ABŞ-da Dağlıq Qarabağla bağlı keçiriləcək dinləmələrdə məqsəd nədir?
17 Oktyabr 2017, 15:59
Politoloq: “ABŞ Helsinki Komissiyasının Azərbaycan ərazilərinin işğal altında saxlanılması barədə heç vaxt konkret mövqe nümayiş etdirməyib”.
“Helsinki aktının prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, Komissiya bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib”.
Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinə dair keçirəcəyi dinləmələri PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.
Xəbər verildiyi kimi ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirəcək. Komissiyanın saytında yer alan məlumata görə dinləmələrdə münaqişənin yenidən alovlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu müzakirə olunacaq. Dinləmələrdə Minsk Qrupunun amerikalı keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər. Həmçinin komissiyanın dinləmələrlə bağlı qısa xülasəsində 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, əgər münaqişə yenidən alovlansa Rusiya, Türkiyə və İran da bura cəlb edilə bilər.
Prezidentlərin görüşündən iki gün sonra ermənipərəstlərin ağırlıq təşkil etdiyi komissiyada keçiriləcək bu dinləmələrin məqsədi Ermənistanın təxribata əl atıb danışıqlardan yayınmaq cəhdi ola bilərmi?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun fikirlərini öyrənib.
Nazim Cəfərsoy: “Bu Ermənistanın təxribata əl atıb danışıqlardan yenə yayınmaq cəhdi ola bilər”.
ABŞ Helsinki Komissiyasının Dağlıq Qarabağ münaqişəsinə dair yenidən dinləmələr keçirməsində iki məqamın olduğun qeyd edən siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy əlavə edib ki, bu məqamlar ya ABŞ-ın bölgədə baş verən proseslərə uzaq qalmadığını göstərmək, ya da Ermənistanın təxribata əl atıb danışıqlardan yenə yayınmaq cəhdidir:
“Mən düşünürəm ki, ABŞ Helsinki Komissiyasının Dağlıq Qarabağ münaqişəsinə dair yenidən dinləmələr keçirməsində iki məqam var. Birincisi odur ki, ola bilər ki, ABŞ dövləti bölgədə baş verən proseslərə uzaq qalmadığını göstərmək üçün bu cür dinləmələr keçirir. İkincisi isə bu Ermənistanın təxribata əl atıb danışıqlardan yenə yayınmaq cəhdi ola bilər. Çünki bildiyimiz kimi prezidentlərin görüşündən sonra həmişə Ermənistan nəyəsə əl ataraq danışıqların pozulmasına cəhd edir. Ermənistan mövcud real vəziyyətin unudulması və hansısa bir vəziyyətdə legitimləşməsinə çalışırlar. Buna görə də ABŞ Helsinki Komissiyasının növbəti dinləməsinin keçirilməsində bu məqamın olmasını demək mümkündür”.
Nərminə UMUDLU
pia.az
http://pia.az/m/news.php?id=218699#.WehN6WiCyyI