Araz Aslanlı
Son proseslərdə Ermənistan tərəfi növbəti provokasiyalarından birinə əl atmışdı. Azərbaycan tərəfi buna cavab olaraq Ermənistan ordusuna zərbə endirdi və bəzi məntəqələri də işğaldan azad etdi. Azərbaycan dövləti və ordusu illərdir ki, Ermənistan ilə ciddi fərq yaradacaq şəkildə güclənir. Ermənistan da bundan bərk narahatdır. Müharibənin ilk mərhələsindən fərqli olaraq sadəcə iqtisadi və hərbi amillər deyil, psixoloji amil və müəyyən dərəcədə siyasi amil də Ermənistanın əleyhinə olmağa başlayıb. Ermənistan da bundan bərk narahatdır. Digər tərəfdən təxminən son bir ildəki atəşkəs pozuntularının hamısına Azərbaycan tərəfi daha ağır zərbə ilə cavab verib. Bunu rəsmi açıqlamaların xarakterinin dəyişməsindən də görmək mümkündür. Əvvəllər rəsmi açıqlamalarda deyilirdi ki, “düşmən cavab atəşi ilə susdurulub”. Amma artıq uzun müddətdir ki, belə deyilir: “Atəşkəsi pozan düşmənə ağır zərbə vurulub.”
Müharibənin ilk mərhələsindən fərqli olaraq sadəcə iqtisadi və hərbi amillər deyil, psixoloji amil və müəyyən dərəcədə siyasi amil də Ermənistanın əleyhinə olmağa başlayıb. Mübariz İbrahimovun qəhrəmalığı, Xocalı aeroportunun açılmasına icazə verilməməsi, Ramil Səfərovun Azərbaycana gətirilməsi və Ermənistan vertolyotunun vurulması (buna Azərbaycanda müdafiə nazirinin dəyişməsindən sonra orduyla bağlı əhval-ruhiyyənin dəyişməsini də əlavə etmək olar) psixoloji amili xeyli dərəcədə Azərbaycanın xeyrinə dəyişib.
Məhz bu səbəblərdən Ermənistan artıq uzun müddətdir ki, çalışır ki, Azərbaycanı provokasiyaya çəksin və Azərbaycanın da Gürcüstan və Ukraynanın yaşadığına bənzər aqibət yaşamasına nail olsun. Azərbaycan ordusu isə həm bu provokasiyalara cavab verməlidir, həm də elə etməlidir ki, hadisələr Ermənistanın arzuladığı ssenari ilə inkişaf etməsin. Son proseslərin başlama və dayanma məqamlarında məncə buna diqqət edildi. Yəni, Azərbaycan gedişatdakı dəyişikliyi, əsaslı dəyişikliyə çevirə bildi. Təbii ki, özünə yanaşmanı da dəyişdirə bildi. Artıq Azərbaycan ilə məğlub dövlət kimi danışa bilməyəcəklər.
Digər tərəfdən Azərbaycan qeyd edirik ki, sülh istəyirik. Bu da doğru yanaşmadır. Sülh beynəlxalq hüququn ən təməl dəyərlərindən biridir. Biz də sülh arzulayırıq. Amma daim bunu da qeyd edirik ki, bu sülhün şərtləri də beynəlxalq hüquqa uyğun olmalıdır. Ədalətli olmalıdır. İşğalçını mükafatlandıran bir sülhə razı olmayacağıq.
Bu prosesdə göründü ki, bəzi səhv düşüncələrin əksinə Azərbaycan üçün işğal altındakı torpaqları ən vacib məsələdir. Bu, çox kiçik qruplar istisna olmaqla bütün cəmiyyət üçün belədir. Müəyyən fərqli yanaşmalar və kiçik qüsurlar olsa da dövlət və cəmiyyət əsasən bu istiqamətdə peşəkarlıqla səfərbər ola bilir.
Proseslər boyunca Türkiyədən gələn dəstək Azərbaycanda gözlənilən olmasına baxmayaraq çox yüksək ruh yaratdı. Türk rəsmilərin, cəmiyyətin, rəsmi media qurumlarının, eləcə də bəzi qeyri-rəsmi media qurumlarının xüsusi həssaslığı Azərbaycanda çox müsbət qarşılandı. “Bir millət – iki dövlət” düsturunun pafoslu ifadə deyil, bir ruhun, bir həyat tərzinin ifadəsi olduğu göründü.
Qarabağ problemi ilə bağlı tarixdən bu günə qədər problemin təməllərinin atılmasında, inkişafında və bugünkü vəziyyətə gəlməsində Rusiyanın xüsusi rolu olub. Təbii ki, bütün məsuliyyət Rusiyaya aid deyil. Ermənistanın işğalçılıq siyasətinin məsuliyyəti bu ölkənin hakimiyyətlərinin üstündədir. Buna dəstək verən başqa dövlətlər də olub və var. Amma əksəriyyət belə düşünür ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını təmin edən də, işğalın aradan qaldırılmasına əsas mane olan da məhz Rusiyadır.
Son illərdə belə bir təbliğat aparılırdı ki, Rusiya sanki problemin həllinə nail olmaq istəyən qüvvə kimi çıxış etmək istəyir. Bu doğurdan da belə olsaydı, sevindirici olardı. Amma təəssüf ki, hazırkı vəziyyətdə bunu rahatlıqla demək mümkün deyil. Son proseslərdə də belə bir fikir formalaşdı ki, əgər Rusiya mane olmasaydı, Azərbaycan ordusu hərbi ya da hərbi-diplomatik yolla (Azərbaycanın kiçik və uğurlu hərbi əməliyyatlarından sonra Ermənistanın razılaşması yoluyla) ərazilərinin hamısını Ermənistan işğalından azad edə bilərdi.
Rusiya rəsmilərinin regiona səfərləri və vəziyyəti nəzarətdə saxlamağa çalışmaları da normaldır. Çünkü sadəcə bu münaqişənin deyil, regionun yaxın tarixinin də böyük hissəsi bu ölkə ilə bağlıdır. Bir daha qeyd edək ki, münaqişənin tarixinin bütün məqamlarında həlledici mövqeyə malik olan ölkə məhz Rusiya olub. 1994-cü ildəki atəşkəsin əldə olunması prosesində də belədir, 2008-ci ilin avqust hadisələrindən sonra Qarabağ probleminin nəzarətdə saxlanılması üçün səylərdə də. Təbii ki, indi də Rusiya müxtəlif səbəblərə görə daha xüsusi fəallıq göstərir. Həmsədrlərin səfərlərini də həm təbii, həm də o qədər də faydalı olmayan səfər kimi qiymətləndirirəm. Ümumilikdə isə bu səfərlər, keçirilən görüşlər və verilən açıqlamalarda mənim üçün xüsusi bir yenilik yoxdur. Səfərlərin və görüşlərin Qarabağ problemi baxımından xüsusi bir nəticə yaratmaq ehtimalının aşağı olduğunu düşünürəm.