Avropa

Rusiyanın Suriyaya müdaxiləsinin səbəbləri

Pinterest LinkedIn Tumblr

Dr. Nazim Cəfərov*

Suriyadakı müharibəyə oktyabrın əvvəlindən etibarən Rusiya da rəsmi şəkildə qatıldı. Əsəd rejimini çoxtərəfli şəkildə dəstəklədiyi əvvəldən məlum olan Kreml İŞİD-lə mübarizə aparmaq üçün təyyarələrini Suriya rəhbərliyinin dəvəti ilə Rusiya parlamentinin xaricdə hərbi güc istifadə etməyə icazə verən qərarı çərçivəsində bu ölkəyə göndərdi. Suriyada genişləndirilmə hazırlıqları yenicə başa çatan Tartus hərbi bazasında yerləşən Rusiya təyyarələr İŞİD-a qarşı bombardmanlar həyata keçirirlər.  

Rusiyanın bu müdaxiləsinin regional güc tarazlığına ciddi şəkildə təsir göstərəcəyi və Rusiya-Qərb əlaqələrində yeni bir cəhət əlavə ediləcəyinə dair şərhlər edilməkdədir.  Əslində daha əvvəl Rusiyanın belə bir müdaxiləni həyata keçirəcəyinə inananların sayı kifayət qədər az idi və bu çərçivədə hadisələrin hazırkı inkişafı bir sürpriz kimi qiymətləndirilir.  Bu qısa yazıda Rusiyanı Suriyaya müdaxiləyə sövq edən səbəblər izah olunacaqdır.Ümumilikdə, Rusiyanı  Suriyada hərbi müdaxilə etməyə təşviq edən amilləri qısaca belə sıralamaq mümkündür:

1.Rusiya getdikcə artan İŞİD təhdidini öz daxili təhlükəsizliyi üçün ciddi bir təhlükə hesab edir.[1] Rus Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini Sergey Smirnov 18 Sentyabrda verdiyi açıqlamada İŞİD-in tərkibində böyük bir hissəsi Dağıstan və Çeçenistanda subyektlərindən  olmaq üzrə təxminən 2500 Rus vətəndaşının döyüşdüyünü bəyan etmişdir.[2] Məşhur Rus mütəxəssisi Aleksey Malaşenko bu sayının 7 min olduğunu  və sayı yüzlərlə ifadə olunan İSİD-çilərin artıq Rusiyaya qayıtdığını iddia edib.[3] Elə  Rusiya prezidenti  Vladimir Putin  müdaxilə sonrası verdiyi açıqlamada, Rusiyanın Suriyaya hərbi müdaxiləsini əsas səbəblərindən biri kimi İŞİD-in ölkə təhlükəsizliyinə təhlükə yaratması göstərib. Elə, Çeçenistan prezidenti Ramazan Kadırovun “İŞİD-la Suriyada mübarizə aparmağa hazırıq” şəklində açıqlama verməsi də mövcud təhdidi daha uzaqda qarşılamaq məqsədini daşıyır.[4] Xatırladaq ki, Rusiya təhlükəsizlik orqanları keçdiyimiz günlərdə Moskvada terror aksiyası keçirməyə hazırlaşan qrupu zərərsizləşdirib.

2.Rusiya  İŞİD-lə olan mübarizəni Ukrayna  məsələsinə görə ABŞ-la gərginləşən əlaqələrini  yumşaltmaq və bu problemi arxa plan keçirmək üçün bir fürsət kimi istifadə etməyə çalışır. Beləliklə, Qərb ilə münasibətlərdəki böhranı zəiflətmə məqsədi daşıyan Rusiya, enerji qiymətlərinin ölkə  iqtisadiyyatında daha ciddi problemlər yaratmasının qarşısını almağa və qlobal rəqabətdə isə Çinin təsiri altına düşmə riskini aradan qaldırmağa  çalışır.

3.Rəsmi Moskvanın Suriyadakı siyasətini 11 sentyabrdan sonra Əfqanıstanda mövcud olan Amerikan-Rus əməkdaşlığına da bənzətmək olar.  11 sentyabrdan sonra qısa bir çaşqınlığın sonrasında rəsmi Moskva, xüsusilə 2005-ci ildən bu yana bir tərəfdən Əfqanıstan məsələsinə görə ABŞ ilə əməkdaşlığı inkişaf etdirməyə çalışan Türkistan respublikalarına təsir göstərərək bu əlaqələri zəiflətməyə çalışmış, digər tərəfdən isə özü Vaşinqtonla Əfqanıstan mövzusunda əməkdaşlıq əlaqələrini gücləndirmişdir.  Suriyada da İran ilə birgə Qərb və Türkiyənin hədəflərinə qarşı ciddi maneə yaradan və son günlərdə bəzi müxalifət qüvvələrini də bombalayan Moskva, indi İŞİD məsələsində özünü Vaşinqtonun ortağı kimi göstərməyə çalışır. Obama ilə Putinin BMT-də çıxışlar zamanı bəzi atışmalar olmasına baxmayaraq, hər iki ölkənin İŞİD-la mübarizə mövzusunda ortaq fikrinin olduğu və mövcud şərtlərdə Əsədin taleyinin müəyyən olunmasının daha arxa planda qaldığı gözdən yayınmır.

