Aybəy İsayev
Daxili siyasət
2018-ci ildə Gürcüstanın daxili siyasi mənzərəsində bir sıra ciddi dəyişikliklər yaşandı. İlin ən mühüm siyasi hadisəsi də oktyabr ayına təyin edilən prezident seçkiləri oldu. Ölkə daxilində ən vacib proseslər də prezident seçkiləri fonunda baş verdi. Bunlar ilin əvvəlində keçmiş baş nazir Bidzina İvanişvilinin qəfil siyasətə qayıdışı, baş nazir Giorgi Kvirikaşvilinin istefası, konstitusiyaya edilən dəyişikliklər, ilin sonunda vətəndaşların kredit borclarının ödənilməsi və sair hadisələr oldu.
İlin əvvəlində sabiq baş nazir Bidzina İvanişvili qəfil olaraq siyasətə qayıdışını elan etdi. “Gürcü arzusu” partiyasının lideri B. İvanişvilinin siyasətə qəfil qayıdışı əslində təsadüfü deyildi. Belə ki, bundan öncə Mixail Saakaşvili artıq Ukraynada siyasətdən və ölkədən uzaqlaşdırılmışdı və bunun əvəzində onun Gürcüstanın ictimai-siyasi həyatında fəallığı getdicə güclənirdi ki, bu da hazırkı iqtidarı narahat etməyə bilməzdi. Digər səbəb isə “Gürcü arsusu”nun hakimiyyətdə olduğu dövr ərzində nüfuzunun kəskin şəkildə aşağı düşməsi idi ki, bu da qısa müddətdə düzəldilməliydi. Əks halda, növbəti parlament seçkilərində “Gürcü arzusu” hakim partiya statusunu itirməklə üzləşə bilərdi.
Baş verən hadisələr Bidzina İvanişvili və onun ətrafında olanları narahat edirdi və hadisələrin bu şəkildə inkişafı M. Saakaşviliyə və onun lideri olduğu “Vahid Milli Hərəkat” partiyasına tezliklə hakimiyyətə gəlmək üçün münbit şərait yaradırdı ki, bu da hazırkı hakimiyyət üçün yolverilməz idi. “Vahid Milli Hərəkat” partiyasını və birləşmiş müxalifəti təmsil edən Qriqol Vaşadze prezident seçkilərində qalib gəldiyi halda, Saakaşvilinin Gürcüstana maneəsiz dönüşü təmin edilirdi. Bu da öz növbəsində 2020-ci ildə baş tutacaq parlament seçkilərində “Vahid Milli Hərəkat” partiyasının qalib gəlmə şansını artırırdı.
Bidzina İvanişvili “Gürcü arzusu” partiyasının lideri kimi siyasətə qayıtdığı 2 aydan da az müddətdə baş nazir Giorgi Kvirikaşvili istefaya getdiyini bəyan etdi. Kvirikaşvili istefasını “Gürcü arzusu” daxilində olan fikir ayrılığı və bölünmələrlə izah etdi. “Gürcü arzusu”nun iqtidarda olduğu dövr ərzində hökumətin effektiv olmaması, islahatların zəif getməsi və bir çox problemlərin hələ də həll olunmadan qalması seçkilər ərəfəsində hakimiyyət daxilində dəyişiklik tələb edirdi, bunu da ancaq hökümətdə yerdəyişmələrlə etmək olardı.
2012-ci ildən bəri hakimiyyətdə olduğu 6 il müddətində “Gürcü arzusu” partiyası öz nüfuzunu itirməyə doğru gedirdi. Bunun da əsas səbəbi əhalinin gözləntilərinin təmin olunmaması, ölkədə yenə də sosial və iqtisadi problemlərin qalmaqda davam etməsi idi. Əhalinin böyük əksəriyyəti yoxsulluq içində yaşamaqda davam edir, işsizliyin çoxalması, qiymətlərin qalxması və ölkədə islahatların zəif getməsi “Gürcü arzusu”na olan inamı azaldırdı.
Əgər 2013-cü il prezident seçkilərində “Gürcü arzusu” 1,01 milyon səs toplamışdısa, 2016-cı il parlament seçkilərində 856,6 min səs toplaya bildi. 2017-ci il yerli bələdiyyə seçkilərində isə bu rəqəm bir az da azalaraq 838 minə endi. 2018-ci ildə keçirilən prezident seçkiləri isə ümumiyyətlə ikinci tura qaldı. Hakimiyyətin dəstəklədiyi “müstəqil” namizəd Salome Zurabişvilinin birinci turda bir faizdən də az fərqlə üstünlüyü əslində məğlubiyyətə bərabər qələbə idi. Hakimiyyətin birinci turdan sonra 600 mindən çox seçicinin kredit borclarını ödəyəcəyini bəyan etməsi, ikinci turda xanım Zurabişvilinin təxminən 20 faiz fərqlə qələbəsini təmin etdi.
İlin mühüm hadisələrindən biri də konstitusiyaya edilən dəyişikliklərin prezident seçkilərindən sonra qüvvəyə minməsi oldu. Qüvvəyə minən yeni konstitusiya ilə Gürcüstanın parlamentli respublikaya keçidi başa çatdı. Son konstitusiya dəyişiklikləri hakimiyyətin bütün şaxələrinin bir partiyanın əlində cəmlənməsi üçün şərait yaradır, bu da öz növbəsində hakimiyyətə alternativ qüvvələrin hakimiyyətə gəlməsini əngəlləyir. Həm prezident, həm də parlament seçkilərinin keçirilməsi qaydaları hazırda yalnız hakim partiyanın maraqlarına cavab verir.
Parlament seçkilərində qarışıq proporsional-majoritar seçki sistemlərinin mövcudluğu, bundan əlavə hər iki sistemdə olan ədalətsizliklər digər partiyalara seçkilərdə üstünlük qazanmağa imkan yaratmır. Yeni konstitusiyaya əsasən, majoritar sistem yalnız 2024-cü ildə ləğv ediləcək.
Yeni konstitusiya parlament seçkilərində siyasi partiyalara seçki qabağı bloklarda birləşməyi qadağan edir. Bundan əlavə, 5 faizlik keçid baryeri dəyişməz olaraq qalır və seçki baryerini keçməyən partiyalar tərəfindən toplanan səslər birinci yeri tutan partiyaya keçir, bu isə kiçik partiyalara parlamentdə təmsil olunmaq üçün az da olsa şans vermir. Belə bir sistem isə iki partiyalı sistemin yaranmasına şərait yaradır.
Belə demək mümkünsə, Gürcüstanda artıq iki partiyalı sistem formalaşmaq üzrədir və əsas mübarizə hakimiyyətdə olan “Gürcü arzusu” və müxalifətin aparıcı partiyası olan “Vahid Milli Hərəkat” arasında gedir. Baxmayaraq ki, 2015 və 2017-ci illərdə “Vahid Milli Hərəkat” partiyası daxilində parçalanmalar oldu, ancaq o yenə də öz resurslarına və imkanlarına görə ölkənin ən nüfuzlu müxalifət partiyası olaraq qalmaqdadır. Digər partiyalar isə hələki hakimiyyətə alternativ olaraq görünmür.
Konstitusiyaya edilən son dəyişikliyə əsasən bu il baş tutan pezident seçkiləri sonuncu dəfə ümumxalq səsverməsi ilə keçirilən prezident seçkiləri oldu. Sonuncu konstitusiya dəyişikliklərindən sonra prezidentin səlahiyyətləri daha da azaldı və iqtidar partiyası prezidentlik vetolarını parlamentin böyük əksəriyyətinin səsverməsi ilə aradan qaldırmağa qadirdir. Buna görə də, müxalifətdən olan namizəd qalib gəlsə belə, prezident seçkiləri ölkədəki siyasi tarazlığı əhəmiyyətli dərəcədə dəyişə bilmir.
İlin ən mühüm iqtisadi hadisəsini isə 600 mindən çox vətəndaşın ümumi dəyəri 1,5 milyard laridən çox olan banklara olan kredit borclarının ödənilməsi hesab etmək olar. Bu sosial və iqtisadi durumu çətin olan ailələrə qismən də olsa birdəfəlik yardım idi. Son statistik məlumatlarda ölkədə yoxsulluq səviyyəsi 22 faiz təşkil edir, bu da əhalinin 1/5-i deməkdi, rəsmi məlumatlarda isə işsizlik səviyyəsi 14 faiz göstərilir, ancaq bəzi sorğularda bu rəqəm daha yüksəkdir.
2019-cu ildə daxili siyasətdə gözləntilər
“Gürcü arzusu” üçün 2019-ci ilin başlıca çağırışları hər hansı bir siyasi məsələlərdən daha çox ictimai narazılığa səbəb olan iqtisadi və sosial çətinliklərin həlli istiqamətində çalşmaq olacaq. Hakimiyyətdə olduğu 6 il müddətində hakim partiyanın yol verdiyi səhvlər “Gürcü arzusu”na olan inamı aşağı saldı. Həmçinin, 2012-ci ildən sonra “Gürcü arzusu” tərəfindən sosial müdafiə sisteminin dağıdılması partiyanın ictimai dəstəyini sarsıda bilər və 2020-ci il seçkilərində şanslarını azalda bilər.
Prezident seçkiləri “Gürcü arzusu”nun çətinliklə də olsa qələbəsi ilə bitdi. Prezident seçkiləri bir daha sübüt etdi ki, seçicilərin etimadını qazanmaq heç də asan deyil. Həmçinin, artıq indidən 2020-ci ildə keçiriləcək parlament seçkilərinin gərgin şəraitdə keçəcəyini söyləmək olar. Növbəti parlament seçkilərinə 2 ildən də az qaldığı bir müddətdə “Gürcü arzusu”nun qarşısında duracaq əsas vəzifə seçicilərin etimadını qaytarmaq olacaq. Bunun üçün isə ölkədə islahatları davam etdirmək, əhalinin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq, işsizlik və yoxsulluq səviyyəsini aşağı salmaq kimi mühüm vəzifələr duracaq.
Xarici siyasət
Gürcüstanın xarici siyasətinə nəzər yetirdikdə 2018-ci ildə də əsas hədəflərinin Avropaya inteqrasiya və gələcəkdə demokratik Avropa ailəsinin bir hissəsi olmaq istəyinin dəyişməz olaraq qaldığını müşahidə etmək olur. Avropanın demokratik təsisatlarına və institutlarına inteqrasiya Gürcüstanın yenilənmiş konstitusiyasına da daxil edilmişdir. 2014-cü ildə Avropa Birliyi ilə imzalanan Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA), 2017-ci ildə isə Şengen zonasında vizasız azad rejimə layiq görülməsi Gürcüstanın Avropaya inteqrasiyasını sürətləndirir. Həmçinin, Gürcüstan Almaniya, Fransa, Polşa, Bolqarıstan, Yunanıstan və digər Avropa dövlətləri ilə öz vətəndaşlarının həmin ölkələrdə xüsusi iş icazəsi tələb olunmadan çalışması istiqamətində danışıqlar aparır. Hazırda Avropa Birliyi Gürcüstanın ümumi xarici ticarətinin 27 faizini təşkil etməklə ən böyük ticarət tərəfdaşıdır və gələcəkdə bu rəqəmin artması gözlənilir. Avropa Birliyi həmçinin, Gürcüstana illik 115 milyon dollar olmaqla ən çox xarici yardım ayıran qurumdur.
Gürcüstan-NATO münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 2011-ci ildə Gürcüstan NATO üzvlüyünə namizəd ölkə statusu almışdı. 2014-cü ildə Uels sammitində isə Gürcüstanın alyansa üzv olmasına köməklik etmək üçün bir sıra tədbirlər paketi təsdiq edilmişdi. Gürcüstanın 2018-ci ildə də avroatlantik məkana inteqrasiya istiqamətində islahatları davam etdirdiyini, NATO ilə birgə təlimlərdə iştirak etdiyini müşahidə etmək olar. Həmçinin, Gürcüstan sülhməramlıları Əfqanıstanda sülhməramlı missiyada iştirak etməkdə davam edir və hazırda NATO üzvü olmayan ən böyük kontingenti təşkil edir. Gürcüstan öz xarici siyasət kursunu Avropa Birliyi və NATO-nun təhlükəsizlik sisteminə inteqrasiyaya yönləndirib və bu istiqamətdə indiyə qədər görülən işləri davam etdirir. 2018-ci ildə keçirilən sorğuya əsasən də Gürcüstan əhalisinin 70 faizi Avropa Birliyinə üzvlüyü, 65 faizi isə NATO-ya üzvlüyü dəstəkləmişdir.
Gürcüstan – ABŞ münasibətləri hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində açıq şəkildə dəstəkləməyə davam edir. Xüsusilə Rusiyanın 2008-ci ildə Gürcüstanı və 2014-cü ildə Ukraynanı işğalından sonra ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dərinləşdirir. 2018-ci ilin mayında Rusiyanın Gürcüstana qarşı müharibəsindən təxminən 10 il sonra ABŞ dövlət katibi Maykl Pompeo ABŞ Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyasının plenar sessiyasını “Amerikanın Gürcüstana dəstəyi güclü və davamlıdır və bundan sonra da belə davam edəcək” mesajı ilə açmışdı. 2018-ci ilin iyun ayında Konqres Gürcüstan, Moldova və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verən və Rusiyanı öz qoşunlarını separatçı bölgədən çıxarmağa çağıran yeni bir qətnamə qəbul etdi. Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən və Suriya hökumətinin Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyan qərarını pisləyən digər bir qətnamə 2018-ci ilin iyul ayında qəbul edildi.
Gürcüstan həmçinin Avropa və Avrasiyada ABŞ yardımı alan lider ölkədir. 2018-ci ildə ABŞ Konqresi Gürcüstana təkcə hərbi sahədə 37 milyon dollarlıq yardım ayırmışdı, qeyri-hərbi yardım isə 68 milyon dollar təşkil etmişdi. ABŞ-ın Dövlət Departamenti 2017-ci ilin noyabr ayında dəyəri 75 milyon dollar olan tank əleyhinə daşınan “Javelin” raketlərinin satışını təsdiq etmişdi.
Gürcüstan-Rusiya münasibətlərinə gəldikdə Gürcüstan Rusiya ilə diplomatik əlaqələrin qurulmasına tələsmir. Bununla belə, Gürcüstan rəsmiləri Rusiya ilə dialoq qurmağın vacib olduğunu, amma bunu yalnız qərbin iştirakı ilə etməli olduqlarını bəyan etmişdilər. Gürcüstan ərazisinin 18 faizini işğal altında saxlayan Rusiya il boyu təmas xəttində təxribatlar törətməyə davam etmişdi. 2018-ci ildə Rusiya ordusu tərəfindən təmas xəttində tez-tez Gürcüstan vətəndaşlarının oğurlanması, saxlanılması və bəzi hallarda isə ölümü ilə nəticələnən hadisələr baş verdi. Rusiyanın təmas xəttində qeyri-adekvat davranışı Gürcüstan ilə normal münasibətlərin qurulmasını əngəlləyən amillərdəndi.
2018-ci ildə Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya ilə bir araya gələn yeni bir sülh təşəbbüsünü təqdim etdi. ABŞ və Avropa Birliyi təklifi dəstəklədiklərini bildirdi. Rusiya və digər iki bölgənin təşəbbüsün hər hansı bir elementini qəbul edəcəyi hələ bəlli deyil.
“Gürcü arzusu” hökuməti qərbyönlü siyasəti davam etdirsə də, Rusiya ilə iqtisadi münasibətlərin qurulmasına xüsusi önəm verir. Hazırda Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi artmaq üzrədir. Əgər 2012-ci ildə Gürcüstan məhsullarının ixracatı cəmi 2 faiz təşkil edirdisə, 2018-ci ildə bu göstərici 14 faizə qədər yüksəlmişdi. Rusiya bazarlarına ixrac olunan gürcü məhsullarını əsasən şərab və mineral sular təşkil edir. Rusiyadan idxal olunan malların ümumi həcmi 1 milyard dolları keçir. Rusiya ilə münasibətlərin yaxşılaşması, əlbəttə ki, geniş ictimaiyyət tərəfindən dəstəklənməsinə gətirib çıxarmamışdır.
Gürcüstanın qonşu dövlətlərlə olan münasibəti də strateji əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə Gürcüstana sərmayə yatırımına görə liderlik edirlər. Gürcüstanın təbii qaza olan ehtiyacını demək olar ki, Azərbaycan ödəyir. Gürcüstanın ticarət malları əsasən qonşu dövlətlərdən Azərbaycan, Türkiyə, Rusiya və Ermənistana ixrac olunur, bu da demək olar ki, ümumi ixracatın təxminən 50 faizini təşkil edir. Gürcüstana gələn turistlərin sayına görə də qonşu dövlətlərdən Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan liderlik edir. Beləliklə, Gürcüstanın qonşu dövlətlərlə qurulan münasibətləri tək coğrafi yaxınlıqdan qaynaqlanan münasibətlər deyil, bu həm də çoxşaxəli, strateji əhəmiyyətə malik münasibətlərdir. Xüsusilə, Azərbaycan və Türkiyə ilə qurulan münasibətlər müsbət dinamikaya malik olub sülhün və təhlükəsizliyin qorunmasına töhvə verir.
2019-cu il üçün xarici siyasətdə gözləntilər
2019-cu ildə Gürcüstanın xarici siyasətində hər hansı bir ciddi dəyişiklik gözlənilmir. Gürcüstan 2019-cu ildə də qərbyönlü siyasəti davam etdirərək bu münasibətləri dərinləşdirməyə çalışacaq. Xüsusi olaraq Avropa Birliyi və NATO ilə qurulan uzunmüddətli və davamlı münasibətlər Gürcüstanın xarici siyasətinin əsas prioritetləri olaraq qalacaq. Gürcüstanın əsas hədəflərinin Avropaya və Avroatlantik məkana inteqrasiya olduğundan bu sahədə fəaliyyət davam etdiriləcək.
ABŞ Gürcüstanla münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Gürcüstan ABŞ-ın post-sovet ölkələri içərisində NATO üzvü olmayan ən yaxın tərəfdaşı olaraq qalmaqda davam edir. ABŞ Gürcüstanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. 2019-cu ildə ABŞ Gürcüstanla hərbi təlimlər keçirməyi planlaşdırır. ABŞ-ın Gürcüstana silah satışı davam edəcək, belə ki, artıq Konqres Gürcüstana hərbi sahədə illik 37 milyon dollarlıq yardımını təsdiq edib. ABŞ Senatı 2019-cu il üçün Gürcüstanın ABŞ-la azad ticarət razılaşmasına daxil olmasına yardım etmək üçün də maliyyənin ayrılmasını tövsiyə etmişdi. 2019-cu ildə Gürcüstan-ABŞ münasibətləri də dəyişməz olaraq qalacaq.
2019-cu ildə Rusiya ilə siyasi münasibətlərin bərpa olunması və bu istiqamətdə hər hansı işlərin aparılması gözlənilmir. Əksinə ABŞ-ın Gürcüstanla birgə hərbi təlimlər keçirməyi qərara alması Rusiya-Gürcüstan münasibətlərində gərginlik yaradacaq. Abxaziya və Cənubi Osetiyanı işğalda saxlayan Rusiya artıq 10 ildir ki, atəşkəsin şərtlərinə əməl etmir və bu sahədə irəlləyişə nail olunacağı real deyil. Hazırda Rusiyanın Gürcüstana təsir imkanları məhdud xarakter daşıyır. İqtisadi sahədə olan münasibətləri nəzərə alsaq, Rusiya ilə olan ticarət dövriyyəsinin təxminən 15 faiz təşkil edəcəyini proqnozlaşdırmaq olar.