et” şəklində olub. Qəzetlər Ricciardonenin Avropa Birliyi ölkələri ilə görüşündə, “bunlara dedik ki, Halkbankın İranla əlaqələrini kəsin. Bizə qulaq asmadılar. İndi bir imparatorluğun necə çökdüyünü izləyirsiniz” dediyini iddia edir (iddia Ricciardone tərəfindən dərhal təkzib olunub).

 

Bəs bu prosesin əsl səbəbi nədir və proses necə davam edə bilər?

 

Əvvəla qeyd edək ki, hazırda prosesin “daxili” tərəfləri kimi qiymətləndirilən iki qrup arasında münasibətlər tarixən elə də yaxşı olmayıb. 2000-ci illərin əvvəlinə qədərki mərhələdə tərəflər arasında rəqabət mövcud olub. Xüsusilə 1990-cı illərin ortalarında bu rəqabət daha da sərtləşib, tərəflər bir birlərinə siyasi və dini motivli ittihamlar irəli sürüblər. “28 fevral” (28 Şubat) prosesi isə qarşılıqlı ittihamları və hətta nifrəti artıran bir mərhələ olub. Fetullah Gülen qrupu müxtəlif illərdəki seçkilərdə Erdoğanın keçmişdə üzvü olduğu “Milli görüş” partiyalarını deyil, ANAP, DYP və DSP-ni dəstəkləyib.

 

Amma hər iki qrupun eyni gücün (ordu və ordunu dəstəkləyən siyasi qüvvələrin) ağır təzyiqinə məruz qalmaları və 2002-ci ilin siyasi konyokturası tərəfləri yaxınlaşdırıb. Beləliklə, 2002-ci ildə qurulan geniş koalisiya partiyası olan Ədalət və İnkişaf Partiyasında (AKP, ya da AK Parti) “Milli Görüşçü”lər ilə yanaşı Fetullah Gülen qrupu da yer aldı. 2007-ci il prezident seçkiləri zamanı ordunun mövqeyi, “Darbeci”lərə qarşı əməliyyatlar və 2010-cu ildəki konstitusiya referemdumu tərəflər arasındakı ittifaqı daha da gücləndirdi. Ümumi qənaətə görə xüsusilə 2007-ci ildəki proseslər vaxtı Fetullah Gülen qrupu açıqca bir tərəf kimi iqtidarın ortağı oldu. Ancaq bu mərhələlər həm də AK Parti-ni təşkil edən geniş koalisiyanın tərəflərinin tədricən sıradan çıxarıldığı mərhələlər idi. Bəzilərinə görə “bütün kiçik qruplar bu iki əsas qrup tərəfindən vurulduqdan sonra birbirləri üçün hədəf sadəcə özləri qaldılar”. Təbii ki, məsələ bu qədər sadə deyil. Növbəti prezidentin kim olacağı məsələsi, parlamentdəki yerlər uğrunda mübarizə (Erdoğanın Fetullah Gülen qrupuna az yer verməsi), dövlətdəki müxtəlif əhəmiyyətli təyinatlarla bağlı problemlər, müxtəlif məsələlərə baxışlarda təzadlar (Mavi Marmara, Gezi Parkı və s.) mübarizənin gərginləşdiyini göstərirdi. Artıq Zaman qəzeti öz manşetində müxalifət partiyalarına da yer ayırırdı və hətta bu manşetlər arasında müxalifət liderlərinin Erdoğan əleyhindəki sərt ifadələri də yer alırdı.

 

“Polisin Fetullah Gülen qrupu tərəfindən ələ keçirildiyinə” dair iddialar, Erdoğanın ofisinə qulaq asılması, MİT böhranı (Türk kəşfiyyatı ilə PKK arasında Osloda keçirilən danışıqların audioyazısının mediaya ötürülməsi, daha sonra kəşfiyyatın rəhbərinin və onun müavinlərinin dindirilmək üçün prokurorluğa çağırılması) münasibətləri qoparan mərhələlər oldu. Baş Nazirin Müavini Bülent Arınçın “orta yolu tapmaq” təşəbbüsləri isə demək olar ki, nəticəsiz qaldı. Son dövlərdə Türkiyədə ən çox müzakirə olunan mövzulardan olan “Dershaneler” (hazırlıq kursları) isə əslıində bu prosesdə sadəcə kiçik bir nüansı və inadlaşma məqamını (“kim kimi yerinə oturdacaq”) göstərirdi. Ak Parti-dən iki millət vəkilinin, əvvəlcə hüquqçu Professor İdris Balın, daha sonra isə məhşur futbolçu Hakan Şükürün istefa vermələri münasibətlərin cəmiyyət üçün də tam açıq müharibə mərhələsinə keçdiyini göstərirdi. Təsadüfi deyildir ki, Hakan Şükürün bir başa Erdoğanı hədəfə alan istefa məktubundan saatlar sonra “korrupsiya əməliyyatı” başladı.