4.Kreml Suriyadakı mübarizəni yeni qlobal sistemin yaradılması yolunda atılan əsas addımlardan biri hesab edir. Buna görə də,  sərt gücün hakim olduğu Yaxın Şərqdəki əlaqələr sistemində yerini daha da möhkəmlətmək olmaq üçün İŞİD məsələsini bir fürsət olaraq  qiymətləndirir. ABŞ-ın regiondakı hərbi gücünü müxtəlif motivlərlə gücləndirdiyi, son olaraq Adanadakı İncirlik hərbi bazasını da fəal şəkildə istifadə etməyə başladığı və təyyarələrini Diyarbəkirə yerləşdirdiyi, Türkiyənin region haqqında hərbi müdaxilə ssenarilərinin müzakirə olunduğu, İranın Qüds gücü ilə təmsil olunduğu bir mühitdə Rusiya da öz hərbi varlığını ənənəvi müttəfiqi olan Suriyada gücləndirməkdədir.

5.Aralıq dənizinin regional mübarizənin mərkəzində olması da, tarixi hədəfi isti dənizləri nəzarət altına almaq olan Rusiyanın, bu dənizin sahilindəki tək hərbi bazası olan  Tartusu gücləndirməsi də təəccüblü deyil. Bu hərbi bazanın genişləndirilməsi prosesi hələ bir neçə il əvvəl başlamışdı və  Moskva bugün bu prosesin bəhrələrini əldə edir.

6.Yenidən beynəlxalq siyasətin əsas gündəm maddəsinə çevrilən Suriyada təşəbbüsü ələ  almaq prezident Putinə daxili siyasət baximindan da vacib imkanlar yaradır. Belə ki, bu müdaxilə rəsmi Moskvaya eyni zamanda daxildə cəmiyyətin Böyük Rusiya qürurunu oxşama və enerji qiymətinin düşməsi ilə çətinlik çəkən iqtisadiyyatın xalqda yaratdığı çətinlikləri biraz da olsa arxa plana itmə fürsəti də verir.  Gürcüstan və Ukrayna hadisələrinə müdaxilə zamanı qismən müvəffəqiyyət əldə olunması və Avrasiya Birliyi mövzusunda atılan addımlar da  Rusiya rəhbərliyini bir mənada Suriya məsələsində cəsarətləndirməkdədir.

7.Bundan əlavə, rəsmi Moskvanın Suriya müdaxiləsini Yaxın Şərqdə uzun müddətdir İran, İraq, Səudiyyə Ərəbistanı və Misir üzərindən həyata keçirməyə çalışdığı güc əldə etmə səylərinin daha inkişaf etmiş variantı olaraq da görmək mümkündür. İran ilə nüvə müqaviləsi  səbəbi ilə Obama rəhbərliyi ilə son dövrdə ulduzları barışmayan ABŞ-ın ənənəvi müttəfiqi İsrail rəhbərliyi də bu tablonun içində öz yerini tutmuş kimi görünür.  Sentyabr ayında İsrail Baş naziri  Netanyahu Moskvaya səfər etmişdi, oktyabr ayının əvvəli isə Rusiya Baş Qərargah Sədrinin müavini Tel-Əvivdə hərbi müzakirələr edib. İsrail mənbələri əsas müzakirə mövzularından birinin Suriya hava məkanında Rus və İsrail təyyarələrinin qarşı-qarşıya gəlməməsini koordinasiya etmək olduğunu vurğulayıb.

8.Suriyaya müdaxilə etmək Rusiya üçün Yaxın Şərqdə gələcəkdə Türkiyə, İran, Misir və İsraildən sonra beşinci regional faktora çevrilmək üzrə olan Kürd amilinə də daha çox yanaşmaq imkanı yaradır. Kürd faktoru məsələsində əsaslı tarixi təcrübəsi olan Rusiyanın PYD ilə əməkdaşlığı inkişaf etdirmə səyləri, Şimalı İraq lideri Məsud Bərzaniyə silah satdığına dair açıqlamalar verməsi, Putinin BMT-dəki çıxışında Kürdləri İŞİD-ə  qarşı mübarizə aparan aktyor olaraq vurğulaması da bu çərçivədə ələ alınmalıdır. Təbii ki, buraya Moskvanın PKK ilə hələ də qapalı qapılar ardında saxlanılan tarixi əlaqələrini də əlavə etmək lazımdır.

Rus hərbi müdaxiləsi və  Türkiyə

            Rusiyanın Suriyaya etdiyi  hərbi müdaxilə Türkiyə ilə əlaqələrinə mənfi təsir edir. Təyyarələr ilə Türkiyənin hava sərhədinin pozulması bir tərəfdən Türkiyənin bu mövzuda olan həssaslığını daha da gücləndirir, digər tərəfdən isə inkişaf etdirilməsindən narahat olunan Rusiya-Türkiyə əlaqələrini pozmaq üçün Suriya, İran və Qərbə lazım olan səbəb yaradır. Suriya rəhbərliyinin də Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirmək istədiyinə isə xüsusi  diqqət yetirmək lazımdır. Kimin olduğu təyin oluna bilməyən “Miq” təyyarələrini də bu çərçivədə şərh etmək mümkündür.  Hər nə qədər, Moskva və Ankara bu zamanadək Gürcüstan və Ukrayna nümunələrində olduğu kimi böhranları əlaqələrə az ziyanla aşılsa  da, bu gedişat Rus-Türk əlaqələrinə dərindən zərər verir. Bu isə Rusiya ilə Türkiyə arasında qarşılıqlı  narahatlıqları gücləndirərək rəqabəti ön plana çıxara bilər və bu da başda enerji olmaq üzrə bir çox mövzuda əməkdaşlığa mənfi təsir göstərər.

Rus hərbi müdaxiləsi və  Azərbaycan

            Rusiyanın Suriya siyasəti isə Azərbaycan üçün bir neçə istiqamətdə problemlər yaradacaq. Əvvəla, Rusiyanın xaricə, həm də sərhədindən çox kənarda yerləşən bir ölkəyə hərbi müdaxilə etməsi bu mövzuda kifayət qədər  mənfi təcrübəyə sahib  olan Azərbaycan üçün ciddi bir risk meydana gətirir. İkincisi,  Suriyada müvəffəqiyyət qazanan bir Rusiyanın köhnə Sovet coğrafiyasındakı fəaliyyəti və təzyiqi daha da artacaq ki, bu vəziyyət Azərbaycan üçün müstəqil dövlət kimi mövcudluğu baxımından problemi yarada biləcək qədər ciddi məna daşıyır. Üçüncüsü, Rusiyanın Suriyada uğur qazanmaması bu dəfə də Qafqazı dini radikalizmin təsiri sahəsinə çevrilməyə əlverişli vəziyyətə gətirəcək. Rəsmi Moskva qarşılıq verəcək olan İŞİD-in Rusiyaya gedən yolunun üzərində olmaq da Azərbaycan üçün ciddi bir təhlükəsizlik problemidir. Onsuzda, Rus kəşfiyyatı da İŞİD məsələsində həyəcan siqnalı verməkdədir. Dördüncüsü, Suriya səbəbi ilə Rus-Türk rəqabətinin təsir edəcəyi prioritet bölgələrdən biri də Cənubi Qafqaz olacaq. Cənubi Qafqazdakı bu rəqabət də Azərbaycanın tarazlıq siyasətini davam etdirməsini çətinləşdirəcək.  Artan İŞİD təhdidi, İranın fəallaşması, Qərbin Qafqazda artan passivliyi kimi ünsürlərə, Türkiyənin daxili və xarici siyasətindəki sarsıntıları da əlavə edərsək regional tarazlıqlar baxımından Azərbaycanın vəziyyəti daha yaxşı başa düşüləcəkdir. Bu mənzərə qarşısında uzun müddətdir  Rusiyanın regional layihələrinə qarşı çıxmağa çalışan Azərbaycanın çox seçim haqqı olmaya bilər.


*Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin müəllimi, Qafqaz Beynəlxalq Münasibətlər və  Strateji Araşdırmalar Mərkəzində (QAFSAM)  Sədr Müavini.     

[1]“В России стали всерьез опасаться ИГИЛ”. http://www.ruscur.ru/news/0/08/98/89895.shtml

[2]“ФСБ: в деятельность группировки Исламское государство вовлечены около 2500 россиян”, http://www.1tv.ru/news/polit/292465http://www.1tv.ru/news/polit/292465

[3]Eva Hartog, “Syria Air Strikes Raise Risk of Terror Attack in Russia, Experts Warn”, Oct. 05 2015, http://www.themoscowtimes.com/news/article/syria-air-strikes-raise-risk-of-terror-attack-in-russia-experts-warn/537218.html

[4]“Кадыров предложил отправить в Сирию сухопутные войска РФ”, http://www.interfax.ru/russia/470281

Dr. Nazim Cəfərsoy