Hərbi-təhükəsizlik

Nazim Cəfərsoy: Qarabağ məsələsi Ermənistanın bir dövlət olaraq varlığını şübhə altına alıb

Pinterest LinkedIn Tumblr
 
Elman Nəsirov: “Qarabağ probleminin həll edilməmiş qalmasının Ermənistana böyük bədbəxtliklər gətirdiyini işğalçı ölkədə getdikcə daha çox insan dərk etməyə başlayır” Nazim Cəfərsoy: “Qarabağ məsələsi Ermənistanın bir dövlət olaraq varlığını şübhə altına alıb”

“Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə Ermənistan ağır vəziyyətdə qalacaq. Ona görə də daha pis vəziyyətlə qarşılaşmamaq üçün Qarabağ münaqişəsini indi həll etməliyik”.

Bu barədə “Erməni Milli Konqresi”nin fraksiya rəhbəri Aram Manukyan deyib.

Onun sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni bildirirdi: “İndi Rusiya regionda öz təsirini artırmağa çalışır. Bu vəziyyətlə razılaşıb minimal itkilərlə məsələni həll etməliyik. Bu razılaşmada müəyyən ərazilərin qaytarılması ilə də razılaşmalıyıq. Əgər etməsək, onda daha çox iktilər verəcəyik”. A.Manukyan əlavə edib ki, Ermənistan Putinin çəkməsi altında qalıb. “Ermənistan zəif deyil, sadəcə axmaqdır. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən buna getməliyik”, – deyə o bildirib. Beləliklə Ermənistanda fikirlər səslənir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır.
Milli Məclisin Deputatı, politoloq Elman Nəsirov bildirdi ki, bütün bu olaylar ondan xəbər verir ki, Qarabağ probleminin həll edilməmiş qalmasının Ermənistana böyük bədbəxtliklər gətirdiyini işğalçı ölkədə getdikcə daha çox insan dərk etməyə başlayır: “Sözün həqiqi mənasında, ermənilər nə qədər gizlətməyə çalışsalar da, aprel döyüşləri təkcə Ermənistan ordusunu sarsıtmadı. Cənab Prezidentin sözləri ilə desək, həm də Ermənistan dövlətinin özünü silkələdi. Ona görə də artıq Ermənistan cəmiyyətində münaqişənin həllilə bağlı məsələdə ciddi bir fikir ayrılığı mövcuddur. 

Münaqişənin həllilə bağlı mövcud Sülh Platformasına çoxsaylı erməni vətəndaşı qoşulmağa başlayıb. Bu isə o deməkdir ki, münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi indi daha da aktuallaşıb.  Hələ 1998-ci ildə Levon Ter-Petrosyan haqlı olaraq Azərbaycanın mövqeləri nə qədər ki, möhkəmlənməyib, indidən konfliktin həllilə bağlı kompromisə getmək lazım olduğunu söyləmişdi. Yəni, onun dediyi kimi elə bir zaman gələcək ki, Azərbaycan heç indiki şərtlərlə də razı olmayacaq. Hansı ki, bu zaman da artıq gəlib çatıb. Ermənistan tərəfi  də bunun fərqindədir. Ermənistanda müəyyən qüvvələr də var ki, daha çox müharibə tərəfdarı kimi çıxış edir və hesab edirlər ki, münaqişənin həllilə bağlı hərbi yola üstünlük vermək lazımdır. 

Amma hər halda hadisələrin təhlili göstərir ki, Ermənistanda məhz kompromis əsasda, dinc yolla münaqişənin həlli ideyasını müdafiə edənlərin sayı artmaqdadır. Bu     qüvvələri də bir fikir daha çox narahat etməyə başlayıb, getdikcə Azərbaycanın Rusiya ilə əlaqələri genişlənir. Bir çox hallarda Moskva Ermənistanla müttəfiq kimi davranmır. Azərbaycana ən müasir silahlarını satır. Bu ermənilər düşünür ki, günlərin bir günü həmin Rusiya Qarabağ münaqişəsinin həllilə bağlı məsələdə Azərbaycanın mövqeyini dəstəkləsə, vəziyyətləri necə olacaq? Bu sual hazırda Ermənistanda ictimai fikri ən çox narahat edən məsələdir. Buna bir utopiya kimi deyil, gerçəklik, reallıq kimi baxırlar. Bütün bu təhlillərin nəticəsidir ki, münaqişənin həllilə bağlı dinc danışıqlar və kompromisə meyllilik tendensiyası daha da güclənməkdədir.  Onlar Ermənistan prezidentinın hər bir təxribatına münaqişənin həlli deyil, onun mövcudluğu faktından istifadə edib, Sarkisyanın öz rejimini qoruyub saxlamaq cəhdi kimi qiymət verirlər. Sarkisyanın sosial bazası tükəndikcə, onun ictimai fikri daxili problemlərdən yayındırmaq və onu Dağlıq Qarabağa yönəltmək istədiyi fikirləri Ermənistanda geniş yayılmağa başlayır. Bunu erməni xalqı və müxalifəti də dərk edir. Belədə artıq Ermənistan prezidentinin təxribatları onun əksinə yönəlib, əks effekt verməkdədir. Ermənistanla bağlı bugünkü reallıq məhz bundan ibarətdir”.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Nazim Cəfərsoy isə bildirir: “Ermənistanda Qarabağ münaqişəsilə bağlı müəyyən fikirlər səsləndirilə bilər. Daha əvvəl də  ermənilər bənzər açıqlamalarla çox çıxış ediblər. 

Qarabağ məsələsi Ermənistanın bir dövlət olaraq varlığını şübhə altına alıb. Ona görə də müxalifət Qarabağ problemilə bağlı Sarkisyan hakimiyyətilə müqayisədə fərqli fikirlər səsləndirməklə seçkiqabağı platformasında bu amildən öz xeyrinə yararlanmağa çalışır”. 

Rüfət NADİROĞLU  

http://www.movqe.az/news/siyaset/97135.html 

Dr. Nazim Cəfərsoy