 

Hökumət qanadı ən çox “niyə məhz indi” sualını ortaya ataraq, bu əməliyyat ilə Türkiyənin “müstəqil daxili və xarici siyasətinin”, eləcə də ABŞ və İsrailin etirazlarına rəğmən İran ilə davam edən münasibətlərinin hədəf seçildiyini iddia edirlər. Şübhəsiz ki, əməliyyatların bu motivi də var. Çünkü son illərdə Türkiyənin güclü və müstəqil mövqeyinin ən azı müəyyən istiqamətlərinin İsrail və ABŞ-dakı bəzi qüvvələr tərəfindən narazılıqla qarşılandığı açıqdır. Türkiyənin Fələstin məsələsi və İranla münasibətlər başda olmaqla xüsusilə Yaxın Şərqdəki proseslərdə oynamağa çalışdığı rol, bu qüvvələri narahat edir. Onlar, bu məsələ ilə bağlı xəbərdarlıqlarını örtülü və bəzən də açıq formada bildiriblər. Ancaq, “niyə məhz indi” sualının cavabı daha çox, qruplardan hər birinin digərini qabaqlamağa çalışması ilə bağlıdır. Məlumdur ki, Erdoğan Daxili İşlər Nazirliyində Fetulah Gülen qrupundan olanların “təmizlənməsi” üçün xüsusi addımlar atır. Sadəcə son 1 il içində bu istiqamətdə bir neçə əhəmiyyətli qərar verilib. Türk mediasında hələ bu son əməliyyatdan öncə yer alan məlumatlara görə yeni “təmizlik əməliyyatının” hazırlıqları da görülürdü. Yəni, artıq elə bir mərhələyə gəlinib ki, bu mərhələdə öncə həmlə edən üstünlük əldə edəcəyini ya da qarşı tərəfə daha çox zərər verəcəyini düşünür. Bu vəziyyət, Baş Nazir Erdoğandan daha çox xüsusilə Fetullah Gülen qrupuna aiddir. Əhəmiyyətli postlardan azad ediləcəyi güman edilən vəzifəli şəxslər, edə biləcəklərini məhz indi etməliydilər. Bununla bir yandan Erdoğana son zərbələrini vurmuş olacaqdılar,  digər yandan isə vəzifədən azad edilmələrinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar olduğunu nümayiş etdirəcəkdilər. Onlar da bu “korrupsiya əməliyyatı” ilə “gözlənilən gözlənilməz”i etmiş oldular.

 

Bəs hadisələrin inkişafı necə ola bilər? Son əməliyyata qədər iki tərəfin “sülh”ə gəlməsi üçün göstərilən təşəbbüslərin nəticə vermə ehtimalı artıq “0”-a yaxınlaşıb. Görünən odur ki, Erdoğan “təmizliyi” (dövlət qurumlarının demək olar ki, hamısında əhəmiyyətli postlardakı Fetullah Gülen qrupuna yaxın şəxslər vəzifələrindən azad ediləcəklər), Fetullah Gülen qrupu isə hücumlarını davam etdirəcək. Hər iki tərəfin hədəfləri isə getdikcə daha yuxarıdakılar ola bilər. Fetullah Gülenin 20 dekabr tarixli “söhbətinin” (Fetullah Gülenin vacib dini və sosial məsələlərlə bağlı nitqləri belə adlandırılır) videosunda artıq “qarğışlar”a keçilib. Xatırladaq ki, indiyə son dövrlərdə Fetullah Gülen dini ritorika ilə Erdoğana dəfələrlə hücum edib. Ancaq son “söhbət” kifayət qədər ağır üslubu ilə fərqlənib.

 

Mübarizə gərginləşdikcə çox güman ki, tərəflər Türkiyə xaricindəki güclərini də hərəkətə keçirəcəklər. Bəzi prokurorların hətta Erdoğan haqqında korrupsiya iddiası qaldırması, iqtidarın isə sadəcə polisdəki “təmizlik”lə kifayətlənməyib Fetullah Gülen qrupu haqqında “dövləti ələ keçirməyə çalışan qeyri-qanuni təşkilat” ittihamı ilə iş açmağa çalışması (“Ergenekon”a oxşar ittiham və həbslər həyata keçirməsi) hazırkı gərginliyin kuliminasiya nöqtəsi ola bilər.

 

 

Araz Aslanlı