Aybəy İsayev
Gürcüstandakı prezident seçkiləri bir neçə baxımdan əvvəlkilərdən fərqli idi. Əvvəla Gürcüstanın seçki tarixində ilk dəfə idi ki, hakim partiya öz namizədini irəli sürmürdü. Bunun əvəzində isə müstəqil namizədlərdən hər hansı birini dəstəkləyə biləcəyini bildirmişdi. Hakim partiyanın öz namizədinin olmaması bir sıra amillərlə bağlı idi:
- Müxalifətdə olan Vahid Milli Hərəkat partiyasının irəli sürdüyü namizədi məğlub edə biləcək namizədinin olmaması;
- Prezident seçkilərinin Parlament seçkiləri ilə müqayisədə nisbətən az əhəmiyyət daşıması;
- Seçkilərin demokratik mühitdə keçiriləcəyini və bütün namizədlər üçün bərabər imkanların yaradılacağını göstərmə istəyi.
Gürcüstanda keçirilən prezident seçkiləri sayca yeddinci prezident seçkiləri oldu. Bu eyni zamanda ümumxalq səsverməsi ilə keçirilən sonuncu prezident seçkiləriydi. Konstitusiyaya edilən dəyişikliyə əsasən bundan sonra prezidenti 300 nəfərdən ibarət Seçki Kollegiyası seçəcək. Konstitusiyaya edilən digər dəyişikliyə əsasən isə prezidentlik müddəti 5 ildən 6 ilə artırılıb.
Gürcüstan hazırda parlamentli respublikadır və bu o deməkdir ki, prezidentin səlahiyyətləri baş nazirdən azdır. Hazırda prezidentin səlahiyyətlərinə aşağıdakı hüquq və vəzifələr daxildir:
- Bütün addımlarını hökumətlə razılaşdırmaq şərti ilə Gürcüstanı beynəlxalq aləmdə təmsil etmək;
- Baş nazir və Ali Ədliyyə Şurasının üzvlərinin təyinatını formal olaraq imzalamaq;
- Qanunla müəyyən olunmuş müddətdə yerli seçkiləri, parlament seçkilərini, həmçinin növbədənkənar seçkiləri təyin etmək;
- Gürcüstan vətəndaşlığını təqdim etmək;
- Məhkumları əfv etmək;
- Mükafat təyin və təqdim etmək.
Göründüyü kimi prezidentin səlahiyyətləri azaldılsa da o, yenə də mühüm çəkisi olan siyasi fiqur olaraq qalmaqdadır. Sonuncu prezident seçkiləri həm iqtidar, həm də müxalifət üçün başqa məqamlara görə də vacibdir. Beləki, müxalifətdə olan Vahid Milli Hərəkat partiyasına prezident seçkilərində qalib gəlmək önəmli idi. Prezidentin vətənadşlıq təqdim etmək və əfv etmək kimi vacib hüquqlarının olması Saakaşvilinin yenidən siyasətə qayıdışını təmin edirdi ki, bu da hazırkı iqtidar üçün yolverilməzdi. Bu seçkilərin 2020-ci ildə keçiriləcək parlament seçkilərinin bir çox mənada taleyini müəyyən edəcəyi ehtimalı yüksəkdir. Bir çoxlarına görə bu prezident seçkiləri iki ildən sonra keçiriləcək parlament seçkilərində siyasi qüvvələr arasında gedən mübarizənin göstəricisi rolunu da oynayacaq.
Mərkəzi Seçki Komissiyasında 25 nəfər rəsmən prezidentliyə namizəd qeydə alınsa da, onların əksəriyyətinin reytinqlərinin cəmi 10 faiz etmirdi. Bu namizədlərin təxminən yarısını ümumiyyətlə ictimaiyyətə tanış olmayanlar təşkil edirdi. Bu səbəbdən əsas mübarəzənin “Gürcü arzusu” partiyasının və onun lideri Bidzina İvanişvilinin dəstəklədiyi “müstəqil namizəd” Salome Zurabişvili ilə “Vahid Milli Hərəkat” partiyasının və onun lideri Mixail Saakaşvilinin dəstəklədiyi namizəd olan Qriqol Vaşadze arasında gedəcəyini öncədən söyləmək elə də çətin deyildi. Həmçinin, prezident seçkilərinin ikinci tura qalacağını öncədən proqnozlaşdırmaq da mümkün idi.
Beləliklə, 28 oktyabrda keçirilən seçkilərdə ilk dəfə idi ki, gürcü xalqı ilk dəfədən öz prezidentini ilk turda seçə bilmirdi. Birinci turda səslər hakimiyyətyönlü namizəd Salome Zurabişvili və birləşmiş müxalifətin lideri Qriqol Vaşadze arasında bir faizdən də az fərqlə bölündü: müvafiq olaraq 38,64 faiz və 37,74 faiz. Gözlənildiyi kimi ikinci tura iqtidar partiyasının və şəxsən milyarder Bidzina İvanişvilinin dəstəklədiyi namizəd Salome Zurabişvili və birləşmiş müxalifətin lideri Qriqol Vaşadze keçə bildilər. Maraqlıdır ki, hər iki namizəd keçmişdə, Saakaşvili hakimiyyəti zamanı, xarici işlər naziri olub.
Noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutdu. MSK-nın ilkin açıqlamasına görə seçicilərin təxminən 60 faizi Salome Zurabişviliyə səs verib. Prezident seçkiləri zamanı həm iqtidarın, həm də müxalifətin ayrı-ayrılıqda dəvət etdikləri şirkətlərin keçirdiyi exit-polların nəticələri də təxminən eyni idi. Müxalifətin sifrişi ilə çalışan Edison Research şirkətinin açıqlamasına görə seçicilərin 55 faizi hakimiyyətyönlü namizədə, 45 faizi isə müxalifətin namizədinə səs verib. İqtidarın sifarişi ilə çalışan Gallup International şirkətinin məlumatına görə isə hakimiyyətyönlü namizəd 58 faiz, müxalifət namizədi isə 42 faiz səs toplayıb. Bütün hallarda, həm exit-polların və həmçinin də, MSK-nın ilkin nəticələrinə görə Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda qalib idi.
Gürcüstandakı prezident seçkilərini müşahidə edən beynəlxalq təşkilatlardan ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Ofisi (ODIHR), ATƏT-in Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti seçkilərdən sonra yaydıqları birgə bəyanatda prezident seçki prosesinin rəqabətli mühitdə keçdiyini, ancaq seçkilərin özünün isə ədalətli olmadığı qənaətindədilər. Hər dörd qurum hakimiyyətin seçkilər zamanı inzibati resurslardan maksimim istifadə etdiklərini qeyd etmişdilər. Missiya hakimiyyətin 600 min Gürcüstan vətəndaşının banklara olan borclarının silinməsi ilə bağlı seçkiqabağı təşəbbüsünü elektoratın səslərinin satın alınması hesab etmişdir.
Bununla bərabər, Salome Zurabişvili Gürcüstanın beşinci və ilk qadın prezidenti kimi tarixə düşə bildi. O, Gürcüstan cəmiyyətində və sosial şəbəkələrdə bəlkə də ən çox müzakirə olunan və tənqid olunan namizəd idi. Narazılıqlardan biri xanım Zurabişvilinin gürcü dilində səlis danışa bilməməsi ilə bağlı idi. Belə ki, Salome Zurabişvili Parisdə gürcü siyasi mühacirlərinin ailəsində doğulub. 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabı” baş verərkən o Fransanın Gürcüstandakı səfiri idi. 2004-cü ildə artıq inqilabdan sonra Saakaşvili o zamankı Fransa prezidenti Jak Şirakla razılaşdıraraq xanım Zurabişviliyə Gürcüstan vətəndaşlığı verir və öz hökumətində xarici işlər naziri təyin edir. Aralarında olan fikir ayrılığına görə 2005-ci ilin oktyabrında Zurabişvili Saakaşvili hökümətindən uzaqlaşıb müxalifətə keçir. O, 2005-cı ilin sonlarından müxalifətdə olsa da heç zaman güclü müxalifət liderinə çevrilməyib. 2006-cı ildə “Gürcüstanın yolu” adlı siyasi partiya təsis edir, lakin tezliklə partiyanı və Gürcüstanı tərk edir. Gürcüstana bir də “Gürcü arzusu” koalisiyası 2012-ci il parlament seçkilərində qalib gəldikdən sonra qayıdır.
Salome Zurabişvilinin 2008-ci il avqust müharibəsininin başlanmasında Saakaşvili hakimiyyətini tənqid etməsi və Gürcüstanın ilk olaraq müharibəyə başlamasını söyləməsi də cəmiyyətdə narazılıqla qarşılanmışdı. Müxalifət, o cümlədən də QHT və ictimaiyyət nümayəndələri bildirirlər ki, Zurabişvilinin bəyanatları dövlətçiliyə qarşıdır və Kremlin nöqteyi-nəzərini təkrarlayır.
Prezidentliyə digər namizəd Qriqol Vaşadzenin həyat və diplomatik karyerası isə Rusiya ilə bağlı olub. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olub. 80-ci illərin sonlarına kimi SSRİ Xarici İşlər Nazirliyində çalışıb. Seçki dövründə rəqibləri onun həyatının bu hissəsini ona qarşı istifadə etməyə çalışırdılar. Qriqol Vaşadzenin xarici siyasət kursunun əsasını Avropaya inteqrasiya təşkil etsə də, o bu məsələdə tələsməməyi məsləhət görür və bunu hazırda Avropada gedən böhranla əlaqələndirirdi.
Beləliklə, hər iki prezidentliyə namizədin seçki platformasını xarici siyasət kursundan daha çox daxili siyasətə və auditoriyaya hədəflənmiş mesajlar təşkil edirdi. Hər iki namizəd bir-birini Rusiya faktorundan istifadə edərək Rusiyayönlü mövqedə günahlandırırdılar.
Salome Zurabişvilinin xarici siyasət kursunu həm ABŞ və Avropa, həm də Rusiya ilə münasibətlərin yaxşılaşdırılması təşkil edir. O, Gürcüstanın xarici işlər naziri kimi fəaliyyət göstərdiyi müddətdə, Gürcüstanın NATO və Avropaya inteqrasiyasına yardım göstərmək üçün Ukrayna, Latviya, Litva, Estoniya, Rumıniya, Bolqarıstan, Çexiya və Polşanı bir araya gətirən “Gürcüstanın Yeni Dostluq Qrupu” yaradılmışdır. Rusiya hərbi bazalarının Gürcüstan ərazisindən çıxarılması haqqında razılaşma sənədində də məhz Zurabişvilinin imzası durur.
Xanım Zurabişvili müsahibələrində Gürcüstanın Avropayönlü dövlət olduğunu və bundan sonra da bu istiqamətdə çalışacağını vurğulamışdı. O, Gürcüstanın NATO və Avropa Birliyinə inteqrasiyası üçün indiyənə qədər görülən işləri davam etdirəcəyini bildirmişdi. Onun sözlərinə görə Gürcüstanın hədəfləri Avropaya inteqrasiya və gələcəkdə Avropa ailəsinin bir hissəsi olmasıdı, bunun üçün həm də sovetlərdən qalma mentaliteti dəyişməyin vacib olduğunu vurğulamışdı.
Rusiya məsələsinə gəldikdə isə xanım Zurabişvili Rusiya ilə dialoq qurmağın vacib olduğunu, amma bunu yalnız Qərbin iştirakı ilə etməli olduğunu bildirmişdir. O, həmçinin açıqlamalarında Gürcüstan prezidenti kimi məhz Avropayönümlü olacağını və Rusiya ilə Avropa arasında balans saxlamayacağını qeyd etmişdir. Zurabişvili mətbuata açıqlamalarında vurğulamışdır ki, hazırkı mərhələdə Gürcüstan “özünü təmas xəttində bu cür aparan Rusiya” ilə əməkdaşlığa hazır deyil.
Zurabişvili regionda marağı olan ABŞ, Rusiya, Türkiyə və İran dövlət başçılarının gözlənilməz olduqlarını və buna görə də bütün çağırışlara hazır olacağını vurğulamışdır. O, prezidentliyi dövründə hədəflərinin Gürcüstanı daha çox dünya xəritəsində daha nəzərə çarpan etmək və həmçinin, Gürcüstanın imicini formalaşdırmaq olduğunu qeyd etmişdir.
Hazırda Avropanın demokratik təsisatlarına və institutlarına inteqrasiya Gürcüstanın əsas hədəfləri hesab edilir və bu yenilənmiş konstitusiyaya da daxil edilmişdir. 2014-cü ildə AB ilə imzalanan Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) Avropa Birliyini Gürcüstanın ən böyük ticarət tərəfdaşı edir ki, bu da AB-yə daha dərin inteqrasiya üçün şərait yaradır. Həmçinin, 2017-ci ildə Gürcüstanın AB ilə Şengen zonasında vizasız azad rejimə layiq görülməsi Gürcüstanın Avropaya inteqrasiyasını sürətləndirir.
Beləliklə, prezident seçkilərinin Gürcüstanın qonşu dövlətlərlə münasibətdə hər hansı bir ciddi dəyişikliyə səbəb olma ehtimalı zəifdir. Bu ölkənin xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətləri uzunmüddətli starteji əməkdaşlıq prinsipinə söykənir. Digər tərəfdən, prezident konstitusiya uyğun olaraq formal təmsilçilik funksiyası daşıyır. Hətta beynəlxalq aləmdə Gürcüstanı təmsil etdiyi zaman da bütün addımlarını hökumətlə razılaşdırmalıdır. Prezident seçkilərində iqtidar və ya müxalifətyönlü namizədin qalib gəlməsindən asılı olmayaraq prezidentin xarici siyasətə təsiri məhdud xarakter daşıyır